Elektron ədəbiyyat və sənət portalı

Atamın dostları

Bölmə: Ədəbiyyat 11.12.2015

Səməd AĞAOĞLU

(Əvvəli ötən saylarımızda)

Heyhat! Parlayan ancaq keçici bir ümid işığı idi. Divani-Ali istintaq heyətinin suç saydığı maddələrin hamısı üzrə onu günahsız hesab etdiyi halda, məhkəmə prosesində meydana çıxan bir məktub - “Yavuz” zirehlisinin təmirini üzərinə götürən firmanın məktubu bütün işləri pozdu. Həmin sənəddə “Ankarada sözü keçən kimsələr arasında paylanmaq üçün filan qədər yüz min frankın” göndərdildiyi bildirilirdi. Keçmiş Bəhriyyə nazirinin səlahiyyətinin başa çatmasına bir neçə gün qalmış sifariş müqaviləsini imzalaması onunla bağlı şübhələri daha da artırdı. Məhkəmə adı çəkilməyən nüfuzlu kimsənin başqa birisi deyil, müttəhimin özü olması qənaətinə gəldi. Nəticədə hər hansı sənəd-sübutlara və dəlillərə yox, sadəcə ehtimala əsaslanıb onu rüşvətə bulaşmaq şübhəsi ilə məhkum etdilər.

Şəxsiyyəti və yüksəldiyi məqamlar nəzərə alınarsa, keçmiş Bəhriyyə nazirinə qarşı irəli sürülən ittihamlar Cümhuriyyətə və inqilaba da təsirsiz ötüşə bilməzdi. Bəlkə bütün ölkə onun günahkar olduğunu düşünürdü. Bəraət alsaydı, bir kimsə təqsirsizliyinə inanmayacaq, hər kəs işin yolunu tapıb canını qurtardığını deyəcəkdi. Məhkum edilməsi isə ən azı bu üsulla yeni Cümhuriyyətin və inqilabın fəziləti sayılacaqdı: insanlar düşünəcəkdi ki, rüşvət, yolsuzluq, çapovulçuluq, vəzifəsindən sui-istifadə kimi yaramaz hallar kim tərəfindən, hətta onuntək rejimin ən üst qatlarına yüksəlmiş bir insan tərəfindən də törədilmiş olsa, sonda mütləq cəzasını alacaqdır!

Bu, keçmiş Bəhriyyə vəkilinin günahsız olduğuna inanan bəzi insanların saf və səmimi fikri idi.

İki il, düz iki il başqa dustaqlardan seçilib fərqləndirilmədən həbsdə oturdu. Digər məhkumlar – adi qatillər, oğrular əvvəlcə bu dövlət düşkününə yaxın gəlmək istəmədilər. Sonra xeyirxah, ürəyitəmiz adam olduğunu gördülər, ətrafına toplandılar. Ona həmin vaxta qədər xəbərsiz qaldığı həyat dərsləri verdilər. Əski vəkil bu iki ili bir tərəfdən xatirələrini yazmaqla, o biri tərəfdən dayanmadan oxuyaraq keçirdi. Vaxtı çatan gün həbsxana yoldaşlarına vida edərkən gözlərində keçmiş vəzifə, yaxşı gün dostlarından daha çox dörd divar arasında tanış olduğu, vəfa və etibar gördüyü bu insanlar üçün axan yaşlar parıldayırdı.

Ankara, hökumət mərkəzinə - paytaxta çevriləndən sonra siyasət adamlarının gözdən düşdükləri zaman İstanbula köçüb orada yaşamaları bir ənənə halını aldı. Əski Bəhriyyə vəkili də eyni yolu tutdu, çoluq-çocuğunu başına toplayıb İstanbula köçdü.

Ankaradan İstanbula indiki gedişi ilə öncəkilər arasındakı böyük fərqə diqqət etməyəcək dərəcədə hər şeyi tale ilə, qədərlə bağlamağa meyilli görünürdü. Kupesinin pəncərəsindən şəhərin işıqlarının birər-birər qeyb olmasına sona qədər tamaşa elədi. Sonuncu işıq da gözdən itəndə Ankara onun nəzərində artıq həmişəlik keçmişdə qalmışdı.

