Seyfəddin Dağlı
(1921-1983)

Yazıçı, kinodramaturq. Əməkdar incəsənət xadimi. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilib. Dövlət Radio Komitəsində baş redaktor, Bakı Telestudiyasının direktoru, “Yazıçı”nəşriyyatında redaktor vəzifələrində çalışıb. Uzun müddət “Kirpi” jurnalının baş redaktoru olub. “Dəniz kəşfiyyatçısı” adlı ilk kitabı 1948-ci ildə nəşr edilib. “Bahar oğlu”, “Məşəl”, “Kəcilqapısı”, “Sabiqlər”, “Yaylaq qayğıları, “Şirin duz” və digər kitabların, “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək”, “Təzə gəlin”, “Kölgələr pıçıldaşır” pyeslərinin müəllifidir. Ssenariləri əsasında “Gecəniz xeyrə qalsın”, “Solmaz bir bahar kimi” filmləri çəkilib.

 

Zarafatcıl

Onun haqqında hamı deyir: “Yaman zarafatcıl oğlandır. Ancaq bircə dəfə onu uzaqdan görənlər dəfələrlə yaxından eşitdiklərinə inanmazlar; o qədər ki, bu zarafatcıl oğlanın sir-sifəti ciddi, söz-söhbəti təmkinlidir! Xüsusən, zarafat edərkən qətiyyən gülmür. Kim bilir, bəlkə də, zarafatlarında bu qədər müvəffəq olmasının bir səbəbi də məhz elə budur. Xarici görkəmində də gülüş doğuracaq bir elə şey yoxdur. Təbiət onu yaradarkən baş-bədəninin heç bir əzası ilə zarafat etməmişdir. Ancaq özü deyir ki, dünyaya zarafat-zarafat gəlmişdir.

...Güya o, ana bətnində altı aylıq ikən bir gün anasını sancı tutur. Hamilə qadın ağrı çəkdiyini yaxın arvadlara bildirirsə, heç kim ona inanmır; hamı zarafata salır. Nəticədə uşaq vaxtından üç ay qabaq, yəni altmış altı tam yüzdə altmış yeddi faizlik bir çağa ikən gözlənilmədən, mamasız- bələdçisiz dünyaya qədəm qoyur. Sonra bu natamam insanı zarafat-zarafat, “indi ölər, bu saat canı çıxar” deyə-deyə pambıq içində bəsləyib böyüdürlər. Hətta nənəsi nəzir də deyir ki, “sağ qalsa, onu məktəbə qoymayacaq”. Ancaq altıaylıq uşaq yeddi yaşına çatan kimi nənəsindən gizlin “zarafat-zarafat” dərsə gedir...

Orta məktəbi bitirdikdən sonra o, “zarafat-zarafat” ali məktəbə girə bilmir. Bir-iki il imtahana hazırlaşdıqdan sonra isə yenə özünün dediyi kimi “zarafat-zarafat” indi işlədiyi idarəyə daxil olur.

...Bir gün o, həmin idarədə katibə yerinin boş olduğunu bilib müdirin yanına gəlir və bu vəzifəyə qəbul olunmasını xahiş edir. Müdir gülərək deyir: “Axı o vəzifədə adətən qadın və qızlar işləyir, bala!” Zarafatcıl oğlan da gülümsəyərək cavab verir: “Axı harada yazılıb ki, filan vəzifədə ancaq kişilər, filan vəzifədə isə ancaq qadınlar işləməlidir, əmi? Məgər bizim ölkədə kişilər də qadınlarla bir hüquqa malik deyillər?” Müdir bu suala cavab verə bilməyib oğlana tövsiyə edir ki, bir necə gündən sonra gəlsin. Oğlan isə elə ertəsi gün səhər tezdən idarəyə gəlib müdirin kabinetinin ağzındakı balaca otaqda oturur. Həm də o, müdirin axtarmaqda olduğu cavab üçün yox, özünün axtarmamış tapdığı yer üçün gəlir. Bir az sonra telefon zəng vurur. Otaqda kimsə olmadığından oğlan dəstəyi qaldırır. Sən demə, nazirlikdən danışırlarmış. Deyirlər ki: “Tez gəlin, idarənizə məktub var, aparın!” Qulluq göstərmək eşqi ilə yanan oğlan da çaparaq gedib zərfi gətirir və müdirin kabinetinə girib qarşısına qoyur. Müdir əvvəl nazirlikdən gələn məktuba, sonra da hansı vasitə iləsə bu məktubu gətirən və katibə olmaq istəyən oğlana baxıb, onu işə qədul edir. Ancaq bir ay “sınaq müddətindən” sonra vəzifəsinin adını dəyişib “katibə” yox, “köməkçi” qoyur.

