Elektron ədəbiyyat və sənət portalı

Mahir Qarayev – 60

Bölmə: 17.07.2018

Bu gün tanınmış yazıçı, şair, tərcüməçi Mahir Qarayevin 60 yaşı tamam olur.

Mahir Qarayev həmçinin uzun illər səmərəli jurnalist fəaliyyəti ilə məşğul olub. Fəaliyyəti dövründə ölkənin bir çox rəsmi qurumlarının mətbuat orqanlarında, müxtəlif vəzifələrdə çalışıb. 1979–1989-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasında, «Türkologiya» elmi-kütləvi dərgisində işləyib. 1989–1994-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının «Elm» və «Tarix» qəzetlərində; Milli Məclisin orqanı olan «Azərbaycan» qəzetində; həmçinin «ABS» və «Cümə» müstəqil nəşrlərində çalışıb.1994–1996-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində «Yol» ədəbi qəzetinin və ingiliscə çıxan «WEEK-END» həftəliyinin redaktoru, eləcə də, Mərkəzin nəşriyyat redaksiyasının baş redaktoru olub. 1996–1999-cu illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində mətbuat xidmətinin rəhbəri, 1999–2014-cü illərdə «Antinarkotizm» Beynəlxalq elmi-analitik Mərkəzin direktoru, «Azərbaycan-Rumıniya Dostluq Cəmiyyəti» ictimai birliyinin sədri vəzifələrini icra edib. 2014-cü ildən Azərbaycan Tərcümə Mərkəzində çalışır. Hazırda Mərkəzin Tərcümə və ekspertiza İdarəsinin rəisidir. Doğum günü münasibətilə yubilyarı təbrik edir, ona can sağlığı, işlərində yeni-yeni uğurlar arzulayırıq.

 

QAYIĞI YELKƏNLİ DƏNİZ

Dalğaları cinni dəniz, 
Qağayısı kinli dəniz!
Məni də al qayığına –
Qayığı yelkənli dəniz! 

Qayığına al məni də, lal məni də, kar məni də,
Apar, apar, sal məni də bu sahildən o sahilə...


Baş qoyaram ayağına,
Ayazına, soyuğuna,
Məni də al qayığına –
Qayığı yelkənli dəniz! 

Ovsunundan çıxammıram, yosununa baxammıram,
Suya dönüb axammıram bu sahildən o sahilə...


Boylandıqca qaşdan-qaşa, 
Daşa döndüm başdan-başa,
Başım dəydi daşdan-daşa –
Qayığı yelkənli dəniz! 

Əlin yox əl üzüb gedəm, bezib gedəm, küsüb gedəm,
Gəmin də yox üzüb gedəm bu sahildən o sahilə... 


Dərdinə həmdəm olaram,
        məni də al qayığına;
Qağayına yem olaram,
        yem olaram balığına... 

Amma hanı? 
Qulağı yox, 
qağayısı, balığı yox,
sularında qayığı yox –
nə yelkənli, nə yelkənsiz... 

Hər nəyi varsa, budu bu,
qoxusu budu, dadı bu;
göz yaşımdı, şor sudu, su –
qumlu, qumsuz, çənli, çənsiz... 

Məni də yoracaq belə,
səni də yoracaq belə,
yenə də duracaq belə –
mənli, mənsiz, sənli, sənsiz...

 

   “Əcəl zəngləri – Oğuz boyları”

Biz ağac əkməyən, ot göyərtməyən –
yaralı budağı əyənlərik biz;
Biz bizə verilmiş ada dəyməyən –
adı qulağına dəyənlərik biz.

Biz bığdan aşağı burun bəsləyən,
Saqqaldan yuxarı söz deyənlərik;
Boğazdan aşağı qarın bəsləyən,
Boğazdan yuxarı tost deyənlərik…

Xərabat əhliyik, tinimiz əyri –
badələr nuş edib xaşlayanıq biz;
Xurafat əhliyik, cinimiz ayrı –
şeytan daşlamağı xoşlayanıq biz.

Bizim Quranımız İncildən keçib –
çarmıxdan sıyrılıb mıxa keçmişik.
Bizimki qılıncdan-xəncərdən keçib,
ney kimi naləyə, aha keçmişik.

Tütəyi – qamışdan, qavalı – daşdan,
ağla, neyim ağla, tütəyim ağla;
Balı əlcə-əlcə, pətəyi şan-şan –
arım-balım ağla, pətəyim ağla!..