Mədinə Gülgün
(1926-1992)

Şair, Əməkdar incəsənət xadimi. “Təbrizin baharı”, “Savalanın ətəklərində”, “Sülhün səsi”, “Yadigar üzük”, “Təbriz qızı”, “Dünya­mızın sabahı”, “Yora bilməz yollar məni”, “Durnalar qayıdanda”, “Dünya şirin dünyadır” kimi şeir kitablarının müəllifidir.

 

Soruş

Mənim kimliyimi, mənim adımı,

Vətənimdən soruş, elimdən soruş.

Bu coşqun, bu qaynar ehsasatımı,

O dağlardan enən selimdən soruş.

 

Xəzan da görmüşəm, çiçəkli yaz da,

Nəğmətək dolandım dildə, ağızda.

Solub getməmişəm qarda, ayazda,

Məni təzə açan gülümdən soruş.

 

Coşdum dəniz kimi, çağladım sutək,

Könüldə yaşaram bir saf duyğutək,

Məni, zəfərlərlə ötüb gələcək

Günümdən, ayımdan, ilimdən soruş.

 

Nə vaxt bizim elə səfər eyləsən,

İnanma desələr daha yoxam mən.

Məni bahar kimi təravətli, şən,

Qılınctək kəsərli dilimdən soruş.

 

Axtar

Dalğanı dənizdə, harayı seldə,

Qıy vurub uçmağı qartalda axtar.

Yüksələ bilməzsən sən qürbət eldə,

Adı doğma yurdda, mahalda axtar.

 

Gəl çəkmə sorğuya, suala məni,

Məhəbbət qoyubdur bu hala məni.

Lalənin eşqini, sədaqətini,

Köksündə qaralan o xalda axtar.

 

Durnanın qatarı görünsə göydə,

Quşlar şəfəqlərə bürünsə göydə,

Ayrılıq dumantək sürünsə göydə,

Bunun hikmətini vüsalda axtar.

 

Çağırıram hər zaman köməyə səni,

Qəlbimə sanmaram mən özgə səni.

Nəğməmin sahilsiz düşərgəsini,

Əməkdə, fikirdə, xəyalda axtar.

 

Olmasaydı

Kimdən öz gücünü alardı nəğməm,

Vətən olmasaydı, el olmasaydı?

Bahara nə tərif yazardı qələm,

Sal buzlar əriyib sel olmasaydı?

 

Qanadsız bir quşa bənzərdi aşıq,        

Nisgilli adamtək gəzərdi aşıq,

Bu dərdə nə qədər dözərdi aşıq,

Sədəfli sazında tel olmasaydı?

 

Nərgiz gözlərində qan-yaş tökərdi,

O yaşıl otların artardı dərdi,

Güllərin başına kim əl çəkərdi,

Səhər xəfif əsən yel olmasaydı?

 

Köyrəlmiş könlümə əl vurma, həkim,

Qoy hicran dərdini mən özüm çəkim.

Vüsalın qədrini kim bilərdi, kim,

Həsrətli, nisgilli il olmasaydı?

 

Şair, ağ günlərin eşqiylə yarat,

Hünər meydanıdır anamız həyat!

Şeirin pərvazlanıb açmazdı qanad,

Orda xalqın səsi, bil, olmasaydı!

 

Apar məni

Bir ömürəm, yazım sənsən,

Bir nəğməyəm, sazım sənsən,

Bir ürəyəm, arzum sənsən,

Hara getsən apar məni.

 

Bir çiçəyəm, şehim sənsən,

Bir söhbətəm, neyim sənsən.

Bir budağam, mehim sənsən,

Hara getsən apar məni.

 

Bir laylayam, dünyam sənsən,

Bir cüt gözəm, röyam sənsən,

Bir sevgiyəm, sevdam sənsən,

Hara getsən apar məni.

 

Bir meşəyəm, dağım sənsən,

Bir bağam, növrağım sənsən,

Bir güləm, budağım sənsən,

Hara getsən apar məni.

 

Bir bağçayam, barım sənsən,

Bir zirvəyəm, qarım sənsən,

Bir sinəyəm, tarım sənsən,

Hara getsən apar məni.

 

Bir ocağam, odum sənsən,

Bir ünvanam, adım sənsən,

Bir quşam, qanadım sənsən,

Hara getsən apar məni.

 

Geniş göylər quşa qalsın,

Ayrılıq dağ-daşa qalsın.

İzlərimiz qoşa qalsın,

Hara getsən apar məni,

Apar məni... 

 

Qoşma

Amandır, toxunma qəlbimə qafil,

Yandırıb sinəmi söz asta-asta.

Qoy axsın gözümün yaşları sel-sel,

Sönsün sinəm üstə köz asta-asta.

 

Həsrət duyğuludur gecəm, gündüzüm,

Mən eldən, obadan necə əl üzüm.

Aylar, illər ötür yoldadır gözüm,

Elə deyirlər ki, döz, asta-asta.

 

Keçdi neçə bahar, keçdi neçə yaz,

Ömrümdə olmadı ürəyimcə, yaz,

Bir daha cavanlıq qapımı açmaz,

Düşdü öz tovundan köz asta-asta.

 

Dedilər vüsaldır dərdinə əlac,

Kimsəyə nə yalvar, nə də ki, əl aç.

Oldum vüsalına yenə təşnə, ac,

Qəmim birdi, oldu yüz, asta-asta.

 

Gülgün, ürəyini açma hər kəsə,

Qaysaq tutmuş yaran çıxmasın üzə.

Günləri, ayları çevirib sözə

Şeir dəftərinə düz, asta-asta.