İlk səsli bədii filmlərimiz

Mədəniyyət 29.10.2016 182

Əsasən müasir mövzuda filmlər ərsəyə gətirən Azərbaycan kinosu 1937-ci ildə tammetrajlı «Dəcəl dəstə» kinolentini istehsal etdi. «Məhəbbət oyunu» və «Mavi dəniz qoynunda» lentlərinin ruhunda çəkilmiş bu ekran əsəri «yeni sovet adamı»nın formalaşdırılması»nın ideoloji təminatını həyata keçirmək məqsədi güdürdü. «Məktəb illərinə, şagirdlərin mənalı istirahətinə, sovet məktəbinin uşaqlarda yoldaşlıq, dostluq, qarşılıqlı yardım, kollektivçilik hissləri tərbiyə etməsinə» həsr olunmuş «Dəcəl dəstə» filminin ssenari müəllifi Y.Fidler, quruluşçu-rejissorları A.Popov və Q.Salamzadə idi, rolları A.Bağırova (əlaçı Nina), A.Mirzəyev (Yusif, birinci şagird), L.Bədirbəyli (məktəbli qız) və başqaları İfa edirdilər. Bəzi milli kino ustalarının ekrandakı ilk işləri baxımından maraqlı olan bu film, quru ritorika səviyyəsindən yuxarı qalxa bilməmişdi.

1939-cu ildə ekranlara çıxan daha bir müasir mövzulu film – «Hazır ol» lenti də qurama süjet üzrə çəkilmişdi. Öz ssenarisi üzrə rejissor M.Mikayılovun lentə aldığı bu ekran əsəri Azərbaycan Dövlət Qanköçürmə İnstitutunun sifarişi ilə çəkilərək, macəra janrında ölkədə donorçuluğun əhəmiyyətindən bəhs edirdi. Filmin quruluşçu-operatoru C.İsmixanov, quruluşçu-rəssamı V.Aden, əsas rolların ifaçıları M.Mustafayev (traktorçu), Y.Frik (təxribatçı), F.Əfəndiyev (cərrah), A.Popov (sərhəd zastavasının rəisi), N.Kəsəmənski (sərhədpozan), M.Babayev (ordinator) idi. Göründüyü kimi, rolların, operatorlar M.Mustafayev və L.Aristakesova, rejissorlar A.Popov və M.Babayevə, peşəkar cərrah F.Əfəndiyevə və s. tapşırılması, əslində ciddi ekran əsəri deyil, təbliğat-təşviqat kinolenti yaratmaq məqsədi güdürdü.

Filmin süjet xətti də sxematik və bəsit idi. Sovet sərhədini məxfi keçməyə çalışan təxribatçı sahədə yer şumlayan traktorçunu ağır yaralayır. Onun fürsət tapıb, xəbər verdiyi sərhədçilər uzun və gərgin axtarışlardan sonra sərhədpozanı yaxalayır, yaralı traktorçunu Bakıya çatdırırlar. Burada vaxtında cərrahiyyə əməliyyatı və qan köçürülməsi nəticəsində yaralının həyatı xilas edilir. Filmdə cərrah Fuad Əfəndiyev orqanizmin tamamilə qandan azad olunması və qan köçürülməsi vasitəsilə insanın həyat fəaliyyətinin yenidən bərpa edilməsi sahəsində əldə edilmiş elmi təcrübəni sənədli kadrlarla nümayiş etdirir.

1940-cı ildə istehsal olunmuş «Yeni horizont» filmi isə «yeni sovet adamı»nın mənəvi inkişafına həsr olunmuşdu. Gənc mütəxəssis-geoloq Kərim institutu bitirəndən sonra təyinatla istehsalata göndərilir. O, yeni neft yataqlarının işlənməsi sahəsi üzrə burada yuva qurmuş mənsəbpərəst, öz mənafeyini güdən və ikiüzlü adamlarla rastlaşır. Təbiidir ki, özünə tərəfdarlar tapan gənc mütəxəssis belə adamlar üzərində qələbə qazanır. Süjetin əsasında duran «qalib gəlmiş tələbə» obrazı elmdə yeni və köhnə nəslin münasibətlərini aşkara çıxarır.

Əlbəttə, ideoloji tələbatın məhsulu olan «Yeni horizont» filminin ssenarisi kinematoqraf üçün yetərincə material verməsə də, ekranda istehsalat mövzusunun əks etdirilməsi yönümündə atılan addım kimi maraqlı idi. Bu film yazıçı İmran Qasımovun kinoda ilk işi oldu. Lentin quruluşçu-rejissorları A.Quliyev və Q.Braginski, quruluşçu-operatorları F.Novitski və M.Dadaşov, quruluşçu-rəssamı Q.Səlimxanov, bəstəkarı Niyazi, səs operatoru İ.Ozerski, rejissor assistentləri L.Səfərov, M.Əlili və Z.Kazımova idi, rolları Ə.Ələkbərov (partorq Aslanov), R.Əfqanlı (Əhmədov), İ.Əfəndiyev (Kərimov), Ə.Qurbanov (buruq ustası Heydər kişi), M.Sənani (Ruben), Ə.Məmmədova (Fatma), S.Bəsirzadə (Validə), Ə.Məlikov (Rüstəm), M.Mərdanov (trest rəisi) ifa edirdilər.

