Almas İldırımın həyatı

 

...Bu ucsuz-bucaqsız səhra sanki heç vaxt bitməyəcək. Adama elə gəlir ki, dəvə karvanı gecənin kimsəsizliyində bir addım da irəliləmir, sadəcə, sonsuzluğun girdabına düşüb yerində ayaq döyür, ya da qrammofon valı kimi hey dövrə vurur.

Bax bu təpəni də aşsaq, bəlkə, bir ləpir tapıb harasa yetişmək olar. Amma səhrada nə gecənin, nə də gündüzün hansısa bir fərqi var, üfüqdəki mənzərələr dəyişmir ki, dəyişmir. Eşidilən bircə dəvələrin hənirtisi, zınqırovların cingiltisidir ki, o da hərdən küləyin uğultusuna qarışıb yox olur.

Dünyanın bu qarışıq vaxtında səhrada bir ins-cins görməyə gümanmı var?

Bu cəhənnəmin ortasında cığır nə gəzir? Hansı bədbəxt yaxşı həyatdan qaçıb ölüm girdabına bənzəyən susuz səhrada yolçu olar? Qumsallığın gündüzü dəhşətdir, gecəsi ondan da betər. Yay gecəsinin soyuğu adamın lap iliyinə işləyir. Nə qəlbin qızır, nə canın isinir...

1933-cü ilin iyun ayıdır və Almas İldırım üçün Türkmənistanın bu ölüm saçan səhrasından, bir də yolçusu olduğu bu karvandan savayı təhlükəsiz yer yoxdur dünyada. Cəhənnəm və cənnət. Almas bunların fərqini bütün varlığı ilə duyur. Hamının cənnət saydığı Aşqabadda sürgünlük həyatı yaşamaq anbaan cəhənnəm əzabına çevrilmişdi. Rahat nəfəs ala bilmirdi, bolşeviklər aman vermirdi.

Direktor olduğu məktəbdə aramsız yoxlamalar, evdə, küçədə təqiblər. Azərbaycan SSR Baş Siyasi İdarəsi (QPU) şairin hər addımından xəbərdar idi. Hətta Aşqabada xüsusi casus da göndərmişdilər. Bu adam özünü şair Əkbər Ruhi kimi təqdim etmişdi. Amma Almas onunla söhbətin ilk dəqiqələrindən anlamışdı ki, bu şəxsin şeirlə, ədəbiyyatla heç bir əlaqəsi yoxdur – “şair” savadsızın və hiyləgərin biri idi. Tezliklə Əkbərin əsas missiyası da üzə çıxdı: Almasdan “donos” yazmaq, yerli mətbuatda məqalələr dərc etdirərək onu türkmənlərin və bu respublikadakı azərbaycanlıların gözündə ləkələmək.

Bir neçə gün öncə Əkbərlə aralarında ciddi mübahisə olmuşdu.

– Siz bizim ideologiyaya zidd gedirsiniz, gənclər arasında pantürkist ideyaları yayırsınız. Şeirlərinizdə rejimə meydan oxuyursunuz. Bolşeviklərə nifrətiniz aşkar duyulur. Sizin kimiləri...

– Mən azadlıq ideyalarının carçısıyam, son damla qanımacan da məsləkimə sadiq qalacağam. Şeirlərim də varlığımı, ideyalarımı əks etdirir. Məmləkətimin azadlığı uğrunda mücadiləsindən əsla vaz keçmərəm. Nə sizə, nə də sizin yırtıcı bolşeviklərə qul olmayacağam.

– Bu sözlərə görə sizi dar ağacından asmaq da azdır!

Bu, Almas üçün ciddi siqnal idi. “Deməli, həbsimə tam hazırlıq gedir. Məni də, ailəmi də məhv eləmək istəyirlər”. Özünə görə qorxmurdu. Almas, ümumiyyətlə, özünü düşünən adam deyildi. Neçə il idi ki, sürgünlük həyatı yaşayırdı. Artıq belə hədələrə öyrəşmişdi. Aşqabaddan əvvəl də həyatı keşməkeşli keçmişdi – amansız təqiblərə məruz qalan şair Azərbaycan Proletar Yazıçıları Cəmiyyətindən xaric olunaraq əvvəlcə Dağıstana sürgünə göndərilmişdi.

Zirvəndə oynayan rüzgarlar acı,

İllərlə görünməz başının tacı,

Anlat ki, dərdinin nədir ilacı,

Nədir bu dumandan tüllər, a dağlar?

Onun Dağıstanda keçən ikiillik sürgün həyatı burada ədəbi mühitin qaynar dövrünə təsadüf etmişdi. Şair pedaqoji fəaliyyətlə yanaşı, “Dağıstan füqərası” qəzetində yeni şeirlərini dərc etdirirdi. Bu şeirlər Dağıstanda yaşayan azərbaycanlılar, ləzgilər, çeçenlər və başqa xalqların nümayəndələri tərəfindən sevilə-sevilə oxunurdu. Sürgün illərində Almas İldırımın Dağıstan Proletar Yazıçıları Cəmiyyətinin təşkilatlanmasında, cəmiyyətin Dərbənd özəyinin yaradılmasında əvəzsiz rolu oldu.

Gənc şairin Dağıstandakı böyük nüfuzu bolşevikləri narahat edirdi. Onun 1930-cu ildə Bakıda “Azərnəşr” tərəfindən çap edilmiş “Dağlar səslənirkən” kitabı sosializm quruluşu, fəhlə-kəndli hökuməti əleyhinə təbliğat məqsədi güdən ziyanlı ədəbiyyat kimi qısa bir zamanda mağazalardan, kitabxanalardan yığışdırıldı. Almas İldırım Yazıçılar Cəmiyyətindən qovuldu və Türkmənistana sürgün olundu.

Şair öz həyatına görə qorxmurdu. Canından çox sevdiyi Zivəri, göz bəbəyi, üçaylıq Azəri də böyük təhlükə gözləyirdi. Əslən təbrizli olan Zivər 1932-ci ilin əvvəllərində Şamaxıdan ailəsi ilə birlikdə Türkmənistana sürgün olunmuşdu. Almas ilk baxışdan bu qıza vurulmuşdu. Zivər də ona könül vermişdi. Sonra ilk körpələri Azər dünyaya gəldi...

O, sevimli Zivərinin, məsum Azərinin bolşeviklərin əlində cəza alətinə çevrilməsinə yol verə bilməzdi. Ona görə də gecə ikən kimsədən xəbərsiz Aşqabaddan tacir karvanı ilə İrana qaçmağı, oradan da Türkiyəyə sığınmağı qərara aldı.

...Soyuq, intəhasız səhranın zülməti, karvanı yolçuları ilə birgə əjdahatək udmağa hazırdır. Amma qəfildən günəşin ilk şəfəqlərinin işartısı görünür. Almasın gözləri yol çəkir. Bir dəfə uşaqlıqda Çəmbərəkənddən baxanda da Xəzərin üzərində belə işartı görmüşdü. Hər gün ürəyini dağlayan misraları yadına düşdü:

Könlümə tək Kəbə yapdım səni mən,

Sənsiz neylim qürbət eldə günü mən?

Sənsiz neylim Allahı mən, dini mən,

Azərbaycan, mənim tacım, taxtım, oy!..

Oyanmazmı kor olası baxtım oy?!

Fərhad Sabiroğlu