BÖYÜK MÜƏLLİM

Çox təsirli, ağrılı bir gündür. Hava da buludlu, doluxsunmuş kimidir. Sanki Azərbaycanın göyləri də böyük oğlunu – nəcib, müqəddəs İnsan, fədakar alim, unudulmaz Şirməmməd müəllimi son mənzilə yola salır.

 

    Əziz Şirməmməd müəllim,

  Siz mənim sevimli müəllimim, atam Məsud Əlioğlunun yaxın dostusunuz. Sözlərimi ona görə indiki zamanda bildirirəm ki, bu dostluğun, müəllimliyin əbədiyaşar olduğuna əminəm.

     70-ci illərdə Xarici jurnalistika fənnindən söylədiyiniz mühazirələr, mövzular ətrafında gəzişmələriniz - insan, cəmiyyət, milli və bəşəri dəyərlər barədə söylədikləriniz mənim və yəqin ki, bütün tələbələrinizin həyatında köklü dəyişikliklər, oyanışlar yaradıb, bir şəxsiyyət, qələm adamı, vətəndaş kimi formalaşmağımızda əsaslı rol oynayıb. Bunu dəfələrlə özünüzə də demişəm: «Siz, tək mənim yox, bütün Azərbaycanın müəllimisiniz» və əlinizi öpmüşəm. Bu sözü bu gün də deyirəm və əlinizi öpürəm. Bu gün vidalaşdığım insanın, yalnız unudulmaz, böyük müəllimim, atamın yaxın dostu olmadığını, bu itkinin hədsiz böyük, bütövlükdə Azərbaycan, onun insanlıq və vətəndaşlıq tarixi üçün əvəzsiz, yeri heç vaxt doldurulmayacaq itki olduğunu bütün varlığımla dərk edirəm. İstəyirəm biləsiniz ki, Siz hər zaman olduğu kimi, bu gün də həyatımda əhəmiyyəti yer tutursunuz, yenə ən çətin məqamlarımda üz tuta, məsləhət ala bildiyim doğma adamım olaraq qalırsınız - mən Sizi itirməmişəm. 45 il əvvəl dediyiniz fikirlər - azərbaycançılıq, vətəndaşlıq heysiyyəti, milli dirçəlişlə bağlı dərin təəssüb və ağrıyla söylədiyiniz sözlər tutum və həqiqət etibarilə o qədər nəhəng və dəqiq, göstərdiyiniz yol, səmt o qədər aydın və işıqlıdır ki, yaşandıqca, irəlilədikcə bitmir.   

     Son telefon danışığımız bir neçə ay əvvəl - Novruz bayramı ərəfəsində baş tutdu. Bayram təbrikindən sonra mən yenə həmişəki kimi, bizlərə verdiyiniz həyat və insanlıq dərslərinizi xatırladım, onları unutmadığımı, jurnalistikanın nüvəsinin qorxmazlıq və cəsarət, hadisələrə obyektiv, ədalətli yanaşma olduğunu, mövzu və məsələlərin bütövlükdə ölkə, milli mənafe, ümumbəşəri dəyərlər baxımından qiymətləndirilməsinin vacibliyini əsla yaddan çıxarmadığımı, bizlərə – jurnalistika fakültəsinin tələbələrinə aşıladığınız işıqlı ideyalarınızın, qaranlıqları aydınladan sönməz məşəl tək, hər zaman yolumu işıqlandırdığını bildirdim.

      Siz telefonun o başında, həmişəki müdrik həlimliklə susdunuz, sonra nədənsə atamdan danışdınız. Onu unutmadığınızdan, sanki bu günlərdə itirdiyiniz kimi, ağrılar dolu sevgiylə xatırlamağınızdan təsirləndim… Siz heç nəyi və heç kimi unutmursunuz, əziz müəllimim. Bu dünyada görüb tanıdıqlarınızı, onların işıqlı əməllərini, ömürlərini cümhuriyyət mücadilələrində, milli dirçəliş, maarifçilik uğrunda yandıranları, yazılanları, tarixin yaddaşına köçsə də, nəzər-diqqətdən kənarda qalıb unudulanları Siz unutmadınız.

   Siz də unudulmazsınız, Şirməmməd müəllim. Mənalı, məzmunlu ömür yolunuzla, həyatınızı, var qüvvənizi son nəfəsinizədək xalqınıza, insanların maariflənməsinə, ziyalanmasına həsr etdiyiniz təsirli həyat hekayənizlə hər zaman qəlblərdə, yaddaşlarda yaşayacaqsınız.

      Deyildiyi kimi, peyğəmbərlərin və alimlərin ruhu ölməzdir. Ruhun şad olsun, əziz müəllimim!

Afaq Məsud