Hələ Zarafatcıl oğlanın dediyinə görə, onun evlənməsi də “zarafat- zarafat” olmuşdur.

Bir gün onun sözü müdirin minik maşınını sürən qızla çəp gəlir. Döyüşkən xoruza oxşayan qız əsəbiləşib deyir: “Sən necə kişisən ki, katibə işləyirsən?” Oğlan da hirslənib cavab verir: “Bəs sən necə qızsan ki, şoferlik eləyirsən”.

Bu mübahisədən bir müddət sonra gənclər nəinki barışırlar, hətta dostlaşır, sevişib, evlənirlər.

Bəli, bütün bunları o özü söyləyir. Yəqin ki, başqaları da ona elə bu söhbətlərinə görə “Zarafatcıl oğlan” deyirlər. Lakin bizim oğlanın zarafatları yalnız bunlarla bitmir.

Bu il o, yenə özünün dediyi kimi, “zarafat-zarafat” kurorta getmişdi.

...Əslində oraya müdirin müavini getməli idi. Müavində yel xəstəliyi vardı və müalicə üçün Soçiyə putyovka sifariş vermişdi. Lakin təxirə-salınmaz bir ezamiyyət ucundan onun məzuniyyəti təxirə salınmalı oldu. Zarafatcıl oğlan da zarafatla yerli komitə sədrinə dedi: “Müavin olmasın, köməkçi olsun; ikimiz də müdirin işini görürük də! Verin onun putyovkasını mənə, gedim Qara dənizdə çimim özüm üçün!” Beləliklə, o, zarafata salıb putyovkanı aldı. Ancaq yerli komitə sədri möhkəm surətdə tapşırdı ki, oraya gedərkən belini əysin, əlinə əsa alsın və desin ki, çoxdan yel xəstəliyinə mübtəladır; yoxsa onu sanatoriyaya qəbul etməzlər. Hər şeydə bir əyləncə axtaran bizim oğlan bu zarafatı da həvəslə qəbul etdi.

Lakin tezliklə də peşman oldu. Nəinki “yel”, heç “meh” xəstəliyi də olmayan sağlam oğlan bununla öz-özünü cəncələ saldı. Sanatoriya həkimləri beli əyilmiş, əli əsalı “xəstəni” zorla kükürd, palçıq vannaları və başqa müalicə tədbirləri qəbuluna məcbur etdilər. Yazıq, ona əzab-əziyyət savayı bir şey verməyən bütün bu məziyyətdən boyun qaçırdıqda onu “simulyant- lıqda” təqsirləndirib, daha ciddi nəzarət altına aldılar. Özünə də təzə bir ad verdilər: “Xəstə”. “Xəstə, yat! Xəstə dur! Xəstə, uzan!..” Hətta onu dənizdə çimməyə də qoymadılar. Yayın cırhacır istisində sapsağlam bədənlə Qara dəniz sahilində olasan və çimə bilməyəsən... Həqiqətən çox şit zarafat idi!

Bu səbəbdən də Zarafatcıl oğlanın sir-sifəti daha tutqun, zarafatları baha tünd oldu.

