Gülhüseyn Hüseynoğlu
(1923-2013)

Xalq yazıçısı, professor. Azərbaycan ədəbiyyatında mənsur şeir janrının yaradıcısı. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. ADU-nun Azərbaycan sovet ədəbiyyatı kafedrasının professoru, Filologiya fakültəsi Elmi şurasının üzvü olub. Ədəbi yaradıcılığa şeir və kiçik hekayələrlə başlayıb. “Ana”adlı ilk hekayəsi 1944-cü ildə, “Bənövşə əfsanəsi” adlı ilk mənsur şeiri 1946-cı ildə işıq üzü görüb. “Xəzərin qoynunda”, “Bir ömrün çıraqları”, “Poylunun gənc çobanı”, “Etiraf’, “Nigarançılığın sonu”, “Ay nur çiləyəndə”, “Yaşatmaq üçün“, “İnsan”, “Beşincilər”, “Gözəl”, “Sübh çağı”, “Mücrü”, “Ömrümüz boyu”, “İnsanlar və dalğalar”, “Qatargedir”, “Simic”, “Çətinyol” kimi otuzdan artıq nəsr kitabının, M.Müşfiq haqqında monoqrafik elmi əsərin müəllifidir.

Mücrü

O gəlin köçəndə anası mücrü də qoydu cehizinin üstünə. “Gəlin mücrüsüz olmaz!” dedi. Nənə yadigarı idi bu balaca, naxışları solğun mücrü. İndi də onun qisməti oldu.

O, üzük, qızıl saat və sırğalarını qoyardı mücrüyə. Mücrü paltar dolabında ən yuxarı gözə qalxmışdı. Əzizlənirdi mücrü, sevilirdi mücrü...

Bir gün gəlin ana oldu. Əri hədiyyə ilə evə gəldi. Açıldı mücrü, cavan ana qızıl boyunbağını qoydu, örtüldü mücrü.

İkinci uşaq dünyaya gəldi. Açıldı mücrü, örtüldü mücrü.

Üçüncü... dördüncü... beşinci...

Açıldı mücrü, örtüldü mücrü...

Doldu mücrü.

***

Atanı müharibə apardı. Ehtiyacla əlbəyaxa oldu ana. Gecəsi gündüzə, gündüzü gecəyə qarışdı ananın. Ancaq itirmədi özünü, itirə bilməzdi ana!

Bir dəqiqə də işsiz durmadı, bir dəqiqə də. Lakin çatışmırdı qazancı ananın!

Açıldı mücrü, örtüldü mücrü. Nişan şeyləri, ər hədiyyələri bazara ayaq açdı...

Kədərlə açıldı mücrü, kədərlə örtüldü mücrü...

Boşaldı mücrü...

***

Bir gün ananın ilkisi sevincək evə gəldi. Diplomla gəldi. İlk diplom idi ki, onların evinə qədəm qoyurdu. Ali məktəb diplomu.

Ana doluxsuna-doluxsuna diplomu dodaqlarına apardı, bağrına basdı, gözlərində yaş görünəndə yadına çoxdan unudulmuş mücrü düşdü...

Ananın əlləri, mehriban əlləri mücrüyə toxunanda mücrü sanki cana gəldi, sevincək açıldı mücrü, diplomu ağuşuna aldı, gülümsədi, sevincək örtüldü mücrü.

Evə ikinci diplom gəldi. Açıldı mücrü, örtüldü mücrü.

Üçüncü... dördüncü... beşinci...

Açıldı mücrü, örtüldü mücrü... 

Tamam doldu mücrü.

Ana oxşadı mücrünü. Oxşadı... Qızlıq çağları... gəlin köçdüyü anlar, anasının dediyi “Gəlin mücrüsüz olmaz!” sözləri... ər hədiyyələri... amansız ehtiyacla dəhşətli vuruşmalar... uşaqları yatırandan sonra tökdüyü göz yaşları, boğuq hıçqırıqlar... göz qabağına gəldi. Çox şeylər gəldi, çox şeylər!..

Mücrünü öz yerinə qoyanda anaya o indi ağır, əvvəlkindən qat-qat ağır gəldi...

Ana yanılmamışdı. O sərvət hara, bu sərvət hara?!

Ad

Nənələr ilk nəvələrinin adqoydu gününü təntənəli keçirsinlər deyə, bütün qohum-əqrəbanı, tanış-bilişi çağırmışdılar.

