Argentina yazıçısının hekayəsi

 

Alvaro Yunke

(1889-1982)

İkinci sinif müəlliməsi üçün qızılgüllər 

(hekayə)

 

Yadımdadı, mənə deyərdilər ki, uşaqlıq həyatın ən xoşbəxt çağlarıdı… (Keçmişin ən yalın yalanı)

Bertran Rassel

 

Hüqo Homerin atası şairdi. Bugün-sabah Hüqo Homer ömrünün doqquzuncu ilinə qədəm qoyacaq. Əlbəttə, o da şair olacaq. Hər halda, atası bu qənaətdədi. Çünki hər dəfə oğluna baxanda öz uşaqlığını, daha doğrusu, bənzərsiz keçmişini görür.

Hüqo Homer qəribə uşaqdı. Hamı belə deyir: müəllimlər, dostlar, qohumlar… Amma atası, əksinə, onu normal, tamamilə normal bir uşaq sayır.

– Senyor Alvares Xunko!

Zeytun rəngli arıq sifəti olan, gözləri qalın qaşlarının altında itib-batan, hündür, quru, qanıacı adam Bruno Andon qəmgin səslə dillənir. Bir vaxtlar Maliyyə Nazirliyində işləyib indi təqaüdə çıxan bu kişi Alvares Xunkonun qonşusudu. O, növbənöv qızılgüllərdən bəzənən gözəl torpaq sahəsinin sahibidi. Ardınca bir də:

– Senyor Alvares Xunko, – deyib öskürür. – Mənim üçün nə qədər ağır olsa da, sizi xəbərdar etməliyəm ki, oğlunuz Hüqo Homer oğrudu.

– Hörmətli qonşu, zəhmət də olsa, bu bəyanatınızın nəyə əsaslandığını mənə izah edə bilərsiz?

– Əlbəttə, senyor Alvares Xunko, mən lap çoxdan duyuq düşmüşdüm ki, kimsə mənim kolluqlarımdan qızılgülləri qırıb oğurlayır. Müşahidə aparmağa başladım. Çünki təqaüdə çıxdığıma görə bu işlə məşğul olmağa kifayət qədər vaxtım var. Əvvəlcə bu qənaətə gəldim ki, əlbəttə, əgər özgəsinin mülkiyyətinə təcavüz etməyi iş saymaq olarsa, oğru iş başında gecələr olur. Amma bir neçə yuxusuz gecədən sonra əmin oldum ki, yox, heç də belə deyil. Özüm üçün aydınlaşdırdım ki, oğru səhərlər hərəkət eləyir. Hətta saatı da müəyyənləşdirdim: təxminən səkkiz radələrində. Bundan sonra pusquda dayandım. Təmkinlə görülən bütün işlər kimi mənim səbrim də öz bəhrəsini verdi. Nəhayət, saat yeddi qırx yeddidə mən sizin Hüqo Homer adlı əziz oğlunuzu hasarın yanındakı kolluğun ağ qızılgülünü qıran yerdə yaxaladım. Ona tərəf qışqırdım: “Niyə mənim qızılgüllərimi qırırsan?” Amma oğlunuz, üzr istəyirəm, senyor Alvares Xunko, xətrinizə dəyməsin, amma sizin oğlunuz hətta utanmadı da. Onun o cinayətkar vücudu yaşına qəti uyğun gəlmirdi. Hələ üstəlik, gülə-gülə mənə nəsə bir söz də atdı, amma nə dediyini ayırd eləyə bilmədim, çünki ağır eşidirəm. Sonra da çox zərif bir hərəkətlə şapkasını yerdən götürüb öz yoluyla getdi – mənim qızılgüllərim də əlində.

– Siz də gördünüz ki, həmin adam Hüqo Homerdi?

– Öz gözlərimlə senyor, öz gözlərimlə… Yeddinci onluğu xırdalasam da, şükür ki, gözlərim hələ də əla vəziyyətdədi. Bəli, öz gözlərimlə! – Bruno Andon qəflətən səsini qaldırıb qəzəblə deyir. – Olmaya, mənə inanmırsız?

– Nə danışırsız, hörmətli qonşu! Amma hər halda, oğlumu çağırıb sizin yanınızda sorğu-suala çəkəcəm. Etiraf edim ki, bu hadisə məni müəyyən qədər narahat etdi…

– Bəs necə, senyor! Belə balaca bir uşaq, amma artıq…

– O sözü dilinizə gətirməyin! – Hüqo Homerin atası Alvares Xunko onun sözünü kəsir. – İcazə verin, ittihama keçməzdən əvvəl uşağın özünü dinləyim. Bu hadisə məni müəyyən qədər narahat etdi…

– Sizin yerinizdə olsaydım, mənim də rahatlığım pozulardı. Özü də çox pozulardı, lap çox!

– Bu məni müəyyən qədər narahat edir, – Hüqo Homerin atası əvvəlki təmkinlə sözünün davamını gətirir, – çünki oğlum olduqca nəcib, tərbiyəli, həssas, həqiqətən də kövrək hisslər sahibi olan bir məxluqdu…

– Özündən soruşun, senyor Alvares Xunko! – əsəbi tarıma çəkilən Bruno Andon az  qala əmr eləyir.

