Elektron ədəbiyyat və sənət portalı

Nazim İsmayılov: “Hər şey mənim təsəvvürümdə dəyişdi”

Bölmə: Müsahibə 02.10.2015

Atalar və oğullar mövzusu bəşər övladının yaranışından mövcud olub. Bu məsələ məişətdən tutmuş elmin, sənətin müxtəlif sahələrində də zaman-zaman bəzən yumşaq, bəzən isə çox sərt formada ifadə olunan fikir ayrılıqları, yaxud oxşarlıqları şəklində təzahür edib.

Elə biz də rubrikamızda bu məsələlərə toxunmağa, yaşlı və gənc nəsli təmsil edən sənət adamlarını sözün yaxşı mənasında üz-üzə qoymağa, onların müxtəlif hadisələrə yanaşmalarını aydınlaşdırmağa və bu yanaşmaları sizlərə təqdim etməyə çalışacağıq.

“Atalar-oğullar” rubrikasının budəfəki qonaqları müəllimlər Nazim İsmayılov və Kamran Şeyxzamanlıdır.

 

- İlk sualım bir qədər şablon təsir bağışlayacaq, amma maraqlıdır, müəllimlik öz seçiminiz olub? Və bir də niyə məhz bu peşəni seçmişiniz?

Nazim İsmayılov: Orta məktəbin ilk illərini kənddə oxumuşam. O zamanları çətin xatırlayıram. Yadımdadır ki, uşaq yaşlarımda oğlanların əksəriyyəti kimi milis olmaq istəyirdim. Taxta tapançam da vardı. Dağda-daşda cani axtarırdım. Amma ikinci sinifdən sonra ailə vəziyyətimizlə bağlı Bakıya köçəsi olduq və mən üçüncü sinfə 190 nömrəli məşhur məktəbdə getdim. Hər şey mənim təsəvvürümdə dəyişdi. Müəllimlərimi də, müəllimliyi də orada sevdim. Gördüm ki, bizə öz övladları kimi yanaşır, qayğı göstərirlər. Az qala bir ailə kimiydik. İndi müəllimin şagirdə belə qayğı göstərməsi hallarını çox az-az müşahidə etmək olur. Yuxarı siniflərdə qərara gəldim ki, ədəbiyyat sahəsini seçim, müəllim olum. Hərçənd, anam məni həkim, atam mühəndis kimi görürdü, amma uşaq yaşlarımdan şeirə-sənətə meyilli idim. 

Kamran Şeyxzamanlı: Məktəb vaxtı müəllim olacağımı düşünməmişəm. Çünki hec bir peşə haqqında dolğun məlumatım yox idi. Səmimi desəm, özümü tam olaraq heç bir sahəyə aid edə bilmirdim. Universitet vaxtı anladım ki, insan peşəni deyil, peşə insanı seçir. Yəni gördüm, müəllimlik elə mənim peşəmdir. İnsanlara nəsə öyrədə, onların həyatında dönüş yarada bilmək, insan yetişdirmək missiyası mənə çox doğma gəldi. Başa düşdüm ki, bu, çox ali bir işdir. Özümü də bu işdə tapdım.

 

- Keçmiş dövrün məktəbiylə indiki məktəb, o müəllimlərlə bu müəllimlər, o şagirdlərlə bu şagirdlər arasında fərq çoxdurmu? Hansı üstünlüklər var? Nələri bəyənmirsiniz?

N.İ.: Fərqlər çoxdur. Müsbəti də var, mənfisi də. Əvvəla, zaman fərqlidir. Müstəqillik dövrünün şagirdləri, təbii ki, daha sərbəstdirlər. Hər məsələ ilə bağlı öz yanaşmaları, fərqli fikirləri var. Daha sürətlə və daha yaradıcı şəkildə düşünə bilirlər. Tez nəticə çıxarırlar. Hər şeyi öz üzərlərində sınamaq, hər şeyi özləri yaşamaq istəyirlər. Texniki imkanları, bilik resursları çoxdur. Bunlar, şübhəsiz ki, yaxşı cəhətlərdir. Məktəblərin təmiri göz oxşayır. İstilik sistemləri qaydasındadır. Amma uzağa getməyək, 90-cı illərdə qışda sinifdə şagirdli-müəllimli paltoda oturduğumuz vaxtlar az olmurdu. Amma bu günümüzdə də bəyənmədiyim məqamlar var.