Yeyib-içdikdən, çalıb-oynadıqdan, deyib-güldükdən sonra əsl mətləbə keçdilər. Mübahisə də elə buradan başladı. Qız adamları ilə oğlan adamlarının sözü düz gəlmirdi. Körpənin ana nənəsi, xalası bir ad, ata nənəsi, bibisi başqa bir ad təklif eləyirdilər. Söz yox, bu adlar da müzakirəyə qoyulur, hərəsinə bir irad tutulurdu: yaxşı səslənmir, “modnı” deyil, dilə yatmır...

Mübahisədə təkcə ev yiyəsi, yəni körpənin ata-babası Mürsəl iştirak eləmirdi. Sakitcə bir yanda durmuşdu, danışanlara qulaq asırdı. Bu, deyəsən, körpənin ana nənəsinin nəzərindən qaçmamışdı. O, Mürsəl babanı öz tərəfinə çəkməklə mübahisədə udacağını düşünüb sevindi; fürsəti əldən qaçırmasın deyə, tez ona müraciət etdi:

- Mürsəl qardaş, bəs sən niyə bir söz demirsən? Belə olmaz aaa!.. Bir de görək sən hansı adı bəyənirsən, hansını bəyənmirsən. Mən sənin “vkusuna” heç şübhə eləməmişəm. İndi nə desən, gözüyumulu razı olacağam. Hə, bir danış görək, bizi nigarançılıqdan qurtar...

Mürsəl düşüncəli, sualla dolu nəzərlərini əvvəlcə ona müraciət edən nənənin, sonra arvadının üzündə gəzdirib dedi:

- Mən bayaqdan sizi dinləyirəm, mənim əzizlərim! Nahaq mübahisə eləyirsiniz, özünüzü yorursunuz. Bir şair bu barədə gözəl deyib. O deyib ki, uşaqlara qoyduğumuz ad şərti addır, müvəqqətidir, birini digərindən ayırmaq üçündür. Yaddan çıxarmayın ki, çağa əsl adını böyüyəndən sonra özü qoyacaq... - Mürsəl susub qüssəli gözləri ilə oğlu Əjdəri axtardı, ürəyi əsə-əsə ona ani bir nəzər saldı, yenidən sözünə davam edəndə səsindəki titrəyişə özü də məəttəl qaldı: - Bəli, bəli, əsl adı o özü qazanacaq. Öz işi, öz hünəri, əməli sayəsində qazanacaqdır. Ancaq bu ad onun əbədi adı olacaqdır.

Hamı bilirdi ki, Mürsəl havayı söz danışan adam deyil. İndi də söz- lərindəki eyhamın kimisə döyəclədiyi gün kimi aydındı. Kimi? Bunu məclisdəkilərdən bir çoxu duymuşdu. Mürsəl də belə fikirləşirdi. Ancaq o, yenə zənninin düz olub-olmadığını bilmək üçün başını qaldırıb həmin adamlara baxanda ətli sifəti qızardı, alnında tər damcıları göründü, elektrik lampası gözlərində rəngdən-rəngə düşdü...

Tez-tez gah ona, gah da Əjdərə baxan adamların him-cimi ayaq tutub yeriyirdi.

Əjdər ona dikilən sorğulu nəzərlərdən heç cür yayına bilmirdi. Özünü yaman itirmişdi. Başını qaldırıb atasına baxanda onu tanımadı. Kişi elə bil bir anın içində dəyişib başqa adam olmuşdu. Əjdər ömründə birinci dəfə atasının halına acıdı...

Acıdı və birdən-birə ona elə gəldi ki, gözləri işıqlandı, hər şey onun üçün aydın oldu, tərəddüdlərinə son qoyuldu. Qəlbinin dərinliklərindən bir səs gəldi. Zəhmli, amiranə, nəvazişkar, mehriban bir səs. Bu səsi hərisliklə, acgözlüklə dinlədi:

“Əsl ad, əbədi ad!..”

Bu sözlər elə bil onu silkələyib yuxudan ayıltdı və ilkin olaraq bütün varlığı ilə duydu ki, o da atadır. Həyatında yeni bir mərhələ başlanmışdır. “Oğul, gəlişinə qurban olum! Gəlişinlə təvazökar atamı dilə gətirdin, o da axır ki, canını dişinə tutub mənə kim olduğumu dedi. Bunu ona sən dedirtdin, oğul! Bunun üçün mən sənə minnətdar olmalıyam!..”

