Elektron ədəbiyyat və sənət portalı

Neft necə əmələ gəlib?

Bölmə: Elm 01.09.2016

Bu səhifəni uşaqlar, yeniyetmələr üçün hazırlamışıq. Amma bu, heç də o anlama gəlməsin ki, səhifəmizi oxuyarkən böyüklər nəsə öyrənməyəcək. Mütləq öyrənəcək. Çünki elm öyrənmək, savad almaq insanın əbədi, həmişəcavan arzularındandır. Bəşəriyyət zaman-zaman adamları iki yerə bölüb: savadlılara və bisavadlara. Bütün sivilizasiyalar ona görə sivilizasiya olub ki, içindəki savadlı kəsim, düşünən insanlar artıb, fərqli bir mədəniyyət yarada bilib.

Müasir dövrdə elmə, biliyə can atmaq daha vacibdir, çünki dünənə kimi qarşımızda bir sirr olaraq qalan çox mətləblər artıq çözülə-çözülə gedir, bildiklərimiz artır, bilmədiklərimiz azalır. Amma nə qədər öyrənsək də, bilmədiklərimiz bildiklərimizdən qat-qat çox olaraq qalacaq.

Səhifəmizi müntəzəm izləsəniz, minlərlə mürəkkəb sualın sadə cavabını tapacaqsınız. Bu mətləblərin əksəriyyəti ilə orta məktəbdə rastlaşmışıq, amma, təəssüf ki, dərsliklərimizin, nədənsə, həmişə qəliz olan elmi dili ucbatından çox şey əxz edə bilməmişik.

Biz heç də o iddiada deyilik ki, “Hər suala bir cavab” rubrikamızı izləyə-izləyə savadlanacaq, alim olacaqsınız. Məqsəd uşaqlarımızın dünyagörüşünü genişləndirmək, onları həmişə diqqət mərkəzində olan maraqlı həmsöhbətə çevirməkdir.

İlqar ƏLFİ

 

İnsanlar Kanadada nə vaxt məskunlaşıblar?

 

Kanadanın əhalisi müxtəlif millətlərdən və irqlərdən ibarətdir. Kanadanın ilk əhalisi hindular olub. Belə hesab olunur ki, hindular bu qitəyə Qərbi Asiyadan Berinq boğazı vasitəsiylə, təxminən 10 000 il əvvəl gəliblər. Avropalılar ilk dəfə bu ölkənin ərazisini tədqiq edəndə hindular meşəlik ərazilərin əksəriyyətində qrup şəklində yaşayırdılar. Onların yalnız kiçik bir hissəsi Atlantik okeanın sahilləri boyunca məskunlaşmışdı. Kanadada yaşayan adamların ikinci qrupu eskimoslardır. Onlar Berinq boğazını təxminən 3000 il əvvəl keçiblər. Bu köçmə prosesindən bəhs edən yazılı mənbələr də var.

Kanadanın ilk ağdərili sakinləri fransızlar olub. Onlar dəstə-dəstə Kvebekə gəlir, Fandi körfəzi sahillərindəki meşələri təmizləyərək fermalar salırdılar. Fransızlar özlərinin əsas şəhəri Kvebeq-sitini Müqəddəs Lavrenti çayının məcrası daralan yerdə salmışdılar. Həmin əraziyə yaxın yerlərdə də meşəliyin içində talalar qurur, fermalar yaradırdılar. 1763-cü ildə britaniyalıların Kanadanı işğal etdiyi zaman orada artıq 60 000 fransız yaşayırdı. Onlar əsas etibariylə Kvebek və Monreal arasında yerləşmişdilər. Amerikada Vətəndaş müharibəsi başlayanadək Kanadada britaniyalı çox az idi. Müharibə zamanı Birləşmiş Ştatlar əhalisinin şimala axını nəticəsində onların sayı Kanadada da artmağa başladı.