Məsələn, valideynlərin müəllimə yanaşmaları dəyişib. Biz ailədə üç qardaş olmuşuq. Anam bizi məktəbə qoyanda müəllimə demişdi: “Əti sənin, sümüyü mənim”. Demək olar ki, valideynlərin əksəriyyəti belə düşünürdü. Məktəbdə bizi tənbeh edə də bilərdilər, dəcəllik edəndə qulaqburması da alırdıq, amma narazı qalanda belə ata-analarımız həmişə müəllimin tərəfini saxlayırdı. Bizim vaxtımızda valideynlər uşaqların hərtərəflıi təhsil almasını istəyirdilər. Amma bu gün valideyn müəllimə deyir ki, mənim uşağımı tənbeh eləmə, sənin dərsini oxumur-oxumasın, o, başqa fənləri seçib. Bundan başqa, arxayındırlar ki, yuxarı siniflərdə uşağa ayrıca müəllim tutacaqlar. Fikir verirəm, indi çox zaman valideynlər baza təhsilinə önəm vermirlər. Hərçənd, dərs proqramı normal keçilsə və uşaq da yalnız gündəlik dərslərə normal hazırlaşsa, istədiyi ali məktəbə asanlıqla daxil ola bilər.

Bizim vaxtımızda ali məktəbə düşmək asan deyildi, test imtahanı yox idi. Bununla belə, əksəriyyət repetitordan istifadə etmirdi. Həm buna ehtiyac görmürdülər, həm də düşünürdülər ki, məşğələyə verdiyimiz pulu başqa bir şeyə, deyək ki, uşağın yeməyinə-geyiminə xərclərik. İndi şagirdlər vaxt azlığından şikayətlənirlər. Yadımdadır ki, biz dərnəyə, musiqi məktəbinə də, dərslərimizə də, futbol oynamağa da vaxt tapırdıq. Görünür, indi zamanı düzgün bölə bilmirlər və daha çox zamanı əslində, internet, televiziya alır.  

K.Ş.: Mən 1999-2010-cu illərdə şagird olmuşam. O zamandan bəri dərs metodu dəyişib. Kurikuluma keşid baş verib. Kitablar dəyişib. Məktəbdəki, təhsil sistemindəki dəyişikliklərin böyük əksəriyyəti təqdirolunası hallardır. Şagirdlər barədə isə bunu deyə bilərəm ki, indikilər internetdən daha çox faydalana bilirlər. Yəni informasiya almaq imkanları genişdir. Bizim vaxtımızda bu qədər məlumat bolluğu yox idi, materiallar bu qədər əlçatan deyildi. Müəyyən çətinliklər vardı. İndi daha rahatdır. Bilgi, informasiya əldə etmək üçün hər cür şərait var. Yetər ki, marağını əyləncə tərəfindən daha çox öyrədici tərəfinə yönələ və yönəldə biləsən.

 

- Bu gün şagirdləri maraqlandırmaq asandırmı? Planşet-telefon-internet dövründə şagirdin diqqətini dərsə, biliyə çəkmək üçün nə etmək lazımdır?

N.İ.: İndiki şagirdləri maraqlandırmaq, əlbəttə, çətindir. Bəzən şagirdin bütün məlumatlara internet üzərindən çıxışı olur və ya şagird bilik almaq yox, yalnız əylənmək məqsədi güdür.

Çalışmalısan ki, onlara daha maraqlı alternativlər irəli sürəsən. İmkan yaradasan, konkret mövzu ilə bağlı o özü düşünə, təklif verə, sonra sinifdə bu ideyalar müzakirə oluna. Mən şagirdlərin internetdən istifadəsinin qətiyyən əleyhinə deyiləm, çünki oradan müfəssəl informasiya almaq mümkündür. Amma düşünürəm ki, valideyn mütləq buna nəzarət etməlidir. Üstəlik, bütün günü kompüterdən, telefon və internetdən istifadə etmək hər mənada zərərlidir. Orada yeniyetmənin psixologiyasını poza biləcək materiallar da az deyil. Bunun üçün valideyn internetdən istifadə üçün övladına müəyyən saat ayrılmalıdır. Eyni zamanda evdə uşağın  hansı telekanallarda nəyə baxdığına da valideyn nəzarəti olmalıdır. Çox istərdim, bizim telekanallarda maarifləndirici proqramların sayı artsın. Məsələn, mən özüm də nəvəmlə birgə ANS telekanalında yayımlanan “Ağıl dəryası” verilişinə həvəslə baxıram. Çalışırıq suallara daha tez cavab verək, bilmədiklərimizi öyrənirik. Öyrənmək həmişə lazımdır. Elə müəllim üçün də.