– Mən belə də edəcəyəm, qonşu.

Senyor Alvares qonşu otağa boylanıb çağırır:

– Hüqo Homer!

Hüqo Homer peyda olur. Gözlərinin və üzünün təbəssümü işıq saçır.

– Nədi, ata? Axşamınız xeyir, senyor, – Bruno Andonu salamlayır.

Amma salamı cavabsız qalır. Ata qonşunun ittihamını oğluna çatdırıb sözünü sualla tamamlayır:

– İndi sözün nədi?

– Sözüm odur ki, doğrudan da belə olub, ata.

– Sən qonşumuzun bağından qızılgüllər oğurlamısan?

– Mən demirəm ki, oğurlamışam, ata, deyirəm ki, senyor Andonun bağının qızılgüllərini kəsmişəm.

Hirsi-hikkəsi ərşə qalxan qonşu müdaxilə eləyir:

– Məgər eyni şey deyil?

– Xeyr, senyor. Qızılgül bağdan küçəyə sallanmışdı. Deməli, o artıq sizə məxsus deyildi. Əgər küçədəydisə, deməli, ordan keçən hər kəsin ixtiyarında idi. Mən bir dəfə də o qızılgüllərdən ötrü çəpəri aşmamışam. Mən ancaq çəpərdən küçəyə sallanan qızılgülləri kəsmişəm.

– Qiyamət bəraətdi! – qızılgüllərin sahibi əsəbdən boğula-boğula çığırır.

– Qonşu, mən heç də düşünmürəm ki, oğlum özünə bəraət qazandırmaq üçün əlləşir, – Hüqo Homerin atası deyir.

– Nə-ə? – Bruno qeyri-ixtiyari heyrətlənir və sözünün dalını gətirə bilməyib dərhal da susur. Sifəti bozarıb, alnındakı damarlar aydınca görünür.

– Sən o qızılgülləri nə səbəbə kəsirdin? – ata oğlundan soruşur.

– Mənim əvvəlki tərbiyəçimə – ikinci sinif müəlliməsi senyorita Moraya hədiyyə etmək üçün. O elə gözəldi! Elə həzin səsi var ki, danışanda adamın qulağı dincəlir. Gözləri də eynən ulduz kimidi! Adi ulduz yox ha, dan ulduzu kimi. Həm də məni necə istəyirdi! Onun şagirdi olanda mənə necə gözəl kitablar bağışlamışdı. Əgər indi dördüncü sinifdə oxuyuramsa, onu unutmalıyam?

– Hörmətə bir bax! – Bruno Andon qışqırır. Sonra bu oğlan uşağına “siz”lə müraciət eləyir. – Bəli, sizin keçmiş müəllimənizi, həmin o xeyirxah və gözəl qızı  unutmamağınız çox təqdirəlayiq haldı. Amma niyə axı siz bu rəğbət hissinizi mənim hesabıma nümayiş etdirməlisiz? Niyə ona mənim qızılgüllərimi hədiyyə etməlisiz?

– Senyor, axı sizə dedim ki, həmin qızılgüllər çəpərdən küçəyə sallanmışdı.

– Ona görə də sən hesab eləyirsən ki, – coşub təzədən “sən”ə keçir, – o güllər mənlik deyil?

– Bəli, senyor.

– Amma hakimlər başqa fikirdə olardı, oğrunun biri oğru!

– Senyor Bruno Andon, – ata müdaxilə eləyir, – siz əzizlərinizin canı, uşağın ürəyinə toxunmayasız. Özünüz də görürsüz ki, rəngi necə ağarıb, dodaqları əsir, gözləri yaşarıb, indicə hönkürəcək.

– Məgər siz, senyor Alvares Xunko, – özü də bildiyimə görə yazıçısız, – məgər siz hərəkətinə bəraət qazandırmaqdan ötrü özündən gic-gic nəzəriyyələr icad edən doqquzyaşlı bir burnufırtıqlının özünü bu cür aparmasını dəhşət hesab etmirsiz?

– Xeyr, qonşu, siz səhv edirsiz. Mənim oğlum öz bəraəti üçün hansısa nəzəriyyə-filan icad eləmir. O, bəraət söhbətini ağlına belə gətirmir. Oğlan tam səmimi şəkildə, ürəyinin ən saf yerində əmindi ki, əgər o qızılgüllər çəpərdən küçəyə çıxıbsa, deməli, artıq sizə məxsus deyil. Həm də axı o həmin gülləri satmaq üçün dərməyib. Əgər sizin gülləri satsaydı, bax onda həqiqətən ona oğru demək olardı. Amma o həmin gülləri hədiyyə edib. Hələ üstəlik, əgər o, qızılgülləri indiki müəlliminə hədiyyə etsəydi, deməli, bu hərəkətiylə onun qılığına girmək məqsədi güdəcəkdi. Bax onda, mən də sizin kimi deyərdim ki, oğlum oğurluq eləyib. Amma axı o həmin gülləri özünün gözəl, cəzbedici, yaraşıqlı və xeyirxah ikinci sinif müəlliməsinə  hədiyyə edib ki, ondan da daha nəsə ummur və nəsə gözləmir. Qonşu, sizin o qızılgüllərə çox gözəl tale qismət oldu. Onlar poeziya, bəlkə də, məhəbbət qoxusu gələn bir gözəl xatirənin dirilməsinə xidmət etdi.