Həbsxanada xalqın içindən çıxan sadə adamlarla tanış olmuş, qürurun iztirablarından qurtarmış, yalnızlığın sükunətini dadmışdı. Getdiyi İstanbulda yenə adi xalq adamları arasında yaşamaq istəyirdi. Bu arzu onu Boğazda ev tapıb burada məskunlaşmağa sövq etdi. Sonra da həyatının son işinə atıldı: bir çox yerli sakinlərin, adi maraqlıların əski Bəhriyyə vəkilini görmək üçün ətrafına toplandıqları bir qayıq alıb balıqçılığa başladı. Yeni işində heyrətamiz sürətlə irəlilədi. Bir neçə il ərzində Boğazın sayılıb-seçilən həvəskar balıqçıları arasında tanındı, şöhrət qazandı.

İllər sürətlə biri-birini əvəz edirdi. Ankaradan İstanbula çoxlu yeni küskünlər daşındı. Vaxtı ilə qüdrət sahibi olduğu dövrdə özünün vurub sıradan çıxardığı bəzi insanlar da bu böyük şəhərdə idilər. Hamısı ortaq talelərinin çevrəsində bir-biriləri ilə yaxınlaşmağa başlamışdılar. Həmin adamlar, ən çox da özü tək bir şeyi gözləyirdi. Gec-tez bu hadisə baş verəcəkdi. Ondan sonra keçirdikləri bütün ağrı-acılar həzin xatirəyə çevriləcəkdi. Bir vaxtlar inqilabçılıqla dinsiziyi eyni gözdə görüb Allahsız olduqlarını iftixarla aləmə car çəkənlər, indi ümidlərini dəyişik şəkillərdə röyalarında görürdülər. Bir xocanın yanından o birinin görüşünə qaçırdılar. Gecə-gündüz namazdan baş qaldırmırdılar.

Bu gözləmə sırasında əski Bəhriyyə vəkili geridə qalanlar haqda düşünəndə heç cür cavab tapa bilmədiyi bir sualla qarşılaşırdı.

Qazi nədən onu gözündən, könlündən uzaq saxladı? Nədən çətin anlarında yardım əlini uzatmadı? Belə düşüncələrə dalanda nəfəsi daralır, alnının qırışları daha da artırdı.

Sərbəst Firqə1 qapandıqdan sonra İstanbula köçən atamla Milli Mücadilə illərindəki dostluğu təzədən canlandı. Lakin indi əvvəlki coşqun, məğrur, qorxusuz insan deyildi. Daha çox qulaq asır, xatirələrini bölüşür, çıxardığı nəticələrin doğru olub-olmadığını soruşurdu. Ən çox da günahsız yerə həbsə atıldığını hər kəsə isbat etməyə çalışırdı. Məhkəmə macərasını əvvəldən sona, ən kiçik təfərrüatına qədər danışıb qurtarandan sonra qarşısındakına diqqətlə baxır, üz-gözündən haqlı olduğuna inanıb-inanmadığını öyrənməyə çalışırdı.

Bu sırada pensiyası ilə bağlı çox həssas məsələ əski Bəhriyyə vəkili ilə qüdrətli düşmənini yenidən qarşı-qarşıya gətirdi. Rəvayətə görə, aralarında görüş keçirilməsini, danışıq aparılmasını istəyən, hətta əmr edən Atatürk olmuşdu. Boş, mənasız bəhanə ilə həbsə atılıb ömrünün iki ilini məhbəsdə keçirsə də, Atatürk, Milli Mücadilə illərindəki hərarətli dostluğun xatirələrinə sayğı göstərərək onun pensiya haqqının tanınmasını istəyirdi.

İsmət Paşa ilə bu qarşılaşma, deyilənə görə, İstanbulda, bir otel otağında baş tutmuşdu. İkisi də hissiz, həyəcansız, soyuq nəzakət havasında bir neçə kəlmə danışmışdılar. Sonra isə bir daha heç zaman görüşməmək şərti ilə həmişəlik ayrılmışdılar.

