İrlandiya yazıçısının hekayəsi

 

Layem O'Flaerti

(1896–1984)

 

SÜRGÜNƏ DOĞRU

(hekayə)

 

         Patrik Fininin daxmasında adam əlindən tərpənmək mümkün deyildi. Necə deyərlər, iynə atsan, yerə düşməzdi. Kişilər, qadınlar, uşaqlar skamyalarda, kətillərdə oturmuşdular – torpaq döşəmədə bir neçə adam milli ciqa rəqsi oynayırdı. Ocağın yanında, ayağını ayağının üstünə aşırıb oturan Pat Mellani qırmızı sifətini turşuda-turşuda öz köhnə qarmonuna divan tutmuşdu, başındakı qırmızı xallı yaylıq da tərdən büsbütün islanmışdı.

         Daxmanın qapılarından biri bağlıydı: arxa tərəfdən asılmış qab-qacaq öz parıltısıyla göz qamaşdırırdı. Əks tərəfdəki qapı isə, əksinə, taybatay açıq idi və qapının arasından – həyətə yığışıb içəridə oyna­yanlara tamaşa eləyən kənd uşaqlarının başı üzərin­dən – iyun gecəsinin ulduzlu göyləri, boz rəngli sıldırım qayaların tutqun kölgələri, bir də dumana büründüyündən ağaçalan çəmənlik görsənirdi.

         Daxmadan yüksələn çalğı səsinə, eləcə də Patrik Fininin böyük oğlu Mayklın öz dostlarıyla oturduğu balaca otaqdan eşidilən şən sədalara baxmayaraq bütün bu şeylərin hamısından güclü olan nəsə qəribə, sirli bir məyusluq hiss olunmaqdaydı.  Adamlar elə bil zor gücünə şadlanır, qəsdən gülüb-oynayırdılar və bütün bu rəqslər, nəğmə və gülüşlər bura nə üçün yığışmalarının əsas səbəbini onlara unutdurmaqda aciz idi.

         Bəli, bu qonaqlıq Patrik Fininin iki övladının – Meri ilə Mayklın sübh tezdən Birləşmiş Ştatlara yola düşəcəklərinə görə təşkil edilmişdi. Əllərini dəri qayışın altına soxmuş ortayaşlı, qırmızısifət və qarasaqqal kəndli Patrik Fini daxmanın içində narahat halda var-gəl edə-edə məclisə yığışanları şənlənməyə, oynayıb-oxumağa həvəsləndirir, eyni zamanda qəlbini çulğamış bir düşüncədən son dərəcə əzab çəkirdi. Belə ki, sabah tezdən ona iki böyük uşağıyla vidalaşmaq lazım gələcəkdi və ola bilsin, bir daha övladlarının üzünü görməyəcəkdi. Onun bütün hərəkətlə­rində çaşqınlıq və hiddət duyulurdu, hərdən də xəstə donuza baş çəkmək bəhanəsiylə mətbəxdən çıxıb pəyəyə gedir, göyərçin damının qənşərində ayaq saxlayıb qəmgin-qəmgin ulduzları seyr edirdi. Bu zaman şüuru beynində dolaşan qarışıq və anlaşılmaz fikirlərlə çəkişirdi. O bu fikirlərlə heç cür bacarmır, hər dəfə də qəhərdən boğazı quruyur və içini çəkib deyirdi: “Hə də, aydın məsələdi, dünya qəribə dünyadı, çarə nədi...”   

         Sonra təzədən daxmaya dönür və gülüşə-gülüşə, çığırışa-çığırışa, ayaqlarını tappıldada-tappıldada rəqs edən qonaqlarını daha da həvəsləndirməyə, qızışdırmağa başlayırdı.

         Hava işıqlaşana yaxın rəqs edənlər əl-ələ tutub təpiklərini yerə çırpa-çırpa “Limerik divarları” rəqsini oynadıqları zaman Patrik Fini təzədən göyərçin damına sarı yollandı və Maykl da onun ardınca çıxdı. Həyətdə boz çınqılın üstüylə yanaşı addımlayırdılar, həyəcanlı olduqlarından heç biri dinib-danışmırdı. Maykl boyca atasından hündür, həm də ondan qamətli idi. Belə ki, yol üçün alınmış göy astarlı nimdaş kostyum onun çiyinlərinə dar gəlirdi, gödəkcə isə, əksinə, əyninə gen idi. Bu geyimdə Maykl çox yöndəmsiz görü­nürdü. Pörtmüş sifəti par-par parıldayır, göy gözləri həyəcandan işıldayırdı. Boz rəngli mahud kepkasının astarıyla arabir üzünün tərini silirdi. Patrik Fini göyərçin damının qurtaracağında ayaq saxladı, əllərini dəri qayışın altına soxub dabanı üstdə bir qədər yırğalandı və boğazını arıtlayıb dedi:

         – Sabah isti olacaq.