– Sözünüzdən belə çıxır ki, – hirs-hikkəsi ərşə qalxan Bruno Andon səsini qaldırır, – bəli, sizin sözünüzdən məhz belə çıxır ki, güllərimi qoparıb özünün gözəl, yaraşıqlı, füsunkar, daha kim bilir, necə müəlliməsinə apardığına görə mən bu uşağa minnətdar olmalıyam? Senyor Alvares Xunko, bilin ki, əgər sizin oğlunuz mənim qızılgüllərimi Kartizianlar ordeninin təməlini qoyan, mənim də adını daşıdığım və səcdə elədiyim müqəddəs Bruno məbədinə aparsaydı belə, yenə hesab eləyəcəm ki, sizin oğlunuz qızılgüllərimi oğurlayıb. Amma siz mənimlə razı deyilsiz. Eləmi, senyor?

– Bəli, qonşu.

– Deməli, siz də doqquzyaşlı oğlunuzla onun əsassız, müəmmalı, mücərrəd, qanuna zidd baxışlarını  bölüşürsüz. Onun bu hərəkətinə, bəlkə də, nəsə bir ad vermək olar. Amma bilmirəm, nə ad verim! Sizin ona bu cür qahmar çıxmağınızı isə mən, senyor Alvares Xunko, qəti tərəddüd etmədən cinayət adlandırıram. Sizin oğlunuz, bu zavallı oğlunuz çox gözəl tərbiyə alır! Əlvida, senyor!

Bruno Andon şlyapasını düzəldib küçəyə çıxır, amma dərhal da bozarmış sifəti təzədən qapıda peyda olur.

– Sizdən bir təvəqqem var. Gələcəkdə özünüzə əziyyət verib mənimlə salamlaşmayın. Salamınızı almayacam.

– Yaxşı, qonşu.

– Bundan başqa, sizə xəbərdarlığım da var. Əgər oğlunuz bir də mənim qızılgüllərimi əkişdirsə, onu bu əllərimlə elə cəzalandıracağam ki… hə, prinsipsiz ata, sizin əvəzinizə ona dərsi özüm verəcəyəm.

– Bu, hədədi?

– Bəli. Amma yaxşısı budu, başqa cür hərəkət eləyim. Elə günü bu gün çəpərin yanındakı kolu kökündən dartıb çıxaracam. Qoy daha küçəylə keçənlərin rahatlığı pozulmasın.

– Yox, yox! – oğlan qışqırır. – O kol elə körpədi ki! Ona toxunmayın. Söz verirəm, bundan sonra bir qızılgülə də əlim dəyməyəcək.

– Amma mən onu dartıb çıxaracam, dartıb çıxaracam! – Bruno Andon qapını çırpıb gedir.

– Bu ki dəlidi! – Hüqo Homer dillənir.

– Amma, əlbəttə, özünü normal adam sayır, – atası deyir. – O da, xeyli başqası da… Şəxsi mülkiyyətlərinin əhəmiyyətini yüksək qiymətləndirənlərin hamısı bizləri dəli sayır. Ancaq hər şey öz yerində, oğlum, sənə elə gəlmirmi ki, gələcəkdə, yaxşısı budu, belə qanqaraçılıqlardan qaçmaq üçün özgənin bağından gül qırmayasan.

– Hətta əgər çəpərdən çölə sallansa da? – Hüqo Homer, hər halda, soruşmağı lazım bilir.

– Bəli, əzizim, çəpərdən çölə sallansa da. Mən hər həftə sənə nə qədər lazımdısa, o qədər pul verəcəm ki, sevimli müəlliməni qızılgüllərsiz qoymayasan.

Oğlan əllərini bir-birinə vurub deyir:

– Əla! Ata, bilirsən…

– Nə demək istəyirdin? – atası soruşur.

– Bilirsən, ona qızılgül hədiyyə eləyəndə mənə tərəf əyilib yanağından öpməyə icazə verir. Onun yanağı lap məxmər kimidi, həm də istidi, ətirlidi. Ata… – təzədən susur.

– Danış, oğlum, dayanma. Nə demək istəyirdin?

– Ata, iyirmi yaşım olanda öz müəlliməmlə evlənə bilərəm?

– Hələ on bir il gözləməlisən. Bəs onun neçə yaşı var?

– İyirmi. Soruşmuşam.

– Deməli, sənin iyirmi yaşın olanda onun otuz bir yaşı olacaq. Yaxşısı budu, sən onun qızıyla evlənəsən. Nə fikirləşirsən?

– Onun qızı da özü kimi gözəl olacaq?

– Əlbəttə.

– Yaxşı, ata, onda mən onun qızıyla evlənəcəyəm.

 

Tərcümə edən: Yaşar