Əlfi Qasımov

(1927-1985)

 

Yazıçı, publisist, tərcüməçi. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. “Azər­baycan müəllimi” qəzetinin baş redaktor müavini, “Ədəbiyyat və incəsənət” qəzetinin məsul katibi, Azərbaycan Respublikası Mətbuat Komitəsinin baş redaktoru olub, 1983-cü ilin fevralından ömrünün sonunadək Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri vəzifəsində çalışıb. “Adilənin taleyi”, “Odlu ürək”, “Məniqınamayın”, “Dnepr qəhrəmanı”, “Ulduz karvanı”, “Saçlar ağarsa da”, “Qızburunda tək məzar”, “Vətən çağıranda”, “Könül sevən...”, “Qağayı fəryadı”, “İnsan qaranquş deyil”, “Toy gecəsi” kimi iyirmidən artıq nəsr kitabının müəllifidir. A.Qaydarın, A.Petro- viçin əsərlərini, bolqar yazıçılarının hekayələrini dilimizə çevirib.

Diplom işi


Onlar dost idilər. Həmişə cüt geyinər, cüt gəzər, bir-birinə can deyib can eşidərdilər. Adları da bir-birinə həmqafiyə idi. İlqar, Vüqar. Texnikumda hamı onları qardaş hesab edirdi. Yalnız bir fərqləri vardı. İlqar boy-buxunlu, görkəmli idi. Vüqar isə cılız, cansız idi. Boyu İlqarınkından bir baş alçaq idi.

Texnikumu qurtarıb rəssam adı almaq üçün tələbələr diplom işi çəkməli və onu müdafiə etməli idilər. Texnikumun direktoru tələbələrin arzusunu nəzərə alaraq onları istədikləri yerlərə göndərirdi. Neft daşlarına gedən kim, Sumqayıtı seçən kim, dağ mənzərələri yaratmağa həvəs göstərən kim...

Dostlar bu dəfə də ayrılmalıdılar. Şuşaya getdilər. Onlar Şuşanı 254 görməmişdilər. Ancaq Şuşa haqqında qəzetlərdə, kitablarda çox oxumuşdular. Şuşanın gözəl təbii mənzərələri, saf havası, diş keyidən suları, tarixi abidələri haqqında az-çox təsəvvürləri var idi.

Nəfəs təngləşdirən, asfalt yumşaldan iyul günlərindən birində səhər tezdən dostlar “Bakı-Şuşa” avtobusuna minib yola düşdülər. Avtobusda boş yer qalmamışdı. Çoxu uşaqlı qadın idi. Yuxarıdakı nəfəsliklər qaldırılsa da içəridə hava getdikcə ağırlaşır, kəsifləşirdi. Buna görə də sürücü hər 50-60 kilometrdən bir maşını saxlayır, sərnişinlər düşüb özlərini havaya verirdilər. Yavaş-yavaş əsən isti külək üzləri qarsır, quru küləş ətri gətirirdi.

Elə ki avtobus Əskəran qalasını keçdi. Hava birdən-birə dəyişdi. Təbiət də dəyişdi, mənzərələr də dəyişdi. Yolun hər iki tərəfində ilk baharı andıran yaşıllıq nəzri oxşayır, körpə müşələr, meyvə bağları, laləli yamaclar bir- birini əvəz edirdi. Getdikcə sərinləşən, yüngülləşən havadan kəklikotu ətri gəlirdi.

Bir qədər sonra dolaylar başladı. Maşın uğuldaya-uğuldaya qalxır, nəhəng dağın gərdəninə kəmər kimi dolaşan dolayları bir-bir arxada qoyurdu.

- İlqar, bir aşağıya bax. İnana bilmirəm ki, o yolları biz qalxmışıq.

- Gözəldir, Vüqar, gözəldir. Elə bil rəssam təbiət yerlərdən heç nə əsirgəməyib. Bu lövhələri fırçasının bütün qüdrəti ilə yaradıb. Qabaqda oturmuş qoca kişi geri qanrıldı:

- Hələ harasıdır. Hələ nə görmüsünüz ki. Bunun Cıdır düzü var, Ərimgəldisi var, Daşaltısı var, Turşsuyu var...

