“Ədəbiyyat bəşəri olmalıdır”

 

Kulis.az bu yaxınlarda Xalq yazıçısı adı almış Afaq Məsudla müsahibəni təqdim edir.

 

– Afaq xanım, öncə fəxri ad almağınızdan başlamaq istərdik. Necə bir hissdir Xalq yazıçısı olmaq? Bu xəbəri eşitmək? Təəssüratlarınız maraqlıdır...

– Təbii ki, gözlənilməz oldu. Bu, müqəddəs və şərəfli bir tituldur, qələm adamına, onun yaradıcılığına verilən yüksək dəyərdir. Yaradıcılığıma verdiyi bu yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Vaxtilə bu ada Əli Vəliyev, Süleyman Rəhimov, Mirzə İbrahimov, Əbülhəsən, İsa Hüseynov kimi tarixi simalar, unudulmaz şəxsiyyətlər layiq görülüblər. Onlarla bir sırada olmaq böyük şərəfdir.

 

– Açığı, Ramiz Rövşənlə sizin adınız siyahıda bir az fərqli göründü. Oxucunun düşüncəsində siz yeni dövrün yazarı, modern çağın sənət adamı kimi çalışırsınız. Fəxri adlarsa bir az keçmişi xatırladır…

– Mən elə düşünmürəm. Bu, dövlət tərəfindən ədəbiyyata, bədii sözə verilən yüksək dəyərdir. Eyni zamanda ədəbiyyatın, kitabın ön plana çəkilməsi, aktuallaşdırılması faktıdır. Söhbət tək bir fəxri adlardan getmir. Bu gün milli ədəbiyyatımızın geniş şəkildə beynəlxalq aləmdə təbliğ olunması, dünya ədəbiyyatı nümunələrinin Azərbaycana axıdılması, mədəniyyət, incəsənət sahəsinə göstərilən diqqət və qayğı ölkə başçısının, eləcə də Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanımın milli-mənəvi dəyərlərə həssas münasibətini bildirir.

 

– “Seçilmiş əsərlər”inizdən sonra yeni əsərlər yazıldımı? Son vaxtlar daha çox xarici ölkələrdə çap olunmusunuz. Bunların içində yeniləri varmı?

– Olmamış olarmı? “Seçilmiş əsərlər” adlı ikicildliyim 2012-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən nəşr edilib. O ildən bu yana iki roman, bir neçə hekayə və pyes yazılıb, iki irihəcmli yarımçıq əsərimi tamamlamalıyam, imkan olarsa. Hələ ki çox yorğun və yüklüyəm. Mərkəzin işləri getdikcə artır, fəaliyyət arealı, beynəlxalq aləmlə əlaqələri genişlənir, Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği üzrə nəşr layihələri, ağır durumda olan dil və tərcümə sahəsinin problemləri və sair və ilaxır.

 

– Əsərlərinizin bir çoxunda insanlar bu dünya ilə o dünya arasındakı ərazilərdə gəzişirlər, vicdanları qarşısında hesabat verirlər. Bu, mətnlərinizə ağır pessimizm, əhval-ruhiyyə yükləyir. Bu sizin daxili səsinizin əks-sədasıdır, ya hər şey şüuraltıda baş verir?

– Əvvəla, mən heç bir əsərimdə pessimizm, insana ağırlıq gətirən əhval-ruhiyyənin əlamətini görmürəm. Əksinə, sizə ağır əhval-ruhiyyə təsiri bağışlayanlar, dediyiniz həmin o dünyalar arasında gəzişmələr insanı ağır əhval-ruhiyyədən, onu pessimizm və depressiyaya uğradan gizli, görünməz səbəblərdən qurtara biləcək çıxış yollarıdır. Xəstəni müalicə edən dərman acı, sağaldıcı iynələr ağrılı və xoşagəlməz olduğu kimi, olsun ki, bu əsərlər də, ilkin olaraq, belə bir təəssürat yarada bilər, amma bu belə deyil. Daha çox xaricdə çap olunmağımın bir səbəbi də budur. İnsana pessimizm, ağır əhval-ruhiyyə gətirən məqamlar kimi qəbul etdikləriniz oralarda şəfqətli və dirildici iksir kimi qarşılanır. Bu, təkcə mənim yox, bütün insanlığın və bəşəri şüuraltının əks-sədasıdır.

 

– Ölüm, can üstə olma faktı silsilə şəklində formasını dəyişərək bir əsərdən digərinə keçid edir. Ölümün əsərlərinizdə bu qədər aktual olması nədən qaynaqlanır?

