Elektron ədəbiyyat və sənət portalı

Bazar meydanından bir səhnə

Bölmə: Ədəbiyyat 08.08.2016

Fereydun TONKABONİ
(İran)

Şuş şəhərinin bazar meydanı qələbəlik, səs-küylü idi. Günortanın parlaq günəşi sanki hər şeyin və hər kəsin gizli mahiyyətini amansızcasına açırdı. Bu vaxtlar nəqliyyatın hərəkəti səhər və axşamdakından daha seyrək olsa da, avtomobillərin bitmək bilməyən sırası meydanı kəsib keçir, onun başına dolanırdı.

Meydana çıxan küçələrdə xeyli ikimərtəbəli avtobus dayanmışdı - al qırmızı rəngləri adamın gözünü qamaşdırırdı. Mühərriklər tırıldayır, havaya tüstü-duman buraxırdı. Səkilərə pörtlənmiş çuğundur və turp, əksəriyyəti qırmızı və çəhrayı olan rəngbərəng şirniquş satanlardan, ağappaq, girdə noğulla, püstəylə dolu məcməyilər yüklənmiş arabalardan ayaq basmağa yer yox idi. İri, qabığı çırtlayıb aralanmış “gülən püstə”ni başqa məcməyiyə yığmışdılar - onlar daha baha satılırdı. Hindistan badamı, xırda kişmişlə qarışmış acil – biri üç riala... Elə burdaca, primusun üstündə paxla qaynadırdılar.

Bazarın tinindəki yanacaqdoldurma məntəqəsinin mazut və yağa bulaşmış meydançasında avtobus, minik maşınlarının sürücüləri benzini növbəsiz almaq üçün söyüşür, qalmaqal salırdılar. Benzini tökən kimi də çıxıb gedirdilər. Velosipedçilər zınqırovlarını durmadan çalır, maşınların, adamların arasıyla burula-burula gedir, ləng sürücülərə, piyadalara iynəli sözlər atır, cavabında söyüş eşidirdilər.

Meydanın o biri tərəfindəki tapdanmış tozlu meydançada adamlar mərəkəyə yığışmışdılar.

Hərdən tamaşaçılardan biri ucadan salavat deyirdi. Meydanın sakit guşələrindən birində, içi qapqara üfunətli horrayla dolu dağılmış arxın düz böyründə bir qadınla bir kişi dayanmışdı.

Ucaboy, arıq bir qadın idi. Nimdaşlığından qıraqları süzülmüş, üstündə kəsik dırnaq şəklinə oxşayan xırda, ağ aypara naxışlı tünd-göy çadrası vardı. Sanki hamamdan indicə gəlmiş kimsə bu çadranı yerə sərib üstündə dırnaq tutmuşdu. Qadının uzun, sümüklü, ensiz çənəli qırış-qırış sifəti vardı. Kişi balacaboy, cantaraq idi. Şişman ağcamaya sifəti vardı – adam lap istəyirdi əliylə yoxlayıb görsün ki, yanaqları, həqiqətən göründüyü kimi yumşaqdırmı.

Kişi qadının əlindəki boxçadan bərk-bərk yapışmışdı. Yerlərindən tərpənmədən, dinməzcə durmuşdular və biganə sifətlərindən lap boşanmağa hazırlaşan ər-arvada oxşayırdılar.

Batıq yanaqlarını qara, tikan kimi sərt tük basmış bir kişi onların yanında ayaq saxladı. Görkəmindən daha çox tabaqdan alver eləyənə oxşayırdı.

- Hacı ağa, neyləmək istəyirsən ona? – deyə, tösmərək kişidən soruşdu.

- Neyləməliyəm ki. Verəcəm polisə. Qoy qoduqluğa salsınlar. Bura onun üçün bəyəm Hertdi ki, dərəbəylik ola? Oğruxana deyil bura! Bəs qanun, bəs din-iman nə üçündür?!

Qadın susurdu.

- Hardan bildiniz onun elədiyini? – tabaqçı soruşdu.

- Mən yumurtaları top-top yığmışdım. Yaxınlaşdı, başladı məni söhbətə tutmağa; bir də baxdım ki, topların birində yumurtalar əskik gəlir.

