Elektron ədəbiyyat və sənət portalı

Hansı quş daha yaxşı ”danışır”...?

Bölmə: Elm 10.05.2016

Bu səhifəni uşaqlar, yeniyetmələr üçün hazırlamışıq. Amma bu, heç də o anlama gəlməsin ki, səhifəmizi oxuyarkən böyüklər zövq almayacaq. Mütləq alacaqlar, çünki elm öyrənmək, savad almaq insanın əbədi, həmişəcavan arzularındandır. Bəşəriyyət zaman-zaman adamları iki yerə bölüb: savadlılara və bisavadlara. Bütün sivilizasiyalar ona görə sivilizasiya olub ki, içindəki savadlı kəsim, düşünən insanlar artıb, fərqli bir mədəniyyət yarada bilib.

Müasir dövrdə elmə, biliyə can atmaq daha vacibdir, çünki dünənə kimi qarşımızda bir sirr olaraq qalan çox mətləblər artıq çözülə-çözülə gedir, bildiklərimiz artır, bilmədiklərimiz azalır. Amma nə qədər öyrənsək də, bilmədiklərimiz bildiyimizdən qat-qat çox olaraq qalacaq.

Səhifəmizi müntəzəm izləsəniz, minlərlə mürəkkəb sualın sadə cavabını tapacaqsınız. Bu mətləblərin əksəriyyəti ilə orta məktəbdə rastlaşmışıq, amma təəssüf ki, dərsliklərimizin, nədənsə, həmişə qəliz olan elmi dili ucbatından çox şey əxz edə bilməmişik.

Biz heç də o iddiada deyilik ki, “Hər suala bir cavab” rubrikamızı izləyə-izləyə savadlanacaq, alim olacaqsınız. Məqsəd uşaqlarımızın dünyagörüşünü genişləndirmək, onları həmişə diqqət mərkəzində olan maraqlı həmsöhbətə çevirməkdir.

İlqar ƏLFİ

 

Hansı quş daha yaxşı ”danışır”?

 

Yer üzündə bir xeyli quş var ki, onlara bir neçə söz öyrətmək mümkündür. Lakin əsl “danışan” quşlar bütöv cümlələr söyləyə bilir! Ən yaxşı “danışan” quşlar tutuquşu, qarğa, mayna (danışan sığırçın), dolaşa və zığ-zığın bəzi növləridir. Alimlərin fikri belədir ki, ən yaxşı “danışan” quş Afrika tutuquşusu və Hindistan zığ-zığıdır.

Çoxları elə bilir ki, quşların “danışmaq” bacarığı onların dillərinin quruluşundan asılıdır. Məsələn, tutuquşuların dili yekə və ətlidir. Lakin “danışan” quşların digər hamısının dili xırda olur. Görəsən, quşlar dedikləri sözləri anlayırmı? Bioloqların əksəriyyəti bu fikirdədir ki, quşlar nədən danışdıqlarını bilmirlər, amma bəzən konkret sözləri konkret hərəkətlərlə assosiasiya edə bilirlər.

 

Quşlar necə uça bilir?

 

İnsan uçmaq istəyəndə uçuş aparatı düzəltdi. Əgər quşların quruluşunu diqqətlə nəzərdən keçirsəniz, görəcəksiniz ki, təbiət onları ideal uçuş aparatı kimi düzəltmək üçün əməlli-başlı səy göstərib. Əvvəla, quşun qanadları var. Bu qanadların əsas aparıcı lələkləri onların körpücük sümüklərinə möhkəm vətərlər vasitəsiylə birləşir. Köməkçi lələklər isə eyni üsulla çiyinə bağlıdır.

Hər qanad ayrıca əzələlərlə idarə olunur, odur ki, uçuş zamanı quş hər lələyini ayrı-ayrılıqda idarə edə bilir. Qanad yuxarı hərəkət edərkən əsas və bəzi yardımçı lələklər elə istiqamətdə durur ki, onların ucu yuxarı baxır və hava aralarından asanlıqla keçir. Qanad aşağı hərəkət edərkən, bütün aparıcı lələklərin yastı tərəfi aşağı baxır və hava onların arasından keçə bilmir. Bu halda quş sanki itələnir və qalxaraq yüksəklik yığır!

