Elektron ədəbiyyat və sənət portalı

Azərbaycan Prezidenti Kürdəmirə səfər edib

Bölmə: Beynəlxalq 18.09.2015

Dövlətimizin başçısı əvvəlcə rayon mərkəzində Heydər Əliyev adına parkda Ümummilli liderin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub.

Kürdəmir rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov Prezident İlham Əliyevə Ulu öndərin adını daşıyan parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, bu parkdakı fəvvarə yenidən tikilib, burada oturacaqlar quraşdırılıb, yaşıllıq işləri görülüb. Parkda istər rayon sakinləri, istərsə də qonaqların mənalı istirahəti üçün bütün şərait yaradılıb.

***

Prezident İlham Əliyev Kürdəmirə səfəri çərçivəsində Möhübbət Əzimov adına Atakişili kənd tam orta məktəbinin binasının açılışında iştirak etdi.

Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğı sayəsində bu sahədə tamamilə yeni və keyfiyyətli mərhələ başlayıb. Ölkədə müasir məktəb binaları, yeni tədris korpusları inşa olunur, mövcud təhsil müəssisələri isə günün tələbləri səviyyəsində yenidən qurulur. Bu proses təkcə paytaxtla məhdudlaşmayıb, bütün bölgələri əhatə edib.

Yeni məktəb binalarının inşası və onların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən mühüm işlər şübhəsiz ki, müəllimlərin iş, şagirdlərin isə təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından çox mühüm addımlardandır. Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir, dövlət siyasətinin əsas prioritetlərindən biridir. Möhübbət Əzimov adına Kürdəmir rayon Atakişili kənd tam orta məktəbinin binasının inşası bunu bir daha aydın göstərir. Regionlarda bu cür məktəb binalarının yaradılması həm də ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin uğurla davam etdiyini göstərir.

Dövlət başçısı məktəb binasının rəmzi açılışını bildirən lenti kəsdi, yaradılan şəraitlə tanış oldu.

Təhsil naziri Mikayıl Cabbarov məlumat verdi ki, 624 şagird yerlik bu məktəb nazirliyin sifarişi əsasında inşa olunub. İnşaat işlərinə 2014-cü ilin oktyabr ayında başlanılıb və işlərin keyfiyyətlə, həmçinin qısa müddət ərzində yekunlaşdırılması üçün bütün zəruri addımlar atılıb. Ümumi sahəsi 2 min kvadratmetrə yaxın olan binanın birinci mərtəbəsində Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Kürdəmir rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılıb. Məktəbin ərazisində idman meydançası salınıb. Üç mərtəbədən ibarət bina 53 otaqdan, o cümlədən 26 sinif otağından, linqafon, hərbi, kompyuter otaqlarından, hər biri 2 ədəd olmaqla kimya, fizika, biologiya fənn kabinetlərindən, idman zalından və 156 yerlik yeməkxanadan ibarətdir. Məktəbin 96 yerlik akt zalında müxtəlif tədbirlər keçirmək mümkündür.

Dövlət başçısı təhsilin yüksək səviyyədə aparılması üçün tapşırıq və tövsiyələrini verdi.

***

Prezident İlham Əliyev Kürdəmirdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak etdi.

Dövlətimizin başçısı əvvəlcə binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, binanın inşasına 2014-cü ilin mayında başlanılıb. İkimərtəbəli binanın foyesində Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoguşələr yaradılıb. Burada geyinib-soyunma, oyun, yataq, kompyuter otaqları, idman, musiqi və gimnastika zalları fəaliyyət göstərəcək. Bundan başqa, binada tibb və müəllimlər otaqları da var. Körpələr evi-uşaq bağçasında 30 nəfər pedaqoji işçi çalışacaq.

Bir sözlə, binada uşaqların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait yaradılıb.

Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları rəhbər tutulub. Uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar açılıb. Təhsil ocağındakı bütün otaqlar lazımi avadanlıqla təchiz edilib.

Burada balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanacaq. Bağçanın ərazisində dekorativ hasar çəkilib, yaşıllıq zolağı salınıb, gül kolları əkilib, 2 yay çardağı, attraksion meydançası quraşdırılıb. Ümumi sahəsi 1200 kvadratmetr olan bina havalandırma sistemləri, camaşırxana, transformator yarımstansiyası, nasosxana ilə təchiz olunub.

***

Prezident İlham Əliyev Kürdəmir şəhərində Bayraq Meydanının açılışında iştirak etdi.

Dövlətimizin başçısına məlumat verildi ki, meydanda hündürlüyü 62 metr olan bayraq dirəyi ucaldılıb. Dirəyin yerləşdiyi üst meydançada dövlət himninin, dövlət gerbinin və Azərbaycanın xəritəsinin təsvirləri yerləşdirilib. Burada Prezident İlham Əliyevin dövlət bayrağı haqqında söylədiyi kəlam qızılı hərflərlə həkk olunub. Bayraq Meydanı əhalinin asudə vaxtının səmərəli təşkili, dövlət rəmzlərinin təbliği və gənc nəslin dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə edilməsi işinin yaxşılaşdırılması məqsədilə inşa olunub.

Dövlətimizin başçısı Bayraq Meydanının rəmzi açılışını bildirən lenti kəsdi.

***

Bundan başqa, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının inzibati binasının, Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində bu yolun Ağsu-Kürdəmir hissəsinin və həmçinin Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun açılışında iştirak edib, rayonun əsaslı şəkildə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olub.