Rəsul Rza

(1910-1981)

Xalq şairi. Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı. Azərbaycan Yazıçıları İttifaqının sədri (1939-1940), Azərbaycan Kinematoqrafiya naziri (1945-1948), Azərbaycan Ensiklopediyasının baş redaktoru (1966-1975) vəzifələrində çalışıb. “Pəncərəmə düşən işıq”, “Duyğular, düşüncələr”, “Dözüm”, “Dünən, bu gün, sabah”, “Güneylər, quzeylər”, “Üzü küləyə” və digər şeir kitablarının, “Qızılgül olmayaydı”, “Bir gün də insan ömrüdür”, “Rənglər” poemalarının müəllifidir. A.S.Puşkin, V.Mayakovski, Lorka, Rilke və digər şairlərin şeirlərini, N. Gəncəvinin “Xosrov və Şirin”, Lonqfellonun “Hayavata nəğməsi”, N.A.Nekrasovun “Rus elində kimin günü xoş keçir” poemalarını, Esxilin “Zəncirlənmiş Prometey” faciəsini dilimizə çevirib.

 

Darısqallıq

Uzun illər sıxdı məni:

gah çəkmələrim –

bəzən uzunu, bəzən eni ilə,

Gah ötüb keçən ilə təəssüfüm,

Gah ümidim, yeni ilə.

 

Gah dünyanın dərdi, qəmi sıxdı məni,

gah corablarımın boğazı,

Gah alçaq buludların qalın pərdəsi;

Gah bir nadan qələmindən

tökülən yazı.

Gah avtomat qələmin bahalığı.

Gah sözün ucuzluğu.

Gah köynəyimin yaxalığı.

Qırıb çıxmaq istədim

“olar”, olmaz” çərçivəsindən.

Dedilər yox, yox!

Dəblərə, qaydalara gir!

Vərdişləri, adətləri gözlə!

Sığallı dillə yaz!

 

Sıxdılar məni,

maddələrlə, sözlərlə...

İş otağım

on iki metr yarım.

Altısında

mən,

yazı masam,

həsrətim, ümidim.

Sabir.

Heminquey.

Tavandan süzülən damcıların izi.

Bricid Bordonun

bığsız, pişik üzü.

Falk, Mikayıl,

Tağı,

Bəhlulun nəvəsi.

İlk sırada olmaq

və qalmaq həvəsi.

Altı metr belə.

Altı yarım:

kitablar, kitablar, kitablarım.

 

Pəncərələr sıxdı məni

uzunsov dördbucaqda göstərib

küçənin evlərlə sərhədlənmiş yarğanını.

Maşınlar sıxdı məni

markalarına münasib.

Sıxdı məni vaqonların

güzgülü kupeləri və

yol hesabatını yoxlayan mühasib.

 

Məsafələr metrlərlə,

işıq kilovatlarla doldurulub.

Nəğmələr oktava içində,

Xəstələrin hərarəti dərəcələr içində.

İri meyvələr dənələrə,

Üzüm - göz yaşı gilələrə dolub.

Şəhərimin yaşıllığı

ölçülüb, biçilib

salınıb rəqəmlərə.

Dağlar darıxıb göyə qalxıb,

dərələr çöküb yerə.

Darıxır insan

hüdudlar, ölçülər içində.

Yayda uzun gündüzlər,

qışda uzun gecələr içində.

Deyirəm:

öləndə, atın

ən dərin dəryaya məni;

qaldırıb buludlardan yuxarı!

Son yolum uzun,

son mənzilim geniş olsun barı.

Yox, yox.

Ən dərin dəryalar da

sahillərin çənbəri içindədir.

Görünür,

darısqallıq kənarda deyil;

hər meyvənin tumunda,

hər canlının hüceyrəsində,

hər binanın daşında, kərpicindədir.

 

Görünür,

yolumuz budur.

Zərurəti dərk etməyincə

gedirik, gedəcəyik

Darısqallıqdan keçə-keçə...

 

Mən istəyirəm

Mən istəyirəm

buludlar ağlasın,

uşaqlar ağlamasın;

analı, anasız.

 

Mən istəyirəm:

güllər açılsın,

güllələr açılmasın,

amanlı, ya amansız.

 

Mən istəyirəm:

qapılar qapansın

soyuq olanda hava.

Gözlər qapanmasın,

sözlər qapanmasın.

Mən istəyirəm:

yanğınlar sönsün,

ümidlər sönməsin.

Meyvələr dəysin öz fəslində.

Ürəklərə söz dəyməsin.

Bəhərdən budaqlar əyilsin.

İnsan başını əyməsin,

xəcalətdən, ya gücsüzlükdən.

 

Axsın bulaqlar göz yaşı kimi

torpağın üzərində.

Göz yaşı bulaq kimi axmasın

dünyanın heç bir yerində.

Hər şey insana baxsın,

insan ələ baxmasın.

Gecələr ulduzlar oyaq olsun.

İnsanlar yatıb dincəlsin,

qüvvət toplasın sabahın

xeyirli işlərinə.

Açsın gözlərini

gələcəyin ümidli səhərinə.

 

Mən istəyirəm:

sevinc, səadət bol olsun.

Ürəkdən-ürəyə,

ölkədən-ölkəyə

açıq yol olsun.

 

Soruş

Od nə çəkdi, güldən soruş!

Baş nə çəkdi, dildən soruş!

İşə susuz barmaqların

                kədərini insan bilir.

Nəğmələrin həsrətini

                   bir qırılmış teldən soruş!

           

Ömrün çətin yollarında

daşa ləpir salsa ayaq,

gün nə çəkdi, ildən soruş!

 

Zülmətliyin möhnətini kor söyləsin!

Bəm xalların fəryadını zildən soruş!

 

Mən kölgəsiz bağ görmədim.

El dərditək dağ görmədim.

Gözlərimi yumub açdım,

Neçə dostu sağ görmədim.

 

Nələr çəkdi çaylaq daşı,

           seldən soruş!

 

Yollar uzun, mənzil uzaq,

Sərt daşlara dözmür ayaq.

Dözsün gərək.

Dözsün gərək.

Kim zirvəyə qalxar, deyin,

yollar boyu hər pilləni,

birgünləri, yüzilləri

qəlbimizlə, beynimizlə,

ömrümüzlə doldurmasaq.

Mən yolçuyam,

Mən yoldayam.

Od nə çəkdi,

            küldən soruş!

Hansı şerim,

Hansı sözüm

yaşayacaq məndən sonra?

Mən bilmirəm,

         eldən soruş!