Mirzə İbrahimov
(1911-1993)

Xalq yazıçısı, dramaturq. Azərbaycan Elmlər Akademiyasının akademiki, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı. SSRİ EA Leninqrad Şərqşünaslıq İnsti­tutunun aspiranturasında təhsil alıb. Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri, SSRİ Yazıçı­lar İttifaqı İdarə heyətinin katibi vəzifələrində çalışıb. Ədəbi yaradıcılığa kiçik hekayələrlə baş­layıb. “Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə” romanlarının, “Həyat”, “Madrid”, “Məhəbbət”, “Kəndçi qızı”, “Közərən ocaqlar”, “Yaxşı adam”, “Don Juan və ya Bəşəri Komediya” pyeslərinin, xeyli sayda nəsr kitabının müəllifidir. “Böyük dayaq” romanının motivləri əsasında eyniadlı bədii film çəkilib. V.Şekspirin pyeslərini, N.Q.Çernışevs- kinin “Nə etməli” romanını dilimizə çevirib. Əsərlə­ri bir çox dillərə tərcümə edilib. Yazıçı 1979-cu ildə Beynəlxalq Nehru mükafatına layiq görülüb.

Azad

Həyatın qəribə sirləri vardır. Mən həmişə o hadisəni xatırlarkən, hələ mənasını dərk etmədiyimiz sirlər həyatda çox-çoxdur, deyə düşünürəm... Mən sirr deyərkən təbiətin kəşf olunmamış gizli qüvvələrinə işarə etmirəm. Bizim gündəlik, adi həyatımızda baş verən yüzlər və minlərlə hadisə bizə çox zaman sadə və təbii görünür. Onlarda gizli bir məna axtarmaq da adamın fikrinə gəlmir. Lakin dərindən nəzər saldıqda biz bu adi və məlum hadisələrdə nə böyük sirlər, nə böyük mənalar tapırıq!

Azad mənim uşaqlıq və gənclik yoldaşım idi... Bir həyətdə doğulmuş, bir həyətdə böyüyüb məktəbə getmişdik... Gəncliyimizin də böyük bir qis-mini bir yerdə keçirmişdik. Uşaqlıqda bir-birimizlə yaxşı oynadığımız za-manlar da olmuşdu. Lakin belə hallar çox tez unudulmuşdu. Çünki biz bir evin uşağı kimi tərbiyə almış və bir-birimizə doğma qardaşdan artıq ünsiyyət bağlamışdıq... İkimiz də təqribən eyni şəraitdə yaşadığımız üçün bir-birimizin xasiyyətini çox gözəl bilirdik. Onun sakit və lal-dinməzliyi mənim nəzərimdə təbii bir şeydi... Mən bunda heç bir pis məna görməzdim. Lakin böyüdükcə onun bir xasiyyəti mənim acığıma gəlməyə başlayırdı. Hərdənbir qızışanda:

- Azad, bir hərəkətə gəl, de, danış, gül, ağla, - deyə yaxasından tutur-dum. - Ölü kimi oturub gözlərini yumursan... Söz danışan da bilmir ki, yoxsa xoşuna... Dediyindən razısan, ya narazı... Dirisənsə bir diriliyini bildir, ay rəhmətlik oğlu!

Mənim bu cür məzəmmətim də ona təsir etməzdi. Kirpiklərini qaldırıb qaşlarının altından mənə baxar, yenə də gözlərini yuma, ya da məchul bir nöqtəyə dikib durardı.

Çox qəribədir ki, bu xasiyyət onda lap uşaqlıqdan qalma bir xasiyyət idi. Mənə elə gələrdi ki, Azad ana bətnindən lüt-ətcə bu soyuq dünyaya (o, qışda doğulmuşdu) qədəm qoyduğu zaman belə səsini çıxarmamışdır. Bütün doğulanlar bir səs çıxardıqları halda o elə beləcə lal dinməz dünyaya gəlmişdir... Qışın soyuğu da onu dilləndirə bilməmişdir... Hətta bir dəfə yarızarafat, yarıgerçək anası Səlimə xanımdan, doğulanda onun ağlayıb- ağlamadığını soruşmuşdum... Arvad gülümsəyərək əli ilə onun başını sığallamış və cavab verməmişdi.

Yoldaşlar arasında çox vaxt onu adı ilə çağırmazdılar. Sükuti deyib durardılar... Hətta sonradan tanış olanlar adanın Azad olduğunu da bilməz-dilər. Sükuti gəldi, Sükuti getdi deyərdilər. Bu təsadüfi sözü də sonralar o özü üçün sicilli seçmişdi: Azad Sükuti!.. 

