Məhəmməd Turan - Mən buludların oğluyam

Mən buludların oğluyam

 

İndi bir "ah"lıq canım var

Nəfəs ciyərimdə sürgün...

Azalıram bir az, bir az

Yox oluram hər gün, hər gün...

 

Gözlərimdə qalan günlər

Bir-bir düşdü gözlərimdən...

Yığılan qəmim, qəhərim

Daşmır, daşmır gözlərimdən!

 

Gözümdə həvəsmi qalıb

Bir daşı daş üstə qoyam?

Əllərimdən göy yapışıb,

Mən buludların oğluyam...

 

Yoxluğun yaxın mənə...

 

Həsrətin yeddi arşın,

Yoxluğun yaxın mənə.

Bir eşq duasına dön,

Astaca oxun mənə.

 

Mən yorardım yolları

Bu dərd məni yormasa.

Arada zəng et barı,

Sevinim heç olmasa.

 

Həsrətindən tutuşar

Yanar ağzımda dilim.

Yenə küsülü qaldıq,

Heyif, getdi bir ilim.

 

Məni yuxuda görsən

Balıncını tərs çevir.

Nə olaydı, gözlərin

Deyəydi: "səni sevir".

 

Yeyər ömrü qız ahı...

 

Həyatı əllərində

Sönmüş çıraq kimiydi.

Seçəmmirdi insanı,

Yaxın - qıraq kimiydi?

 

Üzü xəzan yarpağı,

Əlləri qabar idi.

O keçdiyi küçələr,

İndi dardan dar idi.

 

Necə qəribsəmişdi,

Dost-tanışdan aralı.

Meyli hara ilişsə,

Eh, olardı oralı.

 

Sən bir köhnə evsən indi

 

Sən bir köhnə evsən indi

Yox sahibin, yoxdur yiyən.

Heç olmasa ərk eləyib,

Arada qapını döyən.

 

Sən bir köhnə evsən indi,

Yoxdu pəncərəni silən!

Hərdənbir sərçələr olur,

Kövrəlmiş gözünə gülən.

 

Sən bir köhnə evsən indi,

Xatirələr məzarısan.

Toz-torpaqdan bezməmisən,

Təkliyinin bezarısan.

 

Sən bir köhnə evsən indi

Qəmdən savayı, nəyin var?!

Bu yollara kölgə salır

Qəlbinə çəkilən dağlar.

 

Sən bir köhnə evsən indi

Sən keçmişin harayısan.

Küsmə yenə taleyindən,

Bayquşların sarayısan!