Milan Kunderanın “Folknerdən Servantesə qədər uzanan keçmiş”i

 

Şair, yazıçı, dramaturq. 1929-cu ilin 1 aprelində keçmiş Çexoslovakiyanın Brno şəhərində doğulub. “Zarafat”, “Vida valsı”, “Ölümsüzlük” kimi məşhur romanlar, şeir topluları, dram əsərləri, esselər müəllifidir.

1981-ci ildə Fransa vətəndaşlığı alan çex əsilli yazıçı 1990-cı ildən əsərlərini fransız dilində yazır.

 

Dediyin sözlərin hakimi deyilsən...

Mətbuatda dərc olunmuş müsahibə müsahibin söylədiklərinin əslinə yaxın surətindən başqa bir şey deyil. Bir dəfə müsahibələrimin birində mənim adımdan yalan, səhv sözlər yazılmışdı, üstəlik, mənə aid olmayan fikirlər sözlərim kimi köçürülmüşdü. Buna etirazımı bildirdim. Aldığım cavab belə oldu: “İqtibas gətirilən sözləriniz jurnalistin əlindədir”. Çox sadə bir məsələni anladım: sözləri jurnalist tərəfindən alınan yazıçı artıq dediklərinin hakimi deyil – o, söylədiyi sözlər üzərindəki “yazıçılıq haqqı”nı itirir. Təbii ki, bu, qəbuledilməzdir.

 

Romanın keçmişinə dair

Dörd böyük romançı var: Kafka, Brox, Müzil və Qombroviç. Prustdan sonra ədəbiyyat tarixində sanballı romançı görə bilmirəm. Bu imzaları oxumadan müasir roman barədə çox şeylər aydın ola bilməz. Qısası, həmin yazıçılar modernistdirlər, ehtirasla yeni formalar axtarışındadırlar. Eyni zamanda da avanqard ideologiyalardan (yenilik etməyə, inqilaba olan inam və s.) uzaq olublar. Beləliklə də bu onların sənətə və romana fərqli gözlə baxmalarına imkan verib. Həmin yazıçılar hər şeyi kökündən dəyişməyin zərurətindən bəhs etmirdilər, romanın formal imkanlarının tükəndiyi barədə düşünmürdülər, əksinə, bu imkanları köklü şəkildə genişləndirmək istəyirdilər.

Burada romanın keçmişiylə bağlı başqa bir əlaqə də qurmaq mümkündür. Həmin yazıçılar “ənənə”yə yuxarıdan-aşağı baxmırlar, onların yalnız fərqli ənənə prinsipləri var – hamısı XIX əsrin əvvəlindəki romanların pərəstişkarıdır. Mən o dövrü roman tarixində ilk “dövrlərarası”, həmin yazıçıları isə Mərkəzi Avropanın sanballı romançıları arasında “ulduz toplusu” adlandırıram. Həmin dövr və o dövrün estetikası XIX əsrdə az qala unudulub, qaranlıqda qalıb. Bu ilk dövrlərarası olan xəyanət “romantik təfəkkür” adlandırdığım məsələnin rolunu azaldır. “Romantik təfəkkür” ifadəsini səhv başa düşməyin. Burada, əslində, romanın fəlsəfəyə tabe edilməsi, fikirlərin roman vasitəsilə ifadə olunması mənasını verən qurama “fəlsəfi roman” barədə söz açmıram. “Romantik təfəkkür” Sartrdır, hətta Kamyudur, “Vəba”dır. Müzilin və ya Broxun niyyətisə tamamilə fərqlidir, yəni fəlsəfəyə xidmət etmək deyil, əksinə, həmin günə qədər fəlsəfənin özününküləşdirdiyi sahələri ələ keçirməkdir. Fəlsəfənin konkret olaraq qavraya bilmədiyi, öhdəsindən yalnız romanın gəldiyi metafizik problemlər, insanın yaranmasına dair məsələlər var. Bununla yanaşı, həmin romançılar (xüsusilə Brox və Müzil) romanı üstün poetik və intellektual sintezə çevirə biliblər.

Həmin yazıçılar Amerikada nisbətən az tanınıblar. Amerika romanının özünəxas ənənəsini nəzərə alsaq, bu, dərki çətin olmayan estetika məsələsidir. Amerika roman tarixinin ilk dövrlərarası mərhələsini yaşamayıb. İkincisi, Mərkəzi Avropa romançıları şah əsərlərini yazdıqları dövrdə Amerikanın Heminquey, Folkner və Dos Passosun daxil olduğu öz böyük “ulduz toplusu” vardı ki, həmin toplu az sonra bütün dünyanı təsiri altına ala bildi. Lakin Amerika romanındakı estetika Müzilin estetikasına tamamilə zidd idi; məsələn, romanın təhkiyəsinə yazıçının fikri müdaxiləsi həmin estetikaya yanlış intellektualizm, romanın özünə yad əlavə kimi görünür. Bir xatirəmi qeyd edim: “The New Yorker” jurnalı “Varlığın dözülməz yüngüllüyü” romanımın ilk üç hissəsini dərc edəndə Nitsşenin əbədi qayıdışıyla bağlı olan fəsilləri mətndən çıxarmışdı! Halbuki mənə görə, Nitsşenin əbədi qayıdışıyla əlaqədar yazdıqlarımın hər hansı bir fəlsəfi ifadə ilə əlaqəsi yox idi.

 

Təsir haqqında

Həmin yazıçıların mənə təsirinə gəlincə, Prustun, yaxud Coysun damı altında yox, onlarla eyni estetik dam altında oluram.

Bütün heyranlığıma baxmayaraq Heminqueyin də damı altında olmuram. Haqqında danışdığım yazıçılar bir-birindən təsirlənməyiblər. Hətta bir-birini bəyənməyiblər. Brox Müzili tənqid edirdi, Müzil Broxa qarşı mərhəmətsiz davranırdı, Qombroviç Kafkanı heç sevmir, Brox və Müzil barədə söz açmırdı. Yəqin ki, o üçü də onu qəbul etmirdi. Ola bilsin, onları bu cür bir araya gətirdiyimi eşitsəydilər, mənə hiddətlənərdilər. Bəlkə də, haqlı olardılar. Amma ola da bilsin, həmin “ulduz toplusu”nu özümdən uydurmuşam ki, başımın üstündə bir dam olsun.

 

Slavyan dili və mədəniyyəti

Təbii ki, slavyan dillərinin birliyi mövcuddur, lakin “Slavyan mədəniyyəti” adlı bütövlük yoxdur. Bu mənada “Slavyan ədəbiyyatı” anlayışı da yoxdur.

Əgər kitablarıma “slavyanlıq” nöqteyi-nəzərindən yanaşılsaydı, özümü tanıya bilməzdim. Bu, süni və səhv addımdır. Mərkəzi Avropa (bu, bir dil kimi german-slavyan-macar arealıdır) kitablarım üçün daha məqbul məkandır. Təbii ki, əgər hansısa romanın mənasını və dəyərini qavramaq istəyiriksə, bu həmin kontekstdə bizə o qədər də çox şey qazandıra bilməz. Mən romantik əsərin mənasını və dəyərini ortaya çıxara biləcək yeganə kontekstin Avropa romanı tarixinin kontekstində olduğunu təkrarlamaqdan yorulmayacağam.

 

Deyəcəklər ki, “rus romanını unutdu”

Bu mövzuya toxunmaq vacibdir. Amma dəqiq termin tapa bilməyəcəyimdən narahatam. Əgər “Qərb romanı” desəm, deyəcəklər ki, “rus romanını unutdu”. “Dünya romanı” ifadəsini işlətsəm, haqqında danışdığım romanın tarixən Avropayla bağlı olduğunu gizlətmiş olacağam. Buna görə də “Avropa romanı” deyirəm, lakin bu anlayışdan coğrafi termin kimi deyil, həm Amerikanı, həm də, məsələn, İsraili əhatə edən “mənəvi” termin kimi istifadə edirəm. “Avropa romanı” adlandırdığım anlayış Folknerdən Servantesə qədər uzanan keçmişdir.

  

Tərcümə edən: Nəriman Əbdülrəhmanlı