Lakin bundan başqa uçan bədən həm də maksimum dərəcədə yüngül, yığcam və güclü olmalıdır. Ona görə də yekə quşların sümüyünün içi boş olur. Quşun qabırğaları elə birləşib ki, qanadın aşağıya doğru hərəkəti zamanı bədəni möhkəm saxlaya bilsin. Quşun başı, quyruğu, qanadları və pəncələri də çox yüngüldür. Onların kəllə sümüklərinin çox nazik divarları olur.

Quşların nə dişləri, nə də çənəsi olur, deməli, artıq sümükləri, əzələləri də yoxdur. Bunun əvəzində onların dimdiklərinin içi boşdur. Qanadları hərəkətə gətirən güclü əzələlər köks qəfəsinə elə birləşib ki, heyvanın ağırlıq mərkəzinə maksimum dərəcədə yaxın olsun.

Hətta quşların istiqanlı heyvanlara aid olmaları belə, onların bütün ilboyu uça bilmələrinə xidmət edir, çünki soyuqqanlı canlılar qış mövsümündə ölüvay olur. Odur ki, özünüz görürsünüz də, quşların nəyi varsa, hamısı məhz uçmaq üçün yaradılıb!

 

Göyərçinlər evlərinə yolu necə tapırlar?

 

Təbiətin ən maraqlı hadisələrindən biri bəzi quşların nəhəng məsafələr qət edərək “evlərini”, ya da təyin olunmuş başqa yeri tapa bilməsidir. Bəs siz bilirsiniz ki, poçt göyərçinləri 2000 il qabaq, hələ qədim romalılar tərəfindən məktub daşımaq üçün istifadə olunurdur? Və hətta müasir dövrdə, orduların xəbər ötürmək üçün ən inkişaf etmiş təchizata malik olduğu zamanda belə poçt göyərçinlərinin təlimi davam etdirilir, çünki başqa rabitə vasitələri kara gəlməyəndə göyərçinlər əvəzsiz poçtalyondur!

Ən geniş yayılan nəzəriyyələrdən birinə əsasən, göyərçinlər istiqaməti Günəşə görə təyin edir. Sizə də məlum olduğu kimi,  günəş gün ərzində yer səthinə nisbətən fərqli bucaqlar altında olur: səhərlər – alçaq, günorta – yüksək, axşamlar – yenə alçaq. Alimlərin bəzisi belə güman edir ki, göyərçin göydə günəşin vəziyyətini təyin edə bilir və bundan çıxış edərək, uçuşunun istiqamətini müəyyənləşdirir.

Bu güman ağlabatan deyil, amma bundan yaxşı izah vermək hələ heç kəsə nəsib olmayıb. Bircə onu deyək ki, istiqaməti təyin etməyi heç də quşların hamısı, hətta bəzi göyərçinlər də bacarmır.

Göyərçinlərin 289 növü var və onların arasında əhəmiyyətli fərqlər olur. Göyərçinlərin bəziləri tək yaşamağa, tək səyahət etməyə üstünlük verir, digərlərini isə yalnız dəstə-dəstə görmək olar. Onların bəziləri özlərinə yemi elə yerdə, torpaqdan tapırlar. Lakin əksər göyərçinlər meşəlik yerlərdə yaşayır, yuvalarını ağacların budaqlarında qururlar.

 

Yerdə peyda olan ilk heyvan hansıdır?