Atasının rəngdən-rəngə düşən sifəti, alnındakı tər damcıları gözləri önündən çəkilmirdi. İllah da ki, tər damcıları... Getdikcə daha da artır, artırdı:

“Ata can, ata! Mənim əvəzimə qızaran, tər tökən ata! Sözlərin gözlə-rimi yaman açdı, məni...”

Qulağının dibindəcə qopan qəhqəhə Əjdəri fikirlərindən ayırdı. Yan- yörəsinə göz gəzdirdi. Hər şey öz axını ilə gedirdi. Atası da məclisdəkilərə qoşulmuşdu. Gözləri gözlərinə sataşanda duydu ki, xalaxətri qoşulmuşdur. Özlüyündə buna haqq verdi. Axı qonaqların kefinə soğan doğramaq nə lazım idi?!

Əjdərə elə bil hava çatışmırdı. Yaxasını açdı. Sonra nə düşündüsə, o da atası kimi özünü şad göstərməyə çalışdı, istər-istəməz bu axına qoşuldu. 

Nəvə nənələrin əlindən düşmürdü. Onun xəfifcə təbəssümü dam dolusu şadlığa səbəb olurdu. Nəhayət, ona ad qoyuldu. Məclis yenidən cana gəldi. Yenidən deyib-güldülər, yeyib-içdilər, şadyanalıq etdilər. Sevinc, şadlıq içində də dağılışdılar.

Bu gecə ancaq iki nəfər özündə olmalıdı: Mürsəl baba, Əjdər ata.

Mürsəl baba oğlunun tutulduğunu, pərt olduğunu gözləri qabağına gətirincə qəlbində bir-birinə zidd hisslər baş qaldırırdı. O, hərəkətində özünü həm haqlı sayırdı, həm də yox. Haqlı sayırdı ona görə ki, əvvəl-axır oğluna səhvini başa salmalı idi. Haqlı saymırdı ona görə ki, sözləri həqiqət olsa da, onları heç olmasa bu gecədə, bu əziz gecədə, qonaqların hüzurunda gərək etməyəydi. Oğlunun acı dərmanını həyatının ən şirin, ən əziz dəqiqələrində gərək ona içirməyəydi, səhəri gözləyəydi. Səhər ikilikdə oturub beşqat da artığını deyəydi, dərmanın hamısını birdən verəydi. Onda qəlbi də heç indiki təkin ağrımazdı...

Mürsəl kişi bu hisslərin təsiri ilə yatağında tez-tez oyana-buyana çevrildi, xeyli vaxt yuxulaya bilmədi.

Əjdər də bütün gecəni yuxulaya bilmədi. Ağır düşüncələr içində tora düşmüş quş kimi çırpındı:

“Mən kiməm? Ata-ana himayəsinə qısılıb yatan bir adam. Məni min arzu ilə böyütmüşlər, min arzu ilə oxutmuşlar. Əlimə diplom vermişlər, həkimlik diplomu. Məni evləndirmişlər. Kişi eləmişlər. Arvad-uşağım var. İndi özüm də, arvadım da, uşağım da atamın boynunda yükük. Arvadı kinoya aparanda da cibimə xərcliyi atam qoyur...

Məgər mən işləyə bilmərəm? Şəhərdə iş vermirlər?! Nə olsun ki, vermirlər! Məni ki kəndə təyin eləmişlər. Niyə getmirəm? Ucqar kənd olanda nə olar? Nə üçün gedib orada əl-qolunu çırmayıb camaatın dərdinə qalmıram? Necə? Anam razı olmur? Bircə övladının gözündən iraq olmasına dözə bilmir? Heç bu da sözdür? Mən boyda kişi də anasının tumanının yanını kəsdirib durarmı? Dura bilərmi? İndi ki durmuşam.... Adamda nə yaman üz olurmuş!”

Körpənin ağlaması Əjdəri fikirlərindən ayırdı. O əvvəlcə, adəti üzrə, istədi yanında uzanmış arvadı dümsükləyib oyatsın... “Aaaz... dur, gör varis ağa nə istəyir, lalın dilin nənəsi bilər, onunkunu da sən. İstədiyini ver, ağzını yum. Qoy bir çimir gözümüzə yuxu getsin”.