         Maykl ona lap yaxın gəldi, əllərini qoynunda çarpazlayıb damın divarına söykəndi.

         – Ned dayının qonaqlıq üçün borc verməsi əcəb yerinə düşdü, ata. Əgər bu məclis təşkil olunmasaydı, mənə çox pis təsir edərdi. Sən borca görə narahat olma, onu qaytarmaqçün mən sənə elə ilk maaşımdan pul göndərərəm. Məndən olsa, bütün pulları iki aya qaytarardım, onda Milad bayramı üçün sənə göndərməyə daha çox pulum olar.

         Patrik Fini bir müddət dinmədi, dodağını dişləyib göyə baxdı. Sonra təzədən ah çəkdi. Maykl soruşdu:

         – Nə olub, ata? Az fikir elə. Sənin fikir çəkməyin heç məni açmır.

         – Cəfəng danışma, – atası saxta bir köntöylüklə dilləndi, – kimdi fikir çəkən? Mənim qorxum ondandı ki, yeni həyat səni yolundan azdırar.

         Sonra bir az ara verib asta səslə davam etdi:

         – Ötən yaz mən zökəmdən yatanda sən təkbaşına o boyda kartof sahəsi əkmişdin ha, bax onu düşünürəm, bala. Mən bu işi belə ustalıqla görən ikinci adam tanımıram. Tanrı bu yurdu sənin üçün yaradıb, oğul. Sənə bu yurdu çox görən dünyanın qəlbi daşdandı, daşdan!

         – Belə şeyləri danışmağa dəyməz, ata, – Maykl əsəbi halda dilləndi. – Ağır zəhmətdən, ehtiyacdan, duzla kartof yeməkdən başqa vətəni tərk etməyə adamı nə məcbur edir ki?

         – Düz deyirsən, düz deyirsən, oğul. Amma bir şey də var ki, bura sənin doğmaca elindi-yurdundu, orada isə, – Patrik Fini köks ötürüb göyün qərb hissəsini göstərdi, – kim bilir, cavan canını çürüdə-çürüdə nə işlər görəcəksən.

         Maykl məyus halda gözlərini torpağa dikib mızıldandı:

         – Əcəb təskinlik verirsən...

         Düz beş dəqiqə lal-dinməz dayanıb durdular. Ata oğulu, oğul da atanı bərk-bərk bağrına basıb hönkür-hönkür ağlamaq istəyir, ancaq hər ikisi dərdini içində gizlədərək qəmgin-qəmgin dayanıb baxırdı. Beləcə baxdılar, baxdılar və təzədən daxmaya qayıtdılar. Maykl mətbəxin sol tərəfindəki balaca otağa keçdi. Bu otaqda oturmuş üç cavan oğlan Mayklın eyni kurraxda[1] balıq ovuna getdiyi ən yaxın dostlarıydı.

         Çarpayıda xeyli adam oturmuşdu. Otağın tən ortasındakı böyük süfrənin arxasında cavanlar əyləşib çay içir, kişmişli piroq yeyirdilər. Missis Fini masa ətrafında vurnuxaraq camaatı yeməyə dəvət edirdi. Qadının Birləşmiş Ştatlara yollanası böyük qızı Meri başqa qızlarla birgə dördayaqlı, hündür miçətkənli çarpayının qırağında oturmuşdu. Merinin rəfiqəsi olan qızlar çarpayıda belə narahat vəziyyətdə sıxlaşıb oturmaqla onu necə sevdiklərini göstərmək istəyirdilər. Adət belə idi.

         Çarpayının lap qırağında oturub ayaqlarını aşağı sallayan on doqquz yaşlı Meri qarasaç və çox qəşəng bir qızdı; qonur və ağıllı gözləri, incə burnu, yaraşıqlı dodaqları, balaca ağzı vardı. Yaxası kip bağlanmış saya koftasının, nazik sürməyi yubkasının altından qızın dolu və yaraşıqlı əndamı görünürdü. İndi də sakitcə oturub qorxu və həvəslə Birləşmiş Ştatlar barədə düşunür, həyəcan içində yaylığını didişdirirdi.