– Nə qədər ağır əhval-ruhiyyə gətirsə də, xoşagəlməz səslənsə də, bu, təsdiq olunmuş aydın bir həqiqətdir ki, ölüm həyatımızın bir hissəsidir və doğulan gündən daim bizimlədir. Bircə günümüz, saatımız, saniyəmiz belə onsuz ötüşmür. Biz isə onun reallığını yalnız o öz missiyasını bitirib başa vuranda, yəni ortaya fiziki ölüm faktı çıxanda anlamağa başlayırıq. Hanı bizim uşaqlıq çağlarındakı üzlərimiz, gəncliyimiz? Onları yoxa çıxaran ölüm deyilmi? Və nə qədər insan varsa, bir o qədər ölüm var. Bu mənada ölüm də insan kimidir, mahiyyəti, səbəbi ən təfsilatlı araşdırma ilə belə sona qədər sirr olaraq qalmaqdadır. Hər bir insan bu dünyadan öz ölümü ilə – ona yazılmış həyatının qanuni sonluğu ilə, qaçılmaz finalla köçür. İnsan haqqında ən gizli sirləri, bir kəsin, ən yaxın adamlarının belə bilmədiyi, ağlına belə gətirmədiyi həqiqəti həmin o final üzə çıxarır. Əsərlərimdə tez-tez yer alan dediyiniz həmin o “ölüm silsiləsi”nin səbəbi budur.

 

– Qəhrəmanlarınız real həyatda olduqları qədər yuxularda da çox vaxt keçirirlər, nəyisə saf-çürük edirlər. Bu baxımdan yuxu sizin yaradıcılığınızda nə kimi rol oynayır?

– Yuxu da, ölüm kimi, bizim həyatımızın ayrılmaz tərkib hissəsidir. O özü də, bir növ, ölümdür, ona hazırlıq mərhələsidir. Biz hər gecə ölür, səhərlər yenidən dirilirik. Ölüm də belədir: insanlar ölür, sonra yenidən doğulurlar. Böyük sufi Məhəmməd Nəsəfi demişkən: “Bizə qədər olanlar biz idik, indi olanlar da bizik, bizdən sonra olacaqlar da bizik”. Bir də yuxularımıza Kainata açılan göyü, ulduzları görməyə öyrəşdiyimiz təki alışıb, bunu sıravi və əhəmiyyətsiz hesab etsək də, real həyatımız oralarda yaşanır. Heç yadımdan çıxmır, rəhmətlik Vaqif İbrahimoğlu bir dəfə yuxuda baş vermiş hansısa hadisəyə görə çıxardığı qərardan uzun illər özünü bağışlaya bilmir, bu qərarı verdiyinə görə vicdan əzabı çəkirdi. Yəni dediyim odur ki, əhəmiyyətsiz xəyallar aləmi sandığımız, yaxud Ziqmund Freydin “gündəlik həyatdan alınan təəssüratlar” adlandırdığı yuxularımız heç də boş görüntülər deyil, bizim iç dünyamızda baş verən real həyat prosesləridir.

 

– Bir çox oxucularınız sizin ilkin dövr yaradıcılığınızı – hekayə və romanlarınızı daha çox sevirlər. Sonrakı dövr yaradıcılığınızı özünütəkrarla əlaqələndirirlər. Bu fikrə münasibətiniz maraqlıdır…

– Mənim ilkin yaradıcılığım, əsasən, bu dünyada, hətta öz evində və ailəsində belə tənha və qərib olan gənc qadınlardan, onların özünüaxtarış proseslərindən bəhs edir. Sonrakı dövr əsərlər – “Azadlıq”, “II İohan”, yazıçılıq azarının faciələrindən bəhs edən “Dahi”, yaxud qocaman aktrisanın acı taleyi təsvir olunan “Qatarın altına atılan qadın”, digər qocaman partiya işçisinin mistik həyat və ölüm çarpışmalarını təsvir edən “Can üstə”, eləcə də digərləri – “Müvəkkil Vaysman”, “Mənsur Həllac”, “O məni sevir”, “Alman kilsəsi”, yaxud “Kərbəla”nın 80-ci, 90-cı illərdə yazılmış “Tək”, “Sərçələr”, “Dovşanın ölümü” ilə nə əlaqəsi var? Hansı özünütəkrarlamadan söhbət gedir, anlaya bilmirəm. Səbəb, məncə, ilkin dövr yaradıcılığımın daha sadə mətləblərdən bəhs etməsi, sonrakı mərhələlərdə yazılanların mövzu, üslub və həll bucağı baxımından daha dərin mətləblərə toxunma fərqliliyidir. Bunu hər zaman təəssüflə demişəm və yenə demək məcburiyyətindəyəm ki, Azərbaycan oxucusunun mütaliə səviyyəsi çox aşağıdır. Söhbət oxunan kitabların sayından yox, oxunacaq əsərin seçimindən və anlama imkanından gedir. Bu mənada mənim nə Avropada, nə də keçmiş SSRİ məkanı ölkələrində problemim var. Bu yaxınlarda Tiflisdə gürcü dilində nəşr olunmuş kitabımın Gürcüstan Yazıçılar Birliyində keçirilən təqdimatı zamanı əsərlərimin artıq gürcü ədəbiyyatına daxil edildiyini, mənim isə “Masudiani” ləqəbi ilə Gürcüstan yazıçısı elan edildiyimi eşidəndə təsirləndim.