«Kəndlilər» filmi ilə yanaşı, müharibəyəqədərki ilk səsli bədii lentlərimizdən ikisi («Bakılılar» və «Səbuhi») Azərbaycan tarixinin ayrı-ayrı dövrlərindən bəhs edən ekran əsərləri idi. 1938-ci ildə ekranlara çıxan «Bakılılar» lenti çox böyük çətinliklə başa gəlmişdi. Film hələ 1935-ci ilin dekabrından istehsalata buraxılmışdı. Lentin Moskvadan dəvət olunmuş quruluşçu-rejissoru V.Turin ssenari üzərində V.Pavlovski ilə birgə işləmiş, layihəyə baş operatorlar kimi L.Kosmatov və D.Feldmanı, quruluşçu-rəssam kimi V.Adeni dəvət etmişdi. Filmin ikinci operatorları Ə.Atakişiyev və M.Mustafayev, səs operatorları İ.Ozerski, P.Popov, A.Kərimov idi. Filmin çəkilişində və dublyajında Ə.Məlikov, L.Səfərov, H.Seyidzadə, M.Əlili, N.Bədəlov da çalışırdılar. Baş rolları R.Əfqanlı (Cəfər), N.Şulgin (Mixaylov), B.Baykov (Zaxarıç), digər rolları isə V.Qodziaşvili (Vaso), V.Baqratuni (Ruben), L.Kutlryeva (Lida), Ə.Məlikov və Ş.Babayev (Cəfərin dostları), A.Kostriçkin (jandarm rotmistri), K.Dobjinski (usta), M.Mərdanov və V.Otradinski (menşeviklər), M.Kazımovski, Bülbül, Z.Adıgözəlov (xanəndələr), Q.Pirimov (tarzən), T.Zeynalova (ara həkimi) ifa edirdilər.

Filmin çəkilişində ortaya çıxan problemlər əsasən təşkilati məsələlərlə bağlı idi. Azərbaycan Foto-Kino İdarəsi (Az.FKİ) son uğursuzluqlarının əvəzini çıxmaq üçün 1936-cı il dekabrın 15-də çəkiliş qrupunun akkord formasına keçməsi üçün qərar qəbul etmişdi. Az sonra V.Turin və assistenti H.Seyidzadə aktyor seçmək üçün Tiflisə, daha sonra isə H.Seyidzadə yenidən Tiflisə, Gəncəyə və Yerevana ezam olundular. 1937-ci il martın 17-də çəkiliş qrupu təsdiq olunandan sonra film üzərində iş başlandı. Lakin V.Turinlə H.Seyidzadə arasında münaqişə baş verdiyinə görə, çəkilişlər ləngiməli oldu. Nəhayət, Azərbaycan Xalq Komissarları Soveti (XKS) yanında İncəsənət İşləri İdarəsinin rəis müavini M.Mikayılov və Az.FKİ-nin rəisi Q.Sultanov işə qarışdıqdan, «qrupun işində qeyri-sağlam vəziyyət yaradan, H.Seyidzadə M.Babayevlə əvəz edildikdən sonra çəkilişlər davam etdirildi.

«1905-ci ildə Bakı proletariatının inqilabi yüksəlişinin artmasını, onun çar mütləqiyyətini yıxmaq uğrunda mübarizəsini, Azərbaycan fəhlələrinin inqilabi şüurunun oyanışını əks etdirən» «Bakılılar» mövzu və ideyasına görə,

«Vulkan üzərində ev» və «26 komissar» filmləri ilə səsləşirdi. Hər üç ekran əsərində «Bakı bolşevik təşkilatının rəhbərliyi altında mübarizə aparan xalq kütlələri» hadisələrin mərkəzində dayanır. «Bakılılar» filmində neft mədənlərindəki ağır əməkdən, aclıqdan və hüquqsuzluqdan cana doymuş fəhlələr hərəkətə keçirlər. Həyəcan dalğası fabrik və zavodlara yayılır, tətilə çevrilir. Tətilə, təbii ki, bolşevik Zaxarıç rəhbərlik edir. Fəhlələr silahlı üsyana hazırlıq görürlər. Feldşer Mixaylovun evində gizli yığıncaq keçirilərkən həbs olunan fəhlə Cəfər, məhbəsdə Zaxarıç və Mixaylovla dostlaşır və həbsdən peşəkar inqilabçı kimi çıxır. O, başqa millətlərdən olan inqilabçılarla birlikdə silahlı üsyanda iştirak edir. Filmin finalında fəhlələr izdihamla qətlə yetirilmiş Mixaylovun cənazəsinin arxasınca gedirlər: ən ağır itkilər belə, proletariatı xoşbəxt gələcək uğrunda mübarizə yolundan döndərə bilmir.

