Süleyman Rüstəm
(1906-1989)

 

Xalq şairi. Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı. Moskva Dövlət Universitetinin Ədəbiyyat və incəsənət fakültəsində təhsil alıb. Azərbaycan Dövlət Akademik Dram Teatrının direktoru, “Ədəbiy­yat qəzeti”nin baş redaktoru vəzifələrində çalı­şıb. Yüzlərlə lirik şeir, qoşma və qəzəl, poema və dram əsərlərinin müəllifidir. Pyesləri müxtəlif teatrlarda tamaşaya qoyulub. Yaradıcılığının ikinci dövründə qəzəl janrına meyilgöstərsə də, ümumi yaradıcılığını siyasi məzmunlu poe­malar və lirik şeirlər təşkil edir.

 

Təbrizim

Baxdıqca hüsnünə doymayır gözüm,

Təbrizim, Təbrizim, gözəl Təbrizim!

 

Qoymaram yadları girsin qoynuna,

İzin ver, qolumu salım boynuna!

Sənin bayramına, sənin toyuna

Dili bir, qanı bir qardaşın gəlib,

Dərdinə aşina sirdaşın gəlib...

 

Sən çıxdın qarşıma duzla, çörəklə,

Bağından dərdiyin güllə, çiçəklə,

İkiyə bölünməz saf bir ürəklə…

Təbrizim, Təbrizim, aman, Təbrizim!

Yox olsun başından duman, Təbrizim!

 

Bülbül zar-zar ağlar çəməndən ayrı,

İnsan deyib-gülməz vətəndən ayrı,

Can necə yaşasın bədəndən ayrı?!

Aç öz ürəyini, danış, Təbrizim,

Olum dərdlərinlə tanış Təbrizim!

 

Qədrini ayrılıq çəkənlər bilir,

Hicrində göz yaşı tökənlər bilir,

Ömrünə qaranlıq çökənlər bilir,

Bağından gül, çiçək dərdim, Təbrizim,

Yenə təzələndi dərdim, Təbrizim!

 

Bu ayna bulaqlar, bu ayna sular,

Suda ayağını yuyan qarğular,

Doğurur könlümdə min cür duyğular,

Səslənir kamanım, sazım, Təbrizim,

Ey mənim baharım, yazım, Təbrizim!

 

Əzəldən şairlər yurdusan, inan,

Döşündən süd əmən saysız qəhrəman

Yolunda canını etmişdir qurban, 

Gətirib onları yada, Təbrizim,

Baş əymə cəllada, yada, Təbrizim!

 

Səttar xan, o böyük Sərdari-milli,

O atəş ürəkli, o atəş dilli Etdi azadlığı ellərə bəlli...

Gəl onun yolundan dönmə, Təbrizim,

Dalğalan, alovlan, sönmə, Təbrizim!

 

Nə qəşəngdir yol boyunca söyüdlər,

Söyüdlərin kölgəsində igidlər

Babalardan dinləyirlər öyüdlər,

Coşur damarlarda qanı, Təbrizim!

Yoxdur bu mərdlərin sanı, Təbrizim!

 

Atımı yolboyu çapıb sürürəm,

Hər keçən yolçuya salam verirəm…

Nələr eşidirəm, nələr görürəm,

Nədir bu qaranlıq gecə, Təbrizim,

Buna necə dözüm, necə, Təbrizim?!

 

Ağlasan - ağlaram, gülsən - gülərəm,

Yaşasan - yaşaram, ölsən - ölərəm,

Varımı səninlə yarı bölərəm…

Gəl, bir də üzündən öpüm, Təbrizim,

Başına gül, çiçək səpim, Təbrizim!

 

Nədir o mənalı, dərin baxışlar?

Nədir gözlərindən yağan yağışlar?

Nədir qəlbindəki payızlar, qışlar?

Yetim-tək boynunu burma, Təbrizim,

Məlul-məlul baxıb durma, Təbrizim!

 

Sənin çiçəyinə, gülünə qurban,

Mənə qardaş deyən dilinə qurban,

Vətəninə qurban, elinə qurban!

Baxdıqca hüsnünə, doymayır gözüm,

Təbrizim, Təbrizim, gözəl Təbrizim!


İlk məhəbbət

 

Sevib-sevilənlər çox gözəl bilir,

Olmayıb vəfası ilk məhəbbətin.

İzləyir aşiqi son mənzilədək,

Şirin macərası ilk məhəbbətin.

 

Mənim dediklərim şikayət deyil,

Ürəklər yandıran hekayət deyil,

Həqiqi aşiqə kifayət deyil –

Tükənməz cəfası ilk məhəbbətin.

 

Sevgisiz gül-çiçək bitməz, ey könül,

İnsan muradına yetməz, ey könül.

Nədəndir bilmirəm getməz, ey könül,

Başımdan sevdası ilk məhəbbətin?!

 

Bu dərdə neyləsin loğmanın əli?

Əlimə dəyməmiş cananın əli,

Döydü qapımızı hicranın əli,

Budurmu mənası ilk məhəbbətin?

 

Mən onu sevmişəm bir ilk baharda,

O məni tərk etdi boranda, qarda.

Hər yara sağalıb, unudular da,

Sağalmaz yarası ilk məhəbbətin!

 

İçə bilmirəm

 

Araz sahilindən yolum düşəndə,

Bir an həyəcansız keçə bilmirəm.

Nələr olduğunu o biri tayda

Çox gözəl bilirəm, necə bilmirəm!?

 

Eşitsin səsimi bacım, qardaşım,

Hicran yollarında ağardı başım,

Damır ürəyimə yenə göz yaşım,

Gündüzü gecədən seçə bilmirəm.

Özgələr su içir bulaqlarından,

Fəryadlar yüksəlir ocaqlarından.

Niyə qollarından, ayaqlarından

Paslı zəncirləri aça bilmirəm?!

 

Mənim o sahilsiz həyatım yoxdur,

Vüsalından böyük muradım yoxdur.

Niyə quşlar kimi qanadım yoxdur,

Niyə o sahilə uça bilmirəm?!

 

Mənə gəl-gəl deyir Təbriz, Miyana,

Sən necə baxırsan Arazım buna?

Ürəyim yananda sənin suyuna

Göz yaşı qatmasam, içə bilmirəm!

 

Dilimə dəymə

 

Mən sənin dilinə dəymirəm, cəllad,

Gəl sən də bu ana dilimə dəymə!

Sənin də bağın var, gülün var, çəkin,

Bağımda əkdiyim gülümə dəymə!

 

Həsədlərlə baxdın çəmənimə sən,

Gör bir nələr etdin vətənimə sən.

Yan - deyib, od vurdun bədənimə sən,

Altında atəş var, külümə dəymə!

 

Mən ağa ağ dedim, qaraya qara,

Sən məni istədin çəkəsən dara.

Yenicə sağalır vurduğun yara,

Mənim bu yaralı könlümə dəymə!