XIX əsrdə minlərlə britaniyalı mühacir Kanadaya yerləşdi. İngiltərə, Şotlandiya və İrlandiyadan olan həmin şəxslərin nəsillərindən olanlar indi Kanada əhalisinin az qala yarısını təşkil edir. Ötən əsrin sonlarına yaxın isə Avropadan mühacirlərin axını artdı. Onların əksəriyyəti Mərkəzi və Qərbi Avropadan - Almaniya, Çexiya, Polşa, Rumıniya və Ukraynadan gəlib.

 

Camaşırxanalar necə əmələ gəlib?

 

İnsan harada yaşasa da, paltar yumaq problemini istər-istəməz həll etməli olur. “Camaşırxana” sözünün maraqlı mənşəyi var. Qədim zamanlarda yuyulmuş paltarlar yaxşı qoxu versin deyə, onların arasına lavanda adlanan bitkinin yarpaqlarını düzürdülər. Bu bitki paltara incə qoxu verirdi. Fransız sözü olan “lavande” bizim dilə elə lavanda kimi tərcümə olunur, “lavandiere” sözü isə paltaryuyan deməkdir. Qədim zamanlarda Fransada paltar yuyan qadınları belə adlandırırdılar. Bax, ingilis dilində “laundress” (“paltaryuyan qadın”) və “laundry” (“camaşırxana”) sözləri də belə yaranıb.

Erkən sivilizasiyalar paltar yumaq üçün müxtəlif üsullardan istifadə edirdilər. Bir qədim Misir sərdabəsində üzərində maili daş təbəqənin üstündə yaş paltarın daş vasitəsiylə döyəclənib yuyulması əks olunub. Şəkildə suyun axması üçün xüsusi yer də göstərilib. Romalıların paltarı isə əsasən yundan hazırlanırdı və yuyarkən onun forma və ölçüsünü saxlamaq üçün xüsusi bacarıq tələb olunurdu.

Paltarları ictimai camaşırxanalara aparırdılar və orada onları “keçəçi” adlanan xüsusi insanlar qaydaya salırdılar. Keçəçilər iki növ iş görürdülər. Onlar yeni paltar toxuyur və gətirilən nimdaş paltarları təmizləyirdilər. Keçəçilər öz peşələriylə yüzilliklər ərzində davamlı şəkildə məşğul olurdular və axırda İngiltərədə keçə sexləri yaradıldı. O zaman artıq paltar yuyarkən ağac vərdənələrdən istifadə olunurdu. Paltarı yuyan qadınlar bu vərdənələrlə yaş paltara zərbələr endirir, onun kirini su ilə birlikdə çıxarırdılar.

Bu cür valların hələ olmadığı daha qədim zamanlarda paltarı tapdalayırdılar. Uzun əsrlər boyu Britaniya camaşırxanalarında qədim Yunanıstanda, qədim Romada istifadə olunan üsullar tətbiq edilirdi. Paltar sabunsuz yuyulurdu, çünki sabun çox baha idi. Tədricən, texnika inkişaf etdikcə, paltarların yuyulmasını xüsusi makinalara həvalə etdilər.

 

Əlcək nə vaxtdan taxılır?

 

Əlcək taxmaq çox qədim adətdir. Onu soyuq diyarlarda yaşayan qədim insanlar ixtira edib. Bəllidir ki, əlcəklərdən qədim farslar və romalılar da istifadə edirdi. “Odisseya”da əsərin qəhrəmanlarından birinin öz bağında işləyərkən əlcəkdən istifadə etdiyi deyilirdi.

Qədim zamanlarda əlcəkləri yalnız dəridən düzəldir və onları daha çox müharibədə, ovda taxırdılar. Lakin VIII və IX əsrlərdə praktiki olaraq Almaniyanın, Skandinaviya ölkələrinin bütün əhalisi qışda əlcək taxırdı.

