Elektron ədəbiyyat və sənət portalı

Əmin ər-Reyhani yaradıcılığı Aida xanım İmanquliyevanın təqdimatında

Bölmə: Elm 18.03.2016

Öz elmi fəaliyyətini ərəb məhcər ədəbiyyatının tədqiqinə həsr edən Aida xanım İmanquliyeva hələ Əmin ər-Reyhaniyə qədər bu ədəbi məktəbin iki nəhəng nümayəndəsi – Mixail Nuaymə və Cübran Xəlil Cübranın həyat və ədəbi fəaliyyəti barədə müfəssəl elmi tədqiqat işi aparıb və elmi ictimaiyyətə “Cübran Xəlil Cübran”,“Qələmlər birliyi” və “Mixail Nuaymə” kimi dəyərli əsərlərini tanıdıb. A.İmanquliyevanın üçüncü monoqrafiyası onun ötən əsrin 90-cı illərində müdafiə etdiyi doktorluq dissertasiyasının əsasını təşkil edib.

Bu əsər ilk dəfə 1991-ci ildə Bakıda rus dilində, 2003-cü ildə  Azərbaycan dilində, 2006-cı ildə ərəb dilində və 2007-ci ildə türk dilində  çapdan çıxıb. Monoqrafiyanın “Əmin ər-Reyhani və ərəb romantizminin təşəkkülündə onun rolu” adlı III fəslində ümumən ərəb romantizmi görkəmli ədibin yaradıcılığından gətirilən nümunələr fonunda araşdırılaraq təhlil olunub. Əmin ər-Reyhani ərəb məhcər ədəbiyyatının korifeyləri arasında Ərəb Şərqi ilə mütəmadi olaraq maraqlanan, onun gələcəyindən daha çox narahat olan bir mütəfəkkir idi. Məhz bu səbəbdən də, A.İmanquliyeva hələ ötən əsrin 70-80-ci illərində bu ədib haqqında müfəssəl tədqiqat işləri aparıb, ər-Reyhani ilə bağlı qəzet, jurnal və müxtəlif məcmuələrdə Azərbaycan və rus dillərində məqalələr çap etdirib. Bundan əlavə, o, «Əmin ər-Reyhaninin “Hərəmxana divarlarından kənarda və ya Cihan” adlı povesti” adlı məqaləsində Qərb romantizminin təsirinin necə əks olunduğunu real faktlar əsasında tədqiq edib.

Kim idi Əmin ər-Reyhani?

Əmin ər-Reyhani ibn Faris 1876-cı il, noyabr ayının 24-də Livanın Fureykə kəndində anadan olub. Ölkənin şimalında yerləşən bu dağ kəndində əhalinin böyük əksəriyyəti xristian ərəblərdən ibarət idi. Kəndin sakinlərinin əksəriyyəti xristianlığın maronit məzhəbinə mənsub idi və orada xristian dininin qayda-qanunları, xaçpərəst ayinləri hakim idi. Ona görə də, Əminin dindar anası uşağının daim xristian dininin təsiri altında tərbiyə olunmasına üstünlük verirdi. Əminin 10 yaşı olanda atası onu Fureykə kəndində fəaliyyət göstərən fransız missioner məktəbinə qoyur. Əmin burada fransız dilini və ədəbiyyatını öyrənir. O, ərəb dilində yazıb, oxuya bilmirdi.

Əmin ər-Reyhani “Ərəb hökmdarları” adlı səyahət əsərinə yazdığı müqəddimədə göstərir ki, XIX əsrin sonlarında Livandakı ağır iqtisadi durum, ailələrinin üzləşdiyi maddi ehtiyac onun atasını və əmisini çörək dalınca qürbətə gedən digər həmyerliləri kimi, ABŞ-a üz tutmağa məcbur edir. Onlar on iki yaşlı Əmini də özləri ilə okeanın o tayına aparırlar. Atası və əmisinin Nyu-York şəhərində açdıqları balaca ticarət köşkündə Əmin onlara kömək edir, çox böyük cidd-cəhdlə ingilis dilini, ingilis və Amerika ədəbiyyatını öyrənməyə başlayır. Gənc oğlan qazandığı pullara ingilis və fransız dillərində kitablar alır, mütaliəyə dərin maraq göstərir. O, fransız yazıçılarından Hüqo, Volter və Russonun, ingilis yazıçılarından Bayron və Şekspirin əsərlərini mütaliə edir. Hətta on yeddi yaşına çatanda səyyar bir teatr truppasında Şekspirin əsərləri əsasında hazırlanmış tamaşalarda təlxək obrazını məharətlə ifa edir.

