Nilufər Şıxlı - Sevgi şeir olsaydı...

 

Sevgi şeir olsaydı...

Sevgi nəğmə olsaydı,

Hər sətir sən olardın.

Qopub dodaqlarımdan

Ürəyimə dolardın.

 

Sevgi külək olsaydı,

Mən də qanad taxardım.

Uçaraq xəyallara

Gözlərinə baxardım.

 

Sevgi həyat olsaydı,

Yaşayardım ürəkdən.

Qovuşardıq ömürlük

Torpaq, Günəş, sən və mən!

 

Sevgi dəniz olsaydı,

Sahilində azardım.

Sevgi şeir olsaydı,

Sənə şeir yazardım!

 

Pianonu ağladır həzin nəğmə bayaqdan...

Bu, mənəmmi ağlayan,

Həzin nəğmə səsimi?

Yanağımı oxşayan

Yağışın busəsimi?

 

...Göy üzündə gözlərim

Ümid axtarır yenə... 

Həsrət təzə don biçir

Sevgimizin əyninə...

 

Üfüqlər qəlbim kimi

Alışmada, yanmada.

Bu gün iki gündü ki,

Sənsizəm bu dünyada.

 

Hər şey mənim əksimə:

Xəyal, fikir, düşüncə;

Qəfil döyülən qapı;

Erkən qaralan gecə...

 

Qulaqlarım tutulur,

Sənsizlik haray salıb.

Cavanlıq duyğularım

Bir gecədə qocalıb.

 

Dünya geri fırlanır,

Durammıram ayaqda.

Pianonu ağladır

Həzin nəğmə bayaqdan...

 

* * * 

Çəkilək bir adaya,

Hər tərəf dəniz olsun...

Gülək, qara buludlar

Dönüb ağbəniz olsun!

 

Çəkilək bir adaya

Yaşıllıqdan don geyək.

Hər dərdə, hər acıya,

Hər xiffətə son deyək! 

 

Çəkilək bir adaya,

Düşünməyək heç kəsi.

Hər gün oyatsın bizi

Qağayıların səsi.

 

Gizlənək gəmilərdən

Gözdən itincəyədək.

Ayrılmayaq bu yerdən

Ömür bitincəyədək...

 

...Bizdən sonra qəlblərə

Qoy yayılsın sədası;

Sevənləri səsləsin

"Sevənlərin adası".