Neylərəm o ömrü mən

 

Mirvarid Dilbazi
(1912-2002)

Xalq şairi, Əməkdar mədəniyyət işçisi. “Qadınların hürriyyəti” adlı ilk şeiri 1927-ci ildə dərc olunub. Sonrakı illər “Sənətkarın xəyalı”, “Xatirələr olan yerdə”, “Yasəmən fəs­li”, “Durnalar ötüşəndə”, “Çiçəkdən-çiçəyə” və sair kimi onlarla şeir kitabı nəşr edilib. Ə.Nəvainin, S.Marşakın, V.Boykonun, S.Baruzdinin əsərlərini dilimizə çevirib.

 

Neylərəm o ömrü mən

Neylərəm o ömrü mən,

Nə qışı, nə yazı var!

Duyğunun nə dərini,

Nə də ki, dayazı var!

 

Neylərəm o ömrü mən,

Nə bir şirin sükutu,

Nə də sel axışı var.

Nə çılğın bir sevinci,

Nə də göz yağışı var.

 

Neylərəm o ömrü mən,

Nə özü, nə özgəsi,

Nə səsi, nə nəfəsi,

Nə dərdi, nə qəmi var.

Nə əqidə yoldaşı,

Nə könül həmdəmi var!

 

Neylərəm o ömrü mən,

Nə Vətən məhəbbəti,

Nə xalqa sədaqəti,

Nə darda mətanəti,

Nə dərdə tabı olsun,

Nə ömür yollarında

Bir inqilabı olsun!

Dünyaya nə ilk sözü,

Nə son cavabı olsun.

 

Mən ömür istəmişəm

Məşələ dönüm, yanım,

Mən ömür istəmişəm,

Qoy dolsun odla qanım!

Mən həyat yollarında

 

Bu odla silahlanım.

İnamım, etiqadım

Qoy inqilabım olsun!

Mən dünyaya gələndə

Səsli, nəfəsli gəldim,

İstəmirəm sükutum

Ən son cavabım olsun.

 

Gəlir

Lalədən biçəndə donunu dağlar,

Yadıma uşaqlıq illərim gəlir.

İşıqlı, günəşli, əlvan bir bahar,

Gözəl obalarım, ellərim gəlir.

 

Min nəğmə səsləyir elə bil mənə,

Anır məhəbbətlə min könül məni.

Yadımda yurdumun çölü, çəməni,

Zümrüd çeşmələrim, göllərim gəlir.

 

Tez yatan çovğunlar, ötən boranlar,

Gəzib dolaşdığım dağlar, aranlar.

Şehli çəmənlərdə qaçdığım anlar –

Yadıma islanan tellərim gəlir.

 

Əziz uşaqlığın uzaq illəri,

Qar altdan dərdiyim novruz gülləri,

Yadıma baharın ilıq yelləri,

Nəğmələr oxuyan dillərim gəlir.

 

Bölümdə qaldıqca vətən torpağı

Yasəmən gül açıb, bəzəyib bağı,

Qönçəyə dolubdur gülün budağı,

Bölümdə qaldıqca vətən torpağı,

Mən bu gözəlliyi duya bilmirəm,

Bahar sevincinə uya bilmirəm.

 

Sarmaşıb çəməndə yenə gül-gülə,

Nəğməli quşlar da gəliblər dilə,

Mən elə qəmliyəm, qəmliyəm elə,

Bu gözəllikləri duya bilmirəm,

Bahar sevincinə uya bilmirəm.

 

Şuşam, Qarabağım, dağlar maralı!

Siz də yaralısız, mən də yaralı,

Elim düşən gündən sizdən aralı,

Bu gözəllikləri duya bilmirəm,

Bahar sevincinə uya bilmirəm.

 

Sinəmdə dağı var Əskiparanın,

Ağrısı azalmır heç bu yaranın,

Düşmənlərə qalan dağım, aranım,

Sizsiz gözəlliyi duya bilmirəm,

Bahar sevincinə uya bilmirəm.

 

Gün doğub, ürəyim işıqlanmayır,

Könlümdə çıraq yox, şam da yanmayır,

Çoxdandır saçlarım xınalanmayır,

Ürəyim şəhidlər qəbristanıdır,

Gözlərimdən axan göz yaşı deyil,

Şəhid qanıdır.

 

Açarı dəryaya atdım

Ürəyimə qıfıl vurub,

Açan dəryaya atdım.

Həyətdə bir saray qurub,

Soyuq daşını ağlatdım.

 

Keçdim dünənki izindən,

Xəbərsiz oldum özümdən,

Göz yaşı axdı üzümdən,

O göz yaşını ağlatdım.

 

Çığırdım: Səs ver, səsimə!

Mən möhtacam nəfəsinə!

Döndüm dəniz ləpəsinə,

Özümü qoynuna atdım.

 

O gündən qaldım dəryada,

Nə sahil var, nə də ada,

Nə yetənim var imdada,

Nə də vüsalına çatdım.