Elektron ədəbiyyat və sənət portalı

Bakıda IV Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir

Bölmə: Beynəlxalq 18.09.2015

Bakı İdman Sarayında baş tutan açılış mərasimində 100 yerli, 30 xarici ölkəni təmsil edən kitabxana, çap və poliqrafiya müəssisələri, o cümlədən çap işi ilə məşğul olan qurumların nümayəndələri iştirak edib.

Nazir son illər yeni, latın qrafikalı nəşrlər hesabına kitabxanaların zənginləşdirilməsi istiqamətində xeyli iş görüldüyündən danışıb. Bildirib ki, bu işlər Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il, 12 yanvar tarixli sərəncamına uyğun olaraq reallaşdırılır.

Əbülfəs Qarayev son illərdə Azərbaycanda poliqrafiya sənətinin inkişafından söz açaraq deyib ki, keçən il ölkəmiz 15-dək beynəlxalq kitab sərgisində iştirak edib. Azərbaycanın hər il beynəlxalq kitab sərgi-yarmarkalarında təmsil olunmasından və kitablarımızın beynəlxalq sərgilərdə ən yüksək mükafatlara layiq görülməsindən məmnunluğunu bildirən Əbülfəs Qarayev, həmçinin, qeyd edib ki, əsas məqsəd kitab nəşri sahəsində ən müasir texnologiyaların ölkəmizə gətirilməsinə nail olmaq, kitabın təbliği və yayılması, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatların işıq üzü görməsinə yönəlmiş qərar və göstərişlərin vaxtında icrasını təmin etmək, gənc nəslin kitaba olan maraq və sevgisini daha da artırmaq, Azərbaycan oxucusunu dünyanın aparıcı nəşriyyatlarının məhsulları ilə tanış etməkdir.

Yarmarkada “Təhsil”, “Şərq-Qərb”, “Adiloğlu”, “Yazıçı”, “Əli və Nino”, “Apostrof” və digər poliqrafiya müəssisələrinin son çap məhsulları ilə yanaşı, Azərbaycan Respublikasının Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzinin nəşrləri – kitablar, “Xəzər” jurnalı və “Aydın yol” qəzeti də sərgilənir.

Müxtəlif ölkə nəşriyyatlarının təmsilçiləri sərgi-yarmarka ilə bağlı fikirlərini bildiriblər.

Müstəqil Dövlətlər Birliyi Kitab yayımı assosiasiyasının rəhbəri Anatoli Qorbunov düşünür ki, tədbirdə iştirak edənlər kitab eşqi ilə yaşayan insanlardır: “Bakıdakı kitab sərgi-yarmarkasında ilk dəfədir iştirak edirəm. Tədbirin yüksək səviyyədə təşkili məni yaxşı mənada heyrətləndirdi. İnsanlarınız olduqca qonaqpərvər, təşkilatçılarınız son dərəcədə diqqətcildirlər. Bir sözlə, biz heç kimdən “yox”, “mümkün deyil” sözlərini eşitmədik. Hansı problemlə bağlı müraciət etdiksə, onu yoluna qoymaq üçün necə ürəklə çalışdıqlarının şahidi olduq.”

Rusiyadan qonaq gəlmiş kommersiya direktorunun müavini Nataliya Viktorovna isə deyir ki, Bakıya bu ilk səfəri onu valeh edib: “Etriaf edim ki, paytaxtınız olduqca müasir və füsunkardır. O ki qaldı tədbirə, açığı, sizin oxucuların rus müasir ədəbiyyatını yaxından tanımaları məni sevindirdi. Onlar hər dəfə bizim stendə yaxınlaşıb rus müəlliflərinin kitablarını soruşanda, qürur hissi keçirirəm. Eşitdiyimə görə, Bakıda yaxşı rus kitab evləri var. Vaxt tapan kimi mütləq onlara baş çəkəcəyəm”.

Türkiyənin “İleri yayınları” nəşriyyatının redaktoru Tuğrul Çelik bu tədbirdə iştirakından məmnun olduğunu bildirib: “Bizi Mədəniyyət və Turizm Nazirliyiniz tədbirə dəvət edib. Azərbaycan müəlliflərindən Anarın, Yunus Oğuzun, Elçin Hüseynbəylinin kitablarını Türkiyə türkcəsinə çevirmişik. Bacardığımız qədər türkdilli xalqların ədəbiyyatlarını tanıtmağa çalışırıq. Özbək yazıçıları Adil Yaqubovun, Pirim Kadirovun kitablarını da tərcümə edib Türkiyədə oxucuların ixtiyarına vermişik.”

Misir Mədəniyyət Nazirliyinin Sərgi şöbəsinin müdiri Doktor Məmduh Bədəvi ölkəsinin Bakıda keçirilmiş əvvəlki sərgilərdə iştirak etmədiyinə təəssüfləndiyini bildirib: “Bizim təqdim etdiyimiz kitabların böyük bir hissəsi elə Bakıda-- Misir Mədəniyyət Mərkəzində var. Həm səfirliyimiz, həm Mədəniyyət mərkəzimiz vasitəsi ilə kitabxanalararası münasibətlərimiz inkişaf etməkdədir. Gələcəkdə Misir və Azərbaycan müəlliflərinin kitablarının tərcümə və nəşri ilə bağlı maraqlı layihələrimiz var. Ümid edirəm ki, nəticəni tezliklə görəcəyik.”

Avrasiya Yazarlar Birliyinin rəhbəri Yakup Ömeroğlu isə deyir ki, budəfəki tədbir həm təşkilatçılıq baxımından, həm qonaqların sayına görə əvvəlkilərdən çox fərqlənir: “Stendimizdə ilk dəfə oxucularla “görüşə gələn” kitablar var. Onlardan biri Rəşad Məcidin yenicə türkcə çapdan çıxmış “Bir de gelmeyecek” kitabıdır. Buradan aparacağımız kitabları seçmək üçünsə, bir azdan sərgini gəzəcəyəm.”

Albaniya Respublikasının “Fan Holi” nəşriyyatının direktoru Rəcəb Hida Azərbaycan və Albaniya arasında kitab mübadiləsini inkişaf etdirməyin yolları barədə həmkarları ilə geniş müzakirələr etdiyini vurğuladı. Şair Çingiz Əlioğlunun bir şeirlər kitabını alban dilinə tərcümə edərək ölkəmizə gətirən Rəcəb bəy, dövlətlər arasında münasibətlərin daha da yaxşılaşmasında belə tədbirlərin oynadığı rolu yüksək qiymətləndirib.

IV Bakı Kitab Sərgi-Yarmarkası çərçivəsində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Mərkəzləşdirilmiş Kitabxana Sistemləri və M.Ə.Sabir adına şəhər kütləvi kitabxanası tərəfindən də əhalinin asudə vaxtının səmərəli təşkili, kitabxanalara marağın artırılması məqsədilə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

FEYZİYYƏ