Bəzən mənə elə gələrdi ki, onun üzündəki bulud, keçirdiyi ağır günlərin qubarıdır. Axı o, dünyaya gəldiyi zamandan xoş bir gün görməmişdi... Aclıq, ehtiyac, soyuq otaq, torpaq döşəməyə salınmış yırtıq həsir - gözünü açdığı gündən gördüyü bu idi. Azad doğulmamışdan iki ay əvvəl atası ölmüşdü... Anası Səlimə xanım evdə tək qalmışdı... Çünki o da yetim idi, əri də... Təbrizlilər demişkən ikisi də lat-lütün biri idi. Kişinin ölümündən sonra arvad qapılara düşüb iş axtarmağa məcbur olmuşdu. Birinin ev-eşiyini təmizlər, birinin paltarını yuyar, birinə yun çırpardı... Azadı da elə şəhərin ərbablarından birinin evində yun çırpan yerdə doğmuşdu... Uşaq olandan sonra o bir həftə belə yorğan-döşəkdə rahat yata bilməmişdi. Acından ölməmək üçün dördgünlük uşağı bələyə büküb yenə qapılara düşmüşdü. Bu qayda ilə bir qarın ac, bir qarın tox o, Azadı böyütmüşdü... Dünyada yeganə ümidi və həyatının məqsədi o idi... Ondan əziz, ondan mehriban bir şeyi yox idi. Səlimə xanım Azadı yalnız bir oğul kimi yox, həm də dünyada bir pənah, bir qohum, bir ata, bir qardaş kimi istəyirdi. Azada baxdıqca, bütün bu nakam hisslər onun ürəyində baş qaldırırdı.

Yaxşıca yadımdadır... Bizim beş-altı yaşımız olanda hər axşam Səlimə xanım yatmamışdan qabaq bizə nağıl danışardı... Onun nağıllarına qulaq asa-asa bizi yuxu aparardı... Sabah nağılın mabədini soruşardıq... O yenə başlayardı... Yenə bizi yuxu aparardı. Hər axşam o məni qucağına alıb divarın o üzündəki anama verərdi. Onun nağılları hərdən bir xəyal kimi yadıma düşür. Ayırd edə bilmirəm. Bir nağıldakı hadisəni o birilə qarışdırıram... Amma yenə də xatirə mənə çox görünür... Ara-sıra Səlimə xanım nağılı kəsər, bizə layla deyə-deyə həzindən oxuyardı... Aman, dostum... Bu səs bizə nə qədər mehriban görünərdi!.. Onun nəvazişkar, munis və ahənglə dolu mahnıları indi də harada isə qəlbimin dərinlərində səslənməkdədir... İndiyə qədər heç bir musiqi, heç bir mahnı onlar qədər ruhumu oxşamamışdır. Mənə elə gəlir ki, o xəyalat dünyasında aldığım bir ləzzət imiş ki, təkrarı heç bir zaman mümkün olmayacaqdır...

Bəzən də o, nağıl yerinə bizə anlaşılmaz görünən sözlər söyləyirdi. Mən onun gah şikayətləndiyini, qarğışlar yağdırdığını, gah da kimə isə yalvardığını eşidərdim... Lakin o, bütün bunları oxuya-oxuya, mahnılar içində əridə-əridə axar çay şırıltısını andıran bir musiqi yaradardı... Xəyalımızı onun sözləri yox, hara isə uzanıb gedən həzin və ahəngdar səsi çəkib aparardı... Biz nə zaman yuxuya getdiyimizi bilməzdik. Bir dəfə adi payız axşamlarından birində o bizim başımızı diziüstə alaraq yenə həzin- həzin oxuyur, söylənir, mahnılar deyirdi... Yarpağı tökülmüş ağaclardan, qəribə və yuvasız quşlardan, arxlara dolmuş xəzəllərdən danışır, tez-tez 

Azadın adını çəkir, gah da əyilib üzündən öpürdü... Mən yuxuda getdikcə onun uzaqlardan gələn səsini eşidirdim. Qulağıma kəsik-kəsik sözlər gəlirdi... Tək balam, yuvamın quşu balam... Yurdumun daşı balam... Azad isə sakit-sakit yuxulayırdı. Böyüyüb ağlım bir şey kəsəndə Azadın Səlimə xanım üçün doğrudan da həyatda yeganə ümid olduğunu anladım... Yox, mən bundan da artıq bir şey anladım. Mən anladım ki, bu yazıq arvadın bütün həyat telləri Azadın varlığına bağlıdır. Bunu anladıqdan sonra da təəssüf etməyə başladım. Azadla Səlimənin arzu və ümid etdiyi bir həyatı quracaq qabiliyyət görmürdüm... Qaradinməz Azad bədbəxt bir ananın ayağını qapılardan kəsib ona bir tikə çörək və bir isti ocaq düzəldə biləcəkmidir, deyə düşündükdə, fikrimdə “yox” qərarına gəlirdim... Məncə, həyat girdabında Azad əl-qol açacaq qüvvəyə malik deyildi... Ondan yüz dəfə zirəklərini və susuz qoyan əjdahalarını görür və Səlimə xanımın halına qəlbən yanırdım. Azadı udacaqdılar... Diri-diri yeyəcəkdilər... Onun meydandan çıxması üçün uzaqlara demirəm, bircə gün Təbriz bazarına gedib qolunun üstə iki corab alması kifayət idi... Mənim Azadda tapdığım keyfiyyət bu idi... Mən onda bir keyfiyyət, başqa bir məna axtarmazdım...