Amma qardaşından fərqli olaraq Merinin düşuncələri heç də birbaşa gələcək işiylə, qazancıyla bağlı deyildi – onu tamam başqa şeylər narahat edirdi. Qız öz düşüncələrinin bəzisindən utanır, bəzisindən isə qorxurdu.

         Patrik Fini yenə əlini dəri qayışın altına soxub pəncərənin yanında dayanmışdı. Meri təsadüfən başını dikəldəndə baxışları atasının nəzəriylə toqquşdu. Kişinin tutqun baxışları onun üzündə bircə anlığa qərar tutdu, çünki atası dodaqlarını sıxıb tez mətbəxə keçdi. Qız yüngülcə diksinən kimi oldu – atası tərəfindən daim əzizlənməsinə baxmayaraq yenə ondan bir az çəkinirdi. Ötən qış axşamlarından birində, Tim Hernonun daxmasının dalında Timin oğlu Bartli ilə qucaqlaşıb öpüşərkən Patrik Fini qəfildən üstlərinə çıxmış və qızı söyüd çubuğuyla əməlli-başlı döymüşdü. O vaxtdan hər dəfə atasının əli ona toxunanda, yaxud kişi onunla danışanda Meri yüngülcə diksinirdi.

         – Hə-ə-ə! – çay süfrəsi arxasında oturmuş nimdaş geyimli qoca kəndli sözü ağzında xeyli uzatdı. – Hə-ə, missis Fini, sizin qızınız kimi bir gözəlçənin buraları tərk etməsi İnverara adası üçün böyük itkidir. Kaş mən cavan olaydım. Cavan olsaydım ha, öldür məni, belə qızı əlimdən buraxmazdım.

         Bərk gülüşmə qopdu.

         – Yerə girəsən səni, – çarpayıda oturmuş qadınlardan hansısa dilləndi, – həyasızlıq eləməkdən savayı heç nəyə yaramır.

         Bu sözdən cavan oğlanlar əməlli-başlı pərtləşmişdilər – hamısı bir-birinə altdan-altdan, oğrunca nəzər salır, sanki hər biri digərinin Meri Finini sevib-sevmədiyini bilmək istəyirdi.

         – Tanrı rəhmdildir, – missis Fini özünün heyranedici səliqə­siylə dodaqlarını dama-dama önlüyünün ətəyinə silib sözə başladı. – Hər kimin qismətində nə varsa, o da olacaq. Dənizin o tayına getmək hələ dərdin yarısıdır; təkcə qəbir adamı ömürlük ayırır. Düzdür, bu çox böyük müsibətdir, kasıblar da bundan az əziyyət çəkmirlər, ancaq...

         Missis Fini bu boş sözlərin heç bir məna vermədiyini hiss edib qəfildən susdu. O da qürbətə yollanan uşaq­ları barədə eynən əri kimi məntiqlə, şüurla düşünmək bacarığını itirmişdi. Hətta övladlarının üç min millik məsafəyə, ola bilsin, ömürlük gedişləri hərdənbir təsəvvüründə bütün gerçəkliyi ilə canlananda belə ona elə gəlirdi ki, beyninə şiş soxurlar. İndi bu ağrı birdən-birə müdhiş ayrılıq fikrini qadının şüurundan sıxışdırıb çıxartdı və missis Fininin şüuru onu əhatə eləyən hər şeyin – qonaqların və xörək hazırlığı qayğısının, camaat yığışan otaqda görülməsi lazım gələn saysız-hesabsız xırda-para işlərin üzərində işgüzarcasına dolaşmağa başladı və o, dərindən köks ötürdü:

         – Yaxşı niyyətlə danışmağa başlayırsan, intəhası səfeh şeylər alınır.

         – Bax bunu düz söylədin, – çayı şırıltıyla fincandan nəlbəkiyə tökən qoca bir kəndli cavab verdi.