 

Təkamül nəzəriyyəsi ilə hamı razılaşmır, amma onun tərəfdarlarının fikrincə, heyvan həyatı (balıqlar, quşlar və həşəratlar daxil olmaqla), Yerdə 500 milyon il qabaq yer səthi soyuyandan və okeanlar əmələ gələndən sonra yaranıb. Alimlərin əksəriyyəti belə hesab edir ki, həyat ilk olaraq, okeanda yaranıb. Və yalnız 160 milyon ildən sonra bu həyat yer səthinə çıxıb. Sonra sulardan qəribə, balığabənzər məxluqlar quruya çıxıb. Əvvəlcə onların yer səthində hərəkəti çox yöndəmsiz idi, çünki ayaqları yox idi. Onlar uzun müddət ayaq əvəzinə üzgəclərindən istifadə edirdilər. Və yalnız neçə-neçə nəsil sonra onların üzgəcləri ayaqlara çevrildi.

Onların başına bu dəyişikliklərin gəldiyi zamanda, heyvanlar hələ bala çıxardıqları yumurtalarını sularda qoyurdular. Əcdadları balığa bənzəyən bu məxluqlar tədricən yeriməyi öyrəndilər və suda-quruda yaşayanlar sürünənlərə (soyuqqanlı, ömrünün müəyyən hissəsini quruda keçirən, özləri suda qoyulmuş yumurtalardan çıxan) çevrildilər. Sürünənlər yer üzündə 100 milyon il hakim oldular, ta ki, onların bəzilərinin bədənində lələklər əmələ gəldi, qabaq pəncələri isə qanada çevrildi. Bir müddətdən sonra onlar uçmaq da öyrəndilər və beləliklə, quşlar yarandı.

Sürünənlərin başqa dəstəsi isə yumurtlamaqdan əl çəkdi və indiki məməliləri xatırladan, balalarını diri doğan məxluqlara çevrildi. Bundan başqa, onlar həm də istiqanlı oldular və yalnız sonra müasir məməlilərin səviyyəsinə kimi inkişaf etdilər.

 

Suda-quruda yaşayan nə deməkdir?

 

Suda-quruda yaşayanların digər adı – amfibiyalar – yunan sözündən əmələ gəlib və mənası “ikili həyat yaşayan” deməkdir. Suda-quruda yaşayanların əksəriyyəti ömrünün ilk mərhələsini suda keçirir, sonra quruya çıxır. Suda-quruda yaşayanların üç qrupu, yaxud üç dəstəsi var: qurbağalar, salamandrakimilər və qurdkimilər. Tritonların müxtəlif növləri salamandrakimilərə aiddir. Qurdkimilər isə torpağın altındakı yuvalarda yaşayan məxluqlardır. Onlar kordurlar, ayaqları və quyruqları olmur.

Suda-quruda yaşayanların 1040 növü var. Onların heç birinin boyu bir metrə çatmır, bircə Yaponiyada yaşayan salamandrlar istisna sayılır – onların boyu 1,5 metrədək olur.

Suda-quruda yaşayanların əksəriyyəti nə gücü, nə hərəkət sürəti ilə fərqlənir. Onların arasında yalnız qurbağalar kifayət qədər zirəkdirlər. Bu heyvanların əksəriyyəti özünüqoruma üçün xəlvətə çəkilir və rənglərinin solğun olması səbəbindən o qədər də nəzərə çarpmırlar. Bundan başqa, praktiki olaraq, bütün suda-quruda yaşayanlar öz dərilərindəki vəzilərdən zəhər ifraz etmək qabiliyyətinə malikdirlər və bu, onları düşməndən qoruyan ən təsirli vasitədir.

Yetkin yaşlarında suda-quruda yaşayanların çoxunun ciyərləri olur, amma onlar həm də öz dəriləri ilə nəfəs alırlar. Onları ya isti, ya mülayim iqlimli yerlərdə görmək olar. Onlar bir qayda olaraq, duzlu suda yaşamırlar. Yetkin suda-quruda yaşayanların adətən quruda yaşamasına rəğmən, çoxalma dövründə suya qayıda bilərlər. Heyvanlar burda yumurta qoyur, gənc nəsil ömrünün ilk dövrünü çömçəquyruqlar şəklində elə burda keçirir, əsasən bitki mənşəli qidalar yeyirlər.