- Afərin sənə, Hacı ağa! – arıq tabaqçı ucadan güldü.

Qadın qulaq asmırdı. Həyəcanla yaxınlaşan dalandara nigaran-nigaran baxırdı – balacaboy, zəif kişiydi; elə bil ya cırtdana, ya da uşağa oxşayırdı. Sıx, qara saqqalı vardı və əllərini çox enli olduğundan az qala kvadrat görünən şalvarının cibinə salmışdı.

- Nə olub burda? – dalandar soruşdu. Ona cavab verən olmadı.

- Əşşi, buraxın onu, siz Allah! Şeytan azdırıb, yəqin... – deyə, nə baş verdiyini təxmin edib dilləndi.

Hacı ona hədə ilə baxdı. Dalandar pərtləşib susdu.

- Necə yəni “şeytan azdırıb”? Niyə məni azdırmır? – Hacı özündən çıxdı. – Həqiqətin üstünü yalanla ört-basdır eləmək olmaz. Qiyamət günü yalan söyləyə bilməyəcəksən! Yaxşı, mən buraxaram onu, bəs bu əməlinə Allah qarşısında necə haqq qazandıracaq?

Bu yerdə Hacı ağanın gözünə əlində yekə çanta, əynində ağ plaş, gözündə qara eynək olan bir kişi dəydi və qadın boxçasını dartıb onun əlindən çıxarmaq istəyəndə ucadan qışqırdı ki, kişinin diqqətini özünə cəlb eləsin:

- Dayan, abci! Dayan, aydınlaşdırmalıyıq bunu! – Hacı ətrafa boylandı. – Bu xarabada da bir dənə polis tapa bilməzsən ki!..

- Ağa, nə olub, nə məsələdir? – deyə, ona yaxınlaşan qara eynəkli cənab soruşdu. Cavabında Hacı əlini cibinə salıb ordan üç dənə iri toyuq yumurtası çıxardı və təntənəylə dedi:

- Budur! Mən boş yerə danışmaram!

- Hə, yaxşı iş deyil! – eynəkli cənab dilləndi. – Amma... bəlkə də, acından, ya da ehtiyacdan eləyib bunu. Bağışlayın bu biçarəni, yazıqdı...

- Necə yəni “bəlkə də, acından, ya da ehtiyacdan eləyib”? – Hacı ağa səsini başına atdı. – Onun aclığından mənə nə var! Nədir, yoxsa yer üzündə Allahın bütün məxluqatını yedizdirməyi nəzir demişəm? Mənim xeyriyyə cəmiyyətim yoxdur! Mən sadə alverçiyəm və malımı məccani paylamıram!

Qadın daha boxçasını Hacının əlindən çıxarmağa cəhd göstərmirdi, yaylığını başına çəkib yumağa dönmüşdü.

- Elədir, Hacı ağa, - deyə tabaqçı da arvada qahmar çıxdı. – Amma siz də mərhəmətli olun, buraxın onu! Bu səfeh qadını biabır etməyin.

Hacı qaşqabağını tökdü.

- Səfeh? Amma oğurluq eləməyə ağlı çatdı, hə? Söhbət yuyub yığışdırmaqdan, qulluq göstərməkdən düşəndə, hamı zəif, əfəl olur! Amma elə ki, çırpışdırmaq gərək oldu, zirəkləşirlər! Bizdən diribaş olurlar! Əcəbdir, vallah...

- Hacı ağa, bu cənab düz deyir, - arıq tabaqçını dalandar da müdafiə elədi, - tökün bu daşı ətəyinizdən.

Hacı ağa əvvəl istədi onun sözlərinə fikir verməsin, amma son sözü yaman dəymişdi kişiyə.

- Hansı daşı? Qoy kim birinci başlayıb, daşı da o töksün!

- Siz geri çəkilməlisiniz! – deyə, tabaqçı inamla dilləndi, elə bil Hacı ağanın ona qulaq asacağına əmin idi.

