Hökmdarların məsləhətləşdiyi elm və Allah adamı

 

XV əsrin ortaları... Qara buludlar Teymurun əsasını qoyduğu və öz adını verdiyi imperiyanın başı üzərindən çəkilməyə tələsmir... Məhz bu buludların altındakı kimsəsiz Səmərqənd çöllərində bir atlı harasa dördnala çapır. Sanki hər şey onun atının mənzilbaşına tez çatmasından asılıdır... Bəli, həqiqətən də, o adam mənzilbaşına tez çatmasa, xilaskar rolunu oynamasa, insanlar böyük dəyərlərdən məhrum olacaqlar. Atlı tələsməlidir. Bir zamanlar müəllimi, sonralar yaxın dostu və məsləkdaşı olan Teymurun nəvəsi Uluqbəyin dünyaya səs salacaq elmi irsini mütləq ələ keçirib uzaqlara aparmalıdır. Çünki vəziyyət durmadan qəlizləşir.

Uşaq vaxtından tanıdığı şahzadə Uluqbəy hər zaman at oynatmaq və qılınc çalmaqdan yayınıb meylini kitablara, dərslərə salsa da, zamanın gərdişindən qaça bilmədi. O da bir tərəfi “axsaq” olan taxtda oturdu – bir müddət riyaziyyatdan, astronomiyadan kənarda qaldı.

Deyilənə görə, özünü dünyanın sahibi hesab edən babası Teymur uşaq vaxtı Uluqbəydən nə istədiyini soruşur. Sevimli nəvəsinə deyir ki, nə desən, sənin üçün edəcəyəm. Bu zaman Uluqbəy ulduzları göstərərək deyir: “Bax, mən onları istəyirəm...”

Sanki Uluqbəyin sonrakı həyatı bu sözlərlə cızılır. Bu zaman qoca Teymur fikirləşir ki, ondan hökmdar olmaz!

Dünyanın bütün isti-soyuğunu görən, qılıncın iti yerindən də, küt yerindən də yaralar alan Teymurun bu öncəgörənliyi özünü doğrultdu. Uluqbəyin elə Teymur xasiyyətdə olan oğlu Əbdüllətif 17 yaşına çatar-çatmaz atasını edam etdirdi. Xəbər Kirmana yayıldı. Bu zaman Əli Quşçu böyük Xoca Nəsrəddinin əsərlərini təhlil etməklə məşğul idi. Amma bu xəbərdən sonra dayana bilmədi. Rəsədxananı xilas edə bilməsə də, oradakı mühüm əsərləri çıxarmaq lazım idi...

 

Bəli, kimsəsiz çöllərdəki atlı, Səmərqənddəki rəsədxanaya tələsən “ikinci Ptolemey”, Şərqin böyük astronomu Əli Quşçu idi. Ömrünü dövlət işinə deyil, dini və dünya elmlərinə həsr edən böyük türk alimi Kirmanda, Səmərqənddə yetişib, Ağqoyunlu Uzun Həsənin və Osmanlı sultanı Fateh Mehmetin yanında böyük izzət sahibi olan Əli Quşçu...

Eşitmişdi ki, yeni əmir Səmərqənddəki rəsədxananı şeyxlərin fitvası ilə dağıtmaq istəyir. Çünki şeyxlər oranı dinsizlik yuvası adlandıraraq dərhal məhvini təklif etmişdilər. Rəsədxanada isə bir sıra elmləri tədris edən alimlər, tələbələr, elmin müxtəlif sahələrinə aid olan hücrələr, mühüm astronomiya cihazları və s. var idi. Əli Quşçu bilirdi ki, artıq rəsədxanadakı heyətin əksəriyyəti bundan xəbərdar olaraq oranı tərk ediblər – bir-iki sadiq insandan başqa indi orada kimsə yoxdur. Rəsədxanada olan ən dəyərli yazılar isə Uluqbəyin yazdığı elmi əsərlər idi. Həm onları, həm də başqa yazıları bir kisəyə yığıb harasa aparmaq lazım idi.

