Elektron ədəbiyyat və sənət portalı

Tərcümə Mərkəzi “Oxu günü”ndə

Bölmə: Beynəlxalq 29.04.2016

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsiylə başladı. 236 saylı orta məktəbin şagirdləri kitab haqqında kəlamlar və şeirlər söylədilər. Tədbirin aparıcısı Orxan Cabbarlı qonaqları salamladı və 25 aprel “Oxu günü” barədə məlumat verdi. Onun təşkil olunmasında əməyi keçənlərə minnətdarlığını ifadə etdi. Daha sonra layihənin ideya müəllifi, “HƏDƏF” şirkətlər qrupunun baş direktoru Şəmil Sadiq çıxış edərək bu layihənin necə araya-ərsəyə gəlməsindən danışdı. Azərbaycan Respublikası Təhsil Nazirliyinin müşaviri Ağabala İbrahimov, Millət vəkili Hüseynbala Mirələmov, şair Vahid Əziz, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, sosiloq, şair Əhməd Qəşəmoğlu və digər çıxışçılar da kitabın həyatımızdakı önəmindən, ona gün-gündən artan maraqdan bəhs etdilər.

Tədbirin rəsmi hissəsindən sonra “Gəlin birgə oxuyaq!” fləşmobu keçirildi. Tədbir gənclərin musiqi ifası ilə davam etdi. Daha sonra kitab haqqında pantomim tamaşa nümayiş olundu.  Könüllülərin ifasında müxtəlif şeirlər səsləndi.

Mərkəzin nəşrləri nümayiş olunan stendə maraq çox idi. Xüsusən “Hər suala bir cavab” ensiklopedik toplusu məktəblilərin diqqətini daha çox cəlb etdi. Sonda kitabların hamısı “Əsgərə kitab” aksiyasının təşkilatçılarına təqdim olunaraq, Vətənimizin keşiyində ayıq-sayıq duran əsgərlərimizə hədiyyə edildi.

GÜNEL