İlqar da, Vüqar da diqqətlə kişiyə fikir verirdilər. Təxminən yaşı həştadı haqlamış bu gözləri cavan bir oğlanın gözləri kimi par-par yanırdı, yanağı qıpqırmızı idi. Necə deyərlər “çırtma vursan, qanı damcılardı”.

İlqar özünü saxlaya bilmədi.

- Mən gərək təbiətin fonunda belə nurani bir qocanın portretini yaradam...

Sonra qocaya döndü:

- Babacan, mənə naturşik olarsınızmı?

Qoca İlqara tərs-tərs baxdı:

- Nə olaram? Xalturşik?!

İlqarı gülmək tutdu. Vüqar onu dümsüklədi, nəzakətlə cavab verdi:

- Babacan, xalturşik yox, naturşik.

- O nə deyən sözdü!

İlqar nəzakətsizlik elədiyinə görə pərt olmuşdu, dinmirdi. Vüqar izahat verdi:

- Yəni siz oturasınız, bu da sizə baxıb şəklinizi çəkə.

Qoca kişi başını narazılıqla buladı:

- Eh, rəhmətliyin nəvəsi, mənim hay-hayım gedib, vay-vayım qalıb. 255 Zadın sözü olmasın, ələyim ələnib xəlbirim də göydə fırıldayır, sən də  başlamısan ki, gəl şəklini çəkim. Mənim şəkil çəkdirən vaxtım keçib, oğlum. Uzaqlarda qalıb, lap uzaqlarda... Eh, namərd qocalıq!

- Niyə elə deyirsiniz, baba, cavanın cavan yeri var, qocanın qoca.

Vüqarın bu sözündən sonra qoca kişi yenə başını yellədi:

- Boş sözdür, oğlum, təskinlik sözüdür. Qoca qocadır, cavan da cavan.

Söz məsəli, deyirəm elə tutalım mənim şəklimi çəkib vurdun divara, ona kim baxacaq, kim ondan ləzzət alacaq? Nə çoxdu, ətli-canlı, boylu-buxunlu canavarlar, qız istəyirsən qız, oğlan istəyirsən oğlan. Bir axşamüstü özünüzü verin, Domotdıxa. Zadın sözü olmasın, ürkütməsən saya bilməzsən.

Kişi bu sözləri deyib dodaqaltı qımışdı.

Cavanlar da gülüşdülər. İlqar ürəklənib söhbətə qarışdı. Fikrini bir də izah elədi:

- Bizə elələri lazım deyil, baba, ondan heç Bakıdan çıxmağa dəyməz.

Bizə elə adam lazımdır ki, bu dağların, bu dumanlı-çiskinli, güllü-çiçəkli dağların koloritini verə bilsin.

Qoca əlini sol qulağına verib İlqara tərəf əyildi:

- Nə itini dedin? Bəri bax, oğlum, zadın sözü olmasın, yaman köntöy- köntöy danışırsan ha...

Vüqar yenə söhbətə qarışmalı oldu:

- Əmican, yəni o şəklə baxanda hiss olunsun ki, adam dağ adamıdır, onun baxışından, duruşundan bu yerlərdə böyüdüyü, bu dağların saf havası ilə nəfəs aldığı bilinsin.

- Hə, bu başqa məsələ. Bu oğlan ayrı söz deyirdi axı. Deyirdi, kral iti gərək olsun, bu yerlərdə kral iti nə əzir, yenə çoban iti istəsə dərd yarıdır.

Cavanlar yenə gülüşdülər. Qocanın da qara gözləri gülümsədi.

İlqar soruşdu:

- Əmican, işləyirsiniz?

- Bəs necə, oğlum, işsiz də insan olar? Zadın sözü olmasın, insanı işsiz qoymaq, balığı susuz qoymaq kimi bir şeydir.

