Elektron ədəbiyyat və sənət portalı

Braziliyada Xocalı soyqırımı ilə bağlı həqiqətlərdən bəhs edilib

Bölmə: Beynəlxalq 04.03.2016

Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Azərbaycanın Braziliyadakı səfirliyi Brazilia Katolik Universiteti ilə birgə həmin universitetdə “Hərbi münaqişələrin həllində qanun aliliyinin və ədalətin rolu” mövzusunda tədbir keçirib.

Səfirlikdən AzərTAc-a bildiriblər ki, tədbirdə Brazilia Katolik Universitetinin professor və tələbə heyəti iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək, Xocalıda törədilmiş cinayətin müəllifləri, onun kvalifikasiyası və ona münasibətdə beynəlxalq hüquqi məsuliyyətin müəyyənləşdirilməsi barədə danışıb. Bundan əlavə, səfir E.Sultanov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə, o cümlədən Braziliyada həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyanın əhəmiyyətindən bəhs edib.

Sonra səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, mahiyyəti, problemin həlli üzrə danışıqlar prosesi, münaqişəyə dair BMT Təhlükəsizlik Şurası və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlər və regional vəziyyət barədə tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Çıxış zamanı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalın nəticələrini göstərən xəritə nümayiş olunub.