Nərmin Dadaşova - Siqaret iyi gələn qadın

 

Siqaret iyi gələn qadın

Siqaret iyi gələn qadın,

Bilirəm, bədbəxtsən

Kişilər yatağa canını qoyur, deyən adam,

Bilirəm, tənhasan Gedirsənsə əgər

Həm də getdiyin yer çox yaxındadırsa,

Qayıtmaq ehtimalın yox demək İnsanları yalnız uzaqlıqlar birləşdirir Əlini-qolunu ölçüb danışan kişi,

Bilirəm borclusan dostuna Sümüyə dirənib bıçaq

amma eybi yox, sənin qadınından siqaret iyi gəlməz əsas olan bu

Boş ver pulu, boş ver dostu

 

***

suda boğulan adamın

saman çöpündən yapışdığını gördünmü heç?

mən yıxılan adamın havadan yapışdığını gördüm

evimizin dam örtüyünü vuran usta

bizim evimizi tikərkən, öz evini yıxmışdı,

yıxılmışdı və ölmüşdü...

onda ilk dəfə uçan adam görmüşdüm

həm də ölən adam...

gözlərini yummadan ölmüşdü, Şəhriyar, yummadan...

bütün ölən adamlar, yəni dönməmək üzərə gedən adamlar

samandan ağır olanlar, havasız qalanlar,

bıçağa tuş gələnlər

yananlar, itənlər, qəzaya düşənlər

mənə evimizin damından yıxılan adamı xatırladır, Şəhriyar...

lütfən, qov onları yuxularımdan

həmin evdə illərlə bayramları qutladıq,

doğum günlərimizi qeyd etdik

o damından adam yıxılıb ölən evdə böyüdüm mən

lütfən, qov uşaqlığımı gözümün önündən, Şəhriyar...

 

***

Rafiq Tağıya...

Biz üç dost içib-içib ağladıq gecədən bəri yemədik, yatmadıq

udum-udum hava diləndik, nəfəs diləndik boğazımıza sarılan əllərdən qopa bilmədik, bilmədik

evimizdəki bütün bıçaqları danladım səhərə qədər "olmaz, - dedim -

adamın ürəyinə batmaq olmaz", - dedim... bütün əllərə nifrət elədim...

biz üç dost udum-udum hava diləndik, nəfəs diləndik səhərə qədər içib-içib ağladıq...

əşyaları yerə çırpdıq, ortalığı dağıtdıq.

bağırdıq

yorulduq

gözümüzdən yaş əvəzinə, qəzəb damladı

kürəyimiz ağrıdı səhərə qədər

sənə dəyən bıçaqların soyuğunu hiss etdik canımızda.

bu gecə içkilər daha acı oldu, siqaretlər daha çəkilməz...

çəkilməz oldu, başımızdan ağrılar, çəkilməz...

 

***

Bir də baxıb görəm ki

Yayda küləyinə möhtac olduğum sərinkeş

Öz-özünə fırlanır eyvanda

Üzü küçəyə sarı

Üzü adamlara, küləyə sarı

Üşüyürəm, ana

Yaman soyuyub havalar burda

Qulağın radionu, gözün xəbərləri izləyir, bilirəm

Bütün qəzalardan,

Bütün partlayışlardan,

Bütün yağacaq yağışların proqnozlarından sonra Gələn telefon zənginin sən olduğunu yaxşı bilirəm Narahat olma, ana, yaxşıyam,

Hər şeyə rəğmən, yaxşıyam...