Elektron ədəbiyyat və sənət portalı

“Oxu günü”ndə “Əsgərə kitab” aksiyası keçiriləcək

Bölmə: Beynəlxalq 22.04.2016

“Hədəf” nəşrlərindən AzərTAc-a bildirilib ki, ideya rəhbəri filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq olan “Oxu günü-2” çərçivəsində əsgərlərimiz də yaddan çıxmayıb. Belə ki, “Oxu günü”ndə iştirak edən oxucular kitablarını aksiya üçün nəzərdə tutulmuş guşəyə təqdim etməklə onları əsgərlərə hədiyyə edəcəklər.

Aksiya üçün toplanan kitablar əsgərlərə göndəriləcək. Məqsəd vətənin keşiyini çəkən əsgərlərin də “Oxu günü”nün iştirakçısı olduqlarını bildirmək və hədiyyə olunan kitablarla onların asudə vaxtlarının səmərəli təşkilində iştirak etməkdən ibarətdir.

“Qanlı Yanvar” filmi “Fəcr” film festivalında nümayiş olunacaq

Tehranda 34-cü Beynəlxalq “Fəcr” Film Festivalı başlayıb. Tehranın möhtəşəm “Çaharsu” kinoteatrında keçirilən festivala dünyanın 50 ölkəsini təmsil edən 64 film nümayiş olunacaq. Azərbaycan kinosunu festivalda Vahid Mustafayevin “Qanlı Yanvar” filmi təmsil edəcək. Festival çərçivəsində filmin təqdimatı keçiriləcək.

Festivalın baş direktoru, İranın tanınmış mədəniyyət xadimi Əmir İsfəndiyari AzərTAc-a müsahibəsində bildirib ki, Azərbaycan istehsalı olan filmin festivalda nümayiş etdirilməsi əhəmiyyətli olacaq. Hər iki xalqın mədəniyyətində oxşar məqamlar çoxdur. Azərbaycan filmlərinin İranda, İran filmlərinin isə Azərbaycanda nümayiş etdirilməsi xalqlarımızın bir-birini daha yaxından tanımasına köməklik göstərər. Bu isə dövlətlər və xalqların mədəni əlaqələrinin genişlənməsinə səbəb olar.

Ə.İsfəndiyari onu da qeyd edib ki, festivala təqdim olunan film Azərbaycan xalqının müstəqillik və azadlıq uğrunda mübarizəsindən bəhs edir: “İran xalqı da azadlığı uğrunda çox çətin mübarizə yollarından keçib. Ona görə də düşünürəm ki, Vahid Mustafayevin “Qanlı Yanvar” filmi festivalda mükafat qazanmaq şansına malikdir”.

Festival aprelin 24-dək davam edəcək.

Rabil KƏTANOV