Elektron ədəbiyyat və sənət portalı

Dəlisov

Bölmə: Ədəbiyyat 04.03.2016

Alberto MORAVİA
(İtaliya)

İyul səhərlərinndən birində, Melotso da Forli meydanınıdakı suyu qurumuş fəvvarənin yanında, evkalipt ağaclarının kölgəliyində mürgüləyərkən iki kişiylə bir qız mənə yaxınlaşıb onları Lido di Lavinyoya aparmağımı xahiş etdilər. Gediş haqqını danışdığımız müddətdə imkan tapıb onları diqqətlə gözdən keçirtdim: kişinin biri sarışın, ucaboy və dolubədənli idi; solğun bənizi boz torpağa, dərində gizlənmiş gözlərinin rəngi mavi səmaya çalırdı. Tısbağa sağanaqlı eynək taxmış arıq və nəsə bivec görünən ikinci kişi ondan cavan, həm də qarabuğdayı idi; çox güman ki, tələbəydi. Dalğavarı saçları hər iki tərəfdən sərt və uzunsov sifətinə tökülmüş ağbəniz qız isə çəlimsiz idi; sısqa bədəni yaşıl paltarın içində elə arıq görsənirdi ki, lap ilana bənzəyirdi. Amma ağzı moruq kimi ətli və qırmızı idi, gözləri də yaş kömür parçasıtək qara və qəşəng; üstəlik məni elə bir baxışla süzürdü ki, sövdələşməkdən vaz keçməyə qərar verdim.

Beləcə, maşına əyləşdilər. Sarışın kişi keçib mənim yanımda oturdu, o biri ikisi isə arxada. Tərpəndik.

San-Paolo kilsəsinin arxasındakı küçəyə çıxmaq üçün mən bütün Romanı kəsəsinə keçməli oldum, çünki bu Ansioya aparan ən kəsə yol idi. Orda benzin doldurub, sürəti bir az da artırdım. Hesablamışdım ki, məsafə təxminən əlli kilometr olacaq: indi saat onun yarısıydı, deməli saat on bir üçün, çimməyin əsl vaxtında çata bilərdik. Qız xoşuma gəlmişdi, istəyirdim tanış olum onunla. Müştərilərim çox da vacib adamlar deyildi. Ləhcələrindən kişiləri əcnəbi saymaq olardı - ola bilsin, Roma yaxınlığındakı koloniyalarda yaşayan qaçqınlardan idilər. Qız isə əksinə, tipik italyan qızı, hətta romalıydı. Amma varlı romalılardan deyildi: yəqin, ya qulluqçu işləyirdi, ya paltarütüləyən, ya da bu sayaq başqa bir peşənin sahibi idi. Bütün bunları düşünərkən, eyni zamanda qarabuğdayı cavanla nərmənazik qızın arxa oturacaqda ucadan danışıb gülmələrinə qulaq asırdım. Qızın qəhqəhəsi lap bərkdən eşidilirdi; mən onun açıq-saçıqlığına, sərxoş ilan kimi yerində qıvrıldığına elə əvvəldən fikir vermişdim. Hər dəfə qəhqəhə səsləri maşını başına götürəndə sarışın kişi gündən qorunmaq üçün taxdığı qara eynəyin arxasından burnunu qırışdırır, ancaq heç nə demirdi, heç geriyə də qanrılmırdı. Hərçənd arxada baş verənləri bütünlüklə görməsi üçün başını qaldırıb qabaq şüşənin üstündəki güzgüyə baxması da kifayət idi. Biz Trappistini, sonra E-42 zavodunu keçib birbaşa Ansioya aparan yol ayrıcına yetişdik. Bura çatanda maşını saxlayıb, yanımda əyləşən sarışından onları məhz hara, hansı yerə aparacağımı soruşdum. 

- Elə yerə sürün ki, orda tünlük olmasın, heç kəs olmasın… biz tək qalmaq istəyirik.

- Qabaqda otuz kilometrlik boş sahil olacaq, qərarı özünüz verin, - dedim.

Arxadan qızın çığırtısı eşidildi:

- Qoy özü desin, qərarı özü versin.

Soruşdum ki, axı mən niyə, mənlik burda nə var? Amma qız qışqırmağa davam edirdi:

- Qoy özü desin, özü həll etsin!

Qız bunu deyə-deyə elə gülürdü ki, elə bil bu sözlərdə gülməli nəsə vardı. Onda mən dedim:

- Lido di Lavinyo tünlük yerdir… Mən sizi bu yaxınlıqdakı yaxşı bir yerə apararam, orda ins-cins olmur.

