Elektron ədəbiyyat və sənət portalı

“Reklamların dilində olan problemlər daha çox Bakının mərkəzini əhatə edir”

Bölmə: Beynəlxalq 11.12.2015

Bakı şəhərinin üç rayonunda – Səbail, Nəsimi və Nərimanov rayonları ərazisində keçirilmiş monitorinqdə küçə adları, afişa və reklamların dilinin normaya uyğunluğu nəzərdən keçirilib. Mətbuat konfransında İnstitutun direktor müavini dos. B.Məhərrəmli dillə bağlı “Dövlət Proqramı”nın yerinə yetirilməsi sahəsində görülən işlərdən söz açıb.

Monitorinq şöbəsinin müdiri prof. Q. Məhərrəmli ədəbi dilin müxtəlif sahələrdə işlənməsinin özəllikləri, mövcud problemlər və yol verilən xarakterik nöqsanlar haqqında danışıb. O, göstərilən sahələrdə dil nöqsanlarının aradan qaldırılmasında monitorinqlərin əhəmiyyətini xüsusi qeyd edib.

İnstitutun aparıcı elmi işçisi, “Küçə adları, reklam və afişaların dili”nin monitoriqi üzrə qrupun rəhbəri Rasim Heydərov statistik təhlillər əsasında küçə adları, reklam və afişaların dili üzərində aparılmış monitorinqin nəticələri və müşahidə olunan dil qüsurları barədə danışıb. R.Heydərov bildirib ki, üç rayon ərazisində 3800-dən çox obyektdə aparılan monitorinq zamanı ümumilikdə 1300-ə yaxın norma pozuntusu aşkarlanıb və bu nümunələr tədqiqata cəlb edilib. Nöqsanların əksəriyyəti ticarət və ictimai iaşə obyektində və digər xidmət sahələrində qeydə alınıb. Qeyd olunub ki, hazırda əsas nöqsanlardan biri də obyekt adlarının əcnəbi dildə və qrafika ilə verilməsi və mətnlərin əcnəbi dildə yazılmasıdır.

Mətbuat konfransında mövcud nöqsanların aradan qaldırılması ilə bağlı təkliflər də səsləndirilib. Sonda mətbuat konfransının təşkilatçıları KİV nümayəndələrinin suallarını cavablandırıblar.

RƏBİQƏ