Əvvəllər Turşsu sovxozunda naxırçılıq eləyirdim. Bu dağ mənim, o dağ sənin. Səhər yeməyimi Qarqar üstə, günorta yeməyimi Çarıxbulaqda... Yastığım yastı daşlar, döşəyim güllü-çiçəkli yamaclar, yorğanım da boz duman... Elə ki altmışı dalda qoydum, gördüm yox, ayağım sözümə baxmır. Ürəyimdə də sən deyən təpər qalmayıb. Çobanınkı ayağınan ürəkdi... İndi qarovulçuluq eliyirəm. Qoca vaxtımda çiynimə tüfəng alıb mağazanın keşiyini çəkirəm.

Onlar dostlaşdılar. Başqa sözlə desək, yol onları dost elədi. Cavanalar qocanın adını da soruşdular.

- Söynalıdı, dərdin alım.

Şuşada avtobus stansiyasında düşdülər. İlqar Söynalı kişidən mehmanxananın yerini soruşdu.

Kişi çox təkidlə onları evinə dəvət elədi.

- Burda lap yaxında oluruq, - dedi, - Gəncə qapısının altında. Üzeyirbəygilə qonşuyuq.

Cavanlar razılıq eləyib ayrıldılar. Söynalı kişi onların arxasınca səsləndi:

- Yolda dediyim sözlər birdən xətirinizə dəyər ha, öz evinizdir, nə vaxt istəsəniz gələ bilərsiniz. Kral iti məsələsi də düzələr...

***

Şəhərlə ümumi tanışlıqdan sonra diplom işlərinin mövzusu kon-kretləşdi. İlqar əvvəlki fikrindən dönmədi. Söynalı kişinin portreti üzərində işləməyə başladı. Vüqar isə Cıdır düzündən bir lövhə yaratmaq fikrinə düşdü. Dostlar hər səhər mehmanxanadan çıxıb Söynalı kişigilə qədər qoşa gələr, burada ayrılardılar.

Şəhərlə ümumi tanışlıqdan sonra diplom işlərinin mövzusu kon-kretləşdi. İlqar əvvəlki fikrindən dönmədi. Söynalı kişinin portreti üzərində işləməyə başladı. Vüqar isə Cıdır düzündən bir lövhə yaratmaq fikrinə düşdü. Dostlar hər səhər mehmanxanadan çıxıb Söynalı kişigilə qədər qoşa gələr, burada ayrılardılar. Vüqarın yolu bir qədər uzaq düşsə də, İlqarı ötürər, İlqar da işini qurtaran kimi Cıdır düzünə gedər, iri qaya üstə oturub gözlərini uzaqlara dikərək işləyən Vüqara baş çəkərdi. Onlar bu dəfə yollarını bazar tərəfdən salar, günorta yeməyinə hazırlıq görərdilər.

Söynalı kişinin ailəsi sarıdan İlqarın dili ağzına sığmazdı. Ay belə qonaqpərəstdirlər, ay məni öz övladlarından seçmirlər. İlqar, xüsusilə Söynalı 

kişinin beş yaşlı nəvəsi Gülnardan danışardı: Gülnar çox şirindil qızdır. Kuklasını belə geyindirir, belə yatırır, belə çimizdirir...

Gülnarı Vüqar da görmüşdü. Ancaq uzaqdan. Yatan-duran kuklasını bağrına basıb pəncərə qabağında dayanan Gülnar bir neçə dəfə Vüqarı evlərinə dəvət eləmişdi:

- Vüqar əmi (yəqin ki, adını İlqar demişdi), siz də bizə gəlin. Bax, mənim yatan-duran kuklam var, pişiyim var, görsədim?..

Vüqar “gələrəm, Gülnar, gələrəm” deyib əl eliyə-eliyə uzaqlaşardı.

Gülnarın ana-atası Volqaboyu səyahətə getmişdi. Uşaq babanın ümidinə qalmışdı. Baba gecələr işə gedəndə Gülnarı aparıb xalasıgildə qoyardı.

