İnqilab şairiyəm

 

Balaş Azəroğlu
(1921-2011)

Xalq şairi, Əməkdar incəsənət xadimi. “Savalan”, “Gənclik dostlarım”, “Mənim nəğmələrim”, “Səhər şəfəqləri”, “Sənətin qüdrəti”, “İtmiş qız haqqında dastan”, “Hafizin qəbri üstündə”, “Elə oğul istəyir vətən”, “İki dost”, “Məcnun söyüd”, “İllərdən illərə”, “Bir kürsü istəyirəm” və bu kimi otuzdan artıq şeir kitabının müəllifidir.

İnqilab şairiyəm

Mən nə şah, mən nə sultan, nə yaraşıq, nə ziynət,

Nə əfsanə, nə mələk, nə saray, nə səltənət,

Nə qədim əsrləri yada salıb ağlayan,

Nə ömrünü qəzələ, mərsiyəyə bağlayan,

Nə dövrün hakiminə şeir yazıb pul alan,

Nə cəlladlar önündə həyat üçün alçalan,

Nə peymana, nə saqi, nə şərab şairiyəm,

Azadlığın carçısı inqilab şairiyəm.

 

Mən əyilib hakimin əllərindən öpmədim,

Şeirimi çiçək kimi ayaqlara səpmədim.

Nə aciz bir bəndəyəm, nə satılmış bir qulam,

Nə saray məddahıyam dərgahlardan qovulam.

Mən ellərin oğluyam, ellər böyütmüş məni.

Şeirim eldən alıbdır bu ilhamı, qüvvəni.

Mən nə şam, nə pərvanə, nə rübab şairiyəm,

Azadlığın carçısı inqilab şairiyəm.

 

Mənim könül dəftərim bənzəyir gülüstana,

Onda yer verilməmiş qarlı qışa, tufana,

Bir bahar ətri vardır hər şeirimdə, sözümdə,

Baharın həsrətiylə yaşayıram özüm də.

Mən əl açıb göylərdən diləmədim azadlıq,

Mənim arxalandığım onlardan daha artıq.

Ölkələr həsrət çəkən afitab şairiyəm,

Azadlığın carçısı inqilab şairiyəm.

 

Ulu tanrı

Bir bəndənəm bu dünyaya gələli,

Ulu Tanrım, bu bəndənə həyan ol.

Səndən başqa yox kimsəyə ümidim,

Ulu Tanrım, bu bəndənə həyan ol.

 

Bu dünyanın gərdişinə dolandım,

Nə dedilər doğru bildim, inandım.

Bu həyatın yollarında talandım,

Ulu Tanrım, bu bəndənə həyan ol.

 

Fələk mənlə düz gəlmədi, kəs oldu,

Arzularım, ümidlərim heç oldu.

Taleyimə yazılanlar pozuldu,

Ulu Tanrım, bu bəndənə həyan ol.

 

Xəbərim yox mənsiz qalan elimdən,

Nə edim ki, heç nə gəlməz əlimdən.

Bir an belə adın düşməz dilimdən,

Ulu Tanrım, bu bəndənə həyan ol.

 

Bir çinaram, əyilmərəm yelə mən,

Sinə gərrəm tufana mən, selə mən.

Hər an bunu gətirərəm dilə mən,

Ulu Tanrım, bu bəndənə həyan ol.

 

Həyan olsan arzularım çin olar,

Gözlərimdə bütün dünya durular.

Ürəyimdə neçə-neçə arzum var,

Ulu Tanrım, bu bəndənə həyan ol.

 

Dilimdədir, Tanrı sözü, haqq sözü,

Hər çətini asan edər haqq özü.

Qismət ola bir də görəm Təbrizi,

Ulu Tanrım, bu bəndənə həyan ol,

Səndən dilək diləyənə həyan ol.

 

Bahara nə qaldı

Payız qapımızı döysə də dostum,

Bahara nə qaldı? Bircə qış ömrü.

Payızın dərdini çəkmə, bilirsən –

Gəlib keçəcəkdir qar-yağış ömrü.

 

Ağarmış saçıma sən baxma belə,

Yazda çiçəklənər armud ağacı.

Bilirsən təbiət öz əlləriylə

Başıma qoymuşdur bir gümüş tacı.

 

Yazda qar altında bənövşə çıxar,

Qəlbimdə bənövşə havası vardır.

Saçımın qəlbimlə fərqini axtar,

Qış ilə baharın davası vardır...

 

Payız gəlib keçsə, qış da keçəcək,

Təzə don geyəcək çəmən də, düz də.

Demə, qapımızı şaxta döyəcək,

Qarşıda bahardır, baharı gözlə.

 

Bölmə ömrümüzü fəsillərə sən,

Bir fəsil ötdümü gələcək biri.

Düşün nə vermisən bu illərə sən,

Sənə nə vermişdi ömrün illəri.

 

Azərbaycan

Əziz Azərbaycan, ey gözəl diyar,

Anamın mehriban qucağı sənsən.

Könül tərlanının uçub qonduğu,

Onun çox sevdiyi budağı sənsən.

 

Sənsən düşündüyüm sənsən andığım,

Mən bu dünyada arxalandığım.

Yetər alışdığım, yetər yandığım,

Şirin qəlbimin sorağı sənsən.

 

Qoy açsın könlümü sözlərim mənim,

Səndən nicat umur gözlərim mənim.

Hələ əyilməyib dizlərim mənim,

Çünkü o dizlərin dayağı sənsən.

 

Desəm də vurğunam, divanə sanma,

Mən ki öz oğlunam, biganə sanma.

Bir şəmsiz, atəşsiz, pərvanə sanma,

Yandığım odların ocağı sənsən.

 

Qoy bilsin ey vətən bu alçaq yağı,

Solmaz baxçamızın yaşıl yarpağı.

Sən Babək yurdusan, Azər torpağı,

Aslanlar oylağı, yatağı sənsən.