Təbii ki, film təbliğat-təşviqat xarakteri daşıdığından, inqilabi pafos, siyasi konyuktura ilə lentə alınmış, fəhlələrin, inqilabçıların, xalqlar dostluğunun rolu həddən artıq şişirdilmişdi, rejissor görümündə, eləcə də aktyorların ifasında təbliğatçılıq və plakatçılıq çalarları aydın duyulurdu. Bununla yanaşı, filmdə zorla beynəlmiləl mühitin yaradılması hiss olunurdu. Bütün bunlara baxmayaraq, «Bakılılar» yüksək peşəkar səviyyədə çəkilmişdi, maraqlı rejissor tapıntıları, bir sıra aktyorların (daha çox R.Əfqanlının) ifadəli oyunu Bülbülün və Z.Adııgözəlovun ifa etdikləri xalq mahnıları ilə yadda qaldı. Bu ekran əsəri nümayiş etdirildiyi ilk dövrlərdən tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.

1940-cı ildə çəkilişi nəzərdə tutulan mövzulardan biri «alovlu leninçi, mətin bolşevik» Stepan Şaumyana həsr olunmuşdu.

Bu mövzu A.Bəynəzərov tərəfindən hələ 20-ci illərin ortalarında irəli atılmışdı. Ssenari ildən-ilə müzakirə olunur, təkmilləşdirilir, bura yeni-yeni epizodlar əlavə olunurdu. 1940-cı il martın 27-də «Azərfilm»də Azərbaycan K(b)P MK-nın, Yazıçılar İttifaqının və S.Şaumyan adına İnstitutun birgə keçirdikləri növbəti müzakirədə filmin başlıca məqsədlərindən birinin «N.Nərimanovun ifşa edilməsi» olduğu aşkara çıxır. V.Şklovski və İ.Altmanın yazdıqları, M.Bleymanın üzərində işlədiyi «Stepan Şaumyan» ssenarisini A.Bəynəzərov ekranlaşdırmalı idi. Amma naməlum səbəblərdən mövzunun gerçəkləşdirilməsi baş tutmadı və birdəfəlik unuduldu.

1940-cı ildə istehsalata buraxılmış digər filmin – Ə.Məmmədxanlının «Ayna» povesti üzrə yazdığı eyniadlı ssenarinin taleyi isə gətirmədi. H.Seyidzadə və N.Bədəlovun quruluş verdiyi film (baş operator D.Feldman, rejissor assistenti M.Əlili, operator S.Bədəlov, quruluşçu-rəssam G.Əliyev, səs operatoru Y.Homerov, filmin direktoru T.Hüseynov) müxtəlif səbəblər üzündən başa çatdırılmadı. 1940-cı il martın 12-də Bakı kinostudiyasında keçirilən müşavirədə çəkiliş qrupunun işi zəif və yararsız sayıldı, tezliklə plan və smetanın təsdiqini, iki variantda aktyor sınaqlarının keçirilməsini, Azərbaycan və rus variantlarının istehsalını müəyyənləşdirmək təklif olundu. Eyni zamanda, rus variantı üzərində işləmək üçün pedaqoq, eləcə də tərtibat məsələləri üçün «Mosfilm»dən rəssamlar dəvət edilməsi, mayın 15-dən çəkilişlərin başlanması, Ə.İsmayılovun quruluşçu-operator təyin olunması məsələləri müzakirə edildi. Bakı kinostudiyasının direktoru Ş.Abbasovun təsdiq etdiyi rol bölgüsündə (L.Cavanşirova (Ayna), Ə.Ələkbərov (Ayaz), Lizina (Sənəm Jasmen (Çimnaz), İ.Əfəndiyev (Mənsur), K.Ziya (Diyar kişi), Ə.Məmmədova (Nisə xanım), X.Əmirzadə (Eldar), Ə.Hüseynzadə (müxbir), Mahmudova (Leyla) və başqaları) olan uyğunsuzluqlar teatr aktyorlarının çəkilişlərdə iştirak üçün vaxt tapmamaları ilə əsaslandırılırdı. Bədii filmlərin istehsalı üzrə Baş İdarə bütün mərhələlərdə iş prosesinə müdaxilə etməklə vəziyyəti daha da çətinləşdirirdi. Məhz idarənin rəisi Kuryanovun təzyiqi nəticəsində M.Sənani və İ.Osmanlı Ayaz roluna təsdiq olunmamış, Ə.Ələkbərovun namizədliyi isə çətinliklə keçmişdi. Bütün bunlar çəkiliş qrupunda əsəbi vəziyyət yaradır, normal iş şəraitinin formalaşmasına imkan vermirdi. Nəhayət, 1940-cı ilin sonunda tamamlanan film çıxdaş edildi, ekranlara buraxılmadı.

Nəriman ƏBDÜLRƏHMANLI