Qadınlar isə bəzək əşyası kimi əlcəyi XIII əsrdən etibarən, taxmağa başladılar. Belə əlcəkləri, adətən parçadan tikirdilər və onlar uzun, dirsəyə qədər olurdu.

Çox illər sonra kraliça Yelizaveta tikməli, daş-qaşla bəzədilmiş əlcəkləri dəbə saldı. İlk layka dərisindən əlcək isə XIV Luinin hakimiyyəti illərində dəbə düşdü. O zamanın fransız qadınları ipək saplardan toxunmuş əlcəklər taxırdılar.

 

Çətir nə vaxt ixtira olunub?

 

Biz  yağışdan qorunmaq üçün çətirlərdən istifadə etməyə öyrəşmişik. Lakin əslində çətir heç də bu məqsədlər üçün ixtira olunmamışdı. Onun ilk vəzifəsi yandırıcı günəş şüalarından qorunmaq idi! Lap qədim zamanlardan istifadə olunan çətirlərin ixtiraçısının kim olduğunu heç kəs söyləyə bilməz. Belə hesab olunur ki, ilk çətiri çinlilər düzəldib. Bu, hələ eramısdan əvvəl XI  əsrdə baş vermişdi! Amma bir məsələ də var ki, qədim Babil və Misirdə də günəşdən qorunmaq üçün cürbəcür vasitələr düzəldirdilər.

Maraqlıdır ki, az sonra çətir hakimiyyət rəmzinə çevrildi. Qədim zamanlarda Uzaq Şərqdə çətirdən yalnız hökmdar ailəsinin üzvləri, yaxud ali rütbəli məmurlar istifadə edə bilərdilər.

Avropada çətirdən ilk olaraq, qədim Yunanıstan əhalisi istifadə etməyə başladı. Lakin belə bir fikir də var ki, çətirdən yağış zamanı istifadə edən ilk insan romalı olub.

Orta əsrlərdə çətirdən istifadəyə, demək olar ki, son qoyuldu. Lakin XVI əsrin sonlarında çətir İtaliyada yenə görünməyə başlayır və yenə də hakimiyyət rəmzinə çevrilir.

Təxminən 1680-ci ildə çətir Fransada, daha sonralar isə İngiltərədə peyda olur. XVIII əsrdə yağışdan qorunmaq üçün istifadə olunan çətir artıq bütün Avropada dəbdə idi. Bu vaxt ərzində onun forması az dəyişsə də, çətirlər yüngülləşmişdi. Rənbərəng qadın çətirlərini isə yalnız XX əsrdə düzəltməyə başladılar.

 

Burun yaylıqları nə vaxtdan istifadə olunur?

 

Cürbəcür burun yaylıqlarından adamlar çox qədim zamanlardan istifadə edirdilər. Çox güman ki, ilk yaylıq nazik ağacın üzərinə vurulmuş çaqqal quyruğu olub.

Ondan həm burun yaylığı, həm də yelpik kimi istifadə ediblər. Bəllidir ki, bir çox vəhşi qəbilələr samandan həsir toxuyur, onunla tərlərini silirdilər. Yəqin burun yaylığının yaranması da elə həmin dövrlərə aiddir.

Qədim zamanlarda Yunanıstan və Romada yalnız burun yaylıqları deyil, həm də salfetlərdən istifadə olunurdu. Salfet yemək zamanı əl silmək üçün idi. Burun yaylıqları isə dördkünc olurdu və ondan səfər zamanı geyimin bir atributu kimi istifadə edirdilər.

XVII əsrdə Fransada burun yaylıqları çox zərif düzəldilir, bəzən hətta qiymətli daşlarla bəzədilirdi. XVIII əsrdə tütündən burunotu kimi istifadə dəbə düşəndə, qadınlar burun yaylıqlarını rəngbərəng parçalardan düzəltməyə başladılar. Burun yaylıqları geyimin o qədər vacib elementinə çevrilmişdi ki, onun zahiri görünüşünə xüsusi fikir verirdilər. Sonralar Mariya Antuanetta Fransa kralı XVI Luini belə bir qanun verməyə razı saldı ki, burun yaylıqları girdə, üçkünc deyil, yalnız düzbucaqlı olmalıdır!

