Silviya Polettinin hekayəsi

 

Silviya Poletti

(Argentina)

 

MƏSUM QIZLAR

(hekayə)

– Viski? Buz atım, yoxsa?..

– …

– Hə, istidi, həm də bürküdü. Niyə pəncərələri taybatay açmıram? Nə olar, əgər istəyirsənsə, açaram. Bax belə. Hə, burdan görünən mənzərə gözəldi. Eynən cənubdakı kimi qədim aynabəndlər, bir də bu yasəmən qoxusu. Buraların yasəmən kolları gözəldi. Eynən köhnə Buenos-Ayresin qoxusu gəlir, eləmi? Amma burdakı güllərin qoxusu çox kəskindi. Gecələr az qala boğulursan. Nəsə yasəməndən zəhləm gedir! Heç cür uyğunlaşa bilmirəm!

– …

– Əlbəttə, ona görə ki qoxusu həddən artıq kəskindi! Həm də, yəqin, əsəbdəndi. Gör bir neçə vaxtdı, heç hara çıxmıram.

– …

– Bilmirəm, bilmirəm! Çox sağ ol ki, burdasan, amma mən, görürsən də, heç cür özümə gələ bilmirəm. Çox ağır zərbədi. Özü də bu cür, qəfildən! Necə deyərlər, nə dilimə, nə ağlıma gələrdi. Həm də belə zərbələrlə iki nəfər arasında olan hər şey bitir: vərdişlər, bağlılıqlar, gələcək planlar, hər şey, hər şey… Bax ha, yenə giley-güzara başladım. Məni bağışla, heç cür özümə gələ bilmirəm.

– …

– Hə, əlbəttə, o mənim vurğunum idi. Biz bir-birimizə çox yaraşırdıq. Niyə axırda belə olduğunu heç cür anlaya bilmirəm. Ernan köhnə fikirli adam deyildi, əksinə, çox müasir idi, yeni olan hər şeylə maraqlanırdı, ipə-sapa yatmayanın, elədiyi hərəkətin fərqinə varmayanın birisiydi.

– …

– Elə məsələ də bundadı! Mənim də onun kimi müasir olmağım xoşuna gəlirdi. Elə bil biz bütün köhnə tör-töküntülərə qarşı saziş bağlamışdıq. Mən miniyə keçənlər arasında birincilərdən idim. Yadımdadı, o mənim bu qiyafəmə necə də heyran qalmışdı. Mənimlə barlarda, yaxud, necə deyərlər, ekstravaqant adamların toplaşdığı məclislərdə olmaqdan necə də həzz alırdı.

– …

– Bax belə! Məni dəlicəsinə sevirdi. – hamının gözü qabağında. Necə də sadiq idi, məni hər yoldan keçənə qısqanırdı.

– …

– Fikir vermə! Monastır pansionunun zənginin səsidi. Oradı, görürsən? Həmin həyət, həmin eyvan… Hə, orda nə elədikləri burdan yaxşı görünür. Bax bu zəng səsi həmin o böyük günbəzdən gəlir. Gündə üç dəfə çalınır, amma mən daha öyrəncəliyəm, çox vaxt o səsdən xəbərim də olmur.

– …

– Yox, bu səs mənə mane olmur. Daha doğrusu, mane olmurdu. İbadət vaxtı xorun necə dualar etdiyi burdan aydın eşidilir. Hətta yandırdıqları qətranın ətri də bura vurur. Zəng səsləri, qətran, dualar, yasəmən… Nəsə axirəti xatırladır, elə deyil?

– …

– Bəs necə, əlbəttə özünəməxsusdu. Həm də Buenos-Ayresdən tamam fərqlidi. Xüsusən oranın ən haylı-küylü küçələrindən birini təsəvvürə gətirəndə… Burdan görünən həmin o yer qadın pansionudu. Orda evsiz-eşiksizlər, heç nəyin yiyəsi olmayan zavallılar yaşayır.

– …

– Hə, nə bilim, hansısa peşənin yiyələridi, müəllimələrdi. Həyatları alınmayan qarımış qızların çoxu monastır pansionlarında məskunlaşır. Küçəyə baxan tərəfdə də bura tərbiyə olunmağa, ya da rahibəliyə verilmiş qızlar yaşayır. İndi əsl vaxtıdı, Məsihin gəlinlərini burdan görmək olar. Onlar sırayla dəhlizdən keçib ibadət yerinə yollanırlar. Bax! Odur, odur, görürsən… Bir az gözlə, necə dua elədiklərini də eşidəcəksən.

