15 iyun Xalq şairi Hüseyn Arifin doğum günüdür

 

 

Hüseyn Arif

(1924–1992)

 

Xalq şairi, Azərbaycan Dövlət mükafatı laureatı. “Yeni həyat yollarında”, “Məhəbbət nəğmələri”, “Dostluq telləri”, “Yolda”, “Ömür çeşməsi”, “Sibir töhfələri”, “Torpaq eşqi”, “Yollar və xatirələr” kimi iyirmidən artıq şeir kitabının müəllifidir. A.S.Puşkin, M.Y.Lermontov, S.Yesenin, K.Simonov və digər şairlərin əsərlərindən ibarət nümunələri dilimizə çevirib.

 

Doymuşam

 

Eniş gözəl, yoxuş gözəl, düz gözəl,

Nə arandan, nə yaylaqdan doymuşam.

Sinə gözəl, söhbət gözəl, söz gözəl,

Nə qələmdən, nə varaqdan doymuşam.

 

Göz qoyduqca köhlənlərin oynuna,

Qollarımı aparmışam boynuna.

Sığınanda təbiətin qoynuna,

Nə lilpardan, nə bulaqdan doymuşam.

 

Yaşıl meşə yağışı nə yağışdı,

Əlvan çəmən naxışı, nə naxışdı,

Ürkək maral baxışı nə baxışdı,

Nə obadan, nə oymaqdan doymuşam.

 

Günəş doğar, hərarəti nə yaxşı,

Gəlin gələr, nəzakəti nə yaxşı,

Körpə gülər, məhəbbəti nə yaxşı,

Nə sevincdən, nə maraqdan doymuşam.

 

Qohum-qardaş bir-birinə dirəkdi,

Bir sinədə bir döyünən ürəkdi.

Təzə mənzil, təzə bayram deməkdi,

Nə süfrədən, nə qonaqdan doymuşam.

 

Hüseyn Arif, nə yanğı var canında,

Yanmaq eşqi damarında, qanında.

Qədir bilməz, dil qanmazlar yanında,

 Elə olub, yaşamaqdan doymuşam.

 

 

Qocaldım

 

Gəzdim qarış-qarış ana torpağı,

Nə yaxında, nə uzaqda qocaldım.

İsti, soyuq heç varmadım fərqinə,

Nə aranda, nə yaylaqda qocaldım.

 

Məlhəmdi dağ moruğu, bağ narı,

Hər kimsənin öz istəyi, öz yarı.

Görməyəndə qədir bilən dostları,

Çilçıraqlı ağ otaqda qocaldım.

 

Altmışımda zirvələri aşanda,

Yaş on beşdi! – söyləmişəm bu anda.

“Millət!” – deyə satqın coşub-daşanda,

Belə çağda, belə vaxtda qocaldım.

 

Hüseyn Arifəm, yaxşılara yananam,

Ömür boyu yamanlara yamanam.

Sevinəndə – qoca ikən cavanam,

Qəmlənəndə - cavanlıqda qocaldım.

 

* * *

“Ömür keçdi, gün keçdi,

Cavan olmam bir də mən…

Bu söz min dilə düşdü

Bir şairin dilindən.

 

Qocalıb, qəribsəyib,

Deyib – ona nə deyim?

O deyib, elə deyib?

Mən niyə elə deyim?

Alovdur sinəmdəki,

Kül olmaram yerdə mən.

Qocalan deyiləm ki,

Cavan olam bir də mən.

 

Sən dərsə gəlməyəndə...

 

Düşür yadıma hərdən:

Məktəb həyətində mən

Yoluna göz dikərdim,

Qəlbim sızlardı birdən

Sən dərsə gəlməyəndə...

 

Durub-durub anardım,

Gizli-gizli yanardım.

Neçə dostun içində

Özümü tək sanardım

Sən dərsə gəlməyəndə...

 

Zəng səsi ucalardı,

Uşaqlar söz alardı.

Gözlərim boş masanda,

Fikrim səndə qalardı

Sən dərsə gəlməyəndə...

 

Dözməyib buna bəzən,

Düşüb gah da həvəsdən,

Nə danım həqiqəti,

Qaçardım mən də dərsdən

Sən dərsə gəlməyəndə...