İki il o mənimlə bir yerdə məktəbə getdi... Orada da heç kəsə qoşulmaz, tənəffüslərdə bütün uşaqlar bir-birinə oynaşdığı halda, o bir küncdə durub baxardı. Müəllim ona bir sual verərsə, qıpqırmızı olardı. Lap yaxşı bildiyi bir şeyi belə söyləyə bilməzdi. Doqquz yaşı olanda anası onu oxuda bilməyib məktəbdən aldı. Qoşunların köməyi və yalvar-yaxarla Təbrizin Liləvan məhəlləsindəki kiçik bir dərzi şagirdliyinə düzəltdi. İllər gəlib keçdi, mən orta məktəbi qurtardım, o, yerindən tərpənmədi. Bir daş kimi dərzi dükanında düşüb qaldı. Onun dərzi şagirdi olması, təbiidir ki, bizim əlaqəmizi kəsmədi. Əksinə, böyüdükcə bizim ünsiyyətimiz daha da artdı. Həyat bizi daha da yaxınlaşdırdı. Həyatın hadisələri məni haldan çıxardığı bir zamanda, o, bu, hadisələrə qarşı sakit, laqeyd görünərdi. Heç bir ehtiyac, heç bir dərd onun adi halını pozmadı. Bir axşam evimiz şam tapmasaydı, mən deyinməyə başlardım. O, isə bütün günü ac qalmış olsa belə bir kəlmə söz danışmazdı... Bununla belə mən istər şad və istər qəmli zamanlarımda başqa birisi ilə danışmaq, söhbət etməyə ehtiyac duyduğum zamanlarda həmişə onu axtarıb tapardım. O, mənim hər cür sözümə dözərdi. Özü də eyni bir vəziyyətdə, eyni bir sakitliklə mənə qulaq asardı... İstər yaxşı sözlər danışım, istər pis, fərq yox idi.

Acıqlı olduğum günlərdən birisi yadıma düşür. Kirayə pulunu gecikdirdiyimiz üçün ərbab bizi qovmaqla təhdid etmişdi. Pul yox idi. Qazanmağa da iş tapılmırdı. Küçələri boş-boş gəzib yorulduqdan sonra Azadın yanına getdim. 

- Azad, - dedim, - dərd ürəyimi dağıdır. Ağlamaq istəyirəm. Gözlərimdən yaş gəlmir. Bu nə güzəran, bu nə dirrikdir? Azad! İşləməyə yer yox, danişgahda oxumağa imkan yox, oğurluqmu edim, qardaş? Əlim sağ, qolum sağ, özümdə dağ gücü hiss edirəm, mən nələr edə bilmərəm? Əlimdən nə gəlməz? Nəyə gücüm çatmaz? Vallah, od dəryasını yar keç desələr, keçərəm! Bəs indi də işləməyəndə mən nə zaman işləyəcəyəm?.. Hara gedim, tiryəkxanayamı?.. Ömrümün baharını əli fanuslu qonaq axtaran evlərdəmi keçirim?..

O nə isə tikirdi. Mən sözə başlayarkən əl saxlayıb ani olaraq üzümə baxdı, yenə iynəsini götürərək öz işilə məşğul oldu. Söz bura çatan kimi o, iynəsini yerə qoyub sakit nəzərlərini mənə çevirdi...