 

Corabı kim ixtira edib?

 

Əvvəllər corabı yalnız dəridən, ayaqları müdafiə etmək üçün hazırlayırdılar. Lakin bu ideyanın özü də yalnız xristianlığın gəlişindən sonra geniş yayılmağa başladı. Müasir corablara bənzəyən corabları hazırlamağa ilk cəhdi fransızlar etdi.

VII əsrdə onlar ayaqlarını qızdırmaq və qorumaq üçün dəri corablardan istifadə edirdilər. Tezliklə, bu corablar hamının xoşuna gəlməyə başladı. Beləliklə, ipək, velvet corablar toxuyan fabriklər yarandı. Bu corabların ən bahalılarının qızıl tikmələri olurdu ki, onları əsilzadələr geyinirdilər.

Daranmış yundan ilk corablar Londonda, təxminən 1565-ci ildə toxunmuşdu. Kraliça Yelizavetaya belə corablar bağışlamışdılar. Corab o qədər xoşuna gəlmişdi ki, heç vaxt ayağından çıxarmırdı. İpək corabları isə İtaliyada hazırlayırdılar. Çox baha olduğundan, bu corabları ancaq varlılar ala bilirdi. Yalnız XX əsrin əvvəllərində ipək corablar geniş yayıldı və ondan adi adamlar da istifadə etməyə başladı.

 

Neft necə əmələ gəlib?

 

Neftin ikinci adı – petroleum bu sualın cavabı üçün bizə ipucu verir. “Neft” sözünün mənası “qaya yağı” deməkdir. Alimlər belə güman edir ki, neft Yer kürəsinin əsas hissəsini tutan isti dənizlərin sahilinə yaxın yerlərdə suda və quruda yaşayan bitki və heyvanlardan əmələ gəlib. Bitkilər, heyvanlar öləndə dənizlərin dibinə enirdilər. Zaman keçdikcə, onların üzəri milyonlarla ton qum və lillə örtülürdü. Onların təzyiqi altında lil və qum, qayalar yaradırdı. Bitki və heyvanların qalıqları isə həmin qayaların çatlarına dolan qara rəngli mayeyə çevrilirdi.

Yer qabığının bəzi hissələri qabaranda, dənizin dibi də quruya çevrilirdi. Həmin mayenin bir hissəsi tədricən yerin üstünə sızırdı və insanlar da nefti ilk dəfə elə yerin üstündə tapıb. Petroleum, yəni xam neft min illərdir ki, istifadə olunur. Qədim misirlilər və çinlilər ondan müalicə məqsədləri üçün yararlanırdılar. Hindistanda isə ondan hələ xristianlıq yarananadək bir yanacaq kimi bəhrələnirdilər.

XIX əsrin ortalarına kimi neft əldə etməyin yeganə yolu onun yer səthinə sızan hissəsini toplamaq idi. Bəzən onları çay sularının üstündən, əhəngdaşı bol olan yerlərdən yığırdılar.

Buruqlardan çıxan təmizlənməmiş neft nadir hallarda birbaşa istifadə olunur. Onu mütləq təmizləmək lazımdır. Emal prosesində ondan tərkibinə təbii yolla düşən bir çox qarışıqlar ayrılır. Bu prosesin nəticəsində biz benzin, kerosin, sürtkü yağları, dizel yanacağı və asfalt alırıq.

 

Qızıl nə vaxt tapılıb?

