Elektron ədəbiyyat və sənət portalı

Dövlət ailədən başlanır

Bölmə: «Aydın Yol»çular 09.09.2016

Statistik məlumatlara görə, Azərbaycanda çoxuşaqlı ailələrin sayı 100 mindən çoxdur. Dövlət belə ailələrin sosial-məişət qayğıları ilə daim yaxından maraqlanır, çoxuşaqlılığa geniş dəstək verir. Son illər çoxuşaqlı ailələrə verilən xüsusi müavinətlər və imtiyazlar da ölkədə əhali sayının artmasına əlverişli stimul yaradıb.

Statistik rəqəmlərə görə, bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 14,2 min nikah və 3,2 min boşanma qeydə alınıb, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,0, boşanmaların sayı isə 1,3 olub.

Sevindirici haldır ki, bu gün əhalinin artım əmsalı yüksəlib, sağlam körpələrin dünyaya gəlməsi üzrə göstərici də artıb. Bu isə demoqrafik artım baxımından uğurlu siyasətin nəticəsidir.

Bu gün cəmiyyət belə ailələrin normal inkişafı üçün daha hansı addımları atmalıdır?

...Yasamalda Ağayevlər ailəsini çoxları tanıyır. “Dağlı məhəlləsi” deyilən ərazidəki şəxsi mülkdə yaşayan Allahverdi kişi və həyat yoldaşı Səlmi nənənin 11 övladı, 30-dan çox nəvə-nəticəsi var.  Ailə başçısı bütün ömrü boyu fəhləlik edib, Səlmi xanım isə evdar qadın kimi ailənin bütün qayğılarını çiynində daşıyıb. Yaşı 80-i haqlamış Allahverdi kişi həm də nümunəvi ailə başçısıdır.

- Əgər Allah övlad payı göndəribsə, deməli, onun ruzisini da verəcək. Mən qırçılıq edib, halal zəhmətimlə dolanmışam. Uşaqlarımı da əməyə məhəbbət ruhunda  tərbiyə etmişəm. Əlbəttə, çətin günlərimiz çox olub, düzdür, Sovet hökuməti bizə yardım göstərirdi, amma kimsəyə əyilməmişik, heç kimdən kömək ummamışıq, yalnız özümüzə güvənmişik. Balalarımın 11-i də ali təhsillidir. Aralarında müəllim də var, həkim də, ticarətçi də. Əvvəllər kiçik daxmamız vardı. Uşaqlar böyüdükcə, ailə genişləndikcə, hamılıqla köməkləşib həyətdə yeni evlər tikdik. Qızları köçürmüşəm, oğlanlar isə ata yurdunu tərk etmir. Biz həmişə bir-birimizə arxa olmuşuq.

Səlmi nənə Ağayevlər ocağının istisini nəvazişlə qoruyur:

- Ana üçün övladdan şirin və əziz nə ola bilər? İndiki gəlinlər çoxuşaqlı olmaqdan qorxur, dünyaya 1-2 övlad gətirməklə kifayətlənir. Vallah, çətinliklər bəhanədi. Sadəcə, əziyyətdən, yuxusuz gecələrdən, qayğıdan çəkinirlər. Halbuki həyat, belə qayğıları övladlarınla paylaşanda gözəlləşir... İndi zaman başqadır. Dövlətin əli çoxuşaqlıların üstündən əskik deyil. Elə buna görə də nə qədər çox uşaqları olsa, o ailənin xoşbəxtliyi dünyaya sığmayacaq.

Səlmi xanım haqlıdır. Dövlət qayğısı ilə ailə başçılarının sonsuz fədakarlığı birləşəndə bütün çətinliklərə uğurla sinə gərmək mümkündür. Yetər ki, özünü tək hiss etməyəsən, ən çətin anda ailə üzvlərinə arxalanasan.

Dünyanın bir sıra ölkələrində çoxuşaqlı ailələrin stimullaşdırılmasında maraqlı təcrübələr var. Azərbaycanda da çoxuşaqlı ailələrin sayının artırılması sahəsində zəruri addımlar atılır, əlavə müavinətlərin və imtiyazların verilməsi sahəsində konkret işlər görülür.

Bir sözlə, Azərbaycanda çoxuşaqlılıq cazibəsi getdikcə artır. Bu, çox səciyyəvi məqamdır və ölkənin dünya çapında imicini artırır. 

Çoxuşaqlı ailənin problemlərinə arxa çevirmək olmaz. Unutmayaq ki, belə ailələrdə böyüyən uşaqlar ilk gündən kollektivçiliyə, birgə əməyə, dostluq və yoldaşlıq kimi ülvi hisslərə alışır. Axı illər keçəcək, onlar bizim nəsli əvəz edəcək, cəmiyyətdə mövqe qazanacaq. Deməli, sabahın layiqli vətəndaşı üçün möhkəm təməl məhz bu gün qoyulmalıdır.