Mənim bu sözlərim qızı neyçünsə yamanca güldürdü və o, qabağa əyilib çiynimə vura-vura dedi:

- Əhsən… Sən ağıllı oğlansan… Bizə nə lazım olduğunu başa düşdün.

Heç bilmirdim nə fikirləşim. Qızın davranışı mənə qəribə gəlirdi, bir az qıcıqlandırsa da, eyni zamanda anlaşılmaz ümidlər aşılayırdı. Sarışın kişi qaşqabaqlı halda oturub dinmirdi, amma axırda dözmədi:

- Pina, mən burda gülməli bir şey görmürəm.

Maşını yerindən tərpətdim və biz təzədən yola düşdük.

Hava bürkülü və küləksiz idi, yolun bəyazlığı adamın gözünü qamaşdırırdı. Arxada oturanların gülüb-danışmaqdan başqa işləri yox idi. Amma sonra qəfildən səslərini kəsib kiridilər, bu isə lap betər idi, çünki mən sarışın kişinin qabaq şüşənin üzərindəki güzgüyə baxıb burnunu təzədən necə qırışdırdığını gördüm – sanki nəsə xoşagəlməz bir şey görmüşdü.

İndi yolun bir tərəfində quru, çılpaq sahə uzanıb gedirdi, o biri tərəf isə qalın fızıllıq idi. Mən ovun qadağan edilməsinə dair elanın asıldığı dirəyin yanında sürəti azaldıb əyri-üyrü cığıra buruldum. Qışda hərdən buralarda ov edirdim. Həqiqətən, gözdəniraq, lal-kar yerdir, yolu tanımasan, gəlib tapa da bilməzsən. Kolluğun axırında şam meşəliyi başlayırdı, meşənin arxasında isə dəniz və çimərlik vardı. Haçansa müttəfiqlər Ansioya çıxarılarkən amerikanlar bu meşədə səngər qazmışdılar; köhnə səngərlərin adda-budda qalıqlarına, gilizlərə, paslı konserv bankalarına indi də rast gəlmək olurdu. Camaat buralara az gəlirdi, çünki minadan qorxurdular.

Günəş adamın gözünü deşirdi, xırda yarpaqlarla örtülmüş kolluq isə dənizin işığında başdan-başa zümrüd rəngində görsənirdi. Cığır əvvəlcə düzünə gedirdi, sonra talaya burulur və təzədən meşəyə girirdi. İndi qarşımızdakı hündür şam ağaclarının mehdən yırğalanan yaşıl kepkaları sanki səmada üzürdü, işıqlanan qırmızı gövdələrin arasından isə parıltısı göz qamaşdıran gömgöy dəniz görsənirdi. Maşını asta sürürdüm, çünki qalın kolluğun, sıx budaqların ucbatından yolu çətin seçirdim, həm də çala-çuxura düşüb resoru sındıracağımdan qorxurdum. Bütün diqqətimi cəmləyib irəli baxırdım, fikrim-zikrim yalnız yolda idi.

Birdən yanımda oturmuş kürən bütün gövdəsiylə üstümə yıxılıb məni böyrümdən elə bərk itələdi ki, az qala pəncərədən çölə uçacaqdım.

- Lənətə gələsən! - mən çığırıb var gücümlə əyləci basdım.

Həmin andaca arxamda şaqqıltı eşidildi və qabaq şüşəyə düşən xırda, nazik, şüavari çatların tən ortasında güllənin açdığı yumru oyuğu görəndə heyrətdən ağzım açıla qaldı. Damarlarımda qanım dondu.

- Öldürürlər! Öldürürlər!

Mən qışqırıb kabinədən yerə atılmaq istədim, amma arxa tərəfimdə atəş açan qarabuğdayı cavan lüləni kürəyimə dirəyib çımxırdı:

- Yerindən tərpənmə!

- Nə istəyirsiz məndən? - təzədən yerimə oturub soruşdum:

- Əgər bu sarsaq səni kənara itələməsəydi, indi bunu sənə izah etməyə ehtiyac qalmazdı, - qarabuğdayı hərif cavab verdi. - Bizə sənin maşının lazımdır.

- Mən sarsaq-filan deyiləm, - kürən mızıldandı.

- Sarsaq deyilsən, bəs nəsən? - arxadakı acıqla dilləndi. - Bəyəm danışmamışdıq ki, mən atəş açacam? Sən niyə əliuzunluq elədin?

Kürən razılaşmadı:

- Biz danışmışdıq ki, sən Pinanı dinc qoyacaqsan… Elə sən də əliuzunluq elədin.

Qız bunu eşidəndə qəhqəhə çəkdi:

- İndi bizim işimiz bitdi.

- Niyə?

- Necə niyə? İndi o, Romaya qayıdıb bizi satacaq.