- Azad, - dedim, - bizim hərəmizin iyirmi dörd yaşımız var... İyirmi dörd! Kim bilir, bəlkə də, biz ömrümüzün yarısını artıq yaşamışıq... Bəlkə də, çoxunu yaşamışıq... Bəlkə də, lap bir omrümüz qalır... Bu iyirmi dörd ildə biz nə görmüşük? Bizdən soruşsalar ki, həyat nədir, nə cavab verə bilərik? Bəli, həyat nədir, insan ömrünün mənası nədir, nə üçün insan dünyaya gəlir və bir müddət sonra yox olur, ölüb gedir, deyən bir fikir günlər rahatlıq vermir, bir il və ya bir ay sonra ölə biləcəyimi təsəvvür etdikdə məni vahimə basır... Həyatda mən nə gördüm, nəhayət, nə qoyub gedirəm?.. Ölən günün sabahısıca bizi unudacaqlar... Bir daş da yonmamışıq ki, ona baxanda bizi xatırlasınlar... Bizim üçün həyat nədən ibarət olmuşdur?.. İdraksız uşaqlıq dövründən sonra başlanan aclıq, ehtiyac və avaraçılıqdan başqa, biz nə görmüşük?.. Mənə elə gəlir ki, bir quşun, bir qarışqanın həyatı bizimkindən daha faydalı, daha ağıllıdır. Biz heç bir şey gözləmədən, heç bir şey arzu etmədən, məqsədsiz, qayəsiz bu günü sabah eləmişik... Səhər bütün heyvanlar yuxudan duran kimi biz də durmuşuq... Bütün heyvanlar kimi tövləmizdən çıxmış, avara-avara dolanıb gün batanda yenə yatmışıq və bu qayda ilə günlərimizi keçirmişik... Bir tikə çörək, qışda bir manqal kömür dərdindən başqa hansı bir fikir, hansı bir əməl qəlbimizi döyündürmüşdür? Məgər həyat budur?.. Yaşayışın qayəsi budurmu?.. Sən elə bilmə ki, məni danışdıran pulsuzluq və ya aclıqdır... Yox, Azad!.. Fikrimdə başqa şeylər dolanır. Bizim bu fasid mühitə baxıram, ürəyim bulanır. Sahibi- mənsəblərimizi götür... Onlardan bəzilərini mən tanıyıram... Onlar yaşayışın mənasını məgər bizdən artıq qanmışlar?.. Hansı əməl üçün onları öldükdən bir gün sonra yad edəcəklər? Tiryəkə və fahişəliyə rəvac verdikləri üçünmü?.. Bir heyvanın həyatı onların həyatından daha faydalıdır... Heç olmazsa heyvanın bir şeyə xeyri olur... Onlar isə yeyir, yatır, işsizlikdən şişir, toxluqdan harınlıq etməyə başlayr, xalqa min cür əziyyət verirlər. Heç ol-mazsa bir tikə çörək dərdi bizim fikrimizi məşğul edir!.. Onların başı nə ilə məşğuldur?.. Cəmiyyətimizdəki pis əməllər, pozğun ehtiraslar məgər onlardan çıxmır?.. Tutaq ki, yedilər hər il otuz batman düyünün plovunu, beş batman yağı, on beş qoyunu yedilər, hər ay bir xanımın ağuşunda gecələrini səhər etdilər. On il, iyirmi il, otuz il ömürlərini mütəmadi bu minvalla keçirtdilər. Nə olsun?.. Bir səhər yuxudan duran kimi yenə yemək istəyəcəklər, həm də bizdən artıq bir acgözlüklə özlərini plovun üstə ata- caqlar, bir arvad gördükdə gözləri heyvan gözü kimi yanacaqdır. Heç bir zaman qarınlarım tox, ehtiraslarını soyumuş görməyəcəklər. Qazandıqları da xalqın nifrət və qəzəbi olacaqdır. Həyat bundanmı ibarətdir?.. Mən ki belə həyatı istəməzdim.... Bir iş görmək istəyirəm, Azad!.. Elə bir iş ki, bizdən beş gün sonra gələnlər də ondan bir xeyir görsünlər... Kəndə gedəcəyəm... Bir ərbaba nökər olub bağbanlıq edəcəyəm... Heç olmazsa ağac əkərəm, bağ salaram, öləndən beş il sonra bir xeyir görərlər. Adımı rəhmətlə çəkərlər!.. Mən bu qədər danışdım. Azad heç dodaqlarını da tərpətmədi... Gözləri bir nöqtəyə dikib durdu... Mən onun heç bir zaman, heç bir şey başa düşməyəcəyi bir aləmdən danışdığımı güman etdim... Mənə elə gəldi ki, o ömründə bir dəfə də belə məsələlər haqqında düşünməmişdir... Hətta bu fikirlər ona təəccüblü görünür. Bəlkə, məndən acığı da gəlir... Məni naxoş və ya xudbin hesab edir... Papağımı götürüb dükandan çıxmaq istədim... O, yerindən tərpənmədi. Mən onun üzünə baxdım:

