İki cümləlik hekayələr

Sizi həyəcanlandıran hər hansı əhvalatı başqasına çatdırmaq üçün heç də həmişə çoxlu söz axtarmağa ehtiyac yoxdur. Oxucu təxəyyülü hətta müəllifin demədiklərini də qavramağa qadirdir. İki cümlədən ibarət hekayələrin timsalında bunu aydın görmək olar.

 

Reyc Malöström

İrəliləyiş

Mənim və psixiatrımın həyatında böyük irəliləyiş baş verdi. İndi səsləri o da eşidir.

 

 Mitç Breşiani

Tənha həyat

Sən tək yaşayanda işığın qəfil sönməsindən qorxursan. Amma işğın qəfil yanması sənin üçün gözlənilməz deyil.

 

Katie

Yaxşı qonşular

 

Lora və Con, demək olar, altı ay cüt yaşamışdılar. Bu gün Lora çardaqdakı qan izlərini görəndə dərk elədi ki, artıq tək yaşayır.

 

Laura Donelli

Sadəcə nəfəs al

 

O, taqətsiz halda ağır-ağır xəstəxana kreslosuna çökdü və anasının dünyasını necə dəyişməsinə baxdı. Özünü tanıyandan bəri ilk dəfə hiss elədi ki, nəhayət, rahat nəfəs ala bilər.

 

Aleksander Ernesto

Özümlə söhbətlər

Yenidən tək qalanda, sadəcə, eşitdiyim səslərdən zövq almaq üçün tez-tez özümlə danışdığımdan xəbər tutdum. Amma atmacalarıma verilən cavabları eşidəndə bu vərdişdən əl çəkdim.

 

Valek

Yenidən evdə

- Əzizim, qayıtmısan?" – qonaq otağının qapısı açılanda soruşdum. Cavabında qulağımın dibində hirs-hikkə dolu "yox" cavabını eşitdim.

 

Tərcümə edən: N.Əbdülrəhmanlı