- Yaxşı da eləyəcək, - kürən cibindən siqaret çıxarıb çəkməyə başladı.

- Yaxşı, bəs indi neyləyək? - qarabuğdayı cavan qıza tərəf dönüb tərəddüdlə soruşdu.

Gözümü qaldırıb güzgüyə baxdım, gördüm ki, maşının küncünə qısılıb oturmuş qız baş və şəhadət barmaqlarını tapança kimi tutub məni nişan alır: yəni bitir bunun işini, çıx axırına! Damarımda qanım dondu, amma qarabuğdayı cavanın qıza tam ciddiyyətlə nə dediyini eşidən kimi ürəyim təzədən yerinə gəldi, özümü rahat hiss elədim. 

- Yox, elə şeylər var ki, ona yalnız bir dəfə köklənmək olar… Alınmadısa, deməli alınmadı. İkinci dəfə mən artıq bacarmaram.

Mən ürəkləndim:

- Yaxşı siz bu taksiylə neyləyəcəksiz? Kim bunu sizinçün patentləşdirəcək? Kim maşını rəngləyəcək ki, tanınmasın?

Hiss elədim ki, dediyim hər söz onları daha çox dalana dirəyir, neyləyəcəklərini indi heç özləri də bilmirlər. Məni öldürmək onlara müyəssər olmamışdı, axırıma çıxmağı bacarmamışdılar, soymağa, qarət etməyə isə, görünür, cəsarətləri çatmırdı. Bununla belə qarabuğdayı hikkəsindən əl çəkmirdi:

- Bizim hər şeyimiz var, sən narahat olma… 

Amma kürən acı-acı gülümsünüb etiraz elədi:

- Bizim heç nəyimiz yoxdur, olanımız üç nəfərə iyirmi min lirədir, bir də düz atmayan tapança.

Bu vaxt mən yenidən güzgüyə baxdım, gördüm ki, qız yenə başıyla məni göstərir, tapança kimi tutduğu barmaqlarının məzəli hərəkətiylə yenə kürəyimi güllələyir. Onda mən dözmədim:

- Sinyorina, - dedim, - biz Romaya qayıdanda siz bu jestə görə əlavə bir neçə il həbs cəzası alacaqsız.

Sonra sərt şəkildə geri dönüb, lüləni hələ də kürəyimə sıxmış hərifin üstünə qışırdım, özü də var səsimlə:

- Nəyi gözləyirsən, atsana! Səni belə-belə olasan, ağciyərin yekəsi, at!

Bağırtım ətrafdakı ölü sükutu pozdu, qız bu dəfə məni göstərib aşkar rəğbətlə dedi:

- Bilirsiz burda ən qoçaq adam kimdir? O!

Cavabında qarabuğdayı cavan hirsli-hirsli nəsə mızıldanıb söyüş söydü, kənara tüpürüb maşından çıxdı və kabinənin şüşəsinə yaxınlaşdı. O, dəli kimiydi, lap quduzlaşmışdı.

- Di tez elə, - dedi. - Sənə nə qədər verək ki, bizi Romaya qaytarasan, özün də xəbərçilik eləməyəsən?

Hiss elədim ki, təhlükə artıq sovuşub.

- Heç nə istəmirəm, mənə sizin heç nəyiniz lazım deyil, - tələsmədən, aramla cavab verdim. - Üçünüzü də birbaşa Recina Çeli həbsxanasına apararam.

Ədalət naminə deməliyəm ki, qorxub eləmədi; o, bərk dilxor idi, qanı it qanına dönmüşdü. Yalnız bunu dedi:

- İndi səni gəbərdərəm.

- Hünərin çatmaz, - dedim. - Özün də bilirsən nə var? Sən heç kəsi öldürən deyilsən… Gör sənə nə deyirəm: hamınız barmaqlıq arxasında oturmalı olacaqsız. Sən də, sənin bu ləçər rəfiqən də, o da.

- Deməli belə? - o, sakitcə dilləndi. - Yaxşı… 

Başa düşdüm ki, beləsiylə zarafat həqiqətən, pis qurtara bilər, çünki tapançanı yuxarı qaldırmışdı. Amma bəxtimdən bu vaxt qız qışqırdı:

- Di bəsdirin görüm, yığışdırın bu şeyləri... Gah pul təklif edirsiz, gah tapançayla qorxudursuz… indi görəcəksiz o bizi necə aparacaq.