...Şuşanın təbiətinə o qədər də xas olmayan küləkli bir gün idi. İlqarla Vüqar Söynalı kişinin evinə çatar-çatmaz ikinci mərtəbənin pəncərəsindən alov qalxdığını gördülər. İrəli yüyürdülər. Gülnar kuklasını bağrına basıb eyvana çıxdı. Qorxunc uşaq səsi ilə hıçqıra-hıçqıra bağırdı:

- İlqar əmi, İlqar əmi, evimiz yanır! Mən burda qalmışam, çıxa bilmirəm.

Bir anlığa İlqar da özünü itirdi, Vüqar da. Bilmədilər neyləsinlər. Sonra birdən ikisi də sürətlə pillələrə tərəf yüyürdülər. Bir neçə pillə qalxmışdılar ki, alovun isti nəfəsi onların üzünü qarsdı. İlqar başını yuxarı qaldırdı. Alov qırmızı dillərini gücü gəldikcə uzadıb, onları yalamaq istəyirdi. İlqar vahimə içərisində yerə atıldı və yuxarı çıxmaqda olan Vüqarı səslədi:

- Hara çıxırsan, ədə? Görmürsən alovu?! Dayan, qalxma, mən bu saat yanğınsöndürənlərə xəbər verərəm.

İlqar bu sözləri deyə-deyə darvazadan küçəyə qaçdı.

Vüqar İlqarın sözlərinə əhəmiyyət vermədi. Özünü içəri atdı. Yanğın get-gedə güclənir, həyət qonum-qonşu ilə dolurdu.

Vüqar tüstüdə boğula-boğula, alovun yaşıl dilləri üzünü qarsa-qarsa birinci otaqdan ikinciyə, oradan da eyvana çıxdı. Od tutan pencəyini əli ilə söndürüb özünü Gülnarın üstünə atdı. Qorxudan rəngi kağız kimi ağarmış Gülnar eyvanın bir küncünə qısılmış, fəlakət hiss edən ana balasını bağrına necə basarsa, o da kuklanı elə qucaqlamışdı. Alov qızın xurmayı saçlarını ütmüş, qırmızı bantının bir tərəfini yandırmışdı. Pişik miyoldaya-miyoldaya qızın ayaqlarını yalayır, qılçaları arasından o tərəf-bu tərəfə keçirdi.

Vüqarın başından ildırım sürəti ilə fikirlər keçdi: nə etməli? Qızı geri qaytarmaq olmaz. Alov eyvanı da bürüməkdədir. İkinci mərtəbədən də uşağı yerə atmaq mümkün deyil. Bəs nə etməli? Birdən onun gözləri eyvandakı zivəyə sataşdı. Tələsik zivəni açdı. Qızı kuklası ilə bərabər yerə salladı. Yerdəkilər, böyük həyəcan içində qızı tutub ipi açdılar. Artıq taxta eyvan ot tutmuşdu! Pişik miyoldaya-miyoldaya o tərəf-bu tərəfə qaçır, Vüqardan  imdad diləyirdi. Vüqar ipi çəkdi. Bir ucunu eyvanın taxta məhəccərinə bağladı. Nə ip möhkəm idi, nə də mühəccərə ümid bağlamaq olardı. Amma başqa çıxmış yolu yox idi. Vüqar pişiyi çiyninə aldı, ipdən yapışıb yavaş- yavaş enməyə başladı. Birdən eyvan uçdu. Həyətdəkilərdən vahiməli bir nida qopdu. Vah!.. Analar bu dəhşətli səhnəni görməsinlər deyə, gözlərini qapadılar. Alov tüstü qarışıq Vüqar torpağa səpildi. Adamlar özlərini onun üstünə atdılar.

Elə bu zaman yanğınsöndürən maşınların uğultusu eşidildi. Qayıdıb gələn İlqar özünü Vüqarın üstünə atdı:

- Qardaşım! Sənə demədimmi....

Hönkürtü onu boğdu. Təcili yardım maşını Vüqarı xəstəxanaya apardı.

