Elektron ədəbiyyat və sənət portalı

Səhnəmizin sönməyən ULDUZU

Bölmə: Mədəniyyət 22.04.2016

 

 Mübahisəli doğum tarixi

 

Nəsibə Zeynalovanın doğum tarixi bir qədər mübahisəlidir. Oğlu Cahangir Novruzovun sözlərinə görə, anasının pasportunda təvəllüd tarixi 1917-ci il yazılıb. Amma Nəsibə xanım özü 1916-cı ildə, aprelin 20-də dünyaya gəldiyini deyirmiş.

Nəsibə xanımın atası böyük mesenat Cahangir Zeynalovdur. Ömür-gün yoldaşı Hüsniyyə xanımla aralarında 25 yaş fərq olub. On iki ildən sonra övlad sahibi olublar. Kərbəlayi Cahangir əhd edib ki, qızı olsa, ona Nəsibə adını verəcək. Qız doğulanda çəkisi 5,5 kiloqram olub. Həkimlər “ya ananı, ya da körpəni xilas edə bilərik” deyiblər. Amma xoşbəxtlikdən, ikisi də sağ qalıb. Cəmi iki il sonra balaca Nəsibə atasını itirib – Cahangir Zeynalov yatalaq xəstəliyindən vəfat edib. Onun vəfatından sonra Azərbaycanda dəyişən siyasi vəziyyət Nəsibə xanımın ailəsinə də təsirsiz qalmayıb, atasının qoyub getdiyi mal-mülkün hamısı əldən çıxıb. Qızın 7 yaşı olanda anası ikinci dəfə ərə gedib və bu izdivacdan bir oğlan, bir qız uşağı dünyaya gəlib.

Nəsibə xanımın atalığı, deyilənə görə, heç də yaxşı adam olmayıb, bir neçə il onlarla yaşayandan sonra evdə olan-qalan qiymətli əşyaları oğurlayıb qaçıb. Nəsibə xanım da 13-14 yaşlarından anasına kömək etmək üçün əmək fəaliyyətinə başlayıb. Elə o zamandan ömrünün son illərinə - yorğan-döşəyə düşənədək çalışıb.

 

İlk “yaradıcı” zərbə

 

Qızını aktrisa kimi görmək atası Kərbəlayı Cahangirin arzusuymuş. Nəsibə də atasının arzusunu yerinə yetirir - Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşır və şöhrət qazanır. Orta məktəb illərindən milli rəqs sənətinin incəliklərinə yiyələnir. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olur. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa kimi işləməyə başlayır, truppa ilə birgə rayonlara gedib tamaşalar oynayır.

Amma hər şey göründüyü qədər də asan olmur. Genetik amillər, üstəgəl fərdi istedad, zəhmətkeşlik ona qarşı sevgiylə yanaşı qıcıq, paxıllıq, qısqanclıq da yaradır. Nəsibə xanım 1936-cı ildə Şəmsi Bədəlbəylinin köməyi ilə Filarmoniyada Rəqs ansamblında işə başlayır. Amma günlərin bir günü qrup Moskva dekadasına yollananda qrupdan kənarlaşdırıldığını öyrənir. İlk “yaradıcı” zərbəni də elə o zaman alır.

 

Birinci dərəcəli epizodik rollar

 

1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa kimi işə götürülür. Elə həmin il də Bakı Teatr Məktəbinə daxil olur. Gülpəri (“Ər və arvad”), Cahan xala (“Arşın mal alan”), Sənəm (“Məşədi İbad”), Mələk xanım və Kələk xanım (“Əlli yaşında cavan”), Xanbacı (“Dərviş Məstəli şah”), Nargilə (“Gözün aydın”), Şərəf və Nisə (“Durna”), Məsmə (“Toy kimindir?”), Züleyxa (“Ulduz”), Tükəz (“Hacı Qara”), Kəblə Fatma (“Hacı Kərimin Aya səyahəti”), Mərcan (“Səndən mənə yar olmaz”), Cəhri xala (“Altı qızın biri Pəri”), Əsmət (“Ev bizim, sirr bizim”), Cənnət xala (“Qayınana”), Qızbacı (“Hicran”), Nazxanım (“Nazxanım naz eləyir”), Güləndam (“Qonşumuzda bir oğlan var”), Fatma (“Həyətim mənim, həyatım mənim”), Ballı (“Qızıl toy”), Qəmər (“Nəğməli könül”) kimi onlarla xarakteristik rollarda çıxış edir, filmlərdə yaddaqalan obrazlar yaradır (“Ögey ana”, “Böyük dayaq”, “Ulduz”, “Qayınana”, “Molla Fətəlinin sərgüzəşti”, “Bəyin oğurlanması” və s.). Maraqlı burasıdır ki, Nəsibə xanım həmişə ikinci dərəcəli rolları oynasa da, heç vaxt ikinci planda qalmır. Koloriti, obrazlarının həyatiliyi ilə həmişə birinci gözə çarpır.

 

Səhnədəkindən fərqlənən gülüş

 

Oğlu Cahangir Novruzov deyir ki, Nəsibə xanım qayğıkeş ana, zəhmətkeş ailə başçısı olmaqla bərabər, həm də çox tələbkar bir insanmış: “Onun səhnədəki gülüşü ailədəki gülüşündən tamam fərqlənirdi.