Suda-quruda yaşayanların bəziləri öz yumurtalarına çox qəribə tərzdə qulluq göstərirlər. Braziliyada yaşayan ağac qurbağalarından birinin dişisi öz yumurtaları üçün palçıqdan yuva düzəldir. Surinam qurbağası isə yumurtalarını belində hərləyir. Öz kürülərini suda başlı-başına qoyan suda-quruda yaşayanlar, adətən yüzlərlə kürü buraxır və onları bir-birinə yapışqanla yapışdırır. Öz balalarının qeydinə qalan heyvanların isə bir qayda olaraq kürüsü az olur.

 

Tısbağanın səsi varmı?

 

Əgər bizim başa düşdüyümüz səs nəzərdə tutulursa, cavab mənfi olacaq. Lakin elə nəhəng tisbağalar var ki, nıqqıldayır, nərildəyir, hətta anqırır da! Tısbağalar üç qrupa bölünən sürünənlər ailəsidir: quru, dəniz və şirin su tısbağaları. Siz bilirsiniz ki, tısbağalar dinozavrlardan da yaşlıdır? Bəlkə də onların “səssizliyi” elə onunla bağlıdır ki, bu heyvanların özlərini qoruması üçün səsə ehtiyacları olmayıb. Axı onların sümükdən düzəlmiş əla çanağı var. Çanağın üzəri buynuz maddəsindən olan təbəqələrlə örtülüdür. Çanaq iki hissədən ibarətdir. Onun üst hissəsi heyvanın belini qoruyur, alt hissəsi qarnını. Bu iki hissə arasındakı deşiklərdən tısbağa başını, boynunu, quyruğunu, pəncələrini çıxara bilər. Tısbağalar çox böyük ola bilərlər.

Dünyada ən böyük tısbağa dərili tısbağadır. Onun çəkisi 450 kiloqrama çatır. Amma bu tısbağa artıq yox olmuş bəzi növləriylə müqayisədə çox xırdadır. Məhv olmuş nəhənglərdən biri 5 milyon il bundan qabaq yaşamış kolossohelis adlanan tısbağa idi. Londonun təbiət tarixi muzeyində bu heyvanlardan birinin tam skeletini görmək mümkündür. Onun çanağının orta ölçüsü avtomobil boydadır və ona mühərrik və təkərlər quraşdırsan, maşın kimi London küçələrində gəzmək olar!

Belə hesab edirlər ki, tısbağalar çox qoca yaşlarına qədər yaşayır. Nəhəng tısbağanın ömrü bütün fəqərəli heyvanlarınkından çox olur.

Bu cür tısbağaların 100 il və daha artıq yaşamasına çoxlu misallar var. Amma onların elələri də olur ki, lap 200 ilədək yaşayır.

 

Balıqlar nə yeyir?

 

Əgər siz nə vaxtsa balıq tutmağa getmisinizsə, onda, yəqin, görmüsünüz ki, balıq sizin ona təklif etdiyiniz yemdən başqa, nə desəniz yeyir. Şəhər uşaqları çox vaxt balıq tutmaq üçün qarmağa taxdıqları çörəkdən istifadə edirlər. Kənddə yaşayan uşaqlar isə bunun üçün cürbəcür qurdlardan istifadə edir. Forel balığı tutanlar bu məqsədlə xırda milçək işlədir. Bəzi balıqları isə qarmağa taxılmış başqa, daha xırda balıqlar həvəsə gətirir. Balıqların minlərlə növü olduğundan, onların nə yediyini tam təsvir etmək mümkün deyil. Lakin suyun altında sağ qalmaq üçün gedən mübarizə o qədər gərgindir ki, balıqlar çox vaxt nə tapsalar, onu da yeyirlər.