– …

– Sənə demişdim axı, təmiz monastır ruhu! Nahardan sonra rahibələr eyvanda görünürlər, dəstələrə bölünüb uşaq kimi deyib-gülürlər. Doqquzda çıxıb gedirlər, işıq sönür, hər yan qaranlığa qərq olur: bədirlənmiş ayın hakim kəsildiyi gecələrdəki kimi. Səhər o başdan yenə zəng səsi: din-din-don, on ikidə təzədən… hələ başqa zənglər, zınqırovlar da var. Bu səslər pansionluları səhər yeməyinə, nahara çağırmaq üçündü. Bilirsən, əgər bütün bu səslərə diqqətli olsan, saata-zada ehtiyac yoxdu!

– …

– Nə danışırsan! Rahibələr heç vaxt öz ağlarını göz qabağından asmırlar. Ağlar asılan eyvan pansionluların eyvanıdı. Bir bax, zavallıların hətta pişiyi də var. O pəncərələri görürsən? Yatacaqları ordadı. Burdan da görünür ki, otaqlar çox xırdadı. Görürsən, bir pəncərədən toxunma pərdə asılıb, o birində qəfəs var, üçüncüdə dibçəkdə ətirşah. Necə də ətirlidi! Adam lap kövrəlir!

– …

– Səsimdə kinayə var?.. Yanğı? Nə bilim… Bəlkə də.

– …

– Pansionlularmı? Səni necə başa salım… Dərindən baxsan, onlar da rahibələr kimidi. Çünki onların da çoxu tək-tənhadı. Məqsədlidilər, amma gələcəkləri yoxdu. Burda elə bil məhbus ömrü yaşayırlar, yanlarına gəlib-gedənləri də olmur. Həm də daha mənalı, daha dolğun ömür yaşamağı sadəcə bacarmırlar.

– …

– Hə, doğrudu, çoxu əyalətdən gəlib. Aralarında cavanları da var, amma burdan da görünür ki, bir-biriylə dostluq eləmirlər. Əlbəttə, nə adaxlıları, nə də, heç olmasa, məşuqları var. Axı onlar pansiona axşam doqquzdan gec qayıda bilməzlər. Qadın üçün gecə qonağı qəbul eləmək istər-istəməz günaha yazılır. Özün görürsən ki, düz saat doqquzda bütün otaqlar qaranlığa qərq olur. Bəli, rahibələrlə eyni vaxtda. Çünki Məsihin bacıları elektrikə qənaət eləyirlər, saat doqquzdan sonra otaqlarda olsa-olsa fənər, ya da şam işığı peyda olur.

– …

– Əlbəttə, kədərli mənzərədi. Dözülməzdi! Təmiz, saf qəlbli sadəlövh məxluqlar!

– …

– Yox, yox, zarafat-zad eləmirəm. Zarafata halmı var?

– …

– “Qarı” da sözdümü? Onları birinci dəfə görəndə, elə bilirsən, o dünyanın sakinləridi. Mən şənbə-bazar günləri eyvanda peyda olduqları vaxt onları çox müşahidə eləmişəm. Günün altında saçlarını necə qurudub daramalarına, alt paltarlarını tasda necə yumalarına, kitab oxumalarına, bir-biriylə çənə vurmalarına çox baxmışam. Zavallı qarımış qızcığazlar! Bütün hissləri qıfıllanıb. Onlardan əsrlər boyu qalan qüssənin qoxusu gəlir: kiflənmiş, turşumuş qüssə. Axşamlar, saat doqquzda – din, din, yenə zəng çalınır. Saat onda bir də… Sonra hər yerə sükut, bir də qaranlıq çökür. İnan mənə, elə bilirsən, qəbirdi. Amma yazda saat ondan sonra pərdələr açıq qalanda yataq otaqlarının bəzilərində şamların, ya lampanın necə yandığını burdan görmək olur. Elə bilirəm, zavallılar bunu gizli eləyirlər… Görünür, bu cansıxıcı qaranlığa bəziləri dözə bilmir. Amma, bəlkə də, yatmazdan əvvəl nəsə işləri olur; məsələn, paltar tikmək, ya özlərini qaydaya salmaq… Əlbəttə, ağıllarına da gəlmir ki, kimsə burdan onlara göz qoyur. Vucudları otaqla kabus kimi gəzir. Uzun, köhnə dəbli gecə köynəklərində gizlənən çəkisiz bədənlər… Görürsən ki, bəzisi saçını darayır, bəzisi elə bil boğulmaqdan xilas olmaq üçün cəld pəncərəni açır. Yəqin, onları haldan çıxaran yasəmən ətridi. Sanki özlərini hansısa tamahkar, mənasız, qədim bir bütə qurban vermiş məxluqlardı. Elə deyil?

