Elektron ədəbiyyat və sənət portalı

Ölümü sirr pərdəsinə bürünən sultan - III Mehmet

Bölmə: Tarix 01.09.2015

Dövlətin əsası 1299-cu ildə oğuzların Qayı boyundan olan Osman bəy tərəfindən qoyulub. Banisinin Osmanoğulları Bəyliyi adlandırdığı dövlət, sonralar nəhəng imperiyaya çevrilib – dünya tarixinə, siyasətinə böyük təsir göstərib. Üç qitəyə yayıldığı illərdə ən qüdrətli dövrünü yaşayan Osmanlı imperiyası mahiyyətcə əsası Səlcuqlar tərəfindən qoyulan Türkiyə dövlətinin ikinci mərhələsi hesab olunur.

Osmanlı sultanlarının həyatına nəzər salmaqda məqsədimiz bir türk imperiyasının yaranışı, mövcudluğu, dünya gücünə çevrilməsi kimi tarixi məqamları bir daha göz önünə gətirməkdir.

 

13-cü sultan, 92-ci xəlifə

III Muraddan sonra hakimiyyətə Safiyə Sultandan olan oğlu III Mehmet gəldi. Mehmetin adını babası I Süleyman qoyub, “nəvəm babamız Mehmet kimi fateh olsun” demişdi.

Şahzadə Mehmet ilk təhsilini o dövrün böyük üləmaları sayılan İbrahim Cəfər Əfəndi və Pir Mehmet Əzmi Əfəndidən alaraq, onların yanında gələcəyin savadlı, tədbirli dövlət adamı kimi yetişdi.

1583-cü ildə Manisaya vali təyin edilən Mehmet atasının ölümündən sonra – 1595-ci ildə taxta çıxdı.

Mehmet 13-cü Osmanlı padşahı, 92-ci İslam xəlifəsi idi. O, ölənə kimi sultanlıq etdi.

 

Hərbi yürüşləri

III Mehmet hakimiyyətə gələndə hələ atasının dövründə başlamış Osmanlı-Avstriya müharibəsi davam edirdi. Mehmet sultan olan kimi Avstriya və Rumıniyanı fəth etmək üçün tədbirlər görməyə başladı.

1595-ci ildə Avstriya ordusu Esterqon qalasını mühasirəyə aldı. Bu zaman qırx kilometr uzaqda olan sərkərdə Mehmet Paşa qalaya köməyə getmədi. Bunun da nəticəsində köməksiz qalan şəhər günlərlə davam edən qəhrəmancasına müqavimətinə baxmayaraq, sayca üstün avstriyalılara təslim oldu.

Başqa bir Osmanlı sərkərdəsi Sənan Paşa rumın şahzadəsi Mihai Viteazulun qərargahına bir neçə dəfə hücuma keçdi. Türk ordusu Buxaresti və başqa bir neçə şəhəri ələ keçirsə də, çox keçmədən Mihai əks-hücumla osmanlıları geri çəkilməyə məcbur etdi. Bu zaman yolu bataqlıqlardan keçən türk ordusu xeyli itki verdi.

Esterqon qalasının təslim olmasından sonra Dunay sahillərindəki Vişeqrad da tutuldu.

Bir çox hərbi əhəmiyyətli qala və şəhərlərin itirilməsi paytaxt İstanbulda ciddi narazılığa səbəb oldu, ordu qüvvələri və siyasi elita sultanın hərbi səfərə çıxmalı olduğunu bildirdilər.

 

Yeni fəthlər

Vəziyyətin ağırlaşdığını, səltənətin təhlükə ilə üz-üzə qaldığını görən sultan Mehmet dövlət məmurlarını, sərkərdələri saraya çağırıb onların qarşısında tarixi bir çıxış etdi. Mehmet onlara dedi: “Dövlətimizin qurucusu Osman Qazi babamızdan, böyük Sultan Süleyman Qanuniyə qədər bütün padşahlar ordunun başında hərbi səfərlərə çıxmışdılar. Babam Sultan Səlimlə cənnətməkan atam Sultan Murad bu ənənəni pozdular. Mən də bu məsələdə onların səhvini təkrar etdim və hərbi yürüşləri ordu paşalarına həvalə elədim. Bu, yanlış qərar idi. İndi görürəm ki, əsgərlərim məni öz yanlarında görmək istəyirlər. Qərar vermişəm, yaxın günlərdə səfərə çıxacağıq. Hazırlıq görməyə başlayın. Gedirik, kafirlərə hədlərini bildirməyə!”

Bu çıxışdan sonra anası Safiyə Sultan onun hərbi yürüşdə iştirakına qarşı çıxdı. Sultan Mehmet anasına belə cavab verdi: “Ana, biz sultan oğlu sultanıq. Döyüşdə olmayacağıqsa, belimizdə niyə qılınc gəzdirək, bu, babalarımızın ruhuna yaraşarmı? Qərarımız qətidir, səfərə çıxırıq. Bir taxta görə dövlətimizi fəda eləmərik!”

Bununla da, Osmanlı ordusunun böyük əks-hücumu başladı…

 

Yeni qalalar tutuldu

Osmanlı tarixçiləri yazır ki, hərbi yürüşə çıxan sultan 1596-cı il iyunun 20-də mühasirəyə aldığı Eger qalasını yalnız oktyabrın 12-də fəth edə bildi.