***

Sanatoriyaya gəldiyi gün onu ikinəfərlik boş otaqda yerləşdirdilər. Ertəsi gün də yanına təzə bir qonşu qoydular. Xarıcdən turist putyovkası ilə 

Sovet İttifaqına müalicəyə gələn və az-maz rusca bilən bu qısaboy, arıq kişi Zarafatcıl oğlanla üzbəüz bərqərar olan kimi, gözlərini onun başı üzərində divara vurulmuş qəşəng xalçaya zillədi.

Xalça nadir sənət əsəri idi. Orada əlvan boyalarla nəfis surətdə son dərəcə dilbər bir mənzərə təsvir olunmuşdu, adam onun altında uzanıb gözlərini yumanda özünü tamamilə başqa bir aləmdə hiss edirdi. Elə bir aləm ki, Zarafatcıl oğlan, hətta tərləyə-tərləyə, deyinə-deyinə qəbul etdiyi isti vannaların acısını da həmin xalça altındakı çarpayıda yatanda unudurdu.

Səhər yeməyindən çıxan təzə qonşular növbəti müalicədən qabaq ağac kölgəsində həsir kürsülərdə oturub damaqlarına papiros qoydular. Zarafatcıl oğlan Elbrus dağı şəklində olan qar təkin ağ, ikibaşlı alışqanını çıxartdı. “Dağın” kiçik zirvəsini sıxdı, böyük zirvə vulkan püskürər kimi alışdı... O, əvvəl qonşusunun, sonra da özünün papirosunu yandırdı. Alışqanı gözü tutmuş əcnəbi qonaq heyrətini gizlədə bilməyərək, sinədən gələn bir səslə dedi:

- Nə orijinal alışqandır!

Qafqazlı oğlan da dərhal alışqanı ona uzatdı:

- Peşkəşdir!

Kişi bu sözün və hərəkətin mənasını başa düşməyib gözlərini döydü.

Zarafatcıl oğlan alışqanı onun mil-mil ev pencəyinin döş cibinə buraxıb izahat verdi:

- Bizdə adətdir: bir şeyimiz xoşa gəlsə, mütləq onu bağışlarıq. Bizim dildə buna “peşkəş” deyərlər.

- Peşkəş? - deyə kişi alışqanı cibindən çıxarıb baxdı və təkrar etdi. - Nə gözəl adətdir!.. Mən qafqazlıların bu “adəti” haqqında eşitmişəm, hətta kitabda da oxumuşam... Hədiyyəniz üçün təşəkkür edirəm!

- Dəyməz!.. Ancaq onu da deyim ki, qonşu, bu adət canlı adamlara, məsələn, arvad-uşağa şamil edilmir, ha! Onlardan başqa nə istəsən, peşkəş eləyə bilərsən. Hətta qədimdə bizim padşahlar bütöv əyalətləri, şəhərləri, kəndləri bir-birinə peşkəş veriblər.

- Bəs orda yaşayan adamlar necə olub?

- Adamlar? - Zarafatcıl oğlan fikrə getdi. Lakin o, bu yersiz suala cavab tapmamış, ağac dalından çıxan xəstə baxıcısının ciddi səsi eşidildi:

- Xəstələr, vannaya!..

- Adamları da bu cür vannaya salıblar! - deyə Zarafatcıl oğlan izahatını tamamladı və hamam dəsmalını çiyninə atıb, bayıra gedirmiş təkin, ayaqlarını sürüyə-sürüyə, onları gözləyən avtobusa tərəf addımladı. 

Yazıq Zarafatcıl oğlan! Nə qədər çalışırdısa, zarafat-zarafat düçar olduğu bu müalicədən canını qurtarmaq üçün bir zarafat icad edə bilmirdi. Halbuki sanatoriyada ürəyinə yatmayan necə-necə “müşküllərdən” zarafat- zarafat yaxa qurtarmışdı.