- Dünyada sən olmasaydın, mən çoxdan özümü öldürmüşdüm, - dedim. - Çünki sənə baxıram, məndən də faydasızları var, deyə təskinlik tapıram... Yazıq, min yazıq bizə baxıb övladlarım var deyən vətənə! Yazıq bu gül kimi Azərbaycan torpağına ki, üstündə sən və mən gəzirik... O, bizdən nə xeyir gördü? Hansı şəhərini abad etdik?.. Hansı karxanaları yaratdıq, hansı maşınları qayırdıq? Bu torpaq başqalarının əlində olsaydı, hər qarışını bir qızıla dəyişməzdi. Burada bir cənnət düzəldərdilər ki, üstündəki hər vətəndaş sənin bir ərbabından xoş və ali həyat keçirərdi... Bəli, əzizim Azad Sükuti, sən bir məzar kimi sussanda mən sözümü deyəcəyəm.. Bizim həyatımız bir qara quruşa dəyməz!.. Çünki bizcə həyat yeməkdən və yatmaqdan ibarətdir... Biz ölüm qapımızı döyən günə kimi də belə yaşayacağıq... Biz ölmək üçün yaşarıq... Yaşamaq üçün ölən insanlardan xəbərsizik!.. Buna görə də cənazəmiz qəbrə çatmamış bizi unudacaqlar... Səni də, məni də, bizim tanış və dostlarımızı da. Yox, bəlkə, səni bir yad edən tapıldı... Deyəcəklər ki, dərzi Azad yaxşı yamaq salardı... Allah rəhmət eləsin!

Özümü dükandan küçəyə atarkən onun səsini eşitdim.

- Fərda, Fərda! 

Cavab verməyib çıxıb getdim. Bir müddətdən sonra bu hərəkətimin peşmançılığını çəkməyə başladım. Mən bu yazığı niyə incitdim?.. Onun təqsiri nədir? Bir könlü ki, tikə bilməyəcəksən, niyə yıxırsan? - deyə düşündüm. Gün batıb qaş qaralana qədər küçələri dolandım. Şeylərimizi həyətə atılmış görəcəyim fikri ilə qayıtdım... Anam astanada oturub məni gözləyirdi.

- Nə var, ana, hələ ərbabın adamı gəlməyib ki?..

- Gəlmişdi, oğul.

- Nə dedi?

- Nə deyəcək, pulunu alıb getdi.

- Pulu hardan tapdın, ana?

- Necə hardan tapdım, oğul! Azad gətirdi, dedi ki, sən vermisən.

Mən barmağımı dişlədim. Anamın qolundan tutub içəri apardım.

Sonra Azadla görüşdük, təşəkkür etdim. Keçən kobud rəftarım üçün üzr istədim. O heç bir söz demədi, gözlərini bir nöqtəyə dikib durdu.

Bir ay sonra mən anamı da kəndə getməyə razı saldım. Səlimə xanım və Azadla halallaşıb Təbrizdən ayrıldıq.

***

Tam beş il mən Azadı görmədim. Nə o kəndə gəldi, nə də mən Təbrizə getdim. Buna baxmayaraq, Təbrizə səfər edənlər vasitəsilə ondan xəbər tuturdum, özümdən də ona xəbər çatdırırdım. Bu beş ildə çox sular axmış, çox əhvalatlar baş vermişdi. Cahan hərbi başlamış, Rza şah taxt-tacdan əl çəkərək İranı tərk etmiş, polis, jandarm və ağzı elli mürtəcelərin zülmü xeyli azalmış, müxtəlif hizblər, ittihadiyyələr meydana çıxmışdı. Azərbaycanın istər şəhər, istərsə kəndlərində camaat hərəkətə gəlmişdi. İclaslardan, mitinqlərdən başqa, evlərdə də azadlıqdan, yaxşı yaşayışdan elmdən, ana dilindən danışırdılar. Nəhayət, 1945-ci ilin sentyabr ayının 3-də Azərbaycan demokratlarının deklarasiyası intişar tapdı... Tez bir müddətdə bizim kənddə də demokrat təşkilatı yarandı. Mən də başqa yoldaşlarım kimi tudədən demokrata keçdim... Tezliklə məni kəndimizdəki demokrat təşkilatının sədri seçdilər... Mən günlərimin nə cür keçdiyini bilmirdim. Biz Azərbaycan üfüqlərində işıqlı bir günəş doğduğunu hiss edirdik... Bu günəş hamının qəlbini böyük bir ümidlə doldururdu... Hadisələr də çoxşiddətlə inkişaf edirdi... Bir neçə ay sonra biz kənddə mitinq keçirib Azərbaycan Xalq Konqresinə nümayəndələr seçdik. Nümayəndələr içində mən də var idim.

Noyabr ayının 18-də biz Təbrizə gəldik. Mən Təbrizi nə qədər dəyişmiş gördüm. Küçələrdə qeyri-adi bir canlanma və hərəkət vardı... Ürəyim Azadı görmək həvəsi ilə döyünürdü... Elə birinci gün köhnə həyətimizə getdim, Səlimə xanımı gördüm. Alnımdan öpdü, anamı xəbər aldı, ağladı. Azadı soruşdum...