 

Belə hesab olunur ki, qızıl, insanın tanıdığı ilk metaldır. Bunun səbəblərindən biri odur ki, təbiətdə qızılı təmiz halda, başqa metallarla, qaya süxurlarıyla qarışıqsız da tapmaq mümkündür. Onun açıq-sarı rəngi və parlaqlığı, görünür, qədim insanın diqqətini özünə dərhal cəlb edib. Bunun tarixini dəqiq söyləmək ona görə mümkün deyil ki, insanların qızılla “görüşü“ salnamələr yazılandan çox-çox qabaqlar olub. İlk ən qədim sənədlərdə qızıl, kralların, hökmdarların xəzinələri ilə əlaqədar xatırlanır. Bu yazıların yaşı 5500 ildən çoxdur.

Qızılın növbəti xatırlanması qədim assuriyalılarla bağlıdır. Onlar bizim eradan əvvəl 2470-ci ildə qonşu ölkələri istila edərək oralardan qızıl daşıyırdılar. Yunan və Roma hökmdarları da qızılı çox sevirdi. Onlar bu qiymətli metalı zəbt etdikləri ölkələrdən çıxarırdılar və bu məqsədlə qızıl mədənlərində qul əməyindən geniş istifadə edirdilər. Orta əsrlərdə insanlar qızıl əldə etməyə elə aludə olmuşdular ki, hətta başqa metalların qızıla çevrilməsi üçün də yollar axtarırdılar.

Onlar cürbəcür metalları bir-birinə qatıb əridir, amma qızılı daha asan yolla əldə etmək üçün yol tapa bilmirdilər.

Daha sonralar İspaniya qızıl dalınca səyyahlarını dünyanın hər yerinə göndərməyə başladı. Harda qızıl tapılırdısa, o səmtə insan axınının ucu-bucağı görünmürdü. Kaliforniyada qızıl 1848-ci ildə tapılmışdı, 1849-cu ildə isə Amerika yazıçılarının əsərlərində gözəl təsvir olunmuş “qızıl qızdırması” başlandı. 1851-ci ildə Avstraliyada, 1886-cı ildə Cənubi Afrikada, 1896-cı ildə Alyaskada qızıl tapılanda da eyni proses baş verdi.

 

İpəkqurdundan nə vaxtdan istifadə etməyə başlayıblar?

 

İpək, tırtılların bir növü olan ipəkqurdundan alınan çox nazik tordan hazırlanan parça növüdür. Həmin tor isə ipəkqurdunun kəpənəyini böyüdərkən hördüyü baramadan alınır. İpək sapın hazırlanmasının sirri çinlilərə hələ 4000 il qabaq bəlli idi.

Bu barədə hələ bir əfsanə də var. Həmin əfsanədə deyilir: gənc Çin imperatoru Si Lin Çi tırtılın baramasını təsadüfən suya salanda görür ki, onun parlaq, nazik saplarını açmaq olur. Söyləyirlər ki, o, ipəkqurdunun yetişdirilməsi, ipək sapdan parça hazırlanması üzərində təcrübələr aparırmış. Çinlilər yüzilliklər boyu ipəkqurdunun yetişdirilməsi, ipək parçanın toxunmasının sirlərini qorumağa müvəffəq oldular. Başqa ölkələrin tacirləri bahalı ipək parçalar almaq üçün Çinin sərhədinə gəlirdilər. Bir müddət qədim İranda və yunan adalarında Çindən gətirilən ipəkləri yenidən sökür, sapından başqa naxışlı parçalar toxuyurdular.

İpək istehsalının sirləri bizim eranın təxminən üçüncü əsrində Yaponiyaya gəlib çıxır. 550-ci ildə Bizans imperatoru Yustinian iki iranlı rahibi Çinə yollayır ki, onlar ipəkqurdu baramasını bir bambuk çubuğun içinə doldurub xəlvəti ona gətirsinlər. Bu Konstantinopol ətrafında ipək sənayesinin əsasının qoyulmasına gətirib çıxarır. Buradan isə ipək istehsalı tədricən bütün Cənub-qərbi Avropaya yayılır. İtaliya özünün ipəkdən hazırlanan cürbəcür parçaları ilə geniş şöhrət qazanır.