Müəllimlə son söhbət

Bu gün Azərbaycanın görkəmli alimi, mətbuat tarixi tədqiqatçısı, böyük müəllim, professor Şirməmməd Hüseynovun vəfatından 40 gün ötür.

Ş.Hüseynov:  1924-cü ildə Şəkidə anadan olub; 

1941–1943-cü illərdə Şəki Müəllimlər İnstitutunun Fizika-riyaziyyat fakültəsində, 1945–1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya-jurnalistika şöbəsində, 1950–1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb və namizədlik dissertasiyası müdafiə edib;

1954–1961-ci illərdə BDU-nun Filologiya fakültəsinin Jurnalistika kafedrasında müəllim və dosent vəzifələrində çalışıb, 1962–1969-cu illərdə fakültənin dekan müavini, 1961–1971-ci illərdə Jurnalistika nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti, 1971–1976-cı illərdə fakültənin dekanı, 1976–1988-ci illərdə kafedra müdiri vəzifələrində çalışıb. 1988-ci ildən kafedranın professorudur; Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü. 1966 və 1972-ci illərdə "Qızıl qələm" mükafatına, 1988-ci ildə “Əməkdar jurnalist” adına, 1991-ci ildə “Zərdabi” mükafatına, 1992-ci ildə Y.Məmmədəliyev mükafatına, 1998-ci ildə “M.Ə.Rəsulzadə” mükafatına, 2014-cü ildə "Şərəf" ordeninə layiq görülüb.

Əsərləri:

“Həqiqət və ədəalət carçısı” ( “Azərnəşr” Bakı – 1988);

“Müstəqilliyin çətin yolu... Biz hara gedirik?” (“Azər­nəşr” Bakı – 1996);

“Məhəmməd Əmin Rəsulzadə Əsərləri” (5 cild), (Bakı, “Azərnəşr” – 1992, “525-ci qəzet” – 1999, “Elm” – 2012, “Qanun” – 2013, 2014);

“Milli haqq və ədalət axtarışında” (“Adiloğlu”, Bakı – 2004);

“Mənəvi irsimiz və gerçəklik” (“Adiloğlu” Bakı – 2004);

“Mətbu irsimizdən səhifələr” (“Çənlibel” Bakı – 2007);

“Müstəqilliyin çətin yolu... Reallıqlar, düşüncələr” ( “Elm” Bakı – 2009);

“Azərbaycan istiqlalının bayraqdarı” (“Adiloğlu” Bakı – 2011);

"Üzeyir Hacıbəyov: nəşrlərdə kənara qoyulmuş əsərlər (1904 – 1912)" ( “Elm” Bakı – 2009);

"Üzeyir Hacıbəyovnəşrlərdə kənara qoyulmuşixtisar "redaktəedilmiş əsərləri (1915 – 1917)" (“Elm” Bakı – 2010);

“İstiqlal 1918 – 28 Mayıs – 1919” (“Qanun” Bakı – 2014).

 

SON SÖHBƏT

2007-c ilin sentyabrı idi... Şirməmməd müəllimə zəng elədim, hal-əhval tutdum, ondan müsahibə götürmək istədiyimi bildirdim. Razılaşdı.

Ertəsi gün vədələşdiyimiz vaxt redaksiyaya gəldi, oturub söhbət elədik, müsahibəni aldım. Sonra çay içib, bir qədər dərdləşdik. Düzlükdən, təmizlikdən, Cümhuriyyətdən və cümhuriyyətçilərdən danışdı. Sonra müəllim-tələbə qol-qola pilləkənləri düşdük, maşına oturanda bir anlıq dayandı, çevrilib mənə baxdı: “Bilirsən niyə gəldim müsahibə verməyə?” – dedi və cavab gözləmədən, fikrini özü tamamladı: “Verilişlərini izləyirəm. Sən mənim, mən deyən tələbələrimdənsən. Çalış, gözümdən düşmə. Mənim  gözümdən düşəni heç kim heç vaxt yenidən qaldıra bilməz...” 

İlqar Rəsul