Elektron ədəbiyyat və sənət portalı

İlham Əliyev Türkiyəyə işgüzar səfər edib

Bölmə: Beynəlxalq 18.03.2016

Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın “Esenboğa” hava limanında İlham Əliyevi qardaş ölkənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Türkiyə Respublikası Prezidentinin Sarayında Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəlib.

Sarayın qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Prezident İlham Əliyevin şərəfinə toplardan atılan yaylım atəşinin müşayiəti ilə Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdikdən sonra, dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkiyənin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib.

Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının əlaqələrimizin daha da dərinləşməsi işinə xidmət etdiyi vurğulanıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçirilib.

Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası başa çatdıqdan sonra prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının Protokolu”nu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi-mülki heyətin sosial və mədəni məqsədli mübadiləsinə dair Protokol”u Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının şəxsi heyət üzrə rəisi, korpus generalı İlhan Talu imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu imzalayıblar.

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və Türkiyənin daxili işlər naziri Efkan Ala imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”i Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və Türkiyənin daxili işlər naziri Efkan Ala imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında Protokol”u Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və Türkiyə Respublikası Baş nazirinin müavini Yalçın Akdoğan imzalayıblar.

Sənədlərin imzalanması mərasimindən sonra Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.

Daha sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından Prezident İlham Əliyevin şərəfinə ziyafət verilib.

Azərbaycan Prezidentinin Türkiyə Respublikasına işgüzar səfəri başa çatıb. Azərbaycan Prezidenti İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yola salıb.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə çay süfrəsi arxasında söhbət ediblər.