         Bu yerdə missis Fini qəfildən şaqqanaq çəkdi və Meri o saat anladı ki, işlər şuluqdur. Ürəkkeçmədən qabaq anası həmişə belə gülərdi. Qızın ürəyi sanki bir anlığa dayandı, sonra isə dəhşətli sürətlə döyünməyə başladı. O, anasının qəribə söhbətindən, əsəbi gülüşündən, bir şeyə diqqətlə baxarkən sərt görünən, sonra yenə yumşalan və yaşaran qonur gözlərindən, qəşəng üzündən, uşaqlarını ürəkdolusu məhəbbətlə süzərkən qıraqları səyriyən bəmbəyaz dodaqlarından çox şey oxudu. Merinin bir şey barədə ciddi düşünməyə heç vaxt həvəsi olmazdı, ancaq indi, bu bir göz qırpımında, nəyinsə işığı altında anasının bütün ömrü onun gözləri önündə durdu və bu hiss qızı səksəndirərək özünə, öz qəddarlığına, xudbinliyinə nifrət eləməyə məcbur etdi. Anasının bütün həyatı – o həyat ki, yalnız əzab-əziyyət, yoxsulluq içində keçmişdi, o həyat ki, yalnız ağır zəhmətdən, məşəqqətli güzərandan, naxoşluqdan və sonra yenə ağır zəhmətdən, səfalət və qorxudan ibarət idi – bir anda qızın gözləri önündə canlandı. Canlandı və yenə də yox oldu. Merinin gözləri azacıq dumanlandı və qız sanki bu qorxunc fikirləri qovurmuş kimi başını silkələyib cəld sıçrayışla çarpayıdan qalxdı:

         – Otur, otur, bir az dincini al, ana, süfrəyə mən özüm baxaram, – dedi.

         Anası bütün vücuduyla titrəyərək pıçıldadı:

         – Yox-yox! Mən bir tikə də yorulmamışam. Otur, otur, mənim balam, sən o boyda yol gedəcəksən.

         Meri köks ötürüb təzədən öz yerinə qayıtdı.

         Nəhayət, camaatın içindən kimsə dilləndi:

         – Daha hava işıqlaşır.

         Nəzərlər pəncərəyə zilləndi və kimsə astadan dedi:

         – Elədir, işıqlaşır!

         Və bu qəfildən doğan anlaşılmaz duyğudan sanki hamının ürəyi sıxıldı. Hamısı həyətə tökülüşüb sıldırım qayaların və torpağın üzərindən duman örtüyünü qaldıra-qaldıra səssizcə sürünən sübh işığının tamaşasına durdu. Ulduzlar sönmüşdu. Sərçələrin cikkiltisi eşidilirdi. Yeni bir səhər açılırdı və getməyə hazırlaşan qonaqların əsnəyə-əsnəyə öz şlyapalarını, kepkalarını, şallarını axtardıqları bu sübh çağı al şəfəqlərini hər tərəfə yayıb hərəkət etməyə və səs çıxarmağa qabil olan hər şeyi oyatmağa başlayırdı. Xoruzlar banladılar, qaratoyuqlar qaqqıldadılar. Qonaqlar ev sahibləriylə xudahafizləşib getdilər. Onlar gəmiyə minib materikə yollanacaq mühacirləri – Maykl və Merini Kilmerrecə qədər müşayiət etməzdən qabaq evlərinə dəyməliydilər. Bir azdan ev adamlarından başqa daxmada heç kəs qalmadı.

         İndi ailənin bütün üzvləri mətbəxə yığışmışdı. Missis Fini yatmaq üçün hamını dilə tutsa da, heç bir səmərəsi olmadı. Saat dörd idi, Meri ilə Maykl isə saat doqquzda yola düşməliydi. Buna görə də çay dəmləndi və onlar kişmişli piroqla çay içə-içə düz bir saatacan söhbət etdilər. Söhbət yalnız qonaqlıq və qonaqlar barəsində idi. Masa arxasında səkkiz nəfər vardı – ata, ana və altı uşaq. Uşaqlardan ən kiçiyi – on iki yaşlı Tomasın nəfəs alanda sinəsi yüngülcə xışıldayırdı. Yaşca Tomasdan böyüyünün – on dörd yaşlı Brigettanın şən gözləri vardı və heç bir səbəb olmadan qızılı rəngli qısa saçlarını silkələmək onun adətiydi. Brigettadan sonra görkəmcə bir qədər havalı və fağır görünən on altı yaşlı əkiz bacılar – Culiya və Marqaret gəlirdi. Hər ikisi fətirsifətdi və üst dişləri azca qabağa çıxmışdı. Dedikcə işgüzar olan əkizlər hər işdə ananın köməkçiləriydi. Və indi hamılıqla masa arxasında əyləşmiş ailə üzvləri artıq üçüncü çaydanı boşaltmaqdaydılar ki, birdən missis Fini çayın artığını sərt bir hərəkətlə fincana töküb onu taqqıltıyla nəlbəkiyə qoydu və dərindən köks ötürdü.

