Elektron ədəbiyyat və sənət portalı

Təməl möhkəmdirsə...

Bölmə: «Aydın Yol»çular 19.08.2016

Bu qaydalar azyaşlıların istismarına yox, əksinə, onların faydalı əməyə alışdırılmasına, başqa sözlərlə desək, zəhmətkeş, mənəvi cəhətdən düzgün inkişafına şərait yaradır. Mütəxəssislərin fikrincə, erkən yaşlarından faydalı əməyə alışmaq, zəhmətə qatlaşmaq, çevrədəki insanlara təmənnasız kömək etməyi öyrənənlər gələcək həyatda çətinliklərə uğurla sinə gərir, liderlik keyfiyyətləri ilə fərqlənirlər.

...Abşeronun Pirşağı kəndində yaşayan Əbilovlar ailəsini çoxdan tanıyıram. Çoxuşaqlı ailə uzun illərdir ki, torpağı əkib-becərir, halal zəhmətlə dolanır, bostanda göyərti və tərəvəz əkir, həyətyanı sahədə qurduqları istixanada qış aylarında pomidor və xiyar yetişdirirlər.

Yolum düşəndə bu ailənin ərsəyə gətirdiyi təmiz və dərmansız məhsullardan alıram. Hər dəfə də ailə başçısı Adil ilə təsərrüfat işləri, dolanışıq barədə xeyli söhbət edirik. O, əmindir ki, kasıbçılıqdan və işsizlikdən gileylənən adam günahı başqalarında yox, ilk növbədə özündə axtarmalıdır.

- Torpaq onu sevən hər kəsi dolandırmağa qadirdir. Zəhmətə qatlaşan adamın ruzi-bərəkəti heç vaxt əskik olmaz. Dədə-babadan belə görmüşük və övladlarımızı da bu ruhda tərbiyə etməyə çalışırıq.

- Adil, maşallah, təsərrüfat böyükdür, iş də, yəqin ki, başdan aşır. Bütün bunları necə çatdırırsınız?  Kənardan işçi qüvvəsi cəlb edirsiniz?

- Qətiyyən. Hər çətinliyi öz gücümüzlə dəf etməyə alışmışıq. Allah sizinkiləri saxlasın, evdə 10 uşaq böyüyür, bu, böyük sərvətdir, qızlı-oğlanlı, hərə bir işin qulpundan yapışsa, heç bir problem qalmaz. Biz ailə münaqişəsi, dava-dalaş, küsülülük nə olduğunu bilmirik, çünki buna vaxtımız və həvəsimiz yoxdur, bacı-qardaşlar bir-biri ilə çox mehriban dolanırlar.

- Azyaşlılar da təsərrüfatda çalışır?

- Əlbəttə. Onları faydalı əməyə indidən alışdırmaq lazımdır. Düzdür, sağ olsun dövlətimiz, çoxuşaqlı ailə olduğumuz üçün bizə hər cür yardım göstərir. Lakin mən bir ailə başçısı kimi, bunu vəziyyətdən çıxış yolu saymıram. İnsan öz alın təri ilə qazandığı çörəyi yeməlidir. Qoy uşaqlar da yedikləri çörəyin qədrini bilsinlər, müstəqil olmağa alışsınlar, böyüyəndə həyatda başqalarına möhtac qalmasınlar, həm mənən, həm də fiziki cəhətdən sağlam böyüsünlər.

- Bəs təhsilləri? Axı indi təhsil prosesi çox mürəkkəbdir. Yoxsa məktəbdən yayınırlar?

- Bir ailə başçısı kimi buna heç vaxt yol verə bilmərəm. Təhsil ön plandadı. Övladlarımızın təhsil qayğıları ilə anaları da, mən də yaxından maraqlanırıq. Ailədə belə bir qayda qoymuşam: zəif oxuyan və pis qiymət alan işdən kənarlaşdırılır və bacı-qardaşların qınaq obyektinə çevrilir. Bəzən dəftər-kitablarını özləri ilə gətirib elə bostanın kənarında birlikdə dərs hazırlayırlar. 

- Uşaqların təsərrüfat işlərində çalışmasına yerli qurumlar nə deyir? Əngəl yaratmırlar ki?

- Məktəbin direktoru, bələdiyyə sədri bir neçə dəfə bizə baş çəkib. Hətta deyiblər ki, uşaqları həddindən atrıq işlətmək olmaz. Mən bununla tam razıyam. Əvvəla bu sənin doğma övladındır, nökərin deyil. İkincisi, uşağı yalnız faydalı əməklə formalaşdırmaq olmaz. O, yeri gələndə musiqi və idman məşğələlərinə getməli, yaşıdları ilə vaxt keçirməli, küçədə futbol oynamalıdır. Ulu Tanrının uşağa verdiyi ən şirin dövrü onun əlindən almaq, başqa sözlə desək “oğurlamaq” günahdır.

Övladlarımızı kiçik yaşlarından təhsilə və əməyə alışdırmaqdan çəkinməyək, ilk növbədə özümüz onlara nümunə olaq. Çünki gələcək saf, kamil insanın təməli məhz bu yaşlarda qoyulur. Bu uşaqlar isə xoşbəxt və firavan cəmiyyətin dayağı, sütunudur.