Bəzi balıqlar vegetariandırlar, yəni yalnız bitki mənşəli qidalardan istifadə edir, heç bir canlı orqanizmə maraq göstərmirlər. Amma balıqların çoxu yırtıcıdır, yəni başqa balıqlarla, yaxud xırda dəniz heyvanlarıyla, həşəratlarla qidalanırlar. Maraqlıdır ki, bir çox balıqlar xərçəngkimiləri, yaxud balıqqulağında yaşayan məxluqları həvəslə yeyir.

Balıqlar görkəmcə çox müxtəlif olsa da, onların bir neçə ümumi cəhəti var. Məsələn, balıqlar çox vaxt uzun, uc tərəflərdən daralan quruluşa malikdir ki, bu da onların suyun altında sürətlə üzməsinə şərait yaradır.

Onların əksəriyyəti quyruğundan mühərrik kimi istifadə edir, öz hərəkətlərinə isə həm quyruq, həm üzgəcləriylə nəzarət edirlər. Onlar nəfəsi qəlsəmələr vasitəsiylə alır – ağızlarından dolan su qəlsəmələrdən bayıra çıxır.

 

Balıqlar səs eşidə bilirmi?

 

Bilmirik görmüsünüz, yoxsa yox, amma bəzən balıqçılar suya yaxınlaşanda səslərini tamam kəsirlər ki, ovlarını hürkütməsinlər. Əgər balıq sizin səsinizi eşitsə, mütləq üzüb daha sakit yerə gedərək təhlükədən uzaqlaşacaq, çünki balıqların qulağı var və o, sizin səs-küyünüzü eşidir. Amma balığın qulağı bizim adət etdiyimiz kimi, çöldə deyil, onun içərisindədir. Adamlar elə bilir ki, balıqlar bizim vacib bildiyimiz bəzi funksiyalar olmadan keçinir. Bu, bəlkə də ona görə belədir ki, balıqlar soyuqqanlı canlılardır. Amma bəlkə də balıq tutmağı xoşladığımızdan, biz onların da başlarına gələn hər şeyi anladığı haqda düşünməkdən xoşlanmırıq və adlarını anlamaz qoymaqla özümüzə təsəlli veririk.

Lakin balıqların da başqa heyvanlar kimi, sinir sistemi var. Əgər biz onları narahat ediriksə, onlar bunu hiss eləyir; incidiriksə, ağrını duyur. Balıqların hissiyyat orqanları çox inkişaf edib. Onlar hər şeyi dəriləriylə duyurlar və bu heyvanların burun pərələrində yerləşən iki xırda iybilmə orqanı var. O ki qaldı balıqların soyuqqanlı heyvanlara aid olmasına, bu, heç də o demək deyil ki, onlar “yanacaq”sız hərəkət edə, yaşaya bilər. Balıqların da “yanacağı” təbii ki, qidadır. Balığın yedikləri onun qarnında “yanaraq” heyvanı həyat enerjisi ilə təmin edir. Qan balığın bütün daxili orqanlarına yalnız enerjini yox, həm də onun “yanmasına” kömək edən oksigeni daşıyır. Qanı damarlara vurmaq üçünsə balıqların da bizim kimi ürəyi olur.

Təbii ki, onlar çox müxtəlif şəraitlərdə yaşadıqları üçün bir-birindən çox fərqlənirlər. Məsələn, ciyərli balığın həm qəlsəmələri, həm də havada nəfəs alması üçün ciyərləri olur. Mağaralarda yaşayan bəzi növlər kor olur, ona görə də bu balıqların baş tərəfində bığcıqlar yerləşir. Bəziləri dəniz suyunda, digərləri şirin suda yaşayır. Bəzi balıqların isə məskəni lap okeanın dibindədir.

 

Elektrikli ilanbalığı nədir?

 

Elektrikli ilanbalığı elektrikli balıqlar qrupuna aiddir. Onların ov etməyi də, düşməndən qorunmağı da elektrik boşalmaları hesabınadır. Bu balıqlar da zahirən adi balıqlara bənzəyir, amma onlardan fərqli olaraq, bədənlərində elektrik yükü olur. Alimlər bunun səbəbini hələ də izah edə bilmirlər.

