Elektron ədəbiyyat və sənət portalı

“Balaş mənəm, biz hamımızıq”

Bölmə: Ədəbiyyat 04.03.2016

Məhəmməd Rza Bayrami dünyada İran nasiri kimi tanınır. Milliyyətcə azərbaycanlı olan yazıçı, ondan çox romanın müəllifidir.

Məhəmməd Rza Bayrami 1965-ci ildə anadan olub. Əsərləri müxtəlif dillərə tərcümə olunaraq, Avropa və Amerikada işıq üzü görüb. “Sonuncu yeddi gün”, “Asma körpü”, “Dağ məni səsləyir” əsərləri daha məşhurdur.

M.R. Bayrami Almaniyada “Qızıl ayı” və İsveçrədə “Göy gürzə” kimi nüfuzlu ədəbiyyat mükafatlarını, Avrasiya ədəbiyyat ödülünü qazanıb. “Dağ məni səsləyir” əsəri, eyni zamanda İsveçrədə ilin kitabı adına layiq görülüb.

Yazıçının “Cənnət bağının ölüləri” kitabı Moskvada nəşr olunub və Bayrami onun Rusiya paytaxtında baş tutan təqdimatında iştirak edib. Qeyd edək ki, əsərdə 1946-cı ildə Cənubi Azərbaycanda baş verən milli-azadlıq hərəkatından söz açılır. Baş qəhrəman Balaş radioda diktor kimi çalışır, milli-azadlıq hərəkatına qoşulur və respublikanın süqutundan sonra körpə oğluyla birgə SSRİ-yə qaçmaq istəyir, amma sərhədi keçə bilmir.

“Aydın yol” qəzeti onun bir müddət əvvəl rus mətbuatına verdiyi müsahibəni oxuculara təqdim edir.

 

- Necə düşünürsünüz, nə üçün sizin kitablara Avropada tələbat çoxdur, bu qədər nüfuzlu mükafatları necə qazana bilmisiniz?

- Fikrimcə, səbəblərdən biri “Savalan hekayətləri”nin lokallığıdır. Hekayələrim birinci dəfə mükafat qazananda mən İsveçrəyə gedə bilmədim, yalnız ikinci mükafat üçün Bernə yola düşdüm. Münsiflərin rəylərindən belə anladım ki, onlar üçün yad mədəniyyətlə tanışlıq çox vacibdir. Bu zaman əsərin bədii dəyərindən başqa, həm də maraq doğuran məqam odur ki, kitab onlar üçün yeni, yəni onlarda olmayan mətləblərdən danışır.

 

- Müasir İran tarixinin ən dramatik hadisələrinə - inqilablara, İran-İraq müharibəsinə diqqət ayırırsınız. Sizi bu mövzuları seçməyə nə vadar edir?

- Mən əsgər olmuşam və ağır şərtlərdə, qaynar nöqtələrdə vuruşmuşam. İraq qoşunları genişmiqyaslı hücumlara başlayanda az qala onlara əsir düşəcəkdim, amma mühasirəni yara bildim. Bu hadisəni mən “Son yeddi gün” adlı memuarlarımda müfəssəl təsvir etmişəm. Azərbaycan Demokrat Partiyasının taleyi kimi ayrı-ayrılıqda götürülmüş tarixi faktlar biz azərbaycanlıların kollektiv şüurunda həkk olunub. Təbii ki, bu xalqın içərisində yaşadığım üçün bu hadisələrin təsirini öz üzərimdə hiss etmişəm.

 

- Kənd həyatını xüsusi diqqət və sevgiylə təsvir edirsiniz. Bu mövzu müasir İran ədəbiyyatı üçün nə dərəcədə aktualdır?

- Mən kənddə doğulmuşam və həmişə də kəndi sevmişəm. Hətta indi də orada yaşamağı arzulayıram. Hər yay bu istiqamətdə nəsə addım atmağa çalışıram. Şəhər həyatı hətta kənd məişətini də dəyişib, kənddə qalan təkcə təbiətdir. Getdikcə, ora yalnız bağ evi kimi üz tutan şəhərlilərə daha çox rast gəlirik.

Evdə daha çörək bişirmirlər, at və dəvələrin əvəzində darvazaların ağzında saxlanmış maşınlarla qarşılaşırıq. Bizim məhrum olunduğumuz şeylər barədə söhbətlər cazibədar görünür və bu, heç də həmişə nostalji kimi qəbul olunmur. Amma hər nə olsa, düşünürəm ki, “yer” əhəmiyyətli nələrsə yaratmaq və dəyərli nələrsə əldə etmək üçün lazım olan amildən başqa bir şey deyil. Bununla belə, nəzərə alınmalı olan başqa məqamlar da var.

 

- Nə üçün “Cənnət bağının ölüləri” üçün belə faciəvi və qeyri-adi zaman və məkan seçmişiniz?

- Yeddi, müqəddəs rəqəmdir. Metafizik aspektlərə toxunmayacağam, yalnız onu deyim ki, hətta əfsanələrdə də bu rəqəmə çox rast gəlinir. Bu həm yeddi gündə insanın yaranmasıdır, “Rüstəmin yeddi şücaəti”dir (Firdovsinin əsərinin qəhrəmanı nəzərdə tutulur – red.), “Yeddi sevgi şəhəri”dir (sufi şair Fəridəddin Əttarın “Quş dili” poemasındakı fəlsəfi obraz – red.)… İran-İraq müharibəsinin haqqında danışdığım son yeddi gün də az maraq doğurmur. “Cənnət bağının ölüləri” romanına gəlincə, burada da vacib “yeddilik” var: Culfa, Astara, Ərdəbil və başqa şəhərlərdəki sərhədlərin açıq olduğu yeddi gündə partiya üzvlərinin qaçmaq şansı var.