“Əcəb qəmişdir ha!” – eynəkli cənab fikirləşdi və az qaldı deyə: “Yaxşı, şitini çıxarmayın, bu işin bir lax yumurta qədər dəyəri yoxdur!”, amma Hacı ağanın xətrinə dəyməsin deyə, belə dedi:

- Məncə, siz onu bağışlamalısınız... - Onsuz da biyabır olub, - tabaqçı sözünə davam etdi. – Onu iki gün qoduqluqda saxlamağın nə mənası? Pulu yoxdur ki, alalar əlindən!

- Yaxşı, - Hacı ağa cavab verdi. – Bir Allah şahiddir ki, mən yumurtanın davasını döymürəm...

- Yaxşı, qurtardı! Hacı ağa səni bağışladı, abci! – deyə, tabaqçı qadına müraciət edib kişinin sözünü kəsdi. – Üzr istə, çıx get.

Hacı ağa çətin vəziyyətə düşmüşdü. Bir az tərəddüddən sonra arvadın boxçasını qaytarmağa məcbur oldu. “Eybi yox, onsuz da bəs deyincə utandırdım onu!” – öz-özünə dedi.

Tabaqçı isə düşündü: “Mənim başıma belə bir iş gəlsəydi, xəcalətimdən ölərdim. Ya da əvvəlcə bu qəmiş kişini öldürərdim, sonra da özümü... Yazıq arvad! Nə yaxşı yerə girmir indi!”

“Biçarə qadın, bu boyda zırıltıdan sonra evinə dönəcək, özü də əliboş, - eynəkli cənab düşünürdü. – Yazıq indi, bəlkə də, balalarına görə nigarandır: fikirləşir ki, Allah eləməmiş, birdən hovuza yıxılarlar, ya da kürsüyə düşüb yanarlar... Əşşi, nəzarətsiz uşaqların başına o qədər iş gələ bilər ki - küçə dolu maşın, avtobus... Bu it oğlu da zəli kimi qəmiş olub! Əl çəkəydi barı!..”

“Biçarə qadının başından bəla əskik deyil, - dalandar da arvadın halına yanırdı. –Bəlkə evə necə qayıdacağını da bilmir”.

Bu abcinin indi hansı hisslər yaşadığını təsəvvür etməyə çalışan tabaqçı da, dalandar da, plaşlı cənab da, hətta Hacı ağanın özü də əmin idi ki, yaxasından əl çəkən kimi aradan çıxacaq, gözdən itəcək. Ağlı olsa, elə də edərdi.

Lakin qadın susur, yerindən tərpənmirdi və onlar bir-birinə maddım-maddım baxıb səfeh-səfeh gülümsünür, nə edəcəklərini bilmirdilər.

- Bəs yumurta... Yumurtalar necə olsun? – deyə, qəflətən qadın soruşdu.

- Ay həyasızsan ha! Barmağını ağzına soxdunmu, əlini qoparacaq! – deyə, Hacı yanındakılara heyrətlə nəzər salıb deyindi.

Tabaqçı gülməkdən, hətta öskürdü də.

- Yumurtaları yaddan çıxar, abci! – deyə, dalandar məsləhət gördü. – Daha görməyəcəksən onları.

- Get və Allaha dua elə ki, hər şey yaxşı qurtardı, - tabaqçı öskürəyi sakitləşəndə dilləndi. – Hacı ağaya dua elə ki, səni biabırçılıqdan qurtardı. Cəhənnəm olsun yumurta...

Hacı ağanın təkəbbürlü baxışları aşkar bunu deyirdi: “Eybi yox, Allah hər şeyi görür! Ondan gizlənə bilməzsən...” daha bir neçə dəqiqə onların hamısı susub nə eləyəcəklərini bilmirmiş kimi durdu.

Hamıdan əvvəl yerindən Hacı tərpəndi. Sonra tabaçı ilə dalandar – hərəsi öz yoluyla getdi. Plaşlı kişi də getdi. Qadın isə hələ də yerində dayanıb-durmuşdu, onların ardınca maddım-maddım baxırdı. Nəhayət, o da yerindən tərpəndi və ağır-ağır addımladı.

Tərcümə etdi: İlqar ƏLFİ