– Əvvəlcə mənə bir tikə çörək ver, tələsik çıxdım deyə özümlə heç nə götürmədim.

Rəsədxananın qapısını açan gözətçiyə Əli Quşçu ilk öncə belə deyir. O, çox yaxşı bilir ki, sabah bu möhtəşəm bina yerində olmayacaq. Heç olmasa, tikilinin ruhunu xilas etmək lazım idi. Bütün elmi irslərin yerini əzbər bildiyindən çox da axtarış etmir. Sonradan dünyanın qəbul edəcəyi elmi yeniliklərlə dolu olan əsərləri özü ilə götürüb yola düşür.

Bəs indi hara getməli? Atası Uluqbəyi öldürən xain əmir Əbdüllətif, təbii ki, Əli Quşçuya da rəhm edən deyildi. Amma dövrün böyük astronomu, riyaziyyatçısı olan Əli Quşçu hara getsə, onu böyük hörmətlə qarşılayacaqdılar. Çünki hesab, mexanika qanunlarına aid şərhləri, xüsusən də səma cisimləri barəsindəki elmi mülahizələri alimi bütün Şərqdə məşhurlaşdırmışdı. Amma Əli Quşçu başqa bir yol seçir. Ömrünü saraylara deyil, bütünlüklə İlahi elmlərə həsr etmək, məntiq, din, fəlsəfə mövzusunda əsərlər yaratmaq niyyətində idi. Bu səbəbdən də ilk olaraq həcc ziyarətinə yollanmaq istəyir. Yolu Təbrizdən keçir. Bu zaman Ağqoyunlu dövlətində vəziyyət gərgin idi. Uzun Həsən Osmanlı ilə müharibə aparmaq fikrində deyildi. O cümlədən Osmanlı da bu savaşı istəmirdi. Amma artıq ox yaydan çıxmışdı. Onları barışdıracaq qüvvəyə böyük ehtiyac hiss olunurdu.

Təbrizdən keçən Əli Quşçunu Uzun Həsənin sarayına gətirirlər. Əzəmətli Uzun Həsən şəxsən özü onu sarayın qapıları önündə qarşılayır, məclisə gətirir və alimə yuxarı başda yer verir:

– Mən çox şadam ki, dövrün böyük alimi bizim saraya təşrif buyurub. Bu bizim üçün böyük şərəfdir. Amma siz bir elçilik də etməlisiz.

– Mən artıq dünya işlərindən yorulmuşam. Uluqbəy Səmərqənd rəsədxanasının idarəçiliyini mənə tapşırdı. Amma o öləndən sonra elm evini qoruya bilmədim. İndi Allah evini ziyarət edib qalan ömrümü ilahi elmlərə həsr etmək istəyirəm.

 

– İki müsəlman dövlətini barışdırmaq – elə Allah evini ziyarət etmək kimi bir işdir. Bizdən Osmanlı sultanına namə aparmağını təvəqqe edirik.

Uzun Həsən israr edir və Əli Quşçu razılaşır.

Söhbət burada bitir. Uzun Həsən bir xeyli rahatlayır. Nəhayət, iki böyük güc arasında savaş səngiyəcək və onların heç biri maddi-mənəvi zərərlə üzləşməyəcək.

Səhərisi gün İstanbula yola düşəcək Əli Quşçu isə Təbrizin aylı-ulduzlu gecəsinə baxaraq keçmişini yada salır. O zaman hələ 14 yaşlı bir gənc idi. Bursalı alim Qazızadə Rumi təsadüfi görüşlərin birində onun iti zehninə valeh olur və Əliyə onun şagirdi olmasını təklif edir. Qazızadə sonradan öyrənir ki, Əlinin atası əmir Uluqbəyin quşbazı olub. Yarızarafatla onu “quşçu” deyə çağırır. Sonra bütün rəsədxana əhli ona Əli yox, Əli Quşçu deyərək xitab etməyə başlayır.

