Elektron ədəbiyyat və sənət portalı

 “Bu, quş dilidir...”

Bölmə: «Aydın Yol»çular 15.01.2016

ABŞ alimləri isə hesab edir ki, yaxın 10 ildə insanlar xüsusi cihazların köməyi ilə heyvanların dilini tam anlayacaq. Şimali Arizona Universitetinin professoru Kon Slobodçikovun sözlərinə görə, elektron tərcüməçi rolunu oynayan yeni cihaz əvvəlcə heyvanın səsini hafizəsinə yazacaq, sonra isə onu təhlil edərək insanların danışdığı dilə çevirəcək. Professor tam əmindir ki, insan canlılarla yaxından ünsiyyət qura bilər və bir çoxlarının şüursuz hesab etdikləri bu məxluqların bizə deməyə həmişə sözü var.

...Hər səhər işə gələndə metronun “28 May” stansiyasının qarşısındakı C.Cabbarlının heykəli önündən keçirəm. Qranit heykəlin başına pərvazlanan rəngbərəng göyərçinlərə dən səpən, çörək ovxalayan ağsaçlı nurani qadını burada dəfələrlə görmüşəm. Quşlar yoldan ötənlərdən hürküb uçsa da, nədənsə bu qadından heç çəkinmir, onun qolları üstünə, çiyninlərinə qonur, ovcundakı çörək qırıntılarını acgözlüklə yeyirlər. Açığını deyim ki, bu mənzərəni görənlər ayaq saxlayıb qadının quşlarla necə nəvazişlə davrandığını, onlara nəsə pıçıldadığını maraqla seyr edir.

Bu səhər mən də ayaq saxladım. Qadın yerə iki plastik qab qoydu, sonra da çantasında gətirdiyi şüşədən bu qablara su tökdü. Bayaqdan özünü onun ayaqlarına sürtən iki pişik bir-birini itələyərək suyu içməyə başladı. Havada dolaşan göyərçinlər də sanki bunu gözləyirmiş kimi, su qablarının yanına endi. Qadına yaxınlaşıb salam verdim.

- Pişiklə göyərçinin dostluğunu heç görməmişdim. Nə yaxşı, pişiklər quşlara toxunmur?

Qadın gözünü göyərçinlərdən çəkməyərək sualımı cavablandırdı:

- Bunlar kimsəsiz ev pişikləridir, bir dəfə onlara tapşırmışam ki, quşlara toxunmaq olmaz, sözümdən çıxmırlar.

Qadın çöhrəmdəki təbəssümü dərhal duydu:

- Onların bizim danışığımızı anladığına inanmırsınız?

- İnanıram...

- Baxın, bu iki haçaquyruq o xallı göyərçini sevdikləri üçün hər gün dalaşırdı. Hər ikisini xeyli danladım, dedim ki, qız üstə dalaşmaq yaxşı deyil, qoy xallı öz istədiyini seçsin. İndi görürsüzmü, üçü bir yerdə necə mehribandır?

- Deməli, bu canlılarla ünsiyyət qurmaq mümkündür?

- Əlbəttə, onları gərək qəlbinlə duyasan, daim nəvaziş göstərəsən, xoş sözlər söyləyəsən. Əgər etinasızlıq etsən, o da əvəzində sayğısızlıq göstərəcək. Heyvanlar bəzi insanlardan fərqli olaraq, mərhəməti dərhal duyur, qiymətləndirir. Heykəlin yanında görüş üçün toplaşan gənclər var. Əvvəl bəziləri mənə gülürdü, hətta lağa da qoyurdular ki, qoca nənəsən, otur evində, işin-gücün qurtarıb? Cavab vermirdim onlara. O gün görürəm, həmin gənclərdən biri evdən çörək gətirib, quşları yemləyir. Sevindim ki, bu sehrli məhəbbət ona da sirayət eləyib. Deməli, bir insan kimi ondan nəsə alınacaq.

 - Xarici şəhərlərin çoxunda quşların sıx uçuşduğu məkanlarda quş yemlərinin kiçik paketlərdə satışı təşkil olunur. Rahatdır, al, quşları yemlə...

- Niyə də olmasın? Valideyn uşağını bura gətirir ki, övladı quşlarla oynasın, dən versin. Uşaqlara mərhəmət hissi aşılamağın, onlara təbiəti, canlıları sevdirməyin ən yaxşı üsulu heyvanlarla ünsiyyətdir. Dilsiz-ağızsız hesab etdiyimiz bu heyvanların bizə həmişə ehtiyacı var: qışda da, yayda da. Xüsusən Bakının şaxtalı günlərində onlara daha çox qayğı göstərmək lazımdır. Qapınızın kandarına su qabı qoyun, quşlara dən, çörək qırıntısı verin. Qoy mərhəmətiniz əskik olmasın. Ulu Tanrı yaxşılığı unutmur...

Bu sadə və müdrik qadınla sağollaşıb ayrılandan sonra yolboyu düşündüm ki, heyvanların dilini anlamaq üçün heş də ABŞ alimlərinin 10 illik tədqiqatının sonunu gözləmək lazım deyil, küçədə aclıqdan və susuzluqdan bir küncə qısılıb yalvarış, ümid dolu baxışlarını sənə zilləyən heyvanların gözlərinə baxmaq kifayətdir...