K.Ş.: Bu, əlbəttə, çətindir. Əyləncə, oyunlar uşaqları daha çox cəlb edir. Təbii ki, onlara internetdən istifadəni qadağan etmək olmaz, əksinə, şagirdləri internetin öyrədici tərəfi ilə mütləq tanış etmək lazımdır. Amma bu proses məktəbdə müəllimin, evdə isə valideynin nəzarəti altında baş verməlidir ki, uşaq dərslərindən yayınmasın. Yəni istənilən halda valideynlə müəllimin iş birliyi vacibdir.

 

- Müəllimin şagirdlərlə və valideynlərlə münasibətləri necə qurulmalıdır?

N.İ.: Qarşılıqlı etimad mühiti olmalıdır. Müəllim çalışmalıdır ki, şagirdin daxili aləminə nüfuz edə bilsin. Onun ailəsi ilə tanış olsun, problemlərini bilsin, uşağın dərsdənkənar vaxtlarında nəyə həvəs göstərdiyini belə öyrənsin. Mənim dərs dediyim sinifdə qarşıq nikahdan olan Leyla adlı bir qız təhsil alırdı. Anası gürcü, atası azərbaycanlı idi. İki qardaşı rus, qız isə Azərbaycan dilində təhsil alırdı. Uşaq xeyli çətinlik çəkirdi, çünki anası Azərbaycan dilində bilmirdi, evdə də rusca danışırdılar. Qız başqa fənləri yaxşı oxusa da, yazı dilində ciddi problemləri olurdu. Fikrini dəqiq ifadə etməkdə çətinlik çəkirdi. Amma valideynləri mütamadi onun təhsili ilə maraqlanırdılar. Özü də hər dəfə xahiş edirdi ki, boş vaxtlarında onunla məşğul olum. Təklif etdim ki, uşaq heç olmasa, atası və qardaşları ilə evdə Azərbaycan dilində danışsın. Bu üsul xeyli fayda verdi. Məktəbi bitirəndə artıq Leyla az qala digər şagirdlərdən daha maralı inşalar yaza bilirdi.

K.Ş.: Şagirdlərə elə şərait yaradıram ki, müəllimdən çəkinməsinlər. Hər problemlərini danışa bilsinlər, onları maraqlandıran sualları verə bilsinlər. Onlara sevgi, hörmət anlayışlarını aşılayıram. Şagirdlərimin komplekslərini aradan qaldırmağa çalışıram. İstəyirəm özlərini ifadə etməkdə problem yaşamasınlar. Valideynlərə isə dərslərdə oturmağı, övladlarına, onların təhsilinə daha çox zaman ayırmağı məsləhət görürəm.

- Sizcə, valideynlər bu gün uşaqlarının təhsilinə kifayət qədər maraq ayırırmı?

N.İ.: Məncə, bu gün valideynlər uşaqların yaxşı təhsil almasında daha artıq maraqlıdırlar. Əvvəllər daha çox “uşağın əlində sənəti olsun” düşüncəsi dəbdə idi və ata-ana çox zaman övladlarının orta təhsilinə də diqqət ayırmırdı. İndi vəziyyət dəyişib.

Valideynlər övladalrının orta və ali təhsil almasını istəyirlər. Dövlət proqramıyla xaricdə təhsil almağa maraq xeyli artıb. Burada bir incə məqam da var: bütün insanlara başqa mədəniyyətlər, başqa xalqların məişəti, adət-ənənəsi, həyat tərzi maraqlı gəlir. Bu səbəbdən, şagirdlər də daha çox görmək, bilmək istəyirlər. İstənilən halda indiki yeniyetmələr xarici dil biliklərini artırmağa üstünlük verirlər. Dövlət orqanlarına gənclərin cəlb olunması da şagirdlərə, valideynlərə təhsillə bağlı xeyli stimul verir. Hər kəs istəyir ki, övladı yaxşı təhsil alıb öz vətənində yaxşı işdə çalışsın.