         – Nə var, ay ana, nolub? – Maykl soruşdu.

         – Heç, a bala... amma sən haqlısan, ürəyimdi, – anası sakitcə dilləndi. – Mənim lap indicə ağlıma gəldi ki, demə, balaca yuvaya yığışan quşlar kimi adamın öz uşaqlarının dövrəsində ömür sürməsi necə də yaxşıymış. Ancaq indi həmin quşlardan ikisi uçub gedir. Ürəyim bu fikirdən sıxıldı.

         Missis Fini bunu deyib gülməyə, zarafata salmağa çalışdı. Patrik Fini isə ağzını köynəyin qoluna silib adi iş günüymüş kimi uşaqlara buyruqlarını verməyə başladı:

         – Yaxşı, di bəsdi vaxt öldürdüz, iş görmək lazımdı. Culiya, sən get atı çək gətir, Marqaret, sən də inəyi sağ, amma bax ki, buzov üçün də bir şey qalsın.

         Mayklla Merininsə daha heç bir işi yoxdu. Onlar adi ailə həyatının gündəlik axarından ayrıldıqları üçün acı düşüncələr içində, qımıldanmadan öz yerlərində oturub qalmışdılar və artıq axından kənarda idilər – bir neçə saatdan sonra hər ikisi evsiz-eşiksiz sərgərdanlara çevriləcəkdi.

         Səhər yeməyinə kimi belə keçdi. Sübhün bütün işləri görülüb qurtarmışdı və ailə üzvləri təzədən bir yerə yığışmışdı. Yemək süfrəsi arxasında hamı ölü kimi susmuşdu. Yuxusuzluğun süstlüyündən, ayrılığın bir neçə saatlıq məsafədə olduğunu çox yaxşı bildiklərindən heç kəs danışmaq istəmirdi. Missis Fini adəti üzrə yumurta payını əvvəlcə Maykla, sonra isə Meriyə vermək istədi, ancaq onlar imtina edəndə özü bir dişdəm götürüb qalanını böyründə xışhaxışla nəfəs alan balaca Tomasa verdi. Bir azdan süfrə yığıldı. Patrik Fini madyanı yükləməyə getdi. Mayklla Meri yavaş-yavaş yığışmağa və geyinməyə başladılar. Missis Fini digər uşaqlarla birgə evi süpürüb təmizlədi. Qonum-qonşu adəti üzrə gedənləri Kilmerrecə qədər ötürməkçün yavaş-yavaş daxmaya, həyətə toplaşırdı. Nəhayət, hər şey hazır oldu. Missis Fini gündəlik ev işlərini görüb qurtarandan sonra Merinin geyindiyi yataq otağına keçdi. Maykl otaqda əsəbiliklə var-gəl edir, Meri başında qara şlyapa, güzgünün qabağında fırlanırdı. Bu, bütün həyatı boyu başına qoyduğu ilk şlyapa idi və zövqlə seçildiyindən qıza çox yaraşırdı. Şlyapanı Meriyə onu hədsiz sevən, xətrini dünyalarca istəyən müəlliməsi bağışlamışdı; Meri özü də şlyapaya yüngülcə əl gəzdirmişdi.

         Ancaq anası göy kostyumun, büzməli ağ koftanın qızının əyninə necə yaxşı oturduğunu, şlyapanın altından çıxıb Merinin qulaqlarını örtən qalın ipək tellərin, balaca, qara tuflilərin ona necə yaraşdığını gördükdə daxilində qəfil əsəbilik duydu. Məhz nəyin onu əsəbiləşdirdiyinin fərqinə varmadı, ancaq qızının gözəlliyinə bir anlıq nifrət etdi. Nifrət etdi və onu dünyaya gətirdiyi, min bir əziyyətlə böyütdüyü, ondan ötrü gecəsini gündüzünə qatıb işlədiyi və bu zaman çəkdiyi it əzabını xatırladı... Demə, bütün bunlar yalnız doğmaca balasını itirməkdən ötrüymüş. Qızının simasında gördüyü qənirsiz gözəlliyə qarşı içində püskürən qəfil nifrət və qısqanclıq duyğusundan missis Fini az qala boğulacaqdı. O, qeyri-iradi halda əllərini irəli uzatdı, ancaq daxilindəki qəzəb seli qəfildən tüstü kimi dağıldı və missis Fini bərkdən hönkürüb acı-acı, yanıqlı-yanıqlı bağırdı:

         – Balalarım, ay mənim balalarım, sizi dənizin o tayına, uzağa aparırlar, ananızdan çox-çox uzaqlara!