Məsələn, bir dəfə kefinə nahar vaxtı bir stəkan şərab içmək düşdü. Ancaq ona bildirdilər ki, sanatoriyada spirtli içki içmək qadağandır. Ertəsi gün Zarafatcıl oğlan bir şüşə Azərbaycan şərabı alıb, nahar vaxtı aşxanaya gətirdi. Növbətçi həkim onun başının üstünü alanda “xəstə” şərabı qaşıqla öz şorbasına tökdü. Təəccüblənmiş həkim nə üçün sirkə əvəzinə xörəyə şərab qatdığını soruşduqda, bizim oğlan təmkinlə izahat verməyə başladı:

- Əziz İllarion İnnokentiyeviç, - dedi, - məgər siz bilmirsiniz ki, Məhəmmədin şəriətində xörəyə sirkə tökmək günahdır? Onu ancaq qəndlə qarışdırıb içmək olar. Şərab içməyi isə şəriət bizə ona görə haram buyurub ki, onu ancaq xörək içəndə qəbul edək. Əks təqdirdə, Azərbaycanda heç şərab istehsal olunmazdı. İndi mən ata-baba adətini poza bilmərəm ki!

Bu sözlərdən sonra Zarafatcıl oğlan süfrəyə qoyulmuş sirkədən bir qaşıq stəkana tökdü, üstünə su əlavə etdi, sonra da içinə qənd salıb qarışdıraraq iskəncəbi qayırdı və başına çəkdi. Şorbanı isə şərabla içməyə başladı.

Növbətçi həkim də “adat, şariat, Maqomet...” deyə-deyə getdi.

Sonrakı günlərdə Zarafatcıl oğlan hərdənbir naharda şorbanı içdikdən sonra stəkana beş-on qaşıq şərab töküb başına çəkir və ikinci xörəyi yeyirdi.

Sanatoriyada onun belə zarafatları çox olsa da, bunların heç bir gəncin sağlam canını öz xoşu ilə düçar olduğu xoşagəlməz müalicədən xilas edə bilmirdi!

Günlər keçdikcə Zarafatcıl oğlanın sanatoriya xəstələri ilə, ilk növbədə isə öz otaq qonşusu ilə arası kökəlirdi. Hətta əcnəbi qonaq qafqazlı oğlana zərif bir siqar qabı da “peşkəş” etmişdi.

Bir gün yenə nahardan sonra mehriban qonşular çarpayıda uzanıb istirahət edərkən əcnəbi qonaq gözlərini Zarafatcıl oğlanın başı üzərindəki həmin xalçaya dikib xeyli müddət heyran-heyran baxaraq, birdən qeyri-iradi dilləndi:

- Nə qəribə əsər!

Bayaqdan bəri qonşusunu gözaltı seyr edən oğlan da dərhal səsləndi:

- Peşkəşdir!

Qulaqlarına inanmayan kişi dik atılıb çarpayıda oturdu:

- Nə dediniz?! Məgər bu xalça sizindir?

- Hə. Elə evdən gələndə zarafat-zarafat gətirdim... görüm ki, buralarda da belə mənzərə varmı?

Qonaq vəcdlə səsləndi:

- Xeyr, a kişi, mənə elə gəlir ki, bütün dünyada belə mənzərə tapılmaz! Hələ oradakı naxışlara tamaşa edin! O mənzərə coşqun bir fantaziya məhsuludur. Son dərəcə orijinal bir iş!

- Peşkəşdir! - deyə oğlan daha ucadan səsləndi.

Kişi təzədən çarpayıya uzandı:

- Zarafatı boşlayın, canım! Bu yekəlikdə də peşkəş olarmı?

- Mən sizə demişəm ki, bizdə adətdir: dosta xoşa gələn şeyi bağışlamaya bilmərik. Nə yekəlikdə olur-olsun, fərqi yoxdur, yalnız arvad-uşaq olmasın!

- Bilsəydim, heç tərifləməzdim! - deyə kişi təəssüfdən çox təşəkkür edən bir ahənglə köks ötürdü.

- Onda mən sizdən inciyərdim. - Oğlan öz çarpayısı üstündə ayağa qalxıb xalçanı açaraq qonşusunun çarpayısı üstünə vurdu və təzədən yatağa uzanaraq üzünü divara çevirib sakitcə yuxuya getdi.