Bütün elektrikli balıqlardan ən təhlükəliləri Cənubi Amerikanın elektrikli ilanbalıqlarıdır. Onlara bəzən Braziliya ilanbalıqları da deyirlər. Kök, tünd rəngli bədənləri olan bu məxluqlar Orinoko və Amazonkaya tökülən çaylarda yaşayır. Bəzən bu balıqların uzunluğu iki metrə çatır və elektrik orqanlarının yerləşdiyi quyruğunun bircə zərbəsi ilə at boyda heyvanı şoka sala bilər!

Deyirlər ki, onların zərbəsindən insan da bir neçə saatlığa sıradan çıxa bilər. Elektrikli balıqların digər nümayəndəsi elektrikli skatdır. Onun boyu hərdən 1,5 metrə çatır. Bu balıq tropik Afrikanın bütün çaylarında yaşayır. Elektrikli balıqların üçüncü qrupunda torpedoyabənzər skatlar var, onu bütün isti dənizlərdə görmək mümkündür. Torpedoyabənzər skat, əsasən sahilə yaxın, çox dərin yerlərdə yaşayır. Bu ailənin Atlantik okeanında yaşayan digər nümayəndəsi, deyilənlərə görə, 90 kiloqramadək ağırlığı, 1,5 metr uzunluğu olan balıqlardır.

Elektroskatın beli tünd rəngdə, qanı ağ olur. Bədəni, təxminən girdə və yastıdır. Onun elektrik orqanları başı ilə qəlsəmələri arasındadır. Bu balıq üzərində aparılan sınaqlar göstərdi ki, balıq özünün elektrik enerjisini istifadə edəndən sonra mütləq dincəlməli və qidalanmalıdır ki, gücünü yenidən bərpa edə bilsin.

 

Meduzalar təhlükəlidirmi?

 

Meduzalar dəniz heyvanlarından ən qəribəsidir, çünki onlar tam olaraq jeleşəkilli kütlədən ibarətdirlər. Onlar balıqlara bənzəmir və balıqlarla heç bir qohumluğu yoxdur. Meduzaların müdafiəsi onların iynəsidir. Bu iynə bədənə sancılanda adamda çox pis təəssürat qalır və belə sancmaların fəsadları da ola bilər.

Meduzalar formaca ağzıaşağı çevrilmiş kasanı xatırladır. Bu kasanın altında həzm sistemi yerləşir. Onların həzm sistemi tən ortadan sallanan, aşağısı genişlənən borudan ibarətdir. Meduzanın ətrafları sayılan qolları qida toplamaq və üzmək üçün istifadə olunur. Onun kasaşəkilli bədəni isə arasında jeleşəkilli maddə olan iki təbəqədən ibarətdir. Əgər meduzanı sudan çıxarsaq, o, tezliklə qupquru quruyacaq, çünki bədəninin 98 faizi sudan ibarətdir. Əlbəttə, əgər meduza çox iri deyilsə, onun iynəsindən yaranan yanıqlar o qədər də təhlükəli olmur. Amma iri meduzaların sancması tamam başqa cür təsir göstərir.

Mütəxəssislər deyir ki, bədəninin diametri dörd metrə çatan, qolları isə 30 metr olan meduzalar da var. Əgər buna bənzər bir heyvan sizi “qucaqlasa”, nəfəsiniz kəsiləcək, hətta qismən iflic belə olacaqsınız. Meduzaların ən nəhəngi sayılan “portuqal əsgəri”  yekə skumbriya balığını da öldürüb yeyə bilər.

Avstraliya sahillərində dəniz arısı adlandırılan meduzalar olur. Bu heyvanları şöhrətləndirən odur ki, onlarla görüş bir çox ölüm hallarının səbəbi olub. Onlardan bəzilərinin tikanları var və bu tikanlar qurbanının bədəninə sancılır. Həmin tikanlar heyvanın zəhər vəziləriylə əlaqəlidir. Onun zəhəri qurbanını ya öldürür, ya da iflic edir.