         O, üzünü önlüyü ilə örtüb yerində yırğalanmağa başladı. Bir himə bəndmiş kimi elə həmin andaca yanıqlı iniltilər daxmanı başına götürdü. Mətbəxə yığılan qadınların ürək parçalayan şiddətli fəryadları eşidildi:

         – Onları dənizin o tayına aparırlar... uzağa aparırlar!

         Qadınlar üzlərini önlükləriylə örtüb oyan-buyana yırğalanırdılar. Mayklın ocağın yanında şöngümüş iti qəfildən uladı və onun böyründə oturub bir əliylə itin başını qucaqlamış balaca Tomas səbəbini özü də bilmədən çığırdı. Uşaq itin ulamasına və bir belə camaatın bura yığışmasına görə ağlayırdı.

         Mayklla Meri diz çökub analarının ayaqlarına qısılmışdı, anaları da onlara sarmaşıb acgözlüklə saçlarından öpürdü. Bir qədər toxtamışdı. Gözünün yaşı da qurumuşdu, amma uşaqlarına sancılan baxışlarında nəsə dəli bir ifadə oxunurdu. Missis Fini dəhşət içində baxır, elə baxırdı ki, sanki öz inadkar nəzərləriylə uşaqlarının canlı əksini şüuruna ömürlük həkk etmək istəyirdi. Onun sağ əli Merinin sol çiynini qucaqlamışdı, sol əli isə Mayklın boynunu oxşayırdı.

         Mayklla Meri hönkürtülərini saxlaya bilmədilər və bir xeyli müddət belə davam elədi. Nəhayət, Patrik Fini gəlib çıxdı. O özünün ən yaxşı paltarını – yaxası zolaqlı, arxası ağ rəngli təzə jiletini geyinmişdi. Kişinin bir əlində quzu yunundan toxunmuş qara şlyapa, o birində bir şüşə müqəddəs su vardı. Boğazını arıtlayıb ehmalca Mayklın çiyninə toxundu və onun üçün qeyri-adi olan çox zəif və mülayim səslə:

         – Daha vaxtdır, gedək, – dedi.

         Meri və Maykl qalxdılar, Patrik Fini şüşədəki suyu onların üstünə çilədi və uşaqlar xaç çevirdi. Sonra onlar kresloya yayxanmış, nəzərləri yerə dikilib qalan analarına sarı baxmadan sakitcə otaqdan çıxdılar. Qapıdan çıxarkən Maykl divarın köhnə suvağından bir parça qoparıb cibinə soxdu. Camaat dəfn mərasimində olduğu kimi onların ardınca əvvəl həyət boyu, sonra yol uzunu ağır-ağır addımlamağa başladı.

         Missis Fini balaca Tomasla və kəndin iki qarısıyla evdə qaldı. Daxmaya ağır, üzücü sükut çökdü. Sonra missis Fini birtəhər ayağa qalxıb mətbəxə keçdi. Qarılara baxdı, öz balaca Tomasına baxdı – sanki nəsə axtarırdı. Axırda əllərini bir-birinə çırpıb həyətə cumdu.

         – Qayıdın, – bağırdı, – qayıdın yanıma!

         Və köksü qabara-qabara, burun pərələri körüklənə-körüklənə vəhşi bir nəzərlə yola baxdı.

         Ancaq yolda heç kəs görünmürdü. Heç kim də ona cavab vermədi. Günəşin yandırdığı boz qayaların arasıyla uzanıb gedən yol təpələrin yanında sola burulur və gözdən itirdi. İsti iyun günəşi öz işində idi. Amma zavallı qadın hələ də ümidini itirmir, eləcə dayanıb gözləyirdi ki, indi kimsə ona cavab verəcək. Axırda qarılar gəlib onu daxmaya apardılar.

         – Vaxt hər yaranı sağaldır, – qarılardan biri dedi.

         – Hə, elədir. Vaxt, bir də səbir, – o biri təsdiqlədi.

Tərcümə edən: Mahir N.Qarayev

[1] kurrax – söyüd çubuqlarından hörülmüş və dəri, yaxud brezentlə üzlənmiş balaca qayıq