- Təbrizdə yoxdur, - dedi, - Zəncana gedib, demokrat düzəltməyə göndəriblər... Axı indi o da demokratdır. Mən də demokrat olmuşam, oğul. Allaha təvəkkül. Deyirlər ki, gərək Azərbaycana azadlıq alaq. Hamıya iş verək, hamının çörəyi olsun. Uşaqlar öz dilimizdə oxusun. Xoşuma gəldi. Getdim yazıldım. İndi də komitəmizdə iclas olacaq, gəl otur, sənə bir stəkan çay verim, sonra gedərəm.

Mən sevinc, heyrət və təəcübümü gizlədə bilməyərək:

- Sag ol, Səlimə xala, - dedim. - Get, iclasa gecikmə. Təəssüf ki, Azadı görə bilmədim. Məndən ona salam deyərsən.

- Deyərəm, oğlum, deyərəm. Sən də gecəni heç yerdə qalma. Evimizə gəl, gözləyəcəyəm, gəl ha, - deyib getdi. Mən də dərin fikrə dalmış halda Mərkəzi Komitəyə qayıtdım. Orada mənə Təbrizə köçməyi, Mərkəzi Komitənin təlimatçısı olmağı təklif etdilər. Xalq Konqresi qurtaran kimi mən kəndə qayıtdım. Bir müddət sonra təşkilatın işlərini təhvil verdim. Anamı götürüb Təbrizə köçdüm. Yenə də köhnə evimizi kirayə etdik. Anam başqa yerə getmək istəmədi - əvvəldən öyrənmişəm, Səlimə xanım da oradadır, - dedi. Mən də razı oldum. Səlimə xanım bizim gəlişimizdən çox sevindi. Azadın iyini sizdən alıram, deyib ağladı. Anam ona təskinlik verdi.

- Nə olacaq, - dedi, - inşallah tezliklə Azad da qayıdar, bir iş, bir tikə çörək sahibi olar. Evləndirərsən, sən də birçəyinin ağ vaxtında bir gün görərsən.

- Nə bilim, deyirlər ki, Zəncan tərəfdə qarışıqlıqdır. Zülfüqari qan-qan deyir. Başına adam yığıb demokratlarla vuruşur.

Burada mən sözə qarışdım:

- Qorxma, Səlimə xala. Zülfüqari-zad bir qələt eləyə bilməz. Bir xalq ki, azadlıq üçün ayağa durdu, onu yatırmaq asan iş deyil.