– …

– Şəhvani mənzərədi? Nə bilim… bəlkə də, sənə şəhvani görünə bilər. Sənə də, onları gün işığında görməyən başqalarına da. Hə, bir də onların alt paltarlarını görməyənlərə… Onlar alt paltarlarını bax orda qurudurlar. Nədi, niyə gülürsən? Aydın məsələdi ki, alt paltarına baxıb qadının yaşını müəyyən etmək olar. Deməli belə, onların həmin o eyvandan asdıqları alt paltarlarıyla bir kişi də bişirmək olmaz. Amma doğrusu, qaranlıqda çöl də bayır kimidi. Şam işığında hətta onlar da cəzbedici görünürlər – Çinin yasəmən ətirli kölgələr teatrı… Görürsənmi, qoxu az qala pəncərələrdən bura gəlir. Qiyamət mənzərədi, hə? Alaqaranlıqda üzən bu kölgələr… Elə bil eynən səssiz kinonun qəhrəmanlarıdı…

– …

– Görürsən? Hə, şam işığı onlara qəribəlik gətirir. Elə bil ekranda sürüşən fiqurlardı. Hər gecə onlara baxmaqdan necə də həzz alırdıq.

– …

– Sən çox da özünü həlak eləmə: onsuz da indi yaxşı görmək olmur. Qaranlıqda ancaq tutqun kölgələr gözə dəyir: əllər, uzun saçlar… Sırf ədəbi, yaxud kinematoqrafik obrazlar… Bir də qədim monastır həyatının bu ətri.

– …

– Elə məsələ də bundadı! Doğrudan da, heç cür inanmaq olmur ki, bu zəmanədə, Buenos-Ayresdə özünü belə həyat tərzinə, bu qayda-qanunlara qurban verən, lap elə açıq deyəcəm, özünü zorlayan qadınlar var. Bir təsəvvür eləyirsənmi, axşam doqquzdan sonra qapı içəridən bağlanır. Özü də harda, mərkəzin ikicə addımlığında… Hər yanda musiqi sədaları eşidilir, küçənin hay-küyü səni elə hey evdən çıxmağa çağırır, hələ adamın ağlını başından alan qoxuları demirəm. Necədi? Məncə, onlar özlərinə qənim kəsiliblər. Bu, əsl mazoxizmdi! Yadımdadı, Ernan tez-tez deyərdi: “ Şübhəm yoxdu ki, qadın dünyaya qul kimi gəlir”.

– …

– Əlbəttə, əlbəttə! Mən də ona deyərdim ki, bunlar olsa-olsa qarımışlar, ya da əcaib məxluqlardı. Hər halda, alınmayan obrazlardı. Və Ernan mənimlə razılaşıb deyərdi: “Sən bir bu ölkədəki təzada fikir ver! Kim inanar ki, bizim zəmanədə Buenos-Ayresdə hələ də belə eksponatlar mövcuddu. Onlar göydənmi eniblər? Mənim onlara sadəcə yazığım gəlir”. Hə, belə deyərdi. Axşamlar indi sənin əyləşdiyin yerdə oturub saatlarla onları muşahidə eləyərdi. Biz televizoru, ya radiolanı yandırardıq, şampan içərdik, rəqs edərdik, sevişərdik… Və bütün bunları eləyə-eləyə bir gözümüz pəncərədə olardı. Həmin otaqlar işıqlananda zavallıların əllərində şam havalı kimi necə oyan-buyana var-gəl elədiklərinə baxardıq. “Yuxusuz yuxulular”. Ernan onları belə adlandırardı. Dəqiq ifadədi, eləmi? Bəs indi?! İlahi, mən onsuz necə də təkəm!

– …

– Hə, əlbəttə. Ernan hər gün gəlirdi. Demək olar, bütün gecələrini mənimlə keçirirdi. Ya burda, ya da eyvanda otururduq… Bir qurtum çaxır, yaxşı bir siqaret… Ekranda kölgələr kimi yırğalanan bu qadınlara baxanda hərdən onların da bizə göz qoyduqlarını təsəvvürümüzə gətirirdik. Yəqin, bizə – bu bir cüt aşiqə baxdıqca paxıllıqdan dəli olurdular. Qucaqlaşırdıq. Özümü xoşbəxt hiss eləyirdim. Çünki məndə olan başqalarında yox idi. Və sevinirdim ki, mən çoxları üçün əlçatmaz olanı qazana bilmişəm. Hərdən Ernan onlara binoklla baxırdı. Bu da, hətta bu da mənə xoş gəlirdi. Elə bilirdim, bu əcaiblərə baxdıqca mənə daha çox bağlanacaq. Bilmirəm, sənə necə izah edim, hə, elə bilirdim, sevgimizin sonu olmayacaq! Hə, hə, Ernan həmişə formadaydı! Bir himə bənd idi. Yataqda o necə də… sözlə deyə bilmirəm. Elə bil hansısa maraqlı bir oyunun içindəydik. Bu, heyrətamiz idi! Sənə necə izah eləyim… Elə bil yer üzünün bütün ehtirası, şəhvəti bizdə cəmlənmişdi. Mən bu pansionluların boş, tənha, donmuş həyatıyla öz azad, maraqlı, sözün əsl mənasında müasir həyatım arasında müqayisə aparmağı xoşlayırdım. Elə bil məhəbbətimiz də gün-gündən yeniləşirdi, indiyə qədər görə bilmədiyimiz tərəfləri açılırdı.