Əmin ər-Reyhani həmin dövrdə Amerika transsendentalistləri R.U.Emerson və H.Toro, ingilis romantikləri T.Karleyl və Reskinin əsərləri ilə yaxından tanış olur və bu əsərlər sanki varlığına hakim kəsilərək, ona kimliyini başa salır. Əmin ər-Reyhani 1897-ci ildə ali təhsil alıb hüquqşünas olmaq üçün Kolumbiya Universitetinin hüquq fakültəsinə daxil olur və bir il orada oxuyur. Lakin bir ildən sonra o, naməlum səbəb üzündən universiteti tərk edərək geriyə, öz ölkəsinə qayıdır. Burada ərəb dili və ədəbiyyatı ilə çox ciddi şəkildə məşğul olmağa başlayır və eyni zamanda ingilis dilindən dərs deməklə, özünün gündəlik dolanışıq xərclərini çıxarır.

Livanda olduğu bir il ərzində ərəb dilini mükəmməl öyrənən Əmin ər-Reyhani ərəb ədəbiyyatı klassiklərinin əsərlərini dərindən mütaliə edir. O, əl-Kisainin, Sibaveyhinin əsərlərini, Əbül Əla əl-Məərrinin “Luzum mə lə yəlzəm” (“Luzumiyyat”) əsərini dönə-dönə oxuyur və belə müdrik mütəfəkkirləri, qüdrətli şairləri dünyaya bəxş edən bir xalqın oğlu olması ilə fəxr etməyə başlayır.

Əmin ər-Reyhani Amerikada qərar tuta bilmir. Ona görə də, tez-tez Livana qayıdır. Ədib öz fəaliyyətində Nyu-Yorku tez-tez tərk etməsinin səbəbini Şərqə olan marağı ilə izah edir. Ərəb Şərqində baş qaldıran oyanış və dirçəliş sədaları Əmin ər-Reyhanini ürəkdən sevindirirdi. Görkəmli rus şərqşünası, akademik İ.Y.Kraçkovski Əmin ər-Reyhani barəsində yazdığı oçerkdə göstərir ki, livanlı ədib 1908-ci il gənc türklər inqilabı ərəfəsində öz yazılarında və çıxışlarında insan amilini, insan şəxsiyyətini təkamülə səsləyirdi. Əmin ər-Reyhani o dövrdə Livanda və Suriyadakı inqilabla bağlı çoxlu məqalalər çap etdirir və yığıncaqların ən məşhur natiqlərindən biri olur.

Əmin ər-Reyhani 1911-ci ildə Nyu-Yorka qayıdır. Lakin 3 il sonra yenidən ərəb ölkələrinə səyahətə çıxmaq qərarına gəlir. Fəqət həmin vaxt artıq dünya ölkələrini, o cümlədən, ərəb ölkələrini də Osmanlı İmperiyasının tərkibində ağuşuna alan I Dünya müharibəsi ona bu arzusunu həyata keçirməyə imkan vermir. Ölkəsini bürüyən aclıq, xəstəlik, yoxsulluq, amansız epidemiyanın on minlərlə insanın həyatına son qoyması xəbərləri onun milli ruhunu narahat etdiyindən, mühacirətdə yaşayan digər həmvətənləri ilə birlikdə “Suriya və Livanın azadlığı uğrunda” adlı bir cəmiyyət yaradır. Bu cəmiyyət vasitəsilə onlar aclıq və səfalətlə qarşılaşmış Livan üçün ianə toplayırlar.

Əmin ər-Reyhani hətta Amerikada yaşayan bütün suriyalıları bir-iki gün ac qalmağa və yığılan məbləği Livana yardım fonduna keçirməyə çağırır. Reyhani 1922-ci ildə Amerikanı birdəfəlik tərk edir və bir il ərzində ərəb ölkələrini gəzib dolaşır. Həmin illəri onun ədəbi fəaliyyətinin ən məhsuldar dövrü hesab etmək olar. Belə ki, ədibin ikicildlik “Muluk əl-arab” və “Qalbu Lubnan” əsərlərinin yazılıb nəşr olunması məhz həmin illərə təsadüf edir. Lakin xəstəlik onu yavaş-yavaş üstələyirdi. Bununla belə, 1936-1939-cu illərdə o, Livanın bütün bölgələrini piyada və at belində gəzir.

Əmin ər-Reyhani 1940-cı il, sentyabrın 13-də vəfat edir. Onun bütün ədəbi irsi kiçik qardaşı Albert ər-Reyhaninin sərəncamına keçir. O da öz növbəsində, Livanın Fureykə kəndində qardaşının ev-muzeyini yaradaraq bütün əsərlərini ora toplayır.

F.MƏCIDOVA, filologiya üzrə fəlsəfə doktoru