Can nənə, bir nağıl de

 

Əhməd Cəmil

(1913-1977)

Şair, tərcüməçi. Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı. “Gözəl Qafqaz” adlı ilk şeiri 1928-ci ildə dərc olunub. “Yadigar” adlı ilk kitabı 1942-ci ildə çapdan çıxıb. “Böyük qardaşımız”, “Təməl daşları”, “Qələbə yolları”, “Mənim azad torpağım”, “Balıqçı gəmiləri”, “Vaxtında gəlmişik bu dünyaya biz” və bu kimi, iyirmidən artıq şeir kitabının müəllifidir. A.S.Puşkinin, M.Y.Lermontovun, S.Mixalkovun, S.Marşakın şeirlərini, V.Hötenin “Faust”poemasını dilimizə çevirib.

 

Can nənə, bir nağıl de

- Ay nənə, bir nağıl da de!

- Ömrüm-günüm, yat daha,

Hamısını indi desəm, nağıl qalmaz sabaha.

 

- Can nənə, de birini də.

- Ağrın alım, sözə bax.

Evimizdə səndən savay, gör heç varmı bir oyaq?

Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan;

Taxt üstündə məstan pişik, odur, yatıb bayaqdan.

Ört üstünü, dərdin mənə, bax, eşikdə yel əsir...

 

- Qar yağırmı?

- Elə yağır…sazaq qılınctək kəsir…

Belə yağsa, qar sübhəcən yolu-izi örtəcək;

Kirpiklərin lap qovuşub, cırtdan bala, yat görək.

 

Nənə yığır düyünçəyə iynəsini, sapını,

Külək hərdən taqqıldadır pəncərəni, qapını.

Körpə çəkir təzə, güllü yorğanını üzünə,

Gözlərini yumur. amma yuxu getmir gözünə.

 

- Ay nənə, o kimdir elə pəncərəni bərk vurur?

- Heç kim deyil, yat, ay bala, yeldir, qarı sovurur...

 

Bir gizilti duyur uşaq vücudunda bu ara,

Həsrət qonan gözlərini zilləyərək divara,

Çarpayının baş ucunda öz əliylə asdığı

Şəklə baxır, fikrə gedir, qucaqlayıb yastığı…

 

- Bəs ay nənə, atam indi haradadır, görəsən?!

- Bıy başıma nələr, oğul, yatmayıbsan hələ sən?!

- Axı, nənə, heç demirsən atam haçan gələcək,

İndi onu səngərdə bəs üşütmürmü qar, külək?

 

- Ömrüm-günüm, körpə quzum, qurban olum adına,

Niyə köks ötürürsən o düşəndə yadına?

Atan yazır: hələ xoşdur bu tərəfdə havalar.

Deyir oğlum darıxmasın, görüşərik bu bahar.

Bağçalarda çiçək açar gülöyşə nar, yasəmən,

Qaranquşla bir zamanda qayıdaram kəndə mən...

Heç darıxma, dərdin alım, atan gələr, o zaman

Sənə çoxlu nağıl deyər əsgərlikdən, davadan!

Di yat, indi gecə keçir…

 

- Onda, nənə, ay nənə!

Qoy kəsməyək ağ toğlunu, qalsın atam gələnə.

 

-Yaxşı, bala, qoy bağlarda çiçək açsın nar, ərik,

Sağlıq olsun, ağ toğlunu atan üçün kəsərik.

Mən eyvana xalı sallam, anan evi bəzəyər,

El qaydası süfrə açar, qohum-qonşumuz gələr.

Sən atanı qucaqlayar, üz-gözündən öpərsən,

Qoca baban saz kökləyib, nağıl deyər sübhəcən…

 

Körpə güldü…

həsrət qonan gözlərindən uçdu qəm,

Öpdü onun xəyalını indi özgə bir aləm;

Qaranquşlar uçub gəldi, açdı çiçək, güldü yaz…

Qucaqladı atasını, sonra kimsə çaldı saz…

Körpə özü hiss etmədən, onu yuxu apardı,

Çöldə isə bütün gecə külək tufan qopardı.

 

Layla

Gecə keçir. Göylər qara, ay para…

Ahu olub qaçır yuxun dağlara.

Ömrüm-günüm! Sənə laylay dedikcə,

Ürəyimdə qövr eləyir min yara.

Laylay, gülüm, gözlərindən öpsün ay;

Laylay, quzum, laylay, balam, a laylay!

 

Atan sənin bir igiddir büsatlı...

Çal papaqlı, boz şinelli, boz atlı.

Düşmən üstə şığıyanda, deyirsən,

Qızılquşdur, uçur şimşək qanadlı!

Laylay, gülüm, gözlərindən öpsün ay;

Laylay, quzum, laylay, balam, a laylay!

 

Düzlər oddur, dağlar duman, sular qan…

Qan içində batır günəş, sökür dan…

Yanır ellər, yanır Vətən torpağı,

Yoxsa, quzum, budur səni ağladan?

Laylay, gülüm, gözlərindən öpsün ay;

Laylay, quzum, laylay, balam, a laylay!

 

Yer üzündən silinməsə qan izi,

Gülməyəcək körpələrin gül üzü!

Atan bizə kağız yazmır bir ildir.

Yox, heç belə unutmazdı o bizi!

Laylay, gülüm, gözlərindən öpsün ay;

Laylay, quzum, laylay, balam, a laylay!

 

Laylay dedim, gecə keçdi, daha yat!

Günlər ötsün, böyü, boya-başa çat.

Sənsən indi evimizin çırağı,

Böyü, oğlum, dərdin alım, tez boy at!

Laylay, gülüm, gözlərindən öpsün ay;

Laylay, quzum, laylay, balam, a laylay!

 

Məni yada salırmı?

Ocaq sönür, yel əsir, yağış döyür səngəri...

Yenə düşür yadıma ömrün ötən günləri.

Hanı, hanı deyirəm, o dilimin əzbəri?

İlk görüş, son ayrılıq xatırında qalırmı?

Görəsən, o gözəl qız məni yada salırmı?

 

Ötən bulud, uçan quş! Mən burda, yar vətəndə...

Bəlkə, düşdü yolunuz bir gün bizim də kəndə.

Görün, bağa-eyvana sərin kölgə düşəndə

O qız yenə oxuyub, şən mahnılar çalırmı?

Görən, hər nəğməsində məni yada salırmı?

 

Nə mən ürək edirəm yazım ona bir kağız,

Nə də mənə yazmayır o şən, o mehriban qız.

Bir biləydim, görəydim, neyləyir indi yalqız?

O da məni düşünüb, heç xəyala dalırmı?

Görəsən, o gözəl qız məni yada salırmı?

 

Doğrudur, bilmək olmaz könülləri uzaqdan,

Hər gün vurub salır yel bir yarpağı budaqdan...

Mənsiz su dolduranda hər dan üzü bulaqdan,

Bəzən heç doluxsunur, heç qanı qaralırmı?

Görəsən, o gözəl qız məni yada salırmı?

 

Yan, tonqalım, tüstülən... Yan könlümtək, ey ocaq!

İki kəlmə yazmağa mən üzsüz, yar utancaq...

Heç olmasa, yazaydı o qız bircə söz ancaq,

Görəydim, soraq edib məni xəbər alırmı?

Görəsən, o gözəl qız məni yada salırmı?!