– …

– Doğrudu, doğrudu! Bəli, elə bil hamının ən məhrəm arzuları bizim canımızda toplanmışdı. Sanki azadlıq və sevgi adlı anlayışı biz kəşf etmişdik. Ernanın gözü həmin o kölgələr teatrına, özünün dediyi kimi, həmin “yararsız məxluqlara” baxa-baxa qalanda mənim əlim onun bədənində gəzməkdən həzz alırdı. Yadımdadı, bir gün qayıdıb dedi: “Bu anaxronizmdən – şəhərin mərkəzində orta əsrləri xatırladan bu mənzərədən film çəkmək pis olmazdı…” Ernan… O, müasir həyat tərzinin, azad sevginin əsl fədaisi idi! Pəncərəyə baxıb dərhal da mənə sarı gələrdi… Belə vaxtlarda o necə də nəvazişli, ehtiraslı, uşaq kimi dəcəl idi!

– …

– Və… vəssalam. Hər şey bitdi. Bu yaz… qəfildən.

– …

– Xeyr, bilmirəm. Nə baş verdiyinin mənim üçün heç vaxt izahı olmayacaq. Hər şey müəmmayla doludu! Bu, yazın axırlarında oldu. Yadımdadı, bərk istilər idi. Qəflətən dəyişib, nəsə narahat, əsəbi olmuşdu. Elə bil burda boğulurdu. Sonra yoxa çıxdı. Daha bura gəlmirdi, məndən qaçırdı, adətən, dostlarla yığışdığımız yerlərdən də uzaq düşmüşdü… Ernan qeybə çəkilmişdi, ehtirası buz kimi əriyib getmişdi. Odur ki mən əvvəllər heç vaxt bizim münasibətləri nikahla rəsmiləşdirmək istəməsəm də… Bu, mənasız bir şeydi axı, o mənə dəlicəsinə vurulmuşdu! Odur ki mən özüm…

– …

– Hə, özüm də bilirəm! O məndən ötrü dəli-divanəydi. Görəsən, necə oldu ki, birdən-birə belə dəyişdi? Bu gözlənilməz ayrılıqdan sonra nə yolla olursa-olsun onu təzədən qaytarmaq qərarına gəldim. Onu itirəcəyimin qorxusundan az qalırdı havalanam. Odur ki əvvəllər vaxtın azlığındanmı, bir-birimizə olan sonsuz inamdanmı ehtiyac görmədiyimiz sənədləşmə işini ləngitməməyə qərar verdim. Doğrudan da, Ernanın öz reklam filmlərindən, mənim də cənub ərazilərdə tikinti layihələrimlə bağlı lənətə gəlmiş uğurlarımdan başım açılmırdı… Haqlısan, mən ehtiyatı əldən vermişdim. Çünki onun mənə qarşı münasibətində dəyişikliyə qəti hazır deyildim. Mən yaman yerdə yaxalanmışdım. Özümə gəlib onu qaytarmaq istəyəndə Ernan artıq bütünlüklə özünü yeni məhəbbətinə qurban vermişdi. Onun evlənmək xəbərini eşidəndə elə bil məni ildırım vurdu. Tamamilə əzilmişdim. Məhv olmuşdum. İndi də…

– …

– Elə məsələ də ondadı ki, onu heç kim tanımır. Hə, o bizim dost-tanışlardan deyil, amma sifət cizgiləri Ernanın filmlərinə uyğun gəlir. Necə deyərlər, yeni üslubda gözəlçə, gözəlliyin yeni növü, anladın?

– …

– Hardan peyda oldu? Bəli, göydən endi! Bu sözü qəti şişirtmədən sənə deyirəm. ...O, axşamlar “saat doqquzdan sonra həyatdan silinən həmin o yararsız məxluqlardan” biridi… Aydın oldu? Bax həmin o ətirşahlı pəncərə onun yataq otağıdı. Bəli, bəli, həmin o ətirşahlı pəncərə…

 Tərcümə edən: Yaşar