Yenə o bağ olaydı

 

Mikayıl Müşfiq

(1908-1938)

 

Şair. Sovet rejiminin qurbanı. Qısa ömur sürüb, həyatı faciəvi sonluqla bitib. Yaradıcılığa 1926-cı ildə “Gənc işçi” qəzetində dərc olunan “Bir gün” şeiri ilə başlayıb. “Küləklər” adlı ilk kitabı 1930-cu ildə nəşr olunub. Uzun illər əsərlərinin çapına qadağa qoyulub. Bir sıra əsərləri, o cümlədən “Oxu, tar”, “Yaşa, könül”, “Yenə o bağ olaydı” şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır. 1930-1937-ci illərdə Ömər Xəyyamın rübailərini, A.S.Puşkinin “Qaraçılar”, T.Şevçenkonun “Kobzar”, M.F.Axundovun “A.S.Puşkinin ölümünə şərq poeması” əsərlərini dilimizə çevirib.

 

Yenə o bağ olaydı

Yenə o bağ olaydı, yenə yığışaraq siz

O bağa köçəydiniz.

Biz də muradımızca fələkdən kam alaydıq,

Sizə qonşu olaydıq.

Yenə o bağ olaydı, səni tez-tez görəydim,

Qələmə söz verəydim.

Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,

Yazaydım səhər-axşam.

Arzuya bax sevgilim, tellərindən incəmi ?

Söylə ürəyincəmi ?

 

Yenə o bağ olaydı, yenə sizə gələydik,

Danışaydıq, güləydik.

Ürkək baxışlarınla, ruhumu dindirəydin,

Məni sevindirəydin.

Gizli söhbət açaydıq, ruhun ehtiyacından,

Qardaşından, bacından.

Çəkinərək çox zaman söhbəti dəyişəydin,

Mənimlə əyişəydin.

Yenə bir vuraydı, qəlbimiz gizli-gizli,

Sən ey əsmər bənizli.

 

Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,

Vay o qəlbə ki, boşdur!

Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,

İnsanlar daha məsud.

Duyğular daha incə, fikirlər daha dərin,

Ürəklər daha sərin.

İnsanların vüqarı, tələbi daha yüksək,

Yolumuzdan daş, kəsək,

Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,

Bu yaz, bir başqa yazdır! 

 

Yenə o bağ olaydı, yenə o qumlu sahil,

Sular ötəydi dil-dil.

Saçın kimi qıvrılan dalğalara dalaydım,

Dalıb ilham alaydım.

Əndamını həvəslə qucaqlarkən dalğalar,

Qəlbimdə qasırğalar,

Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,

Məni hirsim boğaydı.

Cumub alaydım səni dalğaların əlindən,

Yapışaydım belindən.

Xəyalımız üzəydi sevda dənizlərində,

Ləpələr üzərində,

İlhamımın yelkəni zərrin saçın olaydı,

Sular xırçın olaydı.

 

Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə,

Gəlin baxın Xəzərə.

Çıxalım Buzovnada kiçik qayalıqlara,

Seyrə dalım bir ara...

Gecələr sayrışarkən, ulduzlar lalə kimi,

İşıqlar jalə kimi.

Çilənib dağılarkən ətrafa damla-damla,

Ən yaxın bir adamla.

Nə gözəldir dinləmək suların nəğməsini,

Təbiətin səsini!

Nə gözəldir dolaşmaq, isti yay fəsilləri,

Bu sərin sahilləri!

Nə gözəldir səhərlər bizim böyük ruhumuz,

Aşıb-daşan duyğumuz.

Şəklindəki sulara baxaraq ləzzət almaq,

Bu mavi şeirə dalmaq.

Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək,

Bəzən hürküb çəkinmək.

Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi,

Bizim bu həyat kimi! 

           

Yenə o bağ olaydı sevdalar ölkəsində,

O söyüd kölgəsində.