Qonşu isə gözlərini xalçadan ayırmadan öz-özünə “Nə muzey malıdır!” deyə yerində qurcalanaraq, o gün yata bilmədi.

Ertəsi gün əcnəbi qonaq çamadanından alabəzək, əcəri bir köynək çıxarıb qonşusuna göstərərək soruşdu:

- Bu köynək haqqında nə deyə bilərsiniz?

- Əntiqədir!..

Oğlan sözünün gerisini qurtarmamış kişi köynəyi ona uzatdi:

- Peşkəş!

- Bu yekəlikdə peşkəş olmaz ki, canım?!

- Hər halda sizin xalçanızdan böyük deyil! - Kişi zorla köynəyi ona bağışladı.

Bir neçə gündən sonra Zarafatcıl oğlanın vaxtı qurtardı. O hamı ilə, xüsusən öz otaq qonşusu ilə səmimi surətdə vidalaşıb Bakıya yola düşdü.

O gecə əcnəbi qonaq bu otaqda qaldığı günlər ərzində hələ heç vaxt yatmadığı bir ləzzətlə yuxuladı...

Səhər onun da vaxtı tamam oldu. Kişi kamal-səliqə ilə pal-paltarını çamadana qabladı. Axırda da öz ölkəsində muzeyə satacağını qət etdiyi və hətta öz-özlüyündə qiymətini də hesabladığı xalçanı ehtiyatla divardan açıb qatladı, qoltuğuna vuraraq otağı tərk etdi.

Sanatoriyanın qapısından çölə çıxanda isə... bayaqdan təəccüblə ona baxan təsərrüfatçı qadın utana-utana kişiyə dedi:

- Üzr istəyirəm, mister... Deyəsən, siz... səhvən bizim xalçanı da götür- müsünüz?

Qanaq gülə-gülə cavab verdi:

- Xeyr, xeyr, bu, sizin deyil, mənə “peşkəşdir!” 

- Nədir?

- Hədiyyə... Xalçanın sahibi, o qarabığ qafqazlı oğlan özü mənə bağışlayıb.

Qadının gözləri hədəqəsindən çıxdı:

- Heç nə başa düşə bilmirəm. Axı o, dövlət malını sizə necə bağışlaya bilər?

Kişinin gözləri qadının gözlərindən daha yekə dairədə oynadı:

- Nə?! Dövlət malı?!

- Bəli, bəli, bu xalça sanatoriyanındır! - Qadın xalçanın ucunu qaldırıb, sapla orada yazılmış rəqəmləri göstərdi. - Budur, baxın, bu da inventar nömrəsi!

Kişinin qolları sustaldı, qoltuğundakı xalçanı buraxdı; tər basmış vücudunu əlindən yerə düşmüş çamadanın üstünə saldı. Cibindəki “Kazbek” qutusundan papiros çıxartdı, üçhəftəlik çarpayı qonşusundan onda yadigar qalmış “Elbrus” alışqanı ilə yandırıb sümürdü, tüstünü ciyərlərinə çəkib yavaşdan dilləndi:

- Bu da sənə “Kavkaz” peşkəşi!

Təsərrüfatçı qadın qəhqəhə çəkdi:

- Ancaq unutmayın ki, Qafqazda peşkəş kimi, zarafat da böyük olur!

Onun gülüşü qapıya toplaşmış xəstələrlə bərabər peşkəş zarafatına uğramış kişiyə də sirayət etdi... Hamı ilə bərabər o da divandakı lövhədə, sanatoriyada şəfa tapmış xəstələrin şəkilləri arasında, əsasını ortadan sındırıb iki əlində başı üzərində tovlayaraq ala-bəzək köynəkdə hoppanaraq rəqs edən Zarafatcıl oğlana baxdı, gülməyə məcbur oldu. Lakin qonağın gülüşü ev sahiblərinin qəhqəhələrindən çox fərqli idi.

Əcnəbi qonaq heç cür başa düşə bilmirdi ki, sıravi zəhmətkeşlərin müalicə olunduğu sanatoriyada divara belə qiymətli xalça vurularmış!?