Məmməd Rahim

(1907-1977)

Xalq şairi, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı. Bir sıra məsul vəzifələrdə çalışıb. 1930-cu ildə “Arzu­lar” adlı ilk kitabı nəşr olunub. “Partizanın tüfəngi”, “Vətən sevgisi”, “Səhərin nəğməsi”, “Leninqradgöylərində”, “Məhəbbətin baharı”, “Dayağım” kimi, onlarla kitabın müəllifidir. Şiller, Petefi, Beranje, Puşkin, Lermontov, Nekrasov, Blok, Taqor kimi sənətkarların əsərlərini dilimizə çevirib.

 

Sevgilim

Bizim yerdə bu adətdir əzəldən,

Hörmət olar sənətkara, sevgilim.

Mən dönmərəm sənin kimi gözəldən,

Qaşlar qara, gözlər qara, sevgilim.

 

Siyah tellər gərdənində görünür,

Könlüm kimi həsrətinlə sürünür.

Can sarayı nəşələrə bürünür,

Sən çıxanda çəmənzara, sevgilim.

 

Şimşad baxar həsrət çəkər əlinə,

Əttar aşiq mixəyinə, hilinə,

Qənd heyrandır şirin, şəkər dilinə,

Dağ çəkirsən dağda qara, sevgilim.

 

Qulac-qulac hörüklərin ilandır.

İncimərəm, sal boynuma dolandır,

Biz gedərik, qoca dünya qalandır,

Rahim qurban nazlı yara sevgilim.

 

Deyə bilmirəm

Deyirəm ki, səni gördüyüm zaman

Üstünə gül-çiçək səpəcəyəm mən.

Deyirəm ki, səni görəndə, canan,

Söz açaram təmiz məhəbbətimdən.

 

Sən, bahar çağında yaşıl çəməndə,

Ətir saçan zaman qızılgül kimi,

Coşmaq istəyirəm fərəhlə mən də

Baharın aşiqi şən bülbül kimi.

 

Elə ki, qarşımda görürəm səni,

Tutuluram yaman niyə, bilmirəm?!

Nədənsə bu sadə bircə kəlməni –

“Sevirəm” sözünü deyə bilmirəm.

 

Qoşma

Gözəlim, başına dönür fələklər,

Sevgi dünyasında sultansan, nəsən?

Ətrin məst eləyir aşiqlərini,

Yoxsa qızılgülsən, reyhansan, nəsən?

 

Nədir bu gözəllik, nədir bu camal?

Üzünü görəndə utanır hilal.

Sən bu lətafətlə, a dəryakamal,

Sirlər xəzinəsi ümmansan, nəsən?

 

Sakit sular kimi bəzən axırsan,

Canlar yandırırsan, canlar yaxırsan,

Bəzən tavuz kimi süzüb baxırsan,

Yoxsa öz-özünə heyransan, nəsən?

 

Məcnunun Leylası neylər yanında?

Başqa lətafət var şirin canında.

Eşqin bu varılmaz asimanında,

Belə ki, süzürsən, tərlansan, nəsən?

 

Sənsən gözəllərin başının tacı!

Aşiqlər hüsnünün olmuş möhtacı,

Rahimin dərdinin sənsən əlacı,

Özüm de, bilmirəm loğmansan, nəsən?

 

Azərbaycanım mənim

Dünyada ölkələr var,

Biri-birindən qəşəng.

Doğma yurdum, şən diyar,

Çəmənlərin rəngbərəng.

Sən hər yerdən gözəlsən,

Bir işıqlı əməlsən.

Qoy dolanım başına,

Torpağına, daşına

Qurbandır canım mənim,

Azərbaycanım mənim.

 

Dünyanın çox çayı var,

Kim deyər ki, tayı var

Kürümün, Arazımın.

Baharımın, yazımın

Gülşəni Odlar eli.

Babəkin, Koroğlunun

Vətəni Odlar eli.

Sənin sahillərində

Xəyallara dalmışam,

Baxıb çinarlarına

Çinartək ucalmışam.

Suların can dərmanı.

Qonaqcıllar içində

Sənin bənzərin hanı?

Dinim, imanım mənim,

Azərbaycanım mənim.

 

Dünyanın çox dağı var –

Əzəmətli, vüqarlı,

Yaxını, uzağı var,

Başı daima qarlı.

Zirvəsindən bir dəfə

Xəbər belə verən yox,

O yerlərə qalxmağa

Əsla yol göstərən yox.

Uca deyil gözümdə

Heç biri Şah dağımdan,

Öz ana torpağımdan

Qəşəng diyar bilmirəm,

Bəlkə də, var, bilmirəm.

Sənin əzəmətini

Dünyada tək sanıram.

Vüqarını dağlardan

Daha yüksək sanıram.

Ölməz ad-sanım mənim,

Azərbaycanım mənim.

           

Doğma yurdum, de, sənin

Qucağında nə yoxdur?

Xəzinənə çatası

Zəngin xəzinə yoxdur.

Sənsən bu yer üzünün

Ən nadir məmləkəti.

Millətimin şöhrəti,

Arzum, gümanım mənim,

Azərbaycanım mənim.

 

Dünyanın dənizləri

Ümmanları az deyil,

O qədər gölləri var,

Üz qayıqla ilbəil.

Fəqət deyin hansı göl

Gözəldir Göy gölümtək?

Hansı dənizdir qəşəng

Mənim Xəzərim kimi?

Sinəsində od yanıb

Deyin hansı şəhərin

Mənim şəhərim kimi.

Gül açmış qucağında

Arzum, hissim, niyyətim.

Get işıqlı günlərə,

Azad cümhuriyyətim,

Bu günündən sabahın

Daha da uğurludur.

Dünya bunu bilir ki,

Gələcəyin nurludur.

Mənə səadət dolu

Qızıl bir cam vermisən,

Gözəllikdən yazmağa

Bitməz ilham vermisən.

Vətən eşqini duyan,

Sözlərimi oxuyan

Bilir nədən gözəlsən.

Məndən ötrü nə üçün

Hər ölkədən gözəlsən,

Şöhrətim, şanım mənim,

Azərbaycanım mənim!