 

– Sizi yeni qadın obrazı kimi qəbul edənlər var və əsərlərinizdəki qadınlar da özünüz kimi, bizim tanıyıb öyrəşdiyimiz ənənəvi Azərbaycan qadınları deyil...

– Əsərlərim haqqında da belə deyirlər. Əsasən də xaricdə. Məncə, bu mənə və ümumiyyətlə, ədəbiyyata verilən yüksək dəyərdir. Yəni ədəbiyyat, ilk növbədə, bəşəri olmalıdır. O səbəbdən ki, həqiqi bədii söz, əsər – “Leyli və Məcnun”, “Don Kixot”, “Hamlet” kimi, tək bir yazıçının mənsub olduğu xalq üçün yazılmır. Ənənəvi Azərbaycan qadınına oxşamamağıma gəlincə, bu fərqliliyin özü də, düşünürəm, yazdığım ədəbiyyatımdan, ədəbi duyumdan qaynaqlanır, yaxud əksinə. “Can üstə” əsərinin baş qəhrəmanı Yazıçı-qadının dediyi kimi, görünür, “mən təzə adamam”.

 

– Özünüzü modernizmin hansı qanadına yaxın hiss edirsiniz?

– Mən, ümumiyyətlə, özümü modernist yazıçı hesab etmirəm. Bunu dəfələrlə demişəm. Bu təəssüratı, olsun ki, “İzdiham” əsəri yaradır. Amma “İzdiham” da modern ədəbiyyat deyil, bu, sürrealist əsərdir.

 

– Bir az da işinizdən danışaq. Yazıçı və yüksək vəzifə. Bunlar bir-birini narahat etmir ki?

– Təbii ki, ikinci bir qədər birincini əzir. O mənada ki, külli miqdarda vaxt və enerji aparır. Bir də yazıçılıq enerjisi tamamilə ayrı enerjidir, yəni toplam halda bir il iş fəaliyyətinə xərclənən enerji bircə gün ədəbiyyata xərclənən yazıçı enerjisinə bərabərdir. Baxmayaraq ki ədəbiyyata xərclənən enerji volt ölçüsü baxımından çox yüksəkdir, yəni onun dağıdıcı qüvvəsi var, eyni zamanda o, şəfqətli və dirildicidir.

 

– Bəzən Tərcümə Mərkəzinə də sizin əsəriniz kimi baxırıq. Bunun üçün çox zəhmətiniz oldu. Nələr arzulayırdınız, nələr edə bildiniz?

– Demək olar, bütün arzuladıqlarıma nail oldum. İlk növbədə, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” minlərlə yazılışı səhv, qüsurlu, mənaca naqis, qurama sözlərdən, minlərlə əcnəbi söz və ifadələrdən, dərman və xarici adam adlarından təmizləndi, yüz ilə yaxın müddət ərzində nəşr olunan orfoqrafiya lüğətlərinin heç birində yer almayan minlərlə saf Azərbaycan sözləri ilə zənginləşdirildi. Bunu Mərkəzin çoxşaxəli fəaliyyətinin ən böyük nailiyyəti, ümumilikdə dil mədəniyyətimizə verilən ən qiymətli töhfə hesab edirəm. Digər nailiyyətimiz, əlbəttə ki, Azərbaycan ədəbiyyatının aparıcı Avropa ölkələrinin ədəbi müstəvisinə çıxarılmasıdır. Bu, düşünülmüş, proqramlı bir işdir. Uzun illərlə dünyadan təcrid olunmuş milli ədəbiyyatımızın beynəlxalq ədəbi fikir müstəvisinə ilkin olaraq məhz antologiyalar vasitəsilə, yəni müasir milli düşüncənin ümumi mənzərəsini əks etdirən formatlarda təqdim olunması – bu nəşrlərin ardınca gələcək ayrı-ayrı yazıçı və şairlərin kitablarına geniş yolların açılması, beynəlxalq ədəbi mühitlə zəruri körpülərin qurulması deməkdir. Mərkəz eləcə də dövlət dilinin və tərcümənin düzgün istifadəsi üzrə bir xeyli nailiyyətlər əldə edib. Dövlət qurumlarının saytlarından başlayaraq KİV-də, bədii nəşrlər, dublyaj, tədris vəsaitləri və sair bu kimi sahələrdə dilin və tərcümənin istifadə keyfiyyətində nəzərəçarpacaq irəliləyişlərə nail olunub. Bu sahənin təkmilləşdirilməsi ilə bağlı digər nailiyyətlərimiz də var: ölkədə tərcümə fəaliyyəti göstərən mütəxəssislərin dillər və sahələr üzrə imtahandan keçirilərək sertifikatlaşdırılması, sahələr və dillər üzrə dil və tərcümə kurslarının aparılması, Mərkəzə tərcümə praktikasına göndərilən ali məktəb tələbələri ilə iş və sair və ilaxır.

 

– Müsahibənizə görə çox sağ olun.

Kulis.az

05 İyun 2019