Bu yeddi gün müddətində bir çox dramatik hadisələr baş verir. Təbii ki, mən bu barədə yazmaya bilməzdim. Müəllif həmişə ən yaxşı hadisələri seçməyə çalışır. Düşünürəm ki, bu prinsipdən çıxış edərək, fars ədəbiyyatı tarixində ən “qəddar” romanı yaza bilmişəm. Amma amansız reallıq yalnız zabitlərin güllələnməsi ilə bağlı olmuş hadisəyə əsaslanan səhnələrdə ifadə edilir, bütün qalan yerlərdə mən təhkiyəni xeyli yumşaltmışam. Balaşı öldürür, nəşini şaqqalayırlar. Onun ruhu bədəninin bütün hissələrini bir yerə toplamağa çalışır, bəlkə də, bu, ona rahatlıq verə bilər.

 

-  Siz arxiv materiallarından, hər şeyi olduğu kimi danışa biləcək hadisə şahidlərinin xatirələrindən yararlanmısınızmı?

- Yəqin ki, ən çox əlaqə yaratmaq istədiyim şahid Balakişi – mənim xalamın əri idi. SSRİ dağılana və “dəmir pərdə” aradan qalxanadək yarım əsrdən çox müddət keçdi  və o da həmin vaxt doğma kəndinə qayıtdı. Onun evini tərk etmə səhnəsi heyrətamizdir. Balakişi atlarının dalınca getmişdi. Bilmirəm, burası həqiqətdir, ya yox, amma partiya üzvləri geri çəkilməyə başlayanda onun atlarını da özləriylə aparmışdılar. Söz vermişdilər ki, sərhədə çatan kimi atları qaytaracaqlar. Balakişi də onlarla getdi və bir də... əlli il sonra qayıtdı! Amma əlbəttə, mən daha çox yazılı şahid ifadələrinə əsaslanmışam. Çoxlu analitik ədəbiyyat oxumuşam. Həmin dövrlə bağlı arxiv materiallarını və tarixi ədəbiyyatı tədqiq etmişəm. Amma romanın əsası mənim anamın uşaqlıq xatirələri ilə bağlıdır. Bu xatirələr bütün həyatım boyu məni izləyib. Bu ürəkağrıdıcı hekayə təhkiyə boyunca “Mən yandım! İlahi, mən yanıram” cümlələri ilə təkrar-təkrar xatırlanır.

 

- Sizin əsərdə deyilir ki, iranlı qaçqınlar Azərbaycanın rəhbəri Mircəfər Bağırovla görüşüb mübarizəni davam etdirmək üçün ondan silah istəyirlər. Bağırov təxminən belə cavab verir: “Siz elə ona görə məğlubiyyətə uğradınız ki, mərkəzi hakimiyyətlə əlaqələri tam kəsməmişdiniz”. Doğrudanmı, Azərbaycan Demokrat Respublikasına SSRİ-nin dəstəyi bu qədər önəmli idi?

- Bu səhnədən də tam aydındır ki, Bağırov özünə bəraət qazandırır. Dəqiq xatırlamıram, o səhnəni kimin xatirələri əsasında yazmışam – Pişəvərinin, yoxsa bir başqasının. Amma istənilən halda, bu, sənədli şahid ifadəsidir. SSRİ-yə gəlincə, bəli, onun dəstəyi çox böyük əhəmiyyət kəsb edirdi, amma beynəlxalq təzyiq altında SSRİ geri çəkildi və eynən buna qədər Mirzə Kuçek xan Cəngəli (İran siyasi-hərbi xadimi,

Gilan milli-azadlıq hərəkatının rəhbərlərindən biri – red.) ilə olduğu kimi davrandı.

 

- Qəhrəmanınızın real prototipi varmı, yoxsa bu, ümumiləşmiş obrazdır?

- Bir neçə il əvvəl hansısa saytda oxudum ki, guya Balaş, hörmətli şair Balaş Azəroğludur. Qətiyyən belə deyil. Balaş – mənəm. Daha doğrusu, Balaş - biz hamımız, siyasi intriqaların qurbanı olmuş incəsənət xadimləriyik. Siyasətçilər, həmişəki kimi sudan quru çıxırlar, Balaş kimi adamlar isə məhv olurlar. Balaş tamamilə təxəyyül məhsulu olan personajdır, amma gecə, qarlı aşırımdan keçmək, atları almaq və bir sıra digər epizodlar həqiqətdə baş verən hadisələrdir.

 

- Demək olarmı ki, romanda nəsillərarası münaqişə əksini tapıb?

- Tam olaraq elə deyil. Gəncliyimdə mən Dostoyevskini dönə-dönə oxuyurdum. Yanılmıramsa, “Cinayət və cəza”da və ya başqa bir əsərində Dostoyevski deyir ki, yalnız iztirab çəkən adam iztirab çəkəni anlaya bilər. Balaşla onun atası arasında çoxlu fikir ayrılığı var, amma son günlərin hadisələri onları yaxınlaşdırır. Yox, onlar həmfikir olmurlar, amma bir-birilərinə qarşı da dayanmırlar da.