Təbrizə köçəndən sonra işdən başım açılmırdı. Gecələri də Mərkəzi Komitədə işləyirdik. Məclis və dövlət işini tərtibə salır, kəndlərdə demokrat təşkilatlarının möhkəm bir qayda və nizam üstündə qurmaq tədbirləri tökürdük. O günlər bizdə təsvirəgəlməz ruh yüksəkliyi vardı. Elə bil ki, qüvvəmiz də birə min artmışdı. Yorulmaq bilmirdik. İşlərin bu şiddətli zamanında Zəncandan pis xəbər gəlirdi. Bir yandan Zülfüqari, bir yandan da Tehran mürtəceləri orada cürbəcür fəsadlar törədirdilər. Demokratları öldürür, ayaqlarını nallayır, alınlarına odlu dəmir basırdılar. Azərbaycanın hər tərəfindən narazı və mürtəce ünsürlər Zülfüqarinin başına toplanırdı. Belə bir zamanda Mərkəzi Komitə bir neçə yoldaşımızı Zəncana göndərməyi qərara aldı. Göndərilənlərin içində mən də vardım. Mən Təbrizdən çıxmamış Səlimə xalaya baş çəkməyi borc bildim. O, Azada salam göndərdi. Bir cüt corab, bir də yun şərf büküb verdi. Soyuqdur, ona yetir, dedi. Mən də onu anama, anamı da ona tapşırdım. Hər ikisinə ürək-dirək verib yola düşdüm. Sabahısı günü biz Zəncana çatdıq. Şəhər demokratların əlində idi. Zülfüqari neçə gün əvvəl şəhərdən çıxıb qaçmışdı... Başına yığdığı adamlarla cənub tərəfdəki kəndlərdə terror yaradır, Zəncana hücum etməyə hazırlaşırdı. Onun bu fikrini pozmaq üçün Zəncanın demokrat hökuməti fədailərdən bir neçə dəstə cənuba göndərmişdi... Azadın bu dəstələrdən birinə başçılıq etdiyini mən Zəncandan öyrəndim... Doğrusu neçə ildən bəri ayrıldığım və hələ də fikrimdə sakit, hədsiz dərəcədə mülayim bir adam kimi canlanan Azadı çox görmək istəyirdim. Onun indi nə halda olduğunu, nələr düşündüyünü, nə cür dəyişdiyini təsəvvür etməyə çalışırdım... Lakin aydın bir qərara gələ bilmirdim. O biri tərəfdən də köhnə bir yoldaş, bir qardaş kimi onu könlüm istəyirdi... Elə bu zaman Zəncana xəbər gəldi ki, Zülfüqari ilə fədailərin ilk dəstəsi... “X” kəndinin yaxınlığında qarşılamışdır... Azca atışmadan sonra Zülfüqari kəndə çəkilmiş və ətrafı möhkəmlətmişdir... Fədailər dəstəsi kəndi dörd tərəfdən mühasirəyə almışdır... Bu dəstənin başçısı Azad idi... Çox gərgin və məsuliyyətli bir vəziyyət yaranmışdı. Biz fədailərin mütləq qələbəsini təmin etməyi və mümkün qədər az tələfat verməyi düşünürdük. Həmin gecəni biz Zəncandan çıxdıq və atışmanın şiddətli zamanında gəlib Azadın dəstəsinə çatdıq... Azad fədailəri uzun müddət kəndin ətrafında açıqlıqda, soyuq havada saxlamağın çətinliyini görərək, dörd tərəfdən kəndə hücuma keçmişdi... Bərk atışma gedirdi, fədailərdən bəziləri, hətta kəndin içinə girmişdi. Zülfüqari, deyəsən, kəndi rahatca vermək istəmirdi... Onlar ciddi müqavimət göstərirdilər... Lakin fədailərin təzyiqi getdikcə artırdı... Bir neçə saat qaralanda şərq tərəfdən Azad özü qabaqda olmaqla fədailər kəndə doluşdular. Bu zaman Zülfüqari ağır tələfatdan sonra bir neçə nəfərlə kəndin qərb tərəfindən qoyub qaçdı və aradan çıxdı... Biz həmin vuruşmada Azadın yaralandığı xəbərini aldıq... Mən tez özümü ona çatdırmağa çalışdım... Bu, mənim beş illik ayrılıqdan sonra onunla ilk və son görüşüm oldu... Onu kənd evlərindən birində bir fərşin üstə uzatmışdılar. Başının altında yastıq vardı. Çuxasını üstünə salmış, beşaçılan tüfəngini yanına qoymuşdular. Onun ətrafında halqa vurmuş fədailərdən kimisi oturmuş, kimisi əmrə müntəzir durmuşdu... Mən içəri girən kimi onun üzünə baxdım... Ağarmış halda gözlərini yummuş və səssizcə uzanmışdı... Mən yavaş addımlarla onun başı üstünə gəldim, diz çöküb əlini əlimə aldım, alnından öpdüm.

- Azad, sənə nə olub?

O, heyrət və təlaşla gözlərini açdı... Üzümə baxdı. Bütün siması qəribə bir təbəssümlə işıqlandı. Mehribanlıqla başını dizimin üstə qoyub: 

- Bu saat səni düşünürdüm, - nə yaxşı gəldin. Yoxsa bu dünyadan ürəyi nisgilli gedəcəkdim...

- Nə danışırsan. Azad, qardaşım? - dedim, - biz hələ təzəcə yaşamağa başlayırıq... Dünyadan getmək nədir, bu nə sözdür sən ağzına gətirirsən?.. Sənə nə olub, haradan yaralanmısan?

O, əli ilə sağ çiyninin altını göstərdi... Güllə qabaqdan dəyib daldan çıxmışdı... Ciyərlərini də zədələmişdi. Mən ona təskinlik vermək istərkən o, sözümü kəsdi:

- Bunlara ehtiyac yoxdur, - dedi, - Mən ölürəm... Artıq ayaqlarımın soyuduğunu hiss edirəm... Sözümü kəsmə, mənə yaxşı qulaq as, mən danışmaq istəyirəm... Yadındadırmı, Fərda, beş il əvvəl Təbrizdə, dərzi dükanında sən məndən nə üçün yaşayırıq, həyatın mənası nədir, deyə soruşdun? Onda mən sənə cavab verməmiş, susmuşdum. Sən isə mənim bu cür şeyləri qanmadığımı güman edərək acıqlanıb getmişdin, yadındadırmı?..Lakin o zaman mən də sənin kimi düşünürdüm... Mən düşünürdüm ki, həyatımızın mənası vətənimizin səadəti üçün çalışmaqdadır... Amma o zaman mən danışa bilməmişəm... Çünki danışmaqda da bir məna yox idi... İndi isə sənə deyirəm, qardaşım Fərda, sizə deyirəm qardaşlarım (o, azca boylanıb fədailəri gözdən keçirdi), bəli, sizə deyirəm. Bizim hamımızın səadəti, bax bu alçaq daxmaların azadlığa, bu doğma yurdun, bu ana torpağın istiq- laliyyətindədir... Yerə qoymayın o tüfəngləri ki, onları bu doğma torpaq sizə tapşırmışdır... Bir zaman bu oğlan, məqsədsiz, amansız keçən həyatı heyvani həyat adlandırmışdı... Bu sözlərdəki böyük məna həyatın mənasıdır... Bəli, heyvan kimi yaşamaq istəməyənlər gərək vətənlərinin övladı olsunlar... Mən ölürəm, Fərda, amma mən yaşamaq üçün ölürəm... Ölmək üçün yaşayanların dövrü qurtardı, bundan sonra zaman bizimdir, yaşamaq üçün ölməyə hazır olanlarındır!..