Evin tək övladı olsam da, valideynlərimin mənə münasibətdə ciddiliyi və rəsmiyyəti çox yüksək olub. Məni ata-ananın “gül balası” kimi deyil, bugünkü Cahangir Novruzov kimi tərbiyə edib, böyüdüblər. Yeri gələndə, tənbeh də ediblər... Anamın mənim üçün bəlkə də 10 maşın almağa imkanı vardı. Amma bunu etmirdi, o biri məşhurlar kimi mənə forslanmaq üçün maşın almadı. Hətta özüm dəfələrlə buna görə ona yalvarsam da, almadı”.

 

Mirzə Babayevin layihəsi

 

Nəsibə xanım iki dəfə ailə qurub. İlk ailəsi barədə danışmağı xoşlamazmış. Oğlunun dediyinə görə, aktrisa birinci həyat yoldaşından xəyanət gördüyü üçün ayrılıb. Elə təkcə çantasını götürüb, evdən çıxıb. İkinci həyat yoldaşı özündən 11 yaş kiçik imiş. Amma zahirən bu fərq hiss olunmurmuş.

Nəsibə xanımı ikinci ömür-gün yoldaşı ilə Xalq artisti Mirzə Babayev tanış edib. Hər halda, rəhmətlik ifaçı özü belə deyirmiş. Qastrol səfərlərindən biri üçün heyəti Mirzə Babayev toplayırmış, Nəsibə xanımla Mütəllib Novruzov da elə orada qarşılaşırlar. Gənclər bir-birini sevib evlənirlər, sonra da balaca Cahangir dünyaya gəlir.

 

Oğlunun tamaşasında oynayan ana

 

C.Novruzov danışır ki, Nəsibə xanım ona uşaqlıqdan işində tələbkar olmağı öyrədib:

“Digər tərəfdən, bir rejissor olaraq Nəsibə xanım kimi aktrisa ilə işləmək mənə çox asan idi. Musiqili Komediya Teatrında işlədiyim müddət ərzində onunla aktrisa və rejissor kimi gözəl münasibətim olub. Sizə maraqlı bir əhvalat danışım. Nəsibə xanım hər səhər işə gələndə, ona yaxın aktrisalarla bir 15 dəqiqəyədək söhbət etdiyinə görə məşqə gecikirdi. Bir dəfə də özüm onlara yaxınlaşıb dedim ki, “hörmətli aktyorlar, xahiş edirəm, məşqə vaxtında gəlin”. Dedim və salona keçdim. Gördüm, Nəsibə xanım bir az gecikir, ona görə də başqa səhnələri məşq eləməyə başladıq. 10-15 dəqiqə keçəndən sonra gəldi və baxıb gördü ki, onu gözləməmişik. Məndən soruşdu ki, “Adə, ay... məni niyə gözləməmisiniz?” Mən də bir az ciddi və rəsmi şəkildə cavab verdim ki, “hörmətli Nəsibə xanım, məşqə vaxtında gəlmək lazımdır”. Mənə tərs-tərs baxıb getdi. O hadisədən sonra mənimlə çox soyuq davrandı. Bir neçə gün sonra qonaqlıqda olduğuma görə axşam, səhərki məşqə hazırlaşmamış yatdım. Mən həmişə gecələr saat 2-3-ə qədər səhərki məşqə hazırlaşıram. Nəsə, səhər gəldik məşqə və səhnələri məşq etməyə başladıq. Bir neçə yerdə replikalar yadımdan çıxdı. Onda anam mənə dedi ki, yoldaş rejissor, məşqə hazırlıqlı gəlmək lazımdır”.

 

Pişiklərə yorğan-döşək tikən Xalq artisti

 

Başqa maraqlı detalları isə Nəsibə Zeynalovanın adını daşıyan nəvəsi – Nəsibə danışır. Deyir, nənəsi gülləri çox sevirdi. Hansı tədbirdə, qastrolda gül alırdısa, mütləq evə gətirərdi. Heyvanları, xüsusilə də pişikləri, quşları çox xoşlayırdı. Harada sahibsiz pişik görsə, ürəyi yanır, götürüb evə gətirir, onlara qulluq edirdi: “Bir dəfə küçədən bir pişik gətirmişdi. Onu yuyundurub, çimizdirdi, yedirtdi. Sonra da tikiş maşınında xara parçadan pişiyə balaca yorğan, döşək və balış tikdi. Rəhmətlik belə şeylərə həvəsli idi. Bütün pişiklərə bir ad qoyardı. Poska və podsan... Hələ bir dəfə evimizdəki pişik üçün qonşunun pişiyinə elçi getmişdi. Hə, özü də xonçayla. Deməli, nənə xəstəxanada müalicə olunurdu. Kardeologiya şöbəsində uzun müddət qalmalı oldu. Həmin şöbənin həyətində bir pişik balalamışdı. Nənə xəstəxanadan çıxanda mənə dedi ki, pişiyin bir balasını götür, aparaq saxlayaq. O qədər balaca idi ki, mən qorxurdum baxa bilmərik, ölər. Amma nənə pişiyi evə gətirdi. Baxdıq, böyüdü, qəşəng pişik oldu. Atam pişiyin adını “kardioloq” qoymuşdu. Günlərin birində nənə qonşunun pişiyini “alıb” evə gətirdi. Ədəb-ərkanla qonşudan pişiyin “həri”sini istədi”.

 

Səhnədən uzaqda

 

Ömrünün son illəri Nəsibə xanım səhhəti ilə bağlı teatrdan kənar qalır. Ömür-gün yoldaşı Mütəllib müəllimi itirəndən sonra aktrisanın sağlamlığında ciddi problem yaranmışdı. Beləcə, Xalq artisti 87 yaşında – 2004-cü il martın 10-da dünyasını dəyişir.

Hazırladı: RƏBİQƏ