K.Ş.: Paytaxtla müqayisədə kənd yerlərində bu maraq çox azdır. Valideynlər övladlarını oxutmaq istəmirlər. Xüsusən qız uşaqlarının təhsil almağında maraqlı deyillər. Yəni səbəblər çoxdur və bunları araşdırmaq, kənd yerlərində təhsilə diqqəti artırmaq üçün maarifləndirmə işləri aparmaq lazımdır. Kəndlərdə adətən qız övladı məktəbi bitirən kimi onu ərə verməyi düşünürlər. Mənim dərs dediyim məktəb 9 illikdi. Keçən il yaxşı oxuyan qız şagirdlərimiz vardı. Ataları valideyn iclasında söz verdilər ki, onların 10-11-ci siniflərdə təhsillərini davam etdirməyə mane olmayacaqlar. Amma buna əməl etmədilər. Hərçənd, qızlar özləri oxumaq istəyirdilər. Onlarda təhsilə maraq oyada bilmişdik. Açığı, belə hadisələr müəllimi ruhdan salır.

 

- Bəs, oxumaq istəyən şagird üçün stimul nədir?

N.İ.: Məncə, müəllimin özü. Adi bir misal çəkim, nəvəm doqquzuncu sinifdə oxuyur, bu vaxtadək tarix dərsinə heç bir maraq göstərmir, fənni çətinliklə qavrayırdı.

Amma bu il onların tarix müəllimləri dəyişdi və indi hiss edirəm ki, nəvəm bu fənlə daha çox maraqlanır. Çünki müəllim maraqlı danışır, fənnini və şagird psixologiyasını gözəl bilir, öz işini sevir. Demək istəyirəm ki, müəllimin bu məsələdə rolu çox böyükdür. Eyni zamanda bir məqamı da qeyd etmək istərdim. Ailədəki münasibətlər də şagirdlərin təhsilinə böyük təsir göstərir. Məsələn, sinif rəhbəri olduğum şagirdlər arasında əlaçı bir oğlan vardı. Necə deyərlər, hər mənada sinfin gözü idi. Bilirdim ki, aşağı siniflərdə valideynləri daim onun təhsili, tərbiyəsi ilə maraqlanır, həftədə bir dəfə mütləq məktəbə gəlib dərslərdə otururdular. Amma sonradan – doqquzuncu sinifdə bu yeniyetmənin davamiyyətində problemlər yaranmağa başladı, qiymətləri sürətlə aşağı düşdü. Bir gün onu kənara çəkdim, soruşdum ki, niyə belə zəifləmisən. Heç nə demədi, susub başını aşağı saldı. Gördüm kövrəlib. Başına sığal çəkdim, dedim, axı sən onuncu sinfə keçirsən, ali məktəbə daxil olmaq üçün imtahan verəcəksən, bizim məktəbin ən yaxşı şagirdlərindənsən. O, hönkürtü ilə ağlamağa başladı. Dedi, dünən atamla anam ayrıldılar. Sən demə, iki ildi ki, evlərindəki problemlər üzündən o, dərslərinə normal hazırlaşa bilmirmiş. Sonra həmin oğlan nənəsinin himayəsində yaşadı. Təsəvvür edin, sinif çox güclü sinif idi, iyirmi iki şagirddən on səkkiz nəfəri elə həmin il müxtəlif ali məktəblərə qəbul olundular, amma məktəbin bir nömrəli şagirdi, bütün olimpiadalarda yüksək göstəricilərə nail olan həmin oğlan birinci il heç bir universitetə düşə bilmədi. Sonradan eşitdim ki, özəl universitetlərin birində təhsil alır…

