Əbədi beşik

 

İslam Səfərli

(1923-1974)

Şair, dramaturq, tərcüməçi. Əməkdar incəsənət xadimi. “Onüçlər”, “Qoşa söyüd”, “Sınaq gecəsi”, “Çex qızının məhəbbəti”, “Yaralı nəğmə” kitablarının, “Qığılcım”, “Fırtınalar adası”, “Dəfinə” poemalarının, “Göz həkimi”, “Ana ürəyi”, “Yol ayrıcı”, “Xeyir və Şər”, “Dədəgünəş əfsanəsi” pyeslərinin müəllifidir. M.Svetlov, S.Marşak, M.Tursunzadə, M.Kərim, K.Koladze, Y.Dolmatovski və digər şairlərin əsərlərindən nümunələri dilimizə çevirib.

 

Əbədi beşik

Babamızın

kölgəli

çətri bu torpaqdadır,

qəbri bu torpaqdadır.

 

Nənəmizin

gül kimi

ətri bu torpaqdadır,

qəbri bu torpaqdadır.

 

El qədrini

bilənin

qədri bu torpaqdadır,

qəbri bu torpaqdadır.

 

Mən də qızıl şahinəm,

Aranlıyam, dağlıyam!

Ulu əcdadım kimi

Torpağıma bağlıyam.

 

O - olum beşiyimdir,

O - ölüm beşiyimdir!..

 

Sənə qurban canım, Azərbaycanım!

Torpağın ətrini sinəmə çəkdim,

dodağım gül açdı,

ürəyim çiçək.

Xəzər sahilində bir çinar əkdim,

söyüdlər nazlandı

gülümsəyərək.

Dəniz mahnısını oxudu sanki,

ətəyi ləpəli,

qırçınlı Bakı...

Kükrədi ilhamım, qaynadı qanım,

Sənə qurban canım, Azərbaycanım!

 

Ağ bir şərid kimi uzanıb gedir,

dumanlı, çiskinli,

günəşli yollar,

Bəzisi həyatdan usanıb gedir,

mənimsə yollarda

hekayətim var.

El özü qoruyar axarlı şeri,

dağlar quzey qarı

sərində saxlar.

Bağrıma basmasam hər qarış yeri,

torpaq öz sirrini

dərində saxlar.

Aç söylə, qoy bir də alışım, yanım,

Sənə qurban canım, Azərbaycanım!

 

Meyvəli bağçalar, bəhərli çöllər,

ellərə can verib,

min şərbət dadır.

Axarlı çaylaqlar, səfalı göllər,

gümüş şəlalələr

bu torpaqdadır.

Hərdən düşüncələr sarır insanı,

çayüstü körpülər

asma yolumdur.

Bağrıma basmışam Azərbaycanı

Araz bir qolumdur!

Kür bir qolumdur!

Əlvan naxışlısan, doğma məkanım,

Sənə qurban canım, Azərbaycanım!

 

Bu necə mənadır, bu necə hikmət,

deyirlər ağlayır

bulağın gözü.

Danışır təbiət-şair təbiət, 

qovağın dili var,

çinarın sözü.

Mənim də boş yerə sözüm olmayıb,

qəlbinə dəymədim

əsla bir kəsin.

Özgə torpağında gözüm olmayıb,

ana torpağıma

göz dikilməsin!

Əmr et!

Keşiyində mətin dayanım,

Sənə qurban canım, Azərbaycanım!

 

Sənsən

Göydə qövsi-qüzehim,

Yerdə gül üstdə şehim - sənsən!

 

Masam üstdə işığım,

Evimdə yaraşığım - sənsən!

 

Pəncərəmdə küləyim,

Ürəyimdə ürəyim - sənsən!

 

Dərmanım-davam mənim,

Ən təmiz havam mənim - sənsən!

 

Dəryada nadir incim,

Həyatda ilk sevincim - sənsən!

 

Qurban olum mən

Dünyanın ən gözəl günüdür bu gün,

Çəmənlər laləli, çiçəklər gülgün.

Qoy çalıb-çağırsın neçə toy-düyün,

Qara gözlərinə heyran olum mən,

Doğulduğun günə qurban olum mən.

 

Sən nə lətafətli, sən nə incəsən?

Qol-qanad olmusan hər sevincə sən.

Göy göldən dərilmiş qızıl qönçəsən,

Bir gülsən, qoy sənə güldan olum mən,

Doğulduğun günə qurban olum mən.

 

Ömürlük sənindir eşqim, sevgilim,

Səninlə gülzara dönür hər ilim.

Sən tazə-tər yaşa, solma, ey gülüm,

Qoy sənin yerinə xəzan olum mən,

Doğulduğun günə qurban olum mən...

 

İntizar

Şiş dağların arxasında

Günəş batır, sevgilim.

Göy budaqlar arasında

Quşlar yatır, sevgilim.

 

Yuxum qaçmış, kirpiklərim

Qovuşmayır gecələr.

Demə səni vurğun qəlbim

Soruşmayır gecələr.

 

Ulduzların sanı qədər

Səni yada salıram.

Evinizin qabağında

Sübhə kimi qalıram.

 

Səhər mehi pəncərənə

Qanad çalan anda mən,

Camalına ilk pərvanə

Oluram cahanda mən.

 

Qara gözlüm, şər qarışır,

Axşam düşür, gəl barı,

Vüsalla çiçək açsın

Eşqimizin baharı.