Lakin bu fikrindən tezcə vaz keçdi. Durub uşaq arabasını ehmalca bir- iki dəfə oyan-buyana sürdü. Körpə elə bil buna bənd imiş. Səsini xırp kəsdi, gözləri yumuldu.

Əjdər yerinə girən kimi fikir-xəyalat yenə onu basdı: “Atam yaxşı adamdır. O, mənim pis iş tutduğumu bilir, bunun üçün ürəyi ağrıyırmış, ancaq məni sevdiyindən üzümə vurmurmuş, gözləyirmiş ki, səhvimi özüm başa düşüm... Mənsə, gönüqalın, hər şeyi qulaqardına vurmuşam... Nə var, nə var, anam mənsiz dözə bilməz. Eh, heç dözməsin...”

Bu vaxt arvadı bir böyründən o biri böyru üstə çevrildi. Yarıyuxulu gözlər bir anlığa ərinə zilləndi. Tez də yumuldu. Əjdər arvadının pıçıltısını aydınca eşitdi:

- Əjdər... Mənim Əjdərim...

Sonra onun uzun-uzadı mışıltısı eşidildi. Əjdər bu mışıltını çox sevirdi. Ancaq, nədənsə, bu gecə o da xoşuna gəlmədi:

“Əjdər... Mənim Əjdərim. Bunun Əjdərinə bax! Heç Əjdər də arvad- uşaq sahibi olandan sonra ata-ana qoltuğuna sığınıb qalar? Eh, yazıq ata, görəsən, bu adı mənə qoyarkən nələr düşünmüsən? Nə arzular, ümidlər bəsləmisən? Amma bayaq nə gözəl dedin: şərti ad, əsl ad. Bəs mən əsl adımı nə vaxt qazanacağam?!”

Arvadı yenə də yuxuda danışdı. Onun qarışıq dediyi kəlmələrdən ancaq bircəciyi Əjdərin qulağına çatdı:

- Oy mama!..

O, əsəbiliklə arvadını yamsıladı:

- Oy mama, oy mama! Elə o mamalar deyil evimizi yıxan?! Hər şeydən əl-qolumuzu soyudan?!.

***

Sübhün gözü açılmamış Əjdər ayağa qalxdı, gözləri qızarmışdı, başında bərk ağrılar vardı. Yuyunub geyindi, yemək otağına keçib atasını gözlədi. Onun belə erkən qalxması atasını təəccübləndirməyə bilməzdi. Lakin o, bunun üstünü vurmadı. Salam-kalamdan sonra Əjdərin, atasına ilk sözü bu oldu:

- Ata, mən gedirəm!..

- Haraya, oğul?

- Kəndə... Təyinat alıb indiyəcən getmədiyim yerə. Yolumu gözləyən xəstələrin yanına. Ancaq, ata, anamla görək özün danışasan, qoymayasan şivən-zad qoparsın.

- Ondan arxayın ol, birtəhər çalışıb sakit edərəm.

- Bir də, ata... - Əjdər duruxdu. Azca tərəddüddən sonra əlavə etdi:

- Gəlininlə nəvən hələlik burda qalsınlar. İnstitutu qurtaran kimi onun da təyinatını işlədiyim kəndə alarıq. Çox qalmayıb, ortalıqda vur-tut yeddi- səkkiz ayın sözü var.

- Oğlum, sən bunların hamısını elə bir gecəyə fikirləşmisən? - Kefi açılan Mürsəl, həmişəki adəti üzrə, oğlu ilə şirin zarafata keçmək istədi.

Əjdər isə çox ciddi cavab verdi:

- Bəli, ata, hamısını bu gecə. Səni qonaqlar yanında bir daha utandırmamaq üçün hamısını bu gecə fikirləşmişəm. Şərti adı daşıdığım bəs deyilmi? İndi də əsl adı qazanmaq gərəkdir. Doğrudur, çox geçikmişəm, ancaq elə bilirəm bunun üçün məni bağışlarsan.

- Mürsəl kişinin gözləri yaşarmışdı. Sinəsi şiddətlə qalxıb-enirdi. Ayağa durub əvvəlcə oğlunu alnından öpdü, sonra yaşına uyğun olmayan bir çevikliklə əlini sıxdı, qürurla, astaca dedi:

- Yaxşı yol, oğul, yaxşı yol!