K.Ş.: Bu stimulu ancaq müəllim hazırlaya bilər. Yoxsa şagird üşün stimul tapmaq çətindir. Valideyn övladına, müəllim şagirdinə motivasiya yaratmalıdır. Əlbəttə, burada uşağın həvəsi də az rol oynamır. Dərsə həvəs yaratmaq müəllimin işidir. Müəllim bunu bacarmalıdı. Kənddəki uşaqların tək bilik mənbəyi məktəbdir. Müəllim dərs keçməsə, o uşaq ömürlük bilikdən şikəst olacaq. Bununla yanaşı, valideyn də övladının oxumasında maraqlı olmalıdır, yoxsa müəllimə çox çətin olur. Bir növ buradakı uşaqlar xammaldılar. Əsas olan sənin bu xammalı necə və nə məqsədlə istifadə etməyindir. Düzgün mühit formalaşdırıb bu xammaldan keyfiyətli məhsul yaratmaq lazımdır. Kənd uşaqları inanırlar ki, onlar bir gün xarici maşınla kəndlərinə qayıdacaqlar. Amma onlar bunu təhsil alaraq yox, alver etməklə həyata keçirməyi düşünürlər...

 

- Şagirdlər, yəqin ki, müəllimlərinə dərsdənkənar suallar verirlər. Maraqlıdır, onları daha çox nə  maraqlandırır?

N.İ.: Yeniyeməlik dövründə uşaqlara məhəbbətlə bağlı əsərlər maraqlı gəlir. Məsələn, Nizaminin “Xosrov və Şirin”ini, Füzulinin “Leyli və Məcnun”unu keçəndə görürdüm ki, əksəriyyətinin, necə deyərlər, çiçəyi çırtlayır. Bu yaşlarda onların sevgiyə, romantik hisslərlə bağlı mövzulara maraq duymaları da normaldı. Müxtəlif suallar verirlər, çalışırlar həmin mövzuda zarafat etsinlər. Amma təbii ki, onların bu marağını dərsə yönəltmək lazım gəlir. Ümumiyyətlə, bədii ədəbiyyat uşaqları təhsilə yönləndirmək üçün ciddi resursdur və həmişə təcrübəmdə bundan istifadə etmişəm.

K.Ş.: Daha çox xarici ölkələrlə maraqlanırlar. Əcnəbi insan, əcnəbi şəhərlərdəki həyat onlara maraqlı gəlir. Bir də adətən telekanallardan izlədikləri süjetlər şagirdlərdə maraq oyadır. Kənd uşaqları əsasən təsərrüfat işləriylə məşğul olurlar. Onlar hind filmlərinə baxırlar, velosiped sürür, valideynlərinə kömək edirlər. Seriallar və televizya onların gündəlik həyatlarında fərqli olaraq gördükləri və eşitdikləri bir pəncərədir. Ona görə bu pəncərəni biz daha maraqlı etməli, şoudan çox maarifləndirici proqramlara üstünlük verməliyik. Uşaqlar serialardakı kimi səliqəli geyinmək, qulluqçularının, kinolardakı kimi maşınlarının olmasını istəyirlər. Televiziyanı süzgəcdən keçirə bilmirlər və tez həzm edirlər. Bu məni narahat edir.

 

- Bədii ədəbiyyatdan söz düşmüşkən, şagirdlər bu gün şeir, nəsr, esse oxumağa meyillidirlərmi?

N.İ.: Bu mənim ən yaralı yerimdir. Onları oxutdurmaq çətindir. Deyirlər ki, filan əsəri niyə oxuyaq ki? Filmini görmüşük, tamaşası var, internetdə də qısa məzmunu yazılıb. Bu zaman məcbur olursan ki, onlara film, tamaşa ilə əsər arasındakı fərqi göstəsən. Bir dəfə sinifdə belə söhbət də oldu, qızlardan biri dedi ki, Şekspirin bütün əsərlərini oxuyub. Mənə maraqlı gəldi, soruşdum ki, hansı əsərləriylə tanışdır. Cavab verdi ki, “Otello”nun tamaşasını Gənc Tamaşaçılar Teatrında anasıyla birgə izləyib, “Romeo və Cülyetta“nın filminə televiziyadan baxıb, “Hamlet”in məzmununu da ona rəfiqəsi danışıb, qalanlarını isə oxumağa ehtiyac görmür…

K.Ş.: Şagirdlərimə oxumaq ucun çoxlu bədii kitablar verirəm. Mövzusu ilə maraqlanırlar, oxuyurlar, birgə müzakirə də edirik. Ancaq sərbəst şəkildə bədii ədəbiyyata meyil edən, materialları özü tapıb oxuyan şagirdlər  azdır. İlk dərs günü şagirdlərə onların arzuları haqqında hekayələr yazdırdım. Onları tanıdım, daha sonra həvəsləri olan sahəni tapıb, düzgün istiqamətdə yönləndirməyə çalışdım. Yəni hansı sahəyə maraqları varsa, o sahəyə aid kitablar verdim. Onlara demişəm, yaxşı oxuyan şagird mənim dostumdur.