Eger qalasının fəthindən sonra yoluna davam edən Osmanlı qoşunları 1596-cı ilin noyabrında Macarıstanda böyük bir Avropa ordusuyla qarşılaşdı. Bu ordu avstriyalı, alman, italyan, ispan, çex və polyaklardan ibarət idi. Onların sayı 300 mindən çox idi. Osmanlı ordusu isə döyüşə 140 min əsgərlə girmişdi.

Avstriya arxiyepiskopu III Maksimilianın tabeliyindəki düşmən qüvvələri ilə başlayan müharibədə Osmanlı ordusunun əsgərləri güclü güllə yağışına düşdü, yüzlərlə itki verdi.

Osmanlı cəbhəsinin hərbi mərkəzinin ələ keçirilməsi, padşahın döyüş meydanından qaçması xəbərinin yayılması əsgərlər arasında qarışıqlıq yaratdı. Əsir düşməkdən ehtiyat edən yeniçərilərin çoxu geri çəkilməyə məcbur oldu.

Döyüş meydanının boşaldığını görən səlibçilər zəfər qazandıqlarını düşünərək, mövqelərini boş buraxıb talana başladılar. Bu vaxt Osmanlı ordusunun arxa cəbhəsindəki odunçular, çadırçılar, nökərlər, dəvəçilər və aşpazlar düşmənin üzərinə hücuma keçdilər. Başı talana qarışan və sıraları pozulan səlibçilər bu qəfil hücumu gözləmirdilər. Onlar təşvişə düşərək qaçmağa başladılar.

Düşmənin geri çəkildiyini görən axınçılar, yeniçərilər yenidən toparlanaraq güclü bir hücum təşkil etdilər və məğlub ordunu hamının ümidini üzdüyü döyüşdən qalib çıxardılar.

 

Baş tutmayan sülh və…

Səlibçilərlə müharibədən sonra Sultan III Mehmet İstanbula qayıtdı. O, Avstriya cəbhəsinə Satırcı Mehmet Paşanı təyin etdi. Amma Tata qalasını geri almağı bacaran Satırcı Mehmet Paşa Budinin şimalındakı Vaç bölgəsində məğlubiyyətə uğradı.

Bu məğlubiyyətdən sonra türklər Avstriya ilə sülh müqaviləsi bağlamağa çalışsalar da, bu, mümkün olmadı. Bir müddət sonra (1598-ci ildə) avstriyalılar 1594-cü ildə itirdikləri Raab qalasını geri qaytardılar.

Satırcı Mehmet Paşa iki il heç bir uğur qazana bilmədi. Bu müddətdə bəzi Osmanlı qalaları avstriyalıların əlinə keçdi. Bu ağır məğlubiyyətlərdən qəzəblənən sultan öz sərkərdəsini edam etdirdi.

Mehmet Paşadan sonra ordunun idarəçiliyi Sədrəzəm İbrahim Paşanın nəzarətinə keçdi. Bir müddət sonra isə Avstriya Osmanlı ilə sülh bağlamaq üçün müraciət etdi. Avstriyalılar Egeri türklərə güzəştə getməyə razı olduqlarını bildirdilər. Osmanlılar isə Esterqon, Noviqrad, Filek və Raabı istədilər. Beləliklə, sülh sazişi baş tutmadı.

 

Kanije qalasının fəthi

Qışı Belqradda keçirən İbrahim Paşa avstriyalıları sıxışdırmağa başladı və Kanije qalasını mühasirəyə aldı. Mühasirə vaxtı qalada əsir düşmüş Osmanlı əsgərləri tarixdə tayı-bərabəri olmayan bir fədakarlıq göstərdilər. Onlar öz canları bahasına barıt deposunu partladıb, qalanı darmadağın edə bildilər.

Lakin Kanije qalası yenə təslim olmadı, avstriyalılar müqaviməti davam etdirirdilər. Bu zaman Filip Emmanuelin tabeliyindəki 20 minlik ordu qalanın köməyinə gəldi. Osmanlı ordusu uzun sürən mühasirədən sonra böyük çətinliklər bahasına olsa da, qalanı fəth edə bildi.

Bu fəthdən sonra Kanije bəylərbəyliyi yarandı və Tiryaki Həsən Paşa ora vali təyin edildi.

Sultan III Mehmet uğurlu hərbi yürüşlərdən sonra İbrahim Paşanı əbədi sədrəzəm təyin etdi.

Kanijeni geri qaytarmağa çalışan arxiyepiskop Ferdinand böyük bir orduyla qalanı mühasirəyə aldı. Tiryaki Həsən Paşanın əsgərləri buranı iki aydan çox müddətdə böyük şücaətlə qorudular.

Qaladakı əsgərlər azuqənin tükənməkdə olduğunu görəndən sonra “ya ölək, ya qalaq” deyib, xaçpərəst ordusunun üzərinə yeridilər. Onlar Kanije qalasının qarşısında səlibçilərə qalib gəldilər. Bu qələbədən sonra – 1603-cü ildə Esterqon geri alındı...

 

Sultanın ölümünə dərviş səbəb olub?

Sultan III Mehmetin ölümünün çox qəribə tarixçəsi var. Rəvayətə görə, bir gün ovdan qayıdarkən bir dərviş ona: “56 gün sonra başına bir qəza gələcək və sən öləcəksən. Qafil olma, sultanım” deyib. Bu sözlərdən dəhşətli sarsıntı keçirən III Mehmet xəstələnərək yatağa düşüb və 1603-cü ilin 21 dekabrında vəfat edib.

MÖVLUD