O, azca dayanıb udqundu, yenidən ahəstə-ahəstə davam etdi:

- Anam, yurdum, doğma Azərbaycan, məni bağışla!.. Sənə az fayda verdim, az yaşadım, tez öldüm! - deyib qalxdı və fərşin ucunu qaldıraraq torpağı öpdü.

- Öpünüz, səcdəyə qapılıb hamınız torpağı öpünüz! Bizim əzəli və əbədi beşiyimiz budur...

Mən onu qucaqlayaraq yerində uzandırdım...

- Sakit ol, Azad, özünü üzmə, qardaşım! - dedim. Özüm də bilmədən gözümdən süzülən yaş damcıları onun alnına düşdü... O, kirpiklərini qaldırıb gözümə baxdı və yenə də gülümsədi:

- Budur həyatın mənası, - dedi. - Dövrəmdə silah yoldaşlarım, başımın üstündə məslək qardaşım, yanımda vətənin azadlığı üçün qaldırılmış silah... Bu, şərəfli bir ölümdür, Azad!.. Əziz qardaşlarım, mənim qəbrimi uca bir yerdə qazanırsız... Elə yerdə qazarsınız ki, oradan Azərbaycanın geniş çölləri, duru çayları, güllü çəmənləri və bağları görün-sün. Elə yerdə qazarsınız ki, qəbrimin üstünə gələn adamın nəzərlərində geniş üfüqlər açılsın. Həm də o yeri böyük bir yol kənarında seçərsiniz... Qoy gələcəyin azad nəsillərinin ayaq səsi qəbirdə də olsa qulaqlarıma çatsın... Bəlkə, onlar da bizi rəhmətlə yad etdilər... Elədirmi, Fərda?!.

Mən artıq özümü saxlaya bilməyərək ağlaya-ağlaya:

- Yox, Azad, gələcək nəsillərin yaşaması üçün ölənlər əbədi həyat qazanırlar, - dedim...

Alnına xəfif bir tər gələndə o, gözlərini bir daha mənə tərəf çevirdi:

- Anamı öp, öldüyümü ona söyləmə, yazıqdır... - dedi və əbədi olaraq gözlərini yumdu.

Mən qeyri-ixtiyari ayağa durdum... Üzlərində sərt bir ifadə, gözləri qəzəblə yanan fədailərə baxdım:

- Qardaşlarım, gəlin silahlarımızı ürəyimizə basıb onun pak ruhu qarşısında and içək... And içək ki, ölüm bizi Azərbaycanın səadəti yolundan, böyük amalımız yolundan döndərə bilməz!.. Yadımızda saxlayaq ki, onun hələ soyumamış qanı intiqama çağırır, azadlıq yolunda mərd durmağa çağırır. Zülfüqarilərə ölüm!.. Xainlərə lənət!.. Eşq olsun qəhrəmanlara! Xalqın yaralı qəlbini ancaq onlar sağalda bilər, ancaq onlar bayrağını ucalara qaldıra bilərlər!.. Yaşasın azadlıq!..

Fədailər bir səslə:

- Yaşasın azadlıq! - deyə qışqırdılar və tüfənglərini havaya qaldırdılar.

Biz onu, öz vəziyyətinə görə uca bir yerdə basdırdıq. Bu yer Təbrizlə Zəncanı birləşdirən böyük yolu qoynuna almış Təbriz gədəyidir... Onun ən uca təpəsindəki tənha qəbrin üstündə duran adamın nəzərlərində geniş üfüqlər açılır, oradan Azərbaycanın həm cənub, həm də şimal sahələri görünür...

Bir neçə gün sonra mən Təbrizə qayıtdım... Səlimə xala Azadın mənimlə gəlmədiyini gördükdə narahat oldu. Mən onun vəsiyyətinə əməl edərək ölümünü anadan gizlətdim. Zəncanda bərk məşğul olduğuna, işini qurtaran kimi mütləq gələcəyinə inandırdım... Səlimə xanım indi də ona corab toxuyur, yaxşı bir xörək bişirəndə onu yad edib durur, səbirlə yolunu gözləyir...

Azadın həyatı və ölümü gözlərim önündə canlandıqca həyatın qəribə sirlərini və dərin mənalarını mənə xatırladır...