Bunu deyib qabağa əyildi, barmaqlarıyla qulağımı yüngülcə qıdıqladı, özü də elə elədi ki, kişilər bunu görməsin. Əməlli-başlı karıxmışdım, axı dediyim kimi, qız mənim xoşuma gəlirdi; niyəsini heç özüm də bilmirəm, ancaq əmin idim ki, mən də onun xoşuna gəlirəm. Odur ki, başımı döndərib əvvəlcə tapançanı hələ də üstümə tuşlayıb duran zırramaya baxdım, sonra üzündən təbəssüm yağan qıza yanakı nəzər salıb onun öz kömür qarası kimi gözləriylə məni necə diqqətlə süzdüyünü gördüm və qəti şəkildə dedim:

- Rədd eləyin pullarınızı… Mən sizin kimi quldur deyiləm… Amma sizi Romaya aparmayacam… Aparsam da tək onu apara bilərəm, necə olsa qadındır.

Elə düşündüm ki, etiraz edəcəklər, amma lap məəttəl qalmalı işdir: təsəvvür edin ki, kürən əlbəəl maşından çıxıb dodağının altında «yaxşı yol» mızıldandı, qarabuğdayı da tapançanı aşağı saldı. Qız cəld yerindən sıçrayıb mənim yanıma, kabinəyə keçdi.

- Di yaxşı, xudahafiz, - dedim. - Çox çəkməz, ümid edirəm tezliklə sizi katorqaya göndərərlər.

Vəssalam. Bunu deyib sükandan yapışdım. Amma birəlli yapışmışdım, çünki qız o biri əlimi ovcuna alıb sıxırdı. Kefim kökəlmişdi, mənə əcəb xoş idi; elə xoş idi ki, kişilər niyə belə yumşalmağımın səbəbini qəfildən anladılar.

Yola çıxdım, beş kilometr məsafəni kəlmə kəsmədən sürdüm. Qız əlimi ovcunda saxlayıb hələ də sıxmağındaydı və bu mənimçün tamamilə kifayət idi. İndi elə özüm də adamsız, gözdəniraq bir yer axtarırdım, amma məqsədim onlarınkından deyildi, başqaydı. Maşını təzəcə yavaşıdıb dənizin sahilinə aparan yola burulmaq istəyirdim ki, qız əlini sükanın üstünə qoyub:

- Yox, yox, sən neyləyirsən, - dedi. - Romaya gedək.

- Romaya biz axşam gedəcəyik, - qızın üzünə mənalı tərzdə baxıb dedim.

- Aydındır, - qız eyhamla dilləndi. - Aydındır, sən də başqaları kimisən, sən də elə o birilərin tayısan.

O, içini yüngülcə çəkə-çəkə ağlamsındı, nəsə süstləşib soyuqlaşdı. Açıq-aşkar görünürdü ki, saxtakarlıq eləyir, yalandan şəbədə çıxardır. Onu qucaqlamağa çalışırdım, amma gah sağa, gah sola burcuxub, əlimdən sürüşüb çıxır, heç cür öpməyə qoymurdu. Qanım qaynardır, özüm də çox çılğınam. Birdən-birə başa düşdüm ki, qız mənimlə siçan-pişik oynayır və bu lənətə gəlmiş səfərdə mən yalnız boş yerə benzin işlətmişəm, vaxt itirmişəm, hələ üstəlik nə qədər qorxu keçirmişəm. Onu hiddətlə kənara itələyib dedim:

- Rədd ol cəhənnəmə! Sənin yerin oradır.

Qız qətiyyən incimədi, dərhal sakitləşib kabinənin küncünə qısıldı. Mən sükandan yapışdım, ta Romaya çatana qədər kəlmə kəsmədik.

Şəhərə çatanda qapını açıb dedim:

- Di düş görüm, özün də tez elə, itil burdan.

Qız saxta təəccüblə soruşdu:

- Nolub ki? Bəyəm sən mənə acıqlısan?

Bu yerdə daha səbrimi basa bilməyib qışqırdım:

- Sən bunda sifətə bir bax: indicə məni öldürmək istəyirdi, bunun ucbatından bütün günüm bekara gedib, benzin işlətmişəm, pul itirmişəm… hələ gərək acıqlı da olmayım! Allahına şükür elə ki, səni aparıb polisin cənginə vermədim!

Və bilirsiniz qızın mənə cavabı nə oldu?

- Sən, sadəcə, çox dəlisov adamsan!

Bunu deyib maşından çıxdı və ötkəm addımlarla, açıq-saçıq yerişlə San-Covanni meydanında şütüyən maşınların, avtobusların, velosipedlərin arasından keçib uzaqlaşdı. Mən sanki tilsimlənmiş kimi yerimdə quruyub, öz yaşıl paltarında ilan kimi qıvrıla-qıvrıla gedən qızın arxasınca ta o, gözdən itənə qədər baxdım. Bu vaxt kimsə taksiyə əyləşib qulağımın dibində bərkdən qışqırdı:

- Popolo meydanına!

Tərcümə edən Mahir N.QARAYEV