Elektron ədəbiyyat və sənət portalı

Ağlı-qaralı sənətkar taleyi

Bölmə: Mədəniyyət 13.12.2015

Bu ağrı həm də yaratmaq üçün stimuldur. Faciəvi mətləblərdən doğan ağrı oxucunun, tamaşaçının düşüncəsində təkrar-təkrar yaşanır, yeni çalarlar əldə edir, onu düşündürür və yönləndirir. Bu mənada istər kinoda, istərsə də səhnədə aktyor ötürücü missiyanı daşıyır. O, müəlliflə və eyni zamanda mətləblə tamaşaçı arasında körpü rolunu oynayır. Aktyor müəllifdən və tamaşaçıdan fərqli olaraq, ötürdüyü ağrını hər dəfə fərqli formada yaşayır. Mətnin ilkin oxunuşundan, gündəlik məşqlərdən, premyeradan tutmuş təkrar nümayişlərədək hər dəfə əsərə yeni məna, yeni yozum, yeni ifa çaları qatır. O, daimi qurbandır. Başqalarının həyatını canlandırmaqla hər dəfə özünü və başqalarını dəyişən sənətkar dəfələrlə qurbanlıq olur. Birinci dəfə o, özünü – ilk növbədə adi adam kimi yaşamaq rahatlığını qurban verib, bu sənəti seçir. İkinci, üçüncü... yüzüncü... mininci ifa isə hər dəfə ondan bir zərrə alır və eyni zamanda hər dəfə ona yeni çalarlar qazandırır. O, həmişə asılıdır – mətndən, rejissordan, tənqidçidən və ən çox da tamaşaçıdan...

Aktyor bütün həyatını yalnız və yalnız tamaşaçı alqışı üçün yaşayır. O, bunun üçün hər şeyindən keçə bilər.

Xalq yazıçısı, dramaturq Elçinin “Sənətkarın taleyi” əsəri də böyük mənada bu mətləblərdən danışır. İdeya və mövzunu işıqlandırmaq üçün görkəmli dramaturq, Azərbaycan milli teatrımızın inkişafında böyük xidmətləri olan ölməz Hüseyn Ərəblinskinin faciəli həyatına müraciət edib. Əsərin əsas qəhrəmanını - Ərəblinskini əməkdar artist Firdovsi Atakişiyev canlandırır. Hadisələr XX əsrin əvvəllərində Bakıda cərəyan edir. Bu dövrdə Azərbaycan teatrı, sözün əsl mənasında çətin günlərini yaşayırdı. Bir yandan cəhalət içərisində boğulan kütlənin təqibləri, digər tərəfdən maddi imkansızlıq aktyorlara aman vermirdi.

Onlar çox zaman gündəlik ərzaqlarını belə baqqal dükanından borca götürməli olurdular. Belə bir şəraitdə həyatını riskə atmaqla səhnəyə çıxan adamları cəmiyyət başa düşmürdü, üstəlik, qonum-qonşu, qohum-əqrəba da onların sənətiylə barışa bilmirdilər. Bu illərdə azərbaycanlı qadının səhnəyə çıxmasından söhbət gedə bilməzdi. Ona görə də qadın rolunu ifa etmək üçün kişilər bığlarını qırxmalı olurdular. Ziyalıların avanqardı sayılmalı olan mətbuat isə teatrla bağlı sensassion materiallara üstünlük verir, şayiələri tirajlayırdı. Tamaşada bütün bu problemlər əksini tapıb.

Ərəblinski acıdilliyi ilə seçilir. Bəzən çox rəhmsiz, qəddar görünür. Məsələn, Hüseynin  göstərişiylə teatrın yeganə aktrisası, ona dəlicəsinə aşiq olan yəhudi əsilli Maya - vərəm  xəstəsi son dəqiqələrini səhnədə keçirməli olur. Sərt xarakterinə görə bəzən ən yaxın həmkarları ona düşmən kəsilir, küsüb gedir, amma qısa müddət sonra Hüseynin teatr sevgisini anladıqları və özləri də elə bu sevgidən əziyyət çəkdikləri üçün geri dönməli olurlar. Ərəblinski obrazı bəzən tamaşaçıya eqoist təsir bağışlayır, amma müxtəlif səhnələrdə biz həm də onun geniş ürək sahibi olduğunu görürük. Məsələn, qrafinyadan aldığı pulları Hüseyn özünə götürmür, onu teatrın borclarına xərcləyir, qalan məbləği isə dostları arasında bölür.

Ərəblinski həm də ziddiyyətli obraz təsiri bağışlayır. Onun Mayaya və qrafinya Annaya olan münasibəti tamaşaçıda çaşqınlıq yaradır. Hərçənd, burada qəribə heç nə yoxdur. Hüseyn onların heç birini bütün qəlbiylə sevə bilməz. Çünki o, bütünlükdə təpədən-dırnağa teatra məxsusdur, onun bircə daimi sevgisi var - səhnə!..

Tamaşanın quruluşçu rejissoru İranə Tağızadədir. O, uğurlu aktyor heyəti toplamağı bacarıb. Xalq artisti Şükufə Yusupova (qrafinya Anna), Əməkdar artist Ayşad Məmmədov, gənc olsa da, artıq teatrşünasların diqqətini çəkmiş Hikmət Rəhimov (Əbdül)  və Elşən Cəbrayılovun (Yaqo) ifaları bu mənada xüsusi diqqət çəkir. Görünür, aktyorların öz həmkarlarının həyatlarını səhnədə canlandırmaları onlara fərqli hisslər yaşadıb. Necə də olsa, ümumilikdə  teatrın tarixi, aktyorların problemləri onlara bizdən bir köynək daha yaxındır. Bu, sənətkar taleyidir. Bəzən şəxsi həyatın özünü belə qurban tələb edən və əvəzində aktyora yalnız alqış qazandıran sənətkar taleyi...

RƏBİQƏ