İnci qumlar üstündə yenə verib baş-başa,

Yayı vuraydıq başa.

Günlərimiz keçəydi qızğın fərəhlər kimi,

Dolu qədəhlər kimi.

Yarpaqlar arasından uzadaraq əlini,

Oxşayaraq telini.

Gecələr darayaydı saçlarını ay gözəl!

Sən gözəlsən, ay gözəl?

Əllərində əllərim, gözlərində gözlərim...

Asılaydı sözlərim

Könlünün qulağından bir qızıl tana kimi,

Günəş doğana kimi.

 

Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar,

Can-ciyər olacaqlar.

Bir az da uzaqlara açacaqlar yelkəni,

Ruh yeni, həyat yeni...

Çıxacaqlar göyləri aşaraq dönə-dönə,

Buludların fövqünə.

Uçacaqlar sabaha, uçacaqlar yarına,

Efir boşluqlarına.

Vaxtilə bir kölgətək hür yaşamaq istəyən,

Bu insan oğlu bilsən.

Azadlıq ölkəsində daha şad olacaqdır,

Dünya dad alacaqdır.

 

Yenə o bağ olaydı, yenə yığışaraq siz,

O bağa köçəydiniz.

Biz də muradımızca fələkdən kam alaydıq,

Sizə qonşu olaydıq.

Yenə o bağ olaydı, səni tez-tez görəydim,

Qələmə söz verəydim.

Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,

Yazaydım səhər-axşam.

Arzuya bax, sevgilim, tellərindən incəmi?

 Söylə, ürəyincəmi? 

 

Yaşa, könül

Ah, bu uzun sevda yolu,

Vurulurmu başa, könül?!

Nişan aldım, kaman atdım,

Dəydi oxum daşa, könül!

 

Bir od düşdü buluduna,

Yandı könlüm eşq oduna.

Qaldın hicran umuduna,

Ey qırılan şişə könül!

 

Tərlansan, göydən enməzsən,

Bu torpaqda sevinməzsən.

Mən dönərəm, sən dönməzsən,

Yaşa könül, yaşa könül!

 

Küsmərəm

Mən şirin ləhcəli bir bülbüləm ki,

Güllərdən küsərəm, səndən küsmərəm!

Məni öz canından artıq istəyən

Ellərdən küsərəm, səndən küsmərəm!

 

Gözlərin misaldır axan çaylardan,

Kirpiyin oxlardan, qaşın yaylardan.

Qarşımıza gələn uzun aylardan,

İllərdən küsərəm, səndən küsmərəm!

 

El içində bizə derlər Sayadlı,

Tərlan ovçusuyam, ruhum qanadlı.

İlham pərisinin açdığı dadlı

Dillərdən küsərəm, səndən küsmərəm!

 

Küləklər

Hər səhər, hər axşam, hər axşam, hər səhər,

Çox zaman sərsəri küləklər bixəbər

Bir yaxın dost kimi qapımı döyərlər.

Küləklər, küləklər, bəstəkar küləklər,

Dünyanı dolaşan bəxtiyar küləklər!

 

Bəziniz qorxulu, bəziniz qorxusuz,

Bəziniz duyğulu, bəziniz duyğusuz,

Bəziniz uyğulu, bəziniz uyğusuz,

Küləklər, küləklər, ey sərin küləklər,

Sizdə var qoxusu hər yerin, küləklər!

 

Ey çılğın küləklər, nəşəniz daşarkən.

Bağların şehindən mey sorub coşarkən,

Nalqıran dağları atlayıb aşarkən,

Məni də alınız, uçayım dağlara,

Könlümdə nə varsa, açayım dağlara!

 

Gurlayın, ilhamım, sənətim gurlasın!

Fırtınam, qasırğam, qüdrətim gurlasın!

Şimşəyim parlasın, zülmətim gurlasın!

Ey məni sərazad bəsləyən küləklər,

Bir dağın başından səsləyən küləklər!