 

- Təcrübənizdə, yəqin ki, “çətin şagirdlər” olub. Onlarla problemləri necə həll etməyə çalışırsınız?

N.İ.: 90-cı illərin əvəllərində dərs dediyim sinifdə belə bir uşaq vardı. İki qardaş idilər. Oğlanlardan biri pis-yaxşı oxuyurdu, amma kiçiyini heç cür dərsə cəlb etmək olmurdu. Məktəb adı ilə evdən çıxır, dərslərdə iştirak etmirdi. Valideynləri məktəbin yaxınlığında tərəvəz satırdılar. Bəzən anası işini qoyub oğlunun arxasınca məktəbə gəlirdi, məlum olurdu ki, uşaq dərsdə yoxdur. Hər gün evə gedəndə onların yanından keçməli olurdum. Görüşüb danışırdıq. Hətta uşaq bir neçə dəfə ictimai asayişi pozduğu üçün polisə də düşmüşdü. Bir dəfə onu evimizə dəvət etdim, onunla ata-bala kimi danışdıq. Dedim, səni min əzab-əziyyətlə böyüdüblər, niyə oxumaq istəmirsən? Cavab verdi ki, ali təhsil almaq fikri yoxdur, evdən onu zorla oxumağa vadar edirlər, özü isə zərgər olmaq istəyir. Mənə cibindən çıxardığı bir neçə əl işini – simdən düzəldiyi bəzək əşyalarını göstərdi. Bundan sonra onun valideynləri ilə bir daha söhbət etdik, onu zərgər yanına şagird qoydular. İndi evlənib, iki uşağı, normal evi-eşiyi, işi var. Hərdən küçədə rastlaşırıq, hər dəfə də deyir ki, müəllim, sizin mənim həyatımda rolunuz böyük olub, sizə çox minnətdaram.   

K.Ş.:  İstənilən məktəbdə çətin uşaqlar tapmaq mümkündür. Belələri hər yerdə var. Mənim də təcrübəmdə olub. Söhbət etməyə, onları düz yola çəkməyə çalışıram, amma bu bəzən səmərə verməyə də bilər. O zaman valideynlərlə danışmağa çalışıram. Onlara birgə işləməyi təklif edirəm. Əlbəttə ki, “çətin uşaqları” həmişə xüsusi diqqətdə saxlayıram.

 

- Bütün dövrlərdə atalar və oğullar problem olub. Məsələn, Azərbaycan mühitində ifadə var ki, onu bütün nəsillər əzbər bilir: “Biz məktəbdə oxuyan vaxt elə bilirdik müəllim çörək yemir”.

N.İ.: Biz, həqiqətən də, elə düşünürdük. Özüm də şagirdlərlə söhbətlərimdə bu ifadədən çox istifadə etmişəm. Bir dəfə kəndə getmişdim, su növbəsində bir qızla bir qadının dalaşdığının şahidi oldum. Sonra mənə dedilər ki, o qadın o qıza dərs deyir. Dəhşətə gəldim ki, vəziyyəti necə bu həddə çatdırmaq olar? Əlbəttə, müəllimi bürtləşdirmək olmaz, amma ona sıradan bir adam kimi münasibət bəsləmək də düzgün deyil.  Yəni hər şeyin həddi var. Məsələn, müəllim şagiridini siqaret almağa göndərirsə, təbii ki, ona sinifdə heç kəs lazımi hörməti göstərməyəcək.

K.Ş.: Mən belə bütləşmənin qəti əleyhinəyəm. Çox zaman şagirdlərimi evə dəvət edib, onlarla çay süfrəsi arxasında söhbət edirəm. Amma əlbəttə, onlarla ünsiyyət zamanı qızıl ortanı saxlamağa çalışıram ki, sabah mənim bu münasibətimə arxayın olun ərköyünləşməsinlər.

Rəbiqə NAZİMQIZI