***

Vüqar gözlərini açıb gördü ki, üzü, bədəni, qolları sarıqlıdır. O, 258 dumanlı şəkildə hiss etdi ki, xəstəxanadır. Yanında ağ xalatlı həkimlər fırlanır. O, bir də diqqət yetirəndə gördü ki, Söynalı kişi ilə nəvəsi Gülnar başı üstə dayanıb. Gülnar yatan-duran kuklasını da özü ilə gətirib.

- Vüqar əmi, Vüqar əmi, mən gəlmişəm ey. Babamla gəlmişəm. Kuklamı da gətirmişəm.

Vüqarın iri qara gözləri işıqlandı. Gözlərində sevinc yaşları gilələndi. Ancaq o heç nə demədi. Qoca irəli yeridi:

- Sağ ol, oğlum. Heç bilmirəm, sənə nə deyim, sənə necə təşəkkür eləyim.

Vüqar ağır-ağır danışdı:

- Nə təşəkkür, əmi?.. Mənim yerimə kim olsa, belə...

Sözün dalı gəlmədi. Gülnar irəli yeriyib dolabın üstə öz şəklini qoydu:

- Bax, bu şəkli sənə bağışlayıram, mənim şəklimdi. Babam çəkdirib. Almayacam ha. Qoy həmişə səndə qalsın.

Vüqar şəkli götürüb baxdı: Gülnar. Kiçik qonur gözlərində səadət qığılcımları parlayan Gülnar. Başı ağ bantlı, qabaq telləri alnına tökülmüş Gülnar. Yatan-duran kuklasını bağrına basmış Gülnar...

Şəklin arxasında yazılmışdı: “Xilaskarım Vüqar əmiyə. Gülnardan”.

Vüqar yenə qəhərləndi.

- Hə, yaxşıdır? Kuklamı da görürsən?.. Hamısı yanmışdı ey, sən olmasaydın, hamısı yanmışdı. Mən yandırmadım ha, özü yandı. Mən istəyirdim maşınkanı yandırıb su qızdırım, kuklamı çimizdirim. Birdən pişik itələdi. Maşınka alışdı. Babam da evdə yoxdu, bazara getmişdi. Mənə çiyələk almağa...

Vüqar gözlərini yumdu. Həkim işarə elədi ki, getsəniz yaxşıdır. Söynalı kişi nəvəsinin əlindən tutub, minnətdarlıq ifadə eliyən baxışlarını Vüqardan çəkmədən palatadan çıxdı... 

***

Aradan üç ay keçdi. Vüqarın yaraları sağalmışdı. Üz-gözündə, bədənində yanğının əlaməti qalmamışdı. Qıçının sınığı bitişmişdi. Yalnız sağ əli... Bəli, fırça tutan barmaqları şikəst olmuşdu. O heç zaman rəssam ola bilməyəcəkdi!

Bir gün dostu İlqardan məktub aldı. İlqar yazırdı: “Diplom işimi əla müdafiə etdim. Məni Leninqraddakı rəssamlıq akademiyasına göndərirlər... Hər dəfə sənin haqqında fikirləşəndə az qalır ürəyim partlasın. Axı, sənə dedim ki, özünü gözlə, qoy yanğınsöndürənlər gəlsin... Axı, sənə dedim ki...”

Vüqar məktubun gerisini oxuya bilmədi. Dolabçanın üstündəki şəklə baxdı. Gülnar qayğısız halda gülümsəyirdi.

Vüqar tibb bacısının köməyi ilə dirsəkləndi. Sol əli dostuna birtəhər aşağıdakı sözləri yazdı:

“Səni təbrik edirəm, İlqar, məni unutmadığın üçün çox şadam. Sənə yaxşı yol! Mənim diplom işimsə yarımçıq qaldı. Olacağa çarə yoxdur...” Sol əli ilə tutduğu qələm sözünə baxmayıb barmaqlarından düşdü. O, arxası üstə uzanıb Gülnarın şəklinə baxdı, baxdı... Bu onun diplom işi idi, bu onun ən böyük əsəri idi. Elə bil qeybdən Gülnarın titrək səsini eşitdi: “Hamısı yanmışdı, sən olmasaydın, hamısı yanmışdı...”

Gözlərini yumub şirin-şirin gülümsədi...