Quşçu rəsədxananın ən zirək və bacarıqlı yetirmələrindən birinə çevrilir. Tez-tez həmin rəsədxananın müdiri olan böyük alim Qiyasəddin Cəmşid Şirazi və müəllimi Qazızadə əfəndi ilə elmi mübahisələrə girişir.

 

Və bir gün... Səmərqənd kitabxanasında səma cisimlərinə aid araşdırma apararkən öz-özünə danışır.

Birdən əlinə qonan mayböcəyini bir neçə dəfə fırlayır. Onun fırlanması ilə səma cisimlərinin hərəkəti arasında oxşarlıq tapmaq istəyir. Xəbəri də olmur ki, arxasında cüssəli bir kişi dayanıb:

– Sən böyük alim olacaqsan!

Əlidən cavab gəlməsə də, bayaqdan onu müşahidə edən Uluqbəyin artıq gözləri parlayırdı.

...Bəli, sakit Təbriz gecəsində Əli Quşçu öz hamisini bu cür kədərli xatirələr içində yad edir. Onu da xatırlayır ki, sonradan bir neçə dəfə Uluqbəylə görüşüb, onunla elmi mövzuda saatlarla söhbətlər edib. Nəhayət, Qazızadə Rumi əfəndi və Cəmşid Kaşani öləndən sonra Uluqbəy onu Səmərqənd rəsədxanasının rəhbəri təyin etdi. Əli Quşçu həmin günü çox yaxşı xatırlayırdı:

– Sən o zaman yazdığım “Ulduz cədvəlləri” risaləmə baxıb heç nə demədin.

– O zaman mən onu oxudum və özümlə rəsədxanaya apardım.

– Və sonra onu yenidən yazdın!

– Xeyr, əmir! Mən yalnız bir neçə əlavələr etdim.

– Sən böyük alimsən. Səni bütün dünya tanıyacaq. “Ulduz cədvəlləri”ndə mənimlə bərabər, sənin də zəhmətin var.

... Missiya öncəsi alimin ağlına belə gəlməzdi ki, o, yol üstə durarkən Otluqbeli və Malatya ərazisində eyni soydan olan xalqlar arasında savaş baş tutacaq. Hər ikisində Osmanlı qalib gəlsə də, bu döyüş Ağqoyunlu ilə bərabər, onlara da böyük zərər vuracaq. Ordu ac qalacaq, zülm altında olan əhalidən tutulan vergilər kəlləçarxa qalxacaq. O bunları bilmirdi. Çünki sadəcə olaraq Əli Quşçu idi – siyasətdən, diplomatiyadan kənar olan Əli Quşçu.

Elçilik missiyasını başa vurandan sonra sultan ona dedi ki, burada qal, qoy ali Osman soyundan olan gənclər sənin elmindən faydalansın. Amma Əli Quşçu Uzun Həsənə söz vermişdi. Bu şərtlə razılığa gəldi ki, əvvəlcə Təbrizə getməli, Uzun Həsəndən halallıq almalı, işinin müsbət nəticələndiyini bildirdikdən sonra qayıtmalıdır. Fateh razı oldu.

Əli Quşçunun sonrakı həyatı İstanbulda keçir. O, hesab, astronomiya, mexanika, qrammatika kimi elm sahələrində əsərlər yazır. Osmanlı elmi onun sayəsində xeyli inkişaf edir. XIX əsrə qədər Əli Quşçunun mexanika və riyaziyyata aid yazdığı əsərlər (onlardan ən mühümü Fateh Mehmetə həsr etdiyi “Məhəmmədiyyə” və “Hesab risaləsi” əsərləridi) türklər üçün əsas dərsliklər oldu.

Amma Ayasofya mədrəsəsində hər ay 200 qızıl dirhəm alan, hamının hörmət etdiyi Əli Quşçu vəfat etdiyi günə qədər bir mənzərəni heç zaman unutmadı.

... Uluqbəy ölmüşdü və o, çöllərdə kimsəsiz və əlacsız halda atını qovurdu.

Elmin NURİ