Bir gün qəzetlərdən Atatürkün İsmət Paşanı baş vəkillik vəzifəsindən uzaqlaşdırdığını oxudu. Gözlədiyi günlər, nəhayət, yaxınlaşırdı. Dərhal yeni məhkəmə keçirilməsi imkanlarını araşdırmağa başladı. Bir qisim vəkillər bunun yalnız xüsusi qanunun qəbulu yolu ilə mümkün ola biləcəyini dedilər. Çünki məhkumluq qərarını Divani-Ali vermişdi. Millət Məclisindəki keçmiş dostları vasitəsi ilə siyasi ab-havanın istəyinə uyğun olub-olmadığını yoxladı. Xeyr, indiki halda mümkün görünmürdü. Bir az da gözləmək lazım idi. Lakin yaşı irəliləyir, ürəyi gündən-günə sözünə daha az qulaq asırdı. Əcəba, o böyük günə kimi yaşaya biləcəkdimi?

Atatürkün xəstəliyi, bu xəstəliyin getdikcə şiddətlənməsi keçmiş Bəhriyyə vəkili üçün qorxunc ehtimalın meydana çıxmasına yol açdı. Atatürkün yerinə onu çıxılmaz duruma salan adam gələcək! Bundan sonrakı təhlükəsizliyi, baş salamatlığı, həmin adamın dövlətin ən yüksək nöqtəsində bərqərar olmaması ilə bağlı idi. O zaman düşündü, daşındı, ağlına gələn fikri ən yaxın dostlarına söylədi. Dostları dediklərini heyrətlə dinlədilər. Sonda bu uşaqcasına düşüncədən, heç zaman baş tutmayacaq fikirdən, xam xəyaldan birdəfəlik vaz keçməsini təkidlə tövsiyə etdilər.

Əski Bəhriyyə vəkili başına gələn fəlakətin səbəblərindən birini xatırlamış, İstiqlal Məhkəməsində haqqında bəraət qərarı çıxardığı mərhum Hüseyn Cahid Yalçını cümhur rəisi görmək fikrinə düşmüşdü. Atatürkdən sonra bu ali məqam Anayasa sərhədləri daxilində şərəf mövqeyindən başqa bir şey olmayacaqdı. Ora bir hərbçinin gəlməsinə nə lüzum var? Vətənə xidmət etmiş, insanlar arasında etibarı, hörməti olan mülki şəxsin gətirilməsi diktatorluğun aradan qalxmasının mühüm şərtlərindən birinə çevrilə bilərdi. Həmin mülki şəxs isə, məsələn, Hüseyn Cahid ola bilərdi.

Bu düşüncənin altında yatan arzu, bir zamanlar ölümdən qurtardığı adama pənah aparmaq, onun sayəsində hər gün içərisində ölüb-dirildiyi ağır şərtlərdən həmişəlik xilas olmaq idi.

Birinci Böyük Millət Məclisinin ölçüsüz səlahiyyətlərə malik millət vəkili, həyata və ölümə hökm edən İstiqlal Məhkəmələrinin əzəmətli rəisi gör bir nə vəziyyətə düşmüşdü?!

1 Sərbəst Firqə - tam adı Sərbəst Cümhuriyyət Firqəsi idi. Ölkədə çoxpartiyalılığa keçid məqsədi ilə Atatürkün təşəbbüsü əsasında 1930-cu ilin avqustunda təsis edilmişdi. Sədri Əli Fəthi Okyar, baş katibi Mehmet Nuri Çonker idi. Əhməd Ağaoğlu da partiyanın qurucu üzvləri sırasında yer almışdı. Sonuncu tərəfindən hazırlanmış Proqramında cümhuriyyətçilik, milliyyətçilik, laiqlik prinsiplərinin əsas tutulacağı, iqtisadiyyata dövlət müdaxiləsinin məhdudlaşdırılacağı xüsusi vurğulanırdı. Qısa müddətdə xalq arasında geniş populyarlıq qazanan Sərbəst Firqə Atatürk də başda olmaqla bu siyasi eksperimentin müəlliflərini qorxuya saldı və mövcudluğunun üçüncü ayında onun fəaliyyəti dayandırıldı. Əhməd Ağaoğlu özünün “Sərbəst Firqə xatirələri” əsərində bu barədə ilk dəfə və ətraflı bəhs etmişdi.

(Davamı gələn